Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2305/2023 08.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun restrukturizasiya edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun restrukturizasiya edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qalıq borcunun restrukturizasiya edilməsi öhdəliyinin cavabdeh Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində texniki səhvə yol verildiyini, LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdeh qismində göstərilməli olmasını bildirərək, qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə bağladığı 07 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə qaytarmaq şərtilə illik 27 faizlə 9.500 ABŞ dolları məbləğində kredit götürmüşdür. "xxxx" ASC ilə bağlanmış 08 dekabr 2015-ci il sazişə əsasən 07 aprel 2015-ci il tarixli 00/12697/DİK saylı kredit müqaviləsi restrukturizasiya olunaraq, kredit müqaviləsinin 2.1-ci bəndində dəyişiklik edilərək, kredit müqaviləsi üzrə verilən kreditin ümumi məbləği əsas borcundan qalan 8.367,98 ABŞ dolları, faizdən 382,84 ABŞ dolları və cərimədən 49,88 ABŞ dolları olmaqla, cəmi 8.800,70 ABŞ dolları məbləğində kapitallaşdırılmışdır. Kredit müqaviləsinin 6.10-cu bəndində dəyişiklik edilərək kreditin müddəti 12 ay uzadılmışdır və krediıin ümumi məbləği 9.932,72 ABŞ dolları, kredit müqaviləsinin ümumi müddəti 48 ay təşkil edilmişdir. Verilmiş kreditin təminatı olaraq bank ilə X5, X6 və onun arasında 07 aprel 2015-ci il tarixli 4 tərəfli zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda, verilmiş kreditin təminatı olaraq bank ilə onun və X9 arasında 08 dekabr 2015-ci il tarixli 3 tərəfli zaminlik müqaviləsi bağlanmışdır. Sumqayıt şəhər Məhkəməsinin 12 dekabr 2016-cı il tarixli 2(060)-14844/2016 saylı qətnaməsi ilə (hakim T.C.Xəlilova) iddiaçı "xxxx" ASC-nin cavabdeh X3, X8, X4 və ona qarşı kredit borcunun tutulması tələbi təmin edilərək, onunla "xxxx" ASC arasında bağlanmış 07 aprel 2015-ci il tarixli, 00/12697/DİK saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər X2, X7, X1 və ondan müştərək qaydada 07 aprel 2015-ci il tarixli 00/12697/DİK saylı kredit müqaviləsi üzrə yaranmış 7.877,36 ABŞ dolları əsas borc, 1.581,74 ABŞ dolları faiz olmaqla, cəmi 9.459,10 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu tarixə mövcud olan məzənnə ilə, 30 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 may 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 11 yanvar 2018-ci il tarixli 2(102)-38/2017 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 03 may 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəyə minmişdir. Həmin fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditlər üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682.000.000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırki iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Fərmanın 1-ci bəndinə görə fiziki şəxslərin banklara 10.000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə,penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdurki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollarınadək, milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. O, inzibati qaydada məhkəməyə müraciət etsə də, Sumqayıt İnzibati Məhkəməsinin 25 yanvar 2023-cü il tarixli 2-1(118)-250/2023 saylı qərardadı ilə ona izah olunmuşdur ki, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı mülki mühakimə qaydasında məhkəməyə müraciət edə bilər. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 04 saylı, 10 aprel 2015-ci il tarixli qərarının 5.2-ci bəndində qeyd olunmuşdur ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin qərarın 6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyənin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və ya hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən, (hərəkətsizliyindən) verilən iddialara inzibati məhkəmə icraatında baxılır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X13 məhkəməyə verdiyi izahatında iddianı qəbul etdiyini, iddiaçı tərəfindən vaxtında müraciət edildiyini, lakin iş prosesində bankın əməkdaşları tərəfindən texniki səhvə yol verilərək iddiaçının müraciətinin hərəkətsiz saxlanıldığını bildirmişdir. Cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsinin məzmununda bankla bağladığı kredit müqaviləsi üzrə yaranmış münasibətləri, birinci, apellyasiya və kassasiya instansiya məhkəmələrində çıxarılmış məhkəmə aktlarını ətraflı şəkildə göstərmişdir. Məhkəmə, iddia ərizəsində sadalanan sənədlərin hazırki qətnamədə təkrarən qeyd edilməsinə zərurət görmür. İş materiallarına əlavə olunmuş: - Azərbaycan Respublikası Mərkəzi Bankının 01 fevral 2021-ci il tarixli 26-01368- 2021 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 2019-cu il 28 fevral tarixli Fərman (Fərman) imzalanmışdır. Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə 27 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası» (Qayda) təsdiq edilmişdir. Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-dək nəzərdə tutulmuşdur. İddiaçıdan qeyd olunanların nəzərə alınması xahiş edilmişdir. - LPO "xxxx" ASC-nin 24 avqust 2021-ci il tarixli **********460 saylı məktubundan görünür ki, iddiaçının «kredit müqaviləsi üzrə restrukturizasiya olunmaması» ilə bağlı müraciətinə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda baxılmışdır. Müraciətə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» xx.xx.2019-cu il tarixli Fərmanının icrası müddəti xx.xx.2019-cu il tarixinə qədər müəyyən olunmuşdur. Müvafiq fərmana əsasən 3013.68 USD kompensasiya məbləği hesablanmış və iddiaçının kredit borcundan xx.xx.2019-cu il tarixdə silinmişdir. Lakin qalıq borcunun restrukturizasiya olunması aidiyyəti banklara təklif olunmamış, eyni zamanda adları müvafiq siyahıda göstərilməmiş şəxslərə münasibətdə ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatasının yanında yaradılmış Apellyasiya Komissiyasına müraciət etmək zəruriyyəti olmuşdur. Belə ki, vaxtı keçmiş kreditlər üzrə qalıq borcun restrukturizasiya edilməsi, eyni zamanda xarici valyutada götürülmüş kreditlər üzrə kompensasiyanın ödənilməsi ilə bağlı müvafiq siyahı ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanaraq aidiyyəti banklara təqdim olunurdu. Təqdim olunmuş siyahıda iddiaçı ilə "xxxx" ASC arasında imzalanmış kredit müqaviləsi üzrə qalıq borcun restrukturizasiya edilməsi göstərilməmişdir. Yuxarıda qeyd edilənlərin nəzərə alınması xahiş edilmişdir. - Azərbaycan Respublikası Mərkəzi Bankının 07 fevral 2022-ci il tarixli 01.26-2- 2022-1939 saylı məktubundan görünür ki, İddiaçı yuxarıda qeyd olunan məsələ ilə əlaqədar Azərbaycan Respublikası Mərkəzi Bankının Apellyasiya Komissiyasına müraciət etmiş, onun müraciətinə həmin Komissiyada baxılmışdır. Bildirilmişdir ki, «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi» Qaydasında fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatması nəzərdə tutulmuşdur. Həmçinin nəzərə çatdırılmışdır ki, Fərmanın 6.1-ci bəndinə əsasən banklara vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin (restrukturizasiya) bağlanması tövsiyə edilmişdir. İddiaçıdan qeyd olunanların nəzərə alınması xahiş edilmişdir. - Problemli kreditlərin kompensasiyası ilə bağlı 13 iyun 2022-ci il tarixli çıxarışdan görünür ki, yuxarıda adı çəkilən Fərmana əsasən 3.013 ABŞ dolları 68 sent (məzənəyə uyğun 5.280 manat 42 qəpik) kompensasiya məbləği hesablanmış və iddiaçının kredit borcundan xx.xx.2019-cu il tarixdə silinmişdir. Araşdırılmış iş materiallarından göründüyü kimi, hazırda iddiaçıya aid qalıq borcun «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsi işin mübahisələndirilməyən halıdır. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həlli tələbinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ********** saylı, 27 mart 2019-cu il tarixli Qərarı ilə təsdiq edilmiş «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası»nın 2.1.7-ci bəndinə əsasən restrukturizasiya – kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir. Restrukturizasiya proseslərinin təşkili üçün kredit təşkilatı tərəfindən müvafiq məlumatları özündə əks etdirən bildirişlərin (SMS, elektron poçt və alınmasını təsdiq edən digər formada) fiziki şəxsə göndərilməsi (təqdim olunması, çatdırılması) və Fərmandan və bu Qaydadan irəli gələn digər tədbirlərin görülməsi təmin olunur (7.10-cu bənd). Qaydaların 6.16-cı bəndinə əsasən, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Hazırda cavabdeh 24 avqust 2021-ci il tarixli məktubla güzəştli şərtlərlə kredit müqaviləsinin bağlanmadığını iddiaçının vaxtında LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etməməsi ilə əlaqələndirsə də, lakin cavabdehin nümayəndəsinin məhkəmə iclasında verdiyi ifadəsindən, habelə işdə olan sübutlardan göründüyü kimi, yuxarıda adı çəkilən Fərmana əsasən 3.013 ABŞ dolları 68 sent (məzənəyə uyğun 5.280 manat 42 qəpik) kompensasiya məbləği hesablanmış və iddiaçının kredit borcundan hələ xx.xx.2019-cu il tarixdə silinmişdir. Lakin ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanaraq aidiyyəti banklara təqdim olunmuş siyahıda iddiaçı ilə "xxxx" ASC arasında imzalanmış kredit müqaviləsi üzrə qalıq borcun restrukturizasiya edilməsi göstərilməmişdir. Halbuki, onun adı, eləcə də restrukturizasiya edilməsi təklif olunan məbləğ həmin siyahıda göstərilməli idi. İddiaçı da ona restrukturizasiya edilməsi təklif edilən məbləğlə tanış olaraq, banka müvafiq qaydada müraciət etməli idi. İddiaçının adının və restrukturizasiya edilməsi təklif edilən məbləğin həmin siyahıda göstərilməməsi, iddiaçını vaxtında aidiyyəti üzrə müraciət etmək hüququndan məhrum etmişdir. Məhkəmə qeyd olunan halı Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl olunmaması kimi qiymətləndirərək hesab edir ki, iddiaçının adının və restrukturizasiya edilməsi təklif edilən məbləğin müvafiq siyahıda göstərilməməsi nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına aiddir. Həmin Məcəllənin 385.2-ci maddəsinin tələblərinə görə öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildkdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Ödəniş qəbzindən göründüyü kimi, məhkəmədə iddia qaldırılması üçün 102 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən qalıq qalmış borcun «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında restrukturizasiya edilməsi vəzifəsi cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış kredit müqaviləsinə əsasən qalıq qalmış borcun «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı əsasında restrukturizasiya edilməsi vəzifəsi cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2305/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2305/2023
08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver