Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2312/2022 06.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "X3" Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh "X3" Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində iddiaçı ilə cavabdeh Unibank ASC-nin 13 saylı filialı ilə № 5371sİNSH/21 saylı “Kredit xətti müqavilə”si bağlanmışdır. Müqavilə predmetinə əsasən bank ona sms məlumatlandırmada qeyd olunan müddətə 10000 (on min) manatadək məbləğdə kredit limiti ayırır, ona bank hesabı yazır və ödəniş kartı təqdim edir. Cavabdeh sözü gedən müqavilə şərtlərinə əsasən ona **********946573 sayh kredit kartı təqdim etmişdir. Sözü gedən kartın hesabında ona təqdim olunan zaman 5000 (beş min) manat pul olmuşdur. Bundan əlavə cavabdeh bank ona banka məxsus **********028768 saylı debit kart vermiş və sonuncu karta şəxsi vəsaiti olan 3900 ABŞ dolları pul depoziti köçürmüşdür. xx.xx.2021-ci il tarixində dələduzluq faktı nəticəsində və Bankın elektron təhlükəsizliyi sisteminin güvənli olmaması səbəbindən, cavabdeh tərəfindən verilmiş kredit kartına 5 (beş min) kredit ayrılmış, ondan xəbərsiz, şəxsi debet kartından 3900 ABŞ dolları (6630 AZN) (toplam manatla 11630 manat) pul oğurlanmışdır. Tanımadığı şəxslər tərəfindən ona məxsus şəxsi məlumatları bankın təhlükəsizlik sisteminin əlverişsiz olduğundan, əldə edilmiş və həmin vəsait tam şəkildə oğurlanmışdır. Dollar kartından pulun silinməsi ilə bağlı SMS ona gəlmədiyi üçün və digər kredit kartından artıq gec gəldiyi üçün (bankın sisteminin düzgün çalışmadığını bir daha sübut edir) kartlarını blok edə bilməmişdir. Beləliklə, cavabdeh "xxxx" ASC təhlükəsizlik tədbirlərini və məlumatlandırma sistemini düzgün tədbiq edə bilmədiyi üçün ona külli miqdarda ziyan dəymişdir. Belə ki, şəxsi kartından pulların oğurlanması ilə yanaşı cavabdeh kredit kartından oğurlanmış pulları əsas borc kimi qiymətləndirir və faiz hesablayır. İddiaçının müraciəti əsasında Səbail Rayon Polis Şöbəsində istintaq araşdırılması həyata keçirilmiş və “Cinayət işinin başlanılması (xx.xx.2021-ci il tarixli, ********* saylı) və icraata qəbul edilməsi barədə (xx.xx.2021-ci il tarixli, 502 saylı)” qərar qəbul edilmişdir. Sözü gedən qərara əsasən o zərərcəkmiş şəxs hesab olunmuşdur. Eyni zamanda Səbail Rayon Polis Şöbəsi tərəfindən banka təqdim etmək üçün 20 dekabr 2021 -ci il tarixli arayış verilmişdir ki, o, həqiqətən zərərçəkmiş kimi tanınmış, və bu faktın nəzərə alınmağı xahiş olunmuşdur. Dəfələrlə bankın rəhbərliyi və əməkdaşları ilə görüşməyə çalışsa da bu mümkün olmamışdır. Nəhayət onun uzun getgəlindən sonra bankın sektor müdiri onu qəbul etmiş, ona bütün olanları şifahi şəkildə anlatmaqla yanaşı, yuxarıda qeyd etdiyi qərarları və arayışı təqdim etmiş, ona isə söz verilmişdir ki, bütün mövcud imkanlardan istifadə etməklə bu məsələni rəhbərlik səvviyyəsində müzakirə etməklə, vəziyyəti nəzərə alınmaqla ona kömək olunacaqdır. Lakin bir müddətdən sonra bankın əməkdaşı onunla əlaqə saxlayaraq onun xahişinin mümkünsüz olduğunu, onun hər ay davamlı şəkildə kart hesabından oğurlanmış pul vəsaitinə görə bank tərəfindən müəyyən olunmuş faizləri ödəməli olduğunu bildirmişdir. Bu da onun imkanları xaricindədir. Bununla yanaşı onun konstitusion hüquqlarının pozulmasına gətirib çıxarır. Cavabdehin hərəkətsizliyi nəticəsində üçüncü şəxslər onun kart hesabına rahatlıqla daxil ola bilmişdir. Bu da ona maddi ziyan vurmuşdur. Göstərilənlərə əsasən, cavabdeh "X3" Açıq Səhmdar Cəmiyyəti ilə arasında olan 5371sİNSH/21 saylı kredit xətti müqaviləsi əsasında ona təqdim olunmuş kredit kartından oğurlanmış 5000 manat əsas borcun silinməsi, xx.xx.2021-ci il tarixindən ona hesablanmış manat cərimə faizinin silinməsi, cavabdehə məxsus və istifadəsində olan debit kartdan oğurlanmış şəxsi vəsaiti olan 3900 ABŞ dolları (6630 AZN) məbləğindən geri qaytarılmamış olan 1566 manat vəsaiti cavabdehdən tutularaq ona verilməsi haqqında qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, məsələ ilə bağlı bank tərəfindən araşdırılma aparılmış, iddiaçının bank kartından başqa şəxs tərəfindən pul oğurlanmış və iddiaçı bununla bağlı polisə müraciət etmişdir. Cavabdeh tərəfin bu məsələ ilə heç bir bağlılığı yoxdur. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən iddiaçıya rəsmi qaydada bildiriş göndərilsə də, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan "X3" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 5371sİNSH/21 saylı kredit xətti müqaviləsindən görünür ki, bank tərəfindən İddiaçı 60 ay müddətinə, 10.000 manat məbləğində kredit limiti ayırmışdır.
8. İş materiallarında olan İddiaçı tərəfindən Bakı şəhəri Səbail RPİ-nin 8-ci PB-yə ünvanlanmış ərizədə bildirilmişdir ki, xx.xx.2021-ci il tarixində tap.az sayıtında otaq yoldaşı Ələkbərova Pərvin velosiped satışı elanı yerləşdirmiş, Lida adlı şəxs otaq yoldaşı ilə əlaqə saxlamış və bildirmişdir ki, həmin velosipedi almaq və ödəniş etmək istəyir. Ona kart atmaq lazımdır ki, ödənişi karta yükləsin. İddiaçı məxsus "X3" Açıq Səhmdar Cəmiyyətinin kartının fotosunu otaq yoldaşı Aygün çəkərək Lida adlı şəxsin +**********8 nömrəsinə göndərmiş, bir neçə saatdan sonra məlum olmuşdur ki, ona məxsus kartlardan 5000 manat və 3900 ABŞ Dollar çəkilmişdir.
9. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərara əsasən cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınması qərara alınmışdır.
10. İş materiallarında olan cinayət işinin başlanılması və icraata qəbul edilməsi barədə Qərara əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işin başlanılması və ibtidai istintaq aparılması üçün icraata qəbul edilməsi qərara alınmışdır.
11. İş materiallarında olan Səbail rayon Polis İdarəsinin İstintaq şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, həqiqətəndə İddiaçı məxsus "X3" Açıq Səhmdar Cəmiyyətindən almış kartlar vasitəsi ilə elektron məlumat daşıyıcılarından həmin dövr üçün məzənnəsi 3900 ABŞ dolları təşkil edən 6630 AZN və 5000 AZN pulunu gizli olaraq talamaqla oğurlanması barədə Səbail rayon Polis İdarəsində AR CM-nin 177.2.3-1-ci maddəsinə əsasən cinayət işi başlamış və cinayət işi üzrə İddiaçı zərərçəkmiş şəxs qismində tanınmışdır. Fakt üzrə cinayət işinin ibtidai istintaqının davam etdirilməsi ilə əlaqədar olaraq İddiaçı kredit kartından oğurlanmış 5000 manat pul vəsaitinə görə cərimə və faizlərin dayandırılması ilə bağlı müraciəti nəzərə almağı "X3" Açıq Səhmdar Cəmiyyətindən xahiş olunmuşdur.
12. İş materiallarında olan İddiaçı tərəfindən "X3" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış ərizədən görünür ki, İddiaçı cinayət işinin ibtidai istintaqının davam etdirilməsi ilə əlaqədar kredit kartından oğurlanmış pul vəsaitinə görə cərimə və faizlərin dayandırılmasını xahiş etmişdir.
13. İş materiallarında olan "X3" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı ünvanladığı cavab məktubunda bildirilmişdir ki, xx.xx.2021-ci il tarixli, 5371sİNSH/21 saylı kredit müqaviləsi üzrə faiz və cərimələrin hesablanmasının dayandırılması məqsədəuyğun hesab edilmir. Bank ilə vətəndaş arasında bağlanmış müqaviləyə əsasən kartla aparılan əməliyyatlara görə müştəri məsuliyyət daşıyır. Belə ki, müştəri ona məxsus bütün kart məlumatlarını məxfi saxlamalı və üçüncü şəxslər tərəfindən istifadəsinə yol verilməməlidir. Belə hal baş verdiyi təqdirdə isə Bank müştəri qarşısında hər hansı öhdəlik daşımır.
14. İş materiallarında olan 19 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı "X3" Açıq Səhmdar Cəmiyyətinə 4974,75 AZN əsas, 106,65 AZN faiz borcu olmaqla, cəmi 5081,40 AZN qalıq borcu vardır.
15. İş materiallarında olan "X3" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş İddiaçı ödəniş kartları üzrə çıxarışlardan görünür ki, xx.xx.2021-ci il tarixində pul vəsaiti hesabından məxaric edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
16. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə cavabdeh Unibank ASC arasında “Kredit xətti müqavilə”si bağlanmışdır. Cavabdeh iddiaçıya **********946573 saylı kredit kartı təqdim etmişdir. Sözü gedən kartın hesabında ona təqdim olunan zaman 5000 (beş min) manat pul olmuşdur. Bundan əlavə, cavabdeh ona banka məxsus **********028768 saylı debet kart vermiş, və iddiaçı karta şəxsi vəsaiti olan 3900 ABŞ dolları pul depoziti köçürmüşdür. 31 avqust 2021-ci il tarixində İddiaçı məxsus "X3" Açıq Səhmdar Cəmiyyətindən almış kartlar vasitəsilə elektron məlumat daşıyıcılarından 3900 ABŞ dolları və 5000 manat məbləğində pul hesabından məxaric edilmişdir. Bu faktla bağlı cinayət işi başlamış, və İddiaçı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Hal-hazırda iddiaçı bu halın baş verməsini bankın təhlükəsizlik sisteminin əlverişsiz olduğundan baş verdiyini iddia edir və kredit kartından oğurlanmış 5000 manat əsas borcun, ona hesablanmış cərimə faizinin silinməsini, debet kartından oğurlanmış şəxsi vəsaiti olan 3900 ABŞ dolları məbləğindən geri qaytarılmamış olan 1566 manat vəsaiti bankdan tələb tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
17. Məhkəmə iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
19. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
20. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
21. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
22. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
23. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
24. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını təsdiq edən və cavabdeh tərəfindən həqiqətən də bankın təhlükəsizlik sisteminin əlverişsiz olduğundan ona zərərin vurulmasını, onun tərəfindən məlumatların dərhal verilməsini, lakin bankın vaxtında öz öhdəliklərini yerinə yetirmədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 06 noyabr 2020-ci il tarixli kütləvi ofertadan görünür ki, 2.12-ci bəndində qeyd edilmişdir ki, “kartın itirilməsi, oğurlanması və istifadəçinin iradəsinə zidd olaraq digər vasitələrlə sahibliyindən çıxması, onun sərəncamı olmadan digər vasitələrlə başqa şəxslər tərəfindən istifadə edilməsi hallarında ləngimədən onu bloklaşdırmaq lazımdır. Bu məqsədlə “Bank”ın Məlumat Mərkəzinə müraciət olunmalıdır. Kartın bloklaşdırılmasının digər üsul və vasitələri haqqında müvafiq izahedici məlumatı “sayt”dan əldə etmək mümkündür. Müştəri tərəfindən məlumatların vaxtında verilməməsinə görə, eləcə də yuxarıda göstərilən hallarda kartdan istifadə etməklə aparılan əməliyyatlara görə Bank məsuliyyət daşımır”.
25. Göründüyü kimi, bank tərəfindən iddiaçının hesabındakı vəsait mənimsənilməmiş və bank tərəfindən iddiaçıya ziyan vurulmamış və iddia olunan tələblə bağlı hər hansı sübut təqdim olunmamışdır. İddiaçı ona məxsus kart məlumatlarını məxfi saxlamalı halda üçüncü şəxslər tərəfindən istifadəsinə yol vermişdir.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.
28. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2020-cu il tarixli Qərarı).
29. Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur.
30. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
31. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
32. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
33. Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "X3" Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
37. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
38. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı cavabdeh "X3" Açıq Səhmdar Cəmiyyətinə qarşı "pul" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov