Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2321/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adixan oğlunun sədrliyi ilə, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, cavabdeh Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdehlər Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh3nə qarşı «borcun silinməsi və borcun olmaması barədə qeydin aparılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh3nə qarşı «borcun silinməsi və borcun olmaması barədə qeydin aparılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 2008-ci ildən başlayaraq QSC Bank Standard KB ilə əməkadaşlıq edərək ayrı-ayrı zamanlarda 35.000 manatadək kreditlər götürmüş və vaxtlı-vaxtında ödənişləri həyata keçirmişdir. Lakin 2016-ci ilin sonunda kreditlə bağlı respublikada fəaliiyət gösrərən banklardan birinə müraciət etdikdə iddiaçıya məlum olmuşdur ki, guya iddiaçının QSC Bank Standard KB-na gecikdirilmiş böyük məbləğdə, yəni təqribən 14500 manat əsasə borc və 20.000 manat faiz borcu var. İddiaçı, Mərkəşdirilmiş kredit reyerstrindən çıxarışa baxdıqda dəhşətə gəlmişdir. Bir neçə dəfə LPO QSC "Bank Standard" KB-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna müraciət etmiş, lakin məsələnin həlli istiqamətində bir nəticə əldə etməmişdir. 2020-ci ilin iyul ayında bir daha banklardan birinə kreditlə bağlı müraciət etdikdə, iddiaçını gərgiləşdirmişdir. Bu dəfə durduğu yerdə boc fantastik formada, həndəsi proqressiyayla artdığının şahidi olmuşdur. Əsas borcu 3300 manat, faiz borcu isə nə az nə çox birdənbirə 30000 manat artaraq 50000 manatdan artıq olmuşdur. Bu səbəbdən hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Kredit Bürosunun çıxarışından göründiyi kimi iddiaçı, QSC Bank Standard KB-dan xx.xx.2008-ci il tarixindən xx.xx.2012-ci il tarixinədək 24.000 manat kredit götürmüş və əsas borc və faizi ilə birlikdə vaxtında banka qaytarmışdır. Sonradan, daha dəqiq xx.xx.2012-ci il tarixdən xx.xx.2012-ci il tarixədək bank iddiaçıya guya 20.000 manat kredit vermiş və bu kreditləri uzun illərdir ki, banka ödəmir və buna baxmayaraq, nə QSC Bank Standard KB, nə də ləgvedici orqan ADİF bu vəsaitləri iddiaçıdan tələb etmir, müvafiq iddia ilə məhkəməyə müraciət etmir. Böyük ehtimalla bu texniki bir problemdir. Hər halda ən azı 2016-ci ilin və 2020-ci ilin kredit bürosunun çıxarışlarında bu qədər fərqi nə ilə izah etmək olar. Digər tərəfdən də çox vaxt keçdiyindən iddiaçıda əlavə sənədlər qalmamışdır. Lakin bir məqam aydındır ki, iddiaçının banka borcu olsaydı, ona qarşı məhkəmədə iddia qaldırılardı, yalnız bu gündə belə bankın ləgvedicisi belə bir iddia ilə məhkəməyə müraciət etmirsə, deməli bu borc reallıqda mövcud deyildir. İndi belə bir iddianı ləgvedici olaraq ADİF tərəfindən məhkəmədə qaldırarsa, bu işin onlar üçün qanuni perspektivi yoxdur. Belə ki, bu işlə bağlı iddia müddəti çoxdan ötürülmüşdür. Digər tərəfdən vəziyyətin bu formada qalması iddiaçının bir çox hüquqlarımı məhdudlaşdırır. İpoteka yolu ilə mənzilə sahib olmaq, kreditlə avtomobil almaq və yaxud xirdalı-böyüklü ev əşyaları almaq, bütün bunlar iddiaçı üçün hal-hazırda mümkün deyildir. Çünki kredit üçün müraciət etdiyi banklar da məhz bu əsasa görə iddiaçıya kredit verməkdən imtina edirlər. İddiaçı hesab edir ki, cavabdehlərin tutduqları mövqedən istifadə edərək onun hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Göstərilənlərə əsasən Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının əməliyyat sistemində və kredit bürosundan çıxarışda qeyd olunmuş 17584,66 manat əsas və 50235 manat faiz, cəmi 67819,66 manat gecikdirilmiş borcun silinməsi və iddiaçının borclu olmaması barədə qeydin aparılmasının cavabdehlərin öhdəsinə qoyulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb edərək iddia tələbini qəbul etməmiş, iddiaçının hazırda banka borcunun olduğunu, iddiaçının borcunun olmaması barədə sübut təqdim etməməsini bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən iddiaçı və digər Cavabdeh3 MMC-yə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Odur ki, məhkəmə mülki işə iddiaçının və digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmənin əvvəlki iclasında iddiaçının nümayəndəsi və vəkili Vüqar Tumasov iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işin materiallarında olan xx.xx.2020-ci il tarixli Cavabdeh3 çıxarışdan görünür ki, iddiaçının xx xxx 2012-ci il tarixli 4 hesab nömrəli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 3053,18 manat, faiz məbləği isə 8182,32 manat, xx xxxxxx 2012-ci il tarixli 8 hesab nömrəli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 3374,08 manat, faiz məbləği isə 9658,21 manat, xx xxxxxx 2012-ci il tarixli 9 hesab nömrəli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 3187,94 manat, faiz məbləği isə 9215,90 manat, xx xxxx 2012-ci il tarixli 7 hesab nömrəli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 2775 manat, faiz məbləği isə 8019,91 manat, xx xxx 2012-ci il tarixli 5 hesab nömrəli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 2419,46 manat, faiz məbləği isə 7028,79 manat, xx xxx 2012-ci il tarixli 6 hesab nömrəli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 2775 manat, faiz məbləği isə 8133,37 manat təşkil edir. İşdə olan xx xxxxxx 2020-ci il tarixli Maliyyə arayışlarından görünür ki, iddiaçının xx xxx 2012-ci il tarixli 1xx/xx/4649/12 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixinə 2775 manat əsas, 2417,93 manat faiz, 5782,94 manat cərimə və gecikdirilmiş vaxt üçün 1031,94 manat faiz borcu, ümumilikdə 12007,81 manat, xx xxx 2012-ci il tarixli 1xx/xx/4714/12 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixinə 3053,18 manat əsas, 1948,89 manat faiz, 6307,63 manat cərimə və gecikdirilmiş vaxt üçün 948,36 manat faiz borcu, ümumilikdə 12258,06 manat, xx xxx 2012-ci il tarixli 1xx/xx/4713/12 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixinə 2419,46 manat əsas, 2046,95 manat faiz, 5042,32 manat cərimə və gecikdirilmiş vaxt üçün 892,16 manat faiz borcu, ümumilikdə 10400,89 manat, xx xxxx 2012-ci il tarixli 1xx/xx/4743/12 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixinə 2775 manat əsas, 2308,71 manat faiz, 5780,63 manat cərimə və gecikdirilmiş vaxt üçün 1020,63 manat faiz borcu, ümumilikdə 11885,97 manat, xx xxxxxx 2012-ci il tarixli 1xx/xx/5293/12 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixə 3374,08 manat əsas, 2710,81 manat faiz, 7031,69 manat cərimə, gecikdirilmiş vaxt üçün 1191,45 manat faiz borcu, ümumilikdə 14308,03 manat, xx xxxxxx 2012-ci il tarixli 1xx/xx/5292/12 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixə 3187,94 manat əsas, 2651,64 manat faiz, 6643,87 manat cərimə, gecikdirilmiş vaxt üçün 1115,40 manat faiz borcu, ümumilikdə 13598,85 manat borcu vardır. Beləliklə, işin materiallarından da göründüyü kimi, iddiaçı ilə Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı arasında bağlanmış kredit müqavilələri üzrə iddiaçının Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankına 05-xx xxxxxx 2020-ci il tarixlərə 74459,61 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı tərəfindən iddia ərizəsində qeyd olunan dəlillərlə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə məhkəmə tədqiqatı zamanı iddiaçının Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankı ilə bağladığı 6 ədəd kredit müqaviləsi üzrə ümumilikdə 74459,61 manat borcunun olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin iddianın digər hissəsi olan borcun olmaması barədə qeydin aparılması öhdəliyin cavabdehin üzərinə qoyulması hissəsində qeyd edir ki, iddianın ilk hissəsi olan tələb təmin edimədiyindən, ikinci tələb birinci tələblə bir başa bağlı olduğundan və prosessual qənaət prinsipinini nəzərə alaraq əlavə araşdırma aparılmadan iddia bu hissədə də təmin oluna bilməz. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh3nə qarşı «borcun silinməsi və borcun olmaması barədə qeydin aparılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Kommersiya Bankının ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh3nə qarşı «borcun silinməsi və borcun olmaması barədə qeydin aparılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-2321/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2321/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver