Məhkəmə qərarları › İş №2(006)-2321/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2321/2023

27.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2321/2023 27.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-nin direktoru X6 və nümayəndə X2 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Salyan Kommersiya Məhkəməsinin "xxxx" ASC-nin ərazisi hesab edilən, Salyan şəhəri, Y.Qasımov 1 və 3 ünvanlarında inşa edilmiş irili-xırdalı 70-ə yaxın obyektin “İcarə” qiymətlərinin müəyyən edilməsinə dair qərardadı icra olunması üçün Cavabdeh MMC-yə göndərildikdən sonra özünü həmin MMC-nin direktoru kimi təqdim edən X13 adlı şəxsin hal-hazırda iddiaçının xatırladığı mobil nömrəsindən keçən ilin axırları və yaxud cari ilin yanvar ayının ilk günlərində onun istifadəsində olan ***-***-**-** sim kart nömrəsinə zəng edilərək qeyd edilən ekspertizanı özünün keçirəcəyini və bunun üçün 1500 manat pul ödəməli olduğunu, göstərilən məbləği yanvar ayının 05 tarixinə qədər ona verməyəcəyi təqdirdə ekspertizanın keçirilməsini aylarla uzadacağını bildirmişdir. Adıçəkilən şəxsə müharibə veteranı olduğunu, yalnız sosial müavinət hesabına dolandığını, ekspertiza xərcinin nəyə görə belə yüksək olduğunu və həmin məbləğin hamısının nəyə görə qarşı tərəf olan ASC-dən deyil, ondan tələb etdiyini, ayın 2023-cü ilin 05 yanvar tarixinə qədər həmin pulu tapmağının qeyri-mümkün olacağını ona bildirməyinə baxmayaraq Ədalət Şirinov pulu göstərilən tarixədək çatdırmasa, ekspertizanın keçirilməsinin aylarla uzadığını bir daha təkrarlamış və pulu qeyd edilən tarixdə çatdırmağı amiranə şəkildə tələb etmişdir. İddiaçı da işinin məhkəmədə uzun müddətdir davam etdiyini göz önünə gətirərək, hazırki ekspertizanın da aylarla uzadılmasından qorxduğuna görə yaxın adamlardan 1500 manat borc alaraq xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonundakı “AF Business House”-da X5 vermişdir. Lakin, istədiyi məbləği X5 verməyinə baxmayaraq o, etibarından və ona olan inamından sui-istifadə edərək ünvan 2 ünvanlarında yerləşən obyektlərin ancaq 12 ədədini qiymətləndirməklə və bu barədə müvafiq rəy tərtib etməklə işini bitmiş hesab etmişdir. Şikayət ərizəsinin araşdırılması həvalə edilən AR, DİN-in Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı ona ünvanlanmış şikayət ərizəsindəki xüsusatlara və bununla bağlı verdiyi izahata düzgün qiymət verməmiş, Ədalət Şirinovla aralarında olan mübahisəni sonuncunun, hədə-qorxu ilə tələb etmə, ictimai mövqeyindən istifadə edərək dələduzluq əməli qiymətləndirmək əvəzinə, qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarında göstərdiyi xüsusatları mülki xarakterli mübahisə kimi qiymətləndirərək “Cinayət işinin başlanılmasının rədd edilməsi” barədə əsassız və qanunsuz qərar qəbul etmişdir. Qeyd edilən faktiki əsaslara görə cavabdehin hədə-qorxu və aldatma yolu ilə əsassız olaraq ondan aldığı 1.500 manat pul cavabdehdən alınaraq ona qaytarılmalıdır. Göstərilınlərə əsasən, Cavabdeh MMC-yə ödədiyi 1.500 manat pulun cavabdedən alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Eyni zamanda, iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı 20 aprel 2023-cü il tarixdə Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdehndən sonuncu tərəfindən həyata keçirilmiş qiymətləndirmə üçün nəzərdə tutulan 1.500 manat borcun məcburi qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixində Şirvan Kommersiya Məhkəməsinin qərardadı ilə "xxxx" ASC-nin ərazisində olan obyektlərin icarə haqqının çıxarılması ilə bağlı qərarın icrası Cavabdeh MMC-yə həvalə olunmuşdur. Bununla bağlı olaraq, iddiaçıların nümayəndəsi İddiaçı ilə əlaqə saxlayaraq qiymətləndirmə keçirilməli olduğunu bildirmişlər. İddiaçı isə Bakı şəhərində olduğunu və iştirak edə bilməyəcəyini, qardaşının iştirak edəcəyini bildirmişdir. Daha sonra isə o hansısa çay evində görüşüb qeyri-prosessual söhbətlər etməklə bağlı təklif versə də, bununla razılaşmamış və hər hansı qeydi ilə bağlı qanuni iş saatlarında ofisə gəlməli olduğunu bildirmişlər. İlkin iddia üzrə iddiaçı tərəfindən müəyyən edilmiş müstəqil ekspertizanın həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş məbləğin miqdarı heç bir normativ-hüquqi aktla tənzimlənmədiyi və bunun üçün qanunvericiliklə daha az məbləğ nəzərdə tutulmadığı üçün bu məbləğ əsassız hesab oluna bilməz. Eyni zamanda, ilkin iddia üzrə iddiaçı tərəf-İddiaçı heç bir təkid olmadan qısa zaman kəsiyində ödənişi şirkətin bank hesabına ödəniş etmişdir.Valeh bəy dəfələrlə Ə.Şirinova və qiymətləndirmə ekspertizasını həyata keçirən şirkət nümayəndəsinə əlavə ödəniş verəcəyini bildirməklə öz istədiyi məbləğdə nəticə çıxarmaqlarını istəsə də, onlar qanunsuz iş görməyəcəklərini və xidmət haqqından əlavə heç bir ödənişə razı olmadıqlarını bildirdikləri üçün o, onların fəaliyyətlərindən “narazı” qalmış və xx.xx.2023-cü ildə Nəsimi RPİ-nin 22-ci PŞ-yə müraciət edib, öz şikayətini bildirmiş və o da polisin qanuni göstərişlərinə əməl edən biri olaraq şöbəyə yaxınlaşıb öz izahatını təqdim etmişdir və dolayısı ilə həm vaxt itkisi yaşamış, həm də əsassız yerə bu cür rəftara məruz qaldığı üçün mənəvi iztirab yaşamışdır. Göstərilənlərə əsasən, qarşılıqlı iddia tələbinin təmin edilməsinə, ilkin iddianın rədd edilməsinə və 900 manat məbləğində tərəflərinə mənəvi ziyanın kompensasiyasının ödənilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilk iddia tələbini müdafiə edərək və qarşılıqlı iddia tələbinə etiraz edərək izahatında qeyd etdi ki, Şirvan Kommesiya Məhkəməsində hal-hazırda iddia ərizəsinə baxılır. Sonuncu məhkəmə iclasında qərar verildi ki, ticarət obyektlərinin icarə haqlarının müəyyən edilməsi Cavabdeh MMC-yə həvalə edilmişdir. Bundan sonra onunla əlaqə saxlanılmış və o bildirmişdir ki, o, şəhərdədir, onun yerinə qardaşı iştirak edəcəkdir. Bir yerdə baxış keçirildikdən sonra Ədalət müəllim ona dedi ki, ona iddiaçı o olduğu üçün 1500 manat məbləğində pul ödəməlidir. O da dedi ki, məhkəmənin vəsaiti kimin ödəməsi ilə bağlı qərarı yoxdur. Onun imkanı yoxdur, o pulu ödəməyə. Ədalət müəllim də qayıtdı ki, o pulu dekabr ayının 27-sinə kimi çatdırmalıdır və dedi ki, onun xeyrinə olan məqamlar vardır. Məhkəmə onların verdiyi rəy əsasında qərar verəcəkdir, sonradan apellyasiya məhkəməsinə getməli olacaq, rüsum ödəyəcəkdir, bu səbəbdən də fikirləşdi ki, pulu aparıb versin. Saxta arayış təqdim edərək, onu aldatmışlar. Hesab edir ki, iddia tələbi əsaslıdır. Yekun olaraq ilk iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMC-nin direktoru X6 ilk iddia tələbinə etiraz edərək və qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, yanvar ayında pul onların əməkdaşına təqdim olunub. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Cavabdeh MMC-yə iş üzrə məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının aparılması həvalə olunmuşdur. Bundan sonra o, iddiaçı və cavabdehlə əlaqə saxlamış, İddiaçı bildirmişdir ki, şəhərdədir, onun yerinə qardaşı iştirak edəcəkdir. Yanvar ayının 16-sı obyektlərə baxış keçirilmiş, müvafiq rəy tərtib edilmişdir. Sonradan Valeh müəllim onunla əlaqə saxlamışdır ki, görüşsünlər. O da bildirmişdir ki, ofisə yaxınlaşa bilər. Məbləğlə bağlı bildirmişdir ki, o, dövlətin vergisini vaxtlı-vaxtında ödəyən insandır. Valeh müəllim 22-ci Polis bölməsinə şikayət etdi, lakin bölmə rədd qərarı verdi. Sonradan Valeh müəllim ona qarşı pul tələbi ilə bağlı məhkəmədə iddia qaldırdı. Hesab edir ki, iddia əsassızdır və rədd edilməlidir. Odur ki, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) nümayəndəsi X4 ilk iddia tələbinə etiraz edərək və qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, pul yanvar ayının 4-ü yox 5-i ona təqdim olunub. Bundan sonra o, aparıb pulu ödədikdən sonra qəbzi çəkib Valeh müəllimə göndərib və bildirib ki, yaxınlaşıb qəbzi götürsün. O da deyib ki, gəlib götürəcəklər. Sonradan bir oğlan yaxınlaşıb qəbzi götürdü. Son olaraq, ilk iddia tələbinin rədd, qarşılıqlı iddia tələbinin isə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 2(121)-107/2022 saylı qərardadı ilə ilk iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər X1, X7 və X8 ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" ASCyə qarşı zəruri sənədlərin verilməsi, cavabdehin son 3 illik ərzində maliyyə dövriyyəsinin yoxlanılması, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X1 dividendin ödənilməsinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə cavabdeh "xxxx" ASC-nin X10, X11 və X3 qarşı ilk iddianın rədd edilməsi, X3 artıq ödənilmiş pulun tutulması barədə qarşılıqlı iddia ərizəsinə və "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2020-ci il tarixli, 01 saylı icarə müqaviləsinin etibarsız hesab edilməsinə dair iş üzrə komission məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizasının aparılması Cavabdeh MMC-yə həvalə edilmişdir. İş materiallarında olan "xxxx" ASC-yə məxsus 05 yanvar 2023-cü il tarixli mədaxil orderinin surətindən görünür ki, həmin tarixdə X4 tərəfindən e-2-2(121)-107/2022 nömrəli qərara əsasən İddiaçı adından 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin hakimi Elşən Abdullayevə Cavabdeh MMC-nin direktoru Ədalət Şirinov tərəfindən ünvanlanmış xx.xx.2023-cü il tarixli müşayiət məktubundan görünür ki, məktubda MMC-yə həvalə edilmiş ticarət obyektlərinin icarə bazar dəyərləri qeyd edilmiş, sonda isə MMC-nin xərclərinin iş üzrə iddiaçıların nümayəndəsi İddiaçı tərəfindən ödənildiyi qeyd edilmişdir. İş materiallarında olan Nəsimi RPİ-nin 22-ci PŞ-nin təhqiqatçısı polis baş leytenantı Nazim Müzəffərli tərəfindən qəbul edilən xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, İddiaçı şikayət ərizəsi ilə polis bölməsinə müraciət etmiş, lakin həmin qərar əsasında qərarın təsviri hissəsində göstərilənlərə əsasən qeyd olunan faktda cinayət hadisəsi olmadığı üçün fakt üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 2(121)-9/2023 saylı qərardadı ilə məhkəmənin icraatında olan iş üzrə icraat təzələnmiş, işə məhkəmə hazırlıq iclasında baxılması 02 iyun 2023-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin Nizamnaməsindən görünür ki, Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləti ilə məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının qanunverciiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazənin (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Cəmiyyətin təsisçisi:X6. Nizamnamənin 5-ci bəndindən görünür ki, Cəmiyyətin fəaliyyətinə cari rəhbərlik cəmiyyətin təkbaşına icra orqanı olan direktor tərəfindən həyata keçirilir. Direktorun səlahiyyətlərinə ümumi yığıncaq tərəfindən qəbul edilmiş qərarların vaxtında və lazımi qaydada icra olunmasının təmin edilməsi; öz səlahiyyəti daxilində cəmiyyətin adından mülki-hüquqi müqavilələr, vəkalətnamələr vermək, müvəkkil banklarda cəmiyyətin istənilən növ bank hesablarını açmaq və maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesab üzrə sərəncam vermək daxildir. Məhkəmə iddia tələbinə münasibətdə aşağıdakıları qeyd edir: a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin), b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Həmçinin, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Həmçinin, məhkəmə qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə iclasında müəyyən olundu ki, Şirvan Kommersiya Məhkəməsinin müvafiq qərarı ilə məhkəmə-əmtəəşünaslıq (qiymətləndirmə) ekspertizası təyin edilmiş və həmin ekspertizanın keçirilməsi hazırki iş üzrə cavabdeh olan Cavabdeh MMC-yə həvalə edilmişdir. Ekspertiza keçirildikdən sonra İddiaçı tərəfindən Cavabdeh MMC-yə 1.500 manat məbləğində pul vəsaiti ödənilmişdir. Hazırda ilk iddia üzrə iddiaçı Ə.Valeh həmin pul vəsaitinin ondan hədə-qorxu ilə tələb edildiyini, həmin pul vəsaitinin məhz həmin məbləğdə və məhz ondan tutulmasının heç yerdə yazılmadığını və tərtib edilən rəyin onu aldadılmaqla qanunsuz olaraq tərtib edildiyini iddia edərək cavabdehdən ödədiyi 1.500 manat məbləğində pul vəsaitinin ona qaytarılmasını, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin nümayəndəsi isə həmin pulun qarşılıqlı iddia üzrə cavabdeh Ə.Valeh tərəfindən könüllü şəkildə təqdim edildiyini, Şirvan Kommersiya Məhkəməsinə rəylə birlikdə pulun Ə.Valeh tərəfindən ödənildiyi barədə qəbzi də göndərdiyini, hazırda Ə.Valehin iddiasının əsassız olduğunu və onlara mənəvi zərər vurulduğunu iddia edərək, qarşılıqlı iddia üzrə cavabdehdən 900 manat məbləğində pul vəsaitinin onların xeyrinə ödənilməsini məhkəmədən tələb edir. Məhkəmə ilk növbədə ilk iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddiaçı Ə.Valeh cavabdehin ondan hədə-qorxu ilə pul tələb etdiyini, cavabdeh tərəfindən tərtib edilən rəyin qanunsuz olduğunu iddia etsə də, iddiasının əsası kimi istinad etdiyi halları sübut edən faktları məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçı məhkəməyə verdiyi izahatında pulun cavabdeh tərəfindən dekabr ayının 27-sinə kimi çatdırmasını tələb etməsini qeyd etsə də, halbuki polis bölməsində verdiyi izahatında isə xx.xx.2022-ci il tarixə kimi 1.500 manat pul çatdırmalı olduğunu bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, tələbinin əsaslı olmasını və cavabdehin hərəkətlərinin qanunsuz olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və məhkəmə tərəfindən də cavabdeh tərəfindən pulun iddiaçıdan hədə-qorxu ilə alınması halı sübut olunmamışdır. Əksinə, məhkəmə tərəfindən müəyyən edildi ki, Şirvan Kommersiya Məhkəməsinin müvafiq qərarı ilə qiymətləndirilmənin keçirilməsi cavabdehə həvalə olunmuş, cavabdeh tərəfindən müvafiq rəy tərtib olunub, həmin məhkəməyə təqdim olunmuşdur. Hazırda həmin məhkəmədə işə baxılması davam etdirilir. Eyni zamanda, müəyyən olundu ki, həmin məhkəmədə cavabdehin tərtib etdiyi rəy iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı hazırda rəyin qanunsuz olaraq tərtib edildiyini iddia etsə də, Şirvan Kommersiya Məhkəməsində bu halı mübahisələndirməmişdir (yenidən qiymətləndirilmənin keçirilməsi ilə bağlı əlavə vəsatət verməmişdir və s.). Bundan başqa, qeyd edilməlidir ki, cavabdeh tərtib etdiyi rəyi Şirvan Kommersiya Məhkəməsinə göndərdiyi zaman həmin rəydə qiymətləndirilmənin keçirilməsi ilə bağlı xərclərin iddiaçının özü tərəfindən ödənildiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, Şirvan Kommersiya Məhkəməsində işə baxılıb yekun qərar qəbul edildiyi zaman əgər iddia tələbi təmin edilsə, o zaman məhkəmə xərcləri ilə də bağlı məsələyə müvafiq qiymət verilərək iddiaçının ödədiyi məbləğ cavabdehlərdən iddiaçı tərəfin xeyrinə tutula bilər. Odur ki, həmin məhkəmədə yekun qərar qəbul edilmədiyindən və iddiaçı tərəfindən məhkəməyə əsaslı sübutlar təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi əsassızdır. Məhkəmə iddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edir ki, hazırda iddiaçı Cavabdeh MMC cavabdeh Ə.Valehdən 500 manat məbləğində ona dəymiş mənəvi ziyanın tutulmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 02 iyun 2002-ci il tarixli Qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə araşdırması zamanı qarşılıqlı iddia üzrə iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi iztirab keçirməsi ilə əlaqədar məhkəməyə sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilk iddia tələbi və qarşılıqlı iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbləri rədd edildiyindən məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair ilk iddia ərizəsi təmin edilməsin. İddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. İddia ərizəsi və qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar