Məhkəmə qərarları › İş №2(006)-2325/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2325/2021

05.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2325/2021 05.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədov İlkin Umud oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları xx.xx.2012-ci il təvəllüdlü Şahmuradlı Ömər Anar oğlunun yetkinlik yaşına çatana kimi hər ay cavabdehdən 175 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx xxxxxx 2011-ci il tarixində ailə həyatı qurmuşdur. Cavabdehlə birgə nikahdan doğulmuş xx xxxxxx 2012-ci il təvəllüdlü Şahmuradlı Ömər Anar oğlu adlı bir uşağı var. Həmin tarixdən bu günə kimi cavabdeh oğlu ilə nadir hallarda maraqlanmış və ümumiyyətlə onun xərcləri doğulandan iddiaçı tərəfindən qarşılanmaqdadır. Nikahları, müəyyən obyektiv səbəblərdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi əsasında xx xxxxxx 2014-cü il tarixdə pozulmuş, xx xxxxxx 2012-ci il təvəllüdlü Şahmuradlı Ömər Anar oğlunun anası İddiaçı yanında qalması müəyyən edilmiş, xx xxxxxx 2012-ci il təvəllüdlü Şahmuradlı Ömər Anar oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx xxxxx 2014-cü il tarixdən başlayaraq hər ay üçün 103 (bir yüz üç) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Hazırda ölkədə ardıcıl devalvasiya nəticəsində bütün xidmət sektorlarında qiymət qalxmış və övladını bir tənha qadın kimi saxlamaq çox çətin olmuşdur. İddiaçı qeyd olunanlara və “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən alimentin məbləğinin artırılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan; Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2012-ci il tarixli, AZ-İİ seriyalı, 812781 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahmuradlı Ömər Anar oğlu xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhərində anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 232 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2014-cü il tarixli, AZ-İ seriyalı, 206673 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx xxxxxx 2014-cü il tarixdə 365 nömrə ilə qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(006)-2587/2014 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh ilə İddiaçı arasında xx xxxxxx 2011-ci il tarixdə bağlanmış və Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 44 nömrə ilə qeyd edilmiş nikahın pozulması, xx xxxxxx 2012-ci il təvəllüdlü Şahmuradlı Ömər Anar oğlunun anası İddiaçı yanında qalması və xx xxxxxx 2012-ci il təvəllüdlü Şahmuradlı Ömər Anar oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxx 2014-cü il tarixdən başlayaraq hər ay 103 (bir yüz üç) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay xx xxxxxx 2012-ci il təvəllüdlü Şahmuradlı Ömər Anar oğlu üçün 103 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən xeyli müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmiş və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Məhkəmə yuxarıda sadalanan xüsusatları və 2021-ci il üçün uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun məbləğini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia təmin edilməli, xx xxxxxx 2012-ci il təvəllüdlü Şahmuradlı Ömər Anar oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli, 2(006)-2587/2014 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq hər ay 175 manat sabit pul məbləğində müəyyən edilməli və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 nömrəli, xx xxxx 2016-cı il tarixli qərarının 8.12-ci bəndinin sonuncu abzasında məhkəmələrə izah edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2012-ci il təvəllüdlü Şahmuradlı Ömər Anar oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(006)- 2587/2014 saylı qətnaməsi ilə tutulan alimentin məbləği artırılaraq, hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində müəyyən edilsin və qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar