Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2327/2025 04.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən fərdi yaşayış evinə dəymiş 1475 manat maddi zərəri, telefon danışıqları üçün xərclədiyi 470 manat, bu iş üçün 2 dəfə Gəncə şəhərindən Bakı şəhərinə gedib xərclədiyi 200 manatı, ərizə üçün xərclədiyi 50 manat, cəmi 2195 (iki min bir yüz doxsan beş) manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini sığortalamaq üçün xx.xx.2024-cü il tarixdə “Paşa Sığorta'’ ASC-nin Sığorta iddiaları Departamenti ilə “Daşınmaz əmlakın icbari sığortası” üzrə PİC-RPA**********/24 saylı sığorta müqavilə bağlamışdır. 40 manat rüsum ödəmişdir. Müqavilə şərtlərində təbiət hadisələri ilə bağlı fərdi yaşayış evinə dəymiş zərərin ona ödənilməsi nəzərdə tutulmuşdur. Bu barədə fərdi yaşayış evinə dair ona Daşınmaz Əmlakın İcbari sığortası şəhadətnaməsi verilmişdir. 2024-cü ilin iyul ayında yağan aramsız yağışlar nəticəsində mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən sığorta şəhadətnaməsi ilə sığortalanmış fərdi yaşayış evinə 1475 manat maddi ziyan dəymişdir. "xxxx" ASC-nin Sığorta iddiaları Departamentinə fərdi yaşayış evinə dəymiş zərərlə bağlı müraciət etsə də, dəymiş maddi zərər ödənilməmişdir. O, dəymiş zərər almaq üçün bu günə qədər vaxtaşırı telefonla zəng edib, danışmışdır. 470 manat telefon xərci etmişdir, 2 dəfə bu iş üçün Gəncə şəhərindən Bakı şəhərinə getmiş 200 manata yol xərci etmişdir. Eyni zamanda bu barədə ərizə ilə müraciət edərkən 50 manat xərcləmişdir. Cavabdehin etirazı: "xxxx" ASC iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “pul” tələbinə dair məhkəməyə müraciət etmişdir. İddiaçı öz iddia tələbində cavabdehdən fərdi yaşayış evinə dəymiş 1475 manat maddi zərər, telefon danışıqları üçün xərclədiyi 470 manat, bu iş üçün 2 dəfə Gəncə şəhərindən Bakı şəhərinə gedib xərclədiyi 200 manatı, ərizə üçün xərclədiyi 50 manat olmaqla, cəmi 2195 manatın alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbini sığorta ödənişi məbləği hissəsində dəqiqləşdirərək, cavabdehdən 2900 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin hazırlıq iclaslarında verdikləri izahatlarla yanaşı, iddia tələbi ilə bağlı aşağıdakıları diqqətə çatdırır: "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanı üzrə Daşınmaz əmlakın icbari sığorta müqaviləsi bağlanmışdır. İddiaçı xx.xx.2024-cü il tarixdə Cəmiyyətə müraciət edərək, yağan yağışlar səbəbindən evinin arxa hissəsində divarın hörgü hissəsinin uçduğunu bildirmiş və müvafiq sığorta ödənişinin həyata keçirilməsini xahiş etmişdir. İddiaçının müraciəti əsasında tərəflərindən araşdırma aparılmış, səlahiyyətli orqanlara aidiyyəti sorğular verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 xx.xx.2025-ci il tarixli arayışından görünür ki, ünvan 3 ünvanında təbii və texnogen amillərin təsiri nəticəsində sahənin geoloji quruluşunda iştirak edən süxurların infiltrasiyası, ilişmə qüvvəsinin zəifləməsi, dayanaqlığının azalması fərdi tikilinin yerləşdiyi ərazidə çökmə və həyətyanı sahədə çatların yaranmasına zəmin yaratmışdır. Proses nəticəsində fərdi tikilinin divarlarında, yardımçı tikililərində, hasar hissəsində müxtəlif ölçülü çatların yaranması və deformasiyaya uğraması müşahidə edilmişdir. Baxış zamanı ev sahibi bildirmişdir ki, tikilinin yan divarının çatlamasını və təhlükəli dərəcədə əyilməsini nəzərə alaraq, öz hesabına ərazidə bərpatəmir işləri aparmışdır. Sözügedən ünvanda yaşayan İddiaçı tərəfindən xx.xx.2024-cii il və xx.xx.2024-cü il tarixlərdə ekzogen geoloji proseslərin baş verməsi ilə əlaqədar X4 müraciət daxil olmamışdır. Vurğulamaq istərdilər ki, iddiaçı yağış və ya leysan nəticəsində evin divarının uçmasını bildirsə də, hadisə ilə nəticə arasında birbaşa səbəb-nəticə əlaqəsinin mövcud olduğunu sübuta yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin məhkəmə sorğusuna cavabında 2024-cii ilin iyul ayında Gəncə şəhərində yağış və leysanın olduğu müəyyən edilsə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1 arayışında divarının uçmasının leysan yağışları nəticəsində baş verdiyi müəyyən edilməmişdir. Odur ki, baş vermiş hadisənin sığorta hadisəsi hesab edilməsi müəyyən edilmədiyindən, hazırkı iddia tələbi üzrə Cəmiyyətin məsuliyyəti yaranmır. Odur ki, iddia tələbi əsassız olduğundan və sübutlarla təsdiq edilmədiyindən, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmənin hazırlıq iclasında iştirak edərək, iddia ərizəsinin məzmununa uyğun izahat versə də, məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılıb iddiasının təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi izahat verərək bildirmişdir ki, mübahisələndirdikləri məsələ baş vermiş hadisənin səbəbinin nə olmasıdır. Sığortanın risklərinə aid olub-olmamasını araşdırırlar. Burada sığorta hadisəsinə səbəb olacaq hər hansı bir hal müəyyən olunmayıb. Şirkətə divarın uçub tökülməsi ilə bağlı müraciət olunub. Yəqin ki, leysan yağışı divarın tökülməsinə səbəb olmayıb, nəmişlik izlərinə səbəb ola bilər. Səbəb torpaqla bağlı ola bilər, bu səbəbdən Geologiya instituna sorğu vermişlər. Onlar isə çökmə ilə bağlı cavab veriblər. Geologiya institunun cavabı ümumidir, bu mövzu ilə bağlı səbəbi ancaq Geologiya institutu müəyyənləşdirə bilər. Fövqəladə Hallar Nazirliyi və İcra Hakimiyyətinin sorğuya cavabına əsasən onlara müraciət olunmayıb. X1 cavabından görünür ki, yalnız çökmə nəticəsində çat yaranıb. Müraciətdə isə bildirilir ki, aramsız yağışlar nəticəsində hadisə baş verib. Çökmə isə sığorta təminatına aid deyil. Yerçökməsi olsaydı təminata düşərdi. Hal-hazırda sığorta ödənişi ilə bağlı iddiaçıya imtina verməmişlər. Çünki araşdıralar davam edirdi. Əgər əlavə təminata düşən hal ortaya çıxmazsa, bu göstərilən sənədlərlə bu hadisə təminata düşmür. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsinin xx.xx.2024-cü il tarixli şəhadətnaməsindən görünür ki, ünvan 1 ünvanı "xxxx" ASC tərəfindən xx.xx.2025-ci il tarixədək icbari sığorta olunmuşdur. Sığorta məbləği 20000 manat, sığorta haqqı 40 manat, azadolma məbləği 200 manat təşkil edir. Artcon MMC-nin xx.xx.2024-cü il tarixli 01/02-618PS nömrəli qiymətləndirmə rəyindən görünür ki, ünvan 4 ünvanında yerləşən əmlakın divarlarının uçması nəticəsində dəymiş zərərin məbləği 1675 manat təşkil edir. Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinə İddiaçı məxsus olan ünvan 4 ünvanında xx.xx.2024-cü il tarixdə hava şəraitinin yağıntılı olması ilə əlaqədar əmlaka zərər dəyməsi ilə bağlı heç bir müraciət daxil olmamışdır. AR Fövqəladə Hallar Nazirliyinin X5 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı tərəfindən hava şəraiti ilə əlaqədar göstərilən ünvandakı evinin qəzalı vəziyyətə düşməsi, sökülməsi ilə bağlı FHN X5 Operativ məlumat şöbəsinə ümumiyyətlə heç bir müraciət və ya məlumat daxil olmamışdır. ünvan 3 ünvanının yerləşdiyi ərazinin hidrogeoloji və mühəndisi-geoloji şəraiti haqqında arayışa əsasən X3 “PAŞA Sığorta" ASC tərəfindən daxil olmuş 21 may 2025-ci il tarixli, 5656/C-********** nömrəli məktuba əsasən X1 mütəxəssisi X6 şəhəri, Nizami rayonu, Q.Nəbi küçəsi, 1-ci dalan, ev 4 ünvanında yaşayan İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi əraziyə vizual hidrogeoloji və mühəndisi-geoloji baxış keçirmişdir. Tektonik cəhətdən ərazi Gəncə-Qazax düzənliyinin cənub-qərb monoklinal qanadında yerləşir və bu ərazinin geoloji quruluşunda Üst Pleystosen yaşlı allüvial-prolüvial (apQ3) mənşəli süxurlar iştirak edir. Bu süxurlar baxış keçirilən ünvanda Holosen yaşlı delüvial- prolüvial (dpQ4) çöküntülərlə örtülmüşdür. ünvan 6 ünvanında yaşayan İddiaçı məxsus ünvan (40°39'36,0", 46°2T37,0" koordinatlarında) relyefin düzən hissəsində yerləşir. Vizual baxış zamanı müəyyən olmuşdur ki, sözügedən ünvanda təbii və texnogen amillərin təsiri nəticəsində sahənin geoloji quruluşunda iştirak edən süxurların infiltrasiyası, ilişmə qüvvəsinin zəifləməsi, dayanıqlığının azalması fərdi tikilinin yerləşdiyi ərazidə çökmə və həyətyanı sahədə çatların yaranmasına zəmin yaratmışdır. Proses nəticəsində fərdi tikilinin, divarlarında, yardımçı tikililərində, hasar hissəsində müxtəlif ölçülü çatların yaranması və deformasiyaya uğraması müşahidə edilmişdir. Baxış zamanı ev sahibi bildirmişdir ki, tikilinin yan divarının çatlamasını və təhlükəli dərəcədə əyilməsini nəzərə alaraq öz hesabına ərazidə bərpa-təmir işləri aparmışdır. İddiaçı tərəfindən xx.xx.2024-cii il və xx.xx.2024-cü il tarixlərdə ekzogen geoloji proseslərin baş verməsi ilə əlaqədar X4 müraciət daxil olmamışdır. Cavabdeh İddiaçı "xxxx" ASC-yə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən Q.Nəbi eüçəsi 1 dalan, ev 04 ünvanında üzrə sığorta hadisəsi ilə bağlı “PAŞA Sığorta" ASC tərəfindən müəyyən edilmiş zərər məbləği ilə razıdır və ödəniləcək 1475 manat məbləğində məbləğində sığorta ödənişinin aşağıdakı üsullardan biri vasitəsi ilə həyata keçirilməsi üçün göstəriş verməsini xahiş edir. "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubuna əsasən, "PAŞA Sığorta” ASC arasında ünvan 4 ünvanında yerləşən əmlakın sığortalanması üçün "Daşınmaz əmlakın icbari sığortası" üzrə P1C-RPA**********/24 saylı sığorta müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixində sığortalanmış əmlaka xx.xx.2024-cü il tarixində zərər dəyməsi barədə tərəflərindən məlumat verilmişdir. Hadisənin təfərrüatlarını araşdırmaq məqsədi ilə Cəmiyyət tərəfindən xx.xx.2024-;Cü il tarixində Azərbaycan Respublikasının Fövqaladə Hallar Nazirliyinə 8653/ C- ********** nömrəli sorğu göndərilmişdir. Cavab daxil olduqdan sonra növbəti icra prosesi ilə bağlı ona məlumat təqdim ediləcəkdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/2815 nömrəli ekspert rəyində İddiaçı məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin bir və iki saylı yaşayış otaqlarının divarlarına vurulmuş divar kağızının bir hissəsində xırda çatların olduğu və tavanı və divarları üzərində su sızma ləkələrinin olduğu müəyyən edilmiş, lakin qiymətləndirmə fəaliyyətinin elmin hər hansı bir sahəsində xüsusi bilik tələb etməməklə məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi müəyyən edildiyindən ekspert tərəfindən materialların və xidmətlərin qiymətləri müəyyən edilməmişdir. "xxxx" MMC-nin MEB-m306-1125 nömrəli xx.xx.2025-ci il tarixli rəyinə əsasən Mərkəzi Ekspertiza Bürosunun qiymətləndirici-mütəxəssisləri tərəfindən aparılmış hesablamalar və aparılan təhlillər nəticəsində müəyyən edilmişdir ki, İddiaçı məxsus, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaranmış qüsurların aradan qaldırılması üçün tələb olunan ümumi xərcləri 2,900 (iki min doqquz yüz) manat təşkil edir. Azərbaycan Qaçqınlar Cəmiyyətinin vəsiqəsindən görünür ki, İddiaçı qaçqınlıq statusu verilmişdir. AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin xx.xx.2025-ci il tarixli məktubuna əlavə edilmiş arayışda 2024-cü il iyul ayı ərizndə Gəncə şəhəri ərazisində müşahidə olunmuş yağıntılar barədə məlumat öz əksini tapmış, 24-31 iyul 2024-cü il tarixlərdə leysan xarakterli yağışların yağdığı göstərilmişdir. Ekspertiza xərclərinə dair xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Maddə 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Maddə 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 926.1.Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 933.1 Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbinin; sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənədin; icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlərin hər birinin mövcud olduğu halda həyata keçirilir. Maddə 934.2. Sığortaçı sığorta ödənişini icbari sığorta qanunları və ya sığorta müqaviləsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6.7. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən hesab edilir. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Maddə 35.1. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Maddə 36.1.Daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: yanğın, ildırım düşməsi (36.1.1); məişətdə və istehsalatda istifadə olunan qazın partlayışı (36.1.2); elektrik naqillərində baş verən qısa qapanma (36.1.3); buxar qazanlarının, qaz anbarlarının, qaz kəmərlərinin, maşınların, aparatların və digər oxşar qurğuların və ya cihazların partlayışı (36.1.4); su, istilik, kanalizasiya kəmərlərinin və yanğınsöndürmə sistemlərinin qəzası, habelə qonşu tikililərdən, yaşayış və qeyriyaşayış sahələrindən, yaşayış evlərindən və binalarından, mənzillərdən, otaqlardan daxil olan su nəticəsində subasma (36.1.5); hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri (36.1.6); yerüstü nəqliyyat vasitəsinin dəyməsi (36.1.7); təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi (36.1.8); üçüncü şəxslərin hərəkətləri (36.1.9). Maddə 38. Sahibi olduğu daşınmaz əmlakın icbari sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi şəxs sığortalı hesab edilir. Maddə 36.1.8. Daşınmaz əmlakın təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Maddə 39.3.2. Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən daşınmaz əmlak üzrə sığorta məbləği 20.000 manat, azadolma məbləği 200 manat müəyyən edilir. Maddə 39.4. Bu Qanunun 39.3-cü maddəsində müəyyən edilən sığorta məbləğləri əmlakın bazar dəyərindən az olduğu hallarda da sığorta hadisəsi nəticəsində dəyən zərər sığorta məbləğindən artıq olmamaq şərtilə tam həcmdə ödənilir Maddə 41.1. Daşınmaz əmlakın icbari sığortası üzrə sığortalanmış əmlaka dəyən zərərə görə sığorta ödənişinin verilməsi bu Qanunun 39-cu maddəsində nəzərdə tutulmuş müvafiq sığorta məbləğləri həddində bu Qanunun Ümumi bölməsində müəyyən edilmiş ümumi əsaslarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Mməhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşdən görünür ki, ünvan 1 ünvanı İddiaçı mülkiyyətindədir. İddiaçı mülkiyyətində olan evi cavabdeh "xxxx" ASC-də sığorta etdirmişdir. Sığorta məbləği 20.000 manat, sığorta haqqı 40 manat, azadolma məbləği 200 manat təşkil etmişdir. İddiaçı əmlakına dəymiş ziyanın ödənilməsi ilə əlaqədar sığorta şirkətinə müraciət etsə də, hər hansı bir müsbət nəticə əldə etmək mümkün olmamış və iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı sığorta müqaviləsinin əhatə etdiyi dövr ərzində baş vermiş leysan xarakterli yağışlar nəticəsində sığorta edilmiş evə ziyan dəyməsinə və bununla da sığorta hadisəsinin baş verməsinə istinad etməklə, sığorta ödənişinin, habelə çəkdiyi xərclərin əvəzinin cavabdeh tərəfindən ona ödənilməli olduğunu iddia edir. Cavabdeh isə iddiaya etiraz edərək, baş vermiş hadisənin sığorta hadisəsi hesab edilməsi müəyyən edilmədiyindən hazırkı tələb üzrə Cəmiyyətin məsuliyyətinin yaranmadığına görə sığorta ödənişini ödəməkdən imtina edir. Beləliklə, tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta münasibətləri yaranmış, həmin münasibətlər sığorta şəhadətnaməsi ilə rəsmiləşdirilmiş, tərəflərin hüquq və vəzifələri həmin şəhadətnamədə əks olunmuş, qeyd olunan müqaviləyə əsasən sığorta hadisəsi hesab edilən hadisə (əmlaka leysan nəticəsində zərər dəyməsi) baş versə də, cavabdeh şirkət müqaviləyə və qanunvericiliyə zidd olaraq sığorta ödənişini həyata keçirməmişdir. Məhkəmə hesab edir ki, sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi baş verdiyindən və bunun nəticəsində maddi zərər çəkdiyindən, İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, məhkəmə cavabdehin istinad etdiyi X1 arayışına münasibətdə qeyd edir ki, sözügedən arayışda, ünvanda təbii və texnogen amillərin təsiri nəticəsində sahənin geoloji quruluşunda iştirak edən süxurların infiltrasiyası, ilişmə qüvvəsinin zəifləməsi, dayanıqlığının azalmasının fərdi tikilinin yerləşdiyi ərazidə çökmə və həyətyanı sahədə çatların yaranmasına zəmin yaratdığı göstərilmişdir. Məhkəmə müvafiq arayışı məhkəmə sorğusu əsasında əldə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin arayışı ilə müqayisəli şəkildə araşdıraraq qeyd edir ki, meteoroloji arayışda 2024-cü il iyul ayı ərzində mütəmadi leysan yağışlarının yağdığı barədə məlumat öz əksini tapmışdır ki, bu da birinci arayışda qeyd edilən təbii və texnogen amillərə müvafiq leysanın da aid olması qənaətinə gəlməyə əsas verir və belə olan halda çökmənin müstəqil hadisə kimi deyil, məhz leysanın nəticəsi olması istisna edilmir. Beləliklə, məhkəmə meteoroloji arayışın leysan yağışının yağmasını, geoloji rəyin təbii amillər nəticəsində çökmənin və çatların baş verdiyini təsdiq etməsini nəzərə almaqla hər iki faktın birlikdə səbəbli əlaqə yaratdığı qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, qanunvericiliklə nəzərdə tutulmuş qaydada əmlakın sığortası zamanı əmlakın zədələnməsi, itirilməsi (məhv olmuş) və çatışmazlığını, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır. Sığorta şirkətinin müxtəlif şəxslərlə sığorta münasibətlərinə daxil olması, sığorta, azadolma və digər məbləğləri müəyyənləşdirməsi, sığorta ödənişlərinin həcmini razılaşdırması, onun gecikdirilməsinə görə qanunda müvafiq gecikdirmə faizinin nəzərdə tutulması və s. sığorta müqavilələri və sığorta qanunvericiliyi ilə tənzimlənən hüquq münasibətləridir. Sığortaçı, müqavilədən irəli gələn öhdəlik münasibətlərində borclu kimi də çıxış edir. Borclunun müqavilə öhdəliyini icra etməməsindən əmələ gələn zərərə görə məsuliyyət Mülki Məcəllənin öhdəliyə dair ümumi normalarında nəzərdə tutulmuşdur. Belə ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və s.) başa düşülür, öhdəliyini icra etməyən borclu, kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Başqa sözlə, həm Mülki Məcəllədə, həm də İcbari Sığortalar haqqında qanunda sığorta məbləği və sığorta ödənişi sığortaçının öhdəliyinin son həddi kimi göstərilmişdir. Yəni sığortaçının məsuliyyətinin son həddi qanunla imperativ qaydada müəyyən olunmuşdur. Həm Mülki Məcəllənin, həm İcbari Sığortalar haqqında qanunun mənasına görə sığortaçının öhdəliyinin son həddi konkret olaraq qabaqcadan qanunla və ya müqavilə azadlığı prinsipinə görə razılaşdırılmış, müəyyənləşdirilmişdir. Hazırki vəziyyətdə sığorta öhdəliyinin yaranma əsası delikt (mülki hüquq pozuntusu) deyil, məhz tərəflər arasında bağlanmış müqavilədir və müqavilə ilə tərəflər arasında olan qarşılıqlı öhdəliklərin həcmi və həddi müəyyənləşdirilmişdir. Odur ki, məhkəmə baş vermiş halın sığorta hadisəsi hesab olunmasını nəzərə alaraq qeyd edir ki, bu halda cavabdeh təşkilat vurulmuş ziyanın əvəzini kompensasiya ilə, yəni sığorta ödənişi ilə əvəz etməlidir. Məhkəmə tərəfindən əldə edilmiş mütəxəssis rəyində evə dəyən zərərin məbləği 2,900 (iki min doqquz yüz) manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehdən sığorta müqaviləsi üzrə 200 manat azadolma məbləği çıxılmaqla 2700 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması işin hallarına uyğun sayılır. Bundan başqa iddiaçı iddia ərizəsində telefon danışıqları üçün xərclədiyi 470 manat, bu iş üçün 2 dəfə Gəncə şəhərindən Bakı şəhərinə gedib xərclədiyi 200 manatı, ərizə üçün xərclədiyi 50 manat ödədiyini bildirsə də bunları təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddianın həmin hissəsi təmin edilməməlidir. Beləliklə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 2700 manat cavabdeh "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.20-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi olaraq 56.2 manatın (tələbin qiymətinin ümumilikdə 3620 manat olması nəzərə alındıqda) 41 manat hissəsi (iddia qismən təmin edildiyindən) cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Eyni zamanda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. "xxxx" MMC tərəfindən aparılmış tədqiqatlar üzrə tələb olunan xərclərə münasibətdə qeyd edilir ki, Mərkəzi Ekspertiza Bürosu tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə görə xərcin İddiaçı tərəfindən ödənildiyi müəyyən edildiyindən, həmin xərcin əvəzi kimi 300 manat Cavabdeh "xxxx" ASC-dən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən 2700 (iki min yeddi yüz) manat sığorta ödənişi və 300 manat mütəxəssis rəyinin alınması üçün çəkilən xərcin əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat cavabdeh "xxxx" ASC-dən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) hesabına köçürülsün. Cavabdeh "xxxx" ASC-dən 41 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-2327/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2327/2025
04.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver