Məhkəmə qərarları › İş №2(006)-2342/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2342/2022

04.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2342/2022 04.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı Abdulova (Şükürova) Gülli Əşrəf qızının cavabdeh X2 qarşı «aliment məbləğinin artırılması tələbi»nə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Abdulova (Şükürova) Gülli Əşrəf qızı cavabdeh X2 qarşı «aliment məbləğinin artırılması tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı tərəfindən aidiyyət normalarına riayət edilmədiyindən (iddia ərizəsində göstərilən cavabdehin və iddiaçının ünvanları digər ərazi yurisdiksiyasına aid olduğundan) iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.3-cü maddəsinə görə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Həmçinin Ali Məhkəmənin 26 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Plenum qərarında göstərilmişdir ki, aliment tutulması və alimentin miqdarının artırılması tələbinə dair iddialar iddiaçının seçməsinə görə onun yaşadığı yerə görə də verilə bilər (MPM-nin 36.3-cü maddəsi). İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa və DİN-in BPQMİ-nin MAPS şöbəsinin 06.09.2021-ci il tarixli arayışına əsasən cavabdeh X1 qeydiyyat ünvanı ünvan 1 «Elektron Məhkəmə» sistemindən olan çıxarışa və DİN-in BPQMİ-nin MAPS şöbəsinin 06.09.2021-ci il tarixli arayışına əsasən iddiaçı Abdulova (Şükürova) Gülli Əşrəf qızının qeydiyyat ünvanı ünvan 2 Gülli Əşrəf qızı özünün yaşadığı yeri Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 1058, bina 110, giriş A2, mənzil 69 qeyd etsə də, onun yaşadığı yer barədə sübut (arayış) təqdim olunmamışdır. Belə olan halda mülki işə aidiyyət normaları şamil edilməli və bu mülki işə ərazi aidiyyəti üzrə müvafiq məhkəmədə (cavabdehə uyğun olaraq Sumqayıt Şəhər Məhkəməsi və ya iddiaçıya uyğun olaraq Şamaxı Rayon Məhkəməsində iddiaçının seçiminə uyğun olaraq) baxılmalıdır Odur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, məhkəmə hesab edir ki, yenidən, ümumi qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.2-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Eyni Məcəllənin 152.3-cü maddəsinə görə, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Abdulova (Şükürova) Gülli Əşrəf qızının cavabdeh X2 qarşı «aliment məbləğinin artırılması tələbi»nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, yenidən, ümumi qaydada ərazi aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar