Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2356/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı, cavabdeh ləğv prosesində olan "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər ləğv prosesində olan "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh3 MMC-yə qarşı "borc öhdəliyinin silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər ləğv prosesində olan "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Cavabdeh3 MMC-yə qarşı "borc öhdəliyinin silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında bağlanılmış 01 may 2013-cü il tarixli, 1263F5 saylı kredit müqaviləsinə əsasən iddiaçıya illik 26%-lə, 18 ay müddətinə 3000 manat məbləğində kredit verilmişdir. Bununla bağlı olaraq, bank tərəfindən iddia qaldırılaraq iddiaçıdan 01 may 2013-cü il tarixli, 1263F5 saylı kredit müqaviləsinə əsasən 1900 manat əsas, 434,91 manat faiz borcu, cərimə borcu 1462,32 manat, cəmi 3797,23 manat pulun tutulmasının qət olunması xahiş olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.02.2018-ci il tarixli, 2(001)-1035/2018 saylı qətnaməsi ilə iddiaçıya qarşı qaldırılan iddia tələbi rədd edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Bank tərəfindən iddiaçıya qarşı qaldırılan iddia tələbi rədd edildiyindən həmin kredit müqaviləsi üzrə iddiaçının LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunda, həmçinin Cavabdeh3 MMC-nin reyestrində 01 may 2013-cü il tarixli, 1263F5 saylı kredit müqaviləsi üzrə mövcud olan borc öhdəliyi silinməlidir. Göstərilənlərə əsasən "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyəti ilə iddiaçı arasında bağlanmış 01 may 2013-cü il tarixli, 1263F5 saylı kredit müqaviləsi üzrə iddiaçının adına olan borc öhdəliyi silinərək, Cavabdeh3 MMC-də iddiaçının adına olan borc öhdəliyinin silinməsi vəzifəsinin LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh3 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, "Cavabdeh1" ASC ilə İddiaçı arasında bağlanmış 01 may 2013-cü il tarixli, 1263F5 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 18 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə, 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, "Cavabdeh1" ASC ilə İddiaçı və X3 arasında bağlanmış 01 may 2013-cü il tarixli, 493 saylı zaminlik müqaviləsinə əsasən zamin X3 borclu İddiaçı bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli, 2(001)-1035/2018 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər İddiaçı və X2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddiasının rədd edilməsi, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin materiallarından göründüyü kimi hazırki iş üzrə İddiaçı ilə ləğv prosesində olan "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyəti arasında 01 may 2013-cü il tarixli, 1263F5 saylı kredit müqaviləsi üzrə kredit borcunun ödənilməsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin məhkəmə aktında hazırki iddianın predmeti olan kredit müqaviləsinə artıq hüquqi qiymət verilmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27 fevral 2018-ci il tarixli, 2(001)-1035/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia müddəti tətbiq edilməklə İddiaçı bank qarşısında öhdəliyinin olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən kredit müqaviləsi üzrə borcun qaytarılması ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 01 may 2013-cü il tarixli, 1263F5 saylı kredit müqaviləsi üzrə İddiaçı adına olan borc öhdəliyi silinərək, Cavabdeh3 MMC-də İddiaçı adına olan həmin borc öhdəliyinin silinməsi vəzifəsi LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulmalıdır. . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. "Cavabdeh1" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 01 may 2013cü il tarixli, 1263F5 saylı kredit müqaviləsi üzrə İddiaçı adına olan borc öhdəliyi silinərək, Cavabdeh3 MMC-də İddiaçı adına olan həmin borc öhdəliyinin silinməsi vəzifəsi LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulsun. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2356/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2356/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver