Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-236/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 may 2021-ci il tarixli MAS-3828 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi; lizinq obyekti olan 2021-ci il buraxılışlı «Khazar SD» markalı ** PY *** dövlət qeydiyyat nişanlı, boz rəngli avtomobilin mülkiyyyətçi İddiaçı MMC-yə qaytarılması; 29 may 2021-ci il tarixli MAS-3828 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 04 iyul 2023-cü il tarixə 1.086 manat 03 qəpik gecikdirilmiş əsas borc, 670 manat 88 qəpik gecikdirilmiş mükafat və həmin günə hesablanmış 171 manat 67 qəpik dəbbə pulu olmaqla, cəmi 1.928 manat 58 qəpik pul vəsaiti və ödənilmiş 100 manat 40 qəpik dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı MMC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 may 2021-ci il tarixli MAS-3828 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi; lizinq obyekti olan 2021-ci il buraxılışlı «Khazar SD» markalı ** PY *** dövlət qeydiyyat nişanlı, boz rəngli avtomobilin mülkiyyyətçi İddiaçı MMC-yə qaytarılması; 29 may 2021-ci il tarixli MAS-3828 saylı daxili lizinq müqaviləsinə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 28 noyabr 2023-cü il tarixə 2.228 manat 47 qəpik gecikdirilmiş əsas borc, 1.251 manat 27 qəpik gecikdirilmiş mükafat və həmin günə hesablanmış 986 manat 04 qəpik dəbbə pulu olmaqla, cəmi 4.465 manat 78 qəpik pul vəsaiti və ödənilmiş 100 manat 40 qəpik dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X7 arasında bağlanmış 29 may 2021-ci il tarixli MAS-3828 saylı «Daxili lizinq» müqaviləsinə əsasən 2021-ci il buraxılışlı, «Khazar SD» markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, boz rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 429,49 manat, ümumilikdə isə 24.016 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24.016 manatın 16.800 manatı əsas məbləğ təşkil edir. 05 avqust 2021-ci il tarixdə X7, X8 və İddiaçı MMC arasında MAS-3828 saylı «Öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlanmış və 29 may 2021-ci il tarixli MAS- 3828 saylı «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri Z.Ramilov öz üzərinə götürmüşdür. 21 avqust 2021-ci il tarixdə X8, X4 və İddiaçı MMC arasında MAS-3828 saylı «Öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlanmış və 29 may 2021-ci il tarixli, MAS 3828 saylı «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri N.Hüseynov öz üzərinə götürmüşdür. 08 sentyabr 2021-ci il tarixdə X5, Cavabdeh və İddiaçı MMC arasında MAS-3828 saylı «Öhdəliklərin ötürürülməsi» müqaviləsi bağlanmış və 29 may 2021-ci il tarixli MAS-3828 saylı «Daxili lizinq» müqaviləsi üzrə bütün öhdəlikləri Cavabdeh öz üzərinə götürmüşdür. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-3828 saylı «Daxili Lizinq» müqaviləsinə əsasən 04 iyul 2023-cü il tarixə ümumilikdə 1.928,58 manat borcu yaranmışdır. Daxili lizinq müqaviləsi və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Həmin müqavilənin və ödəniş cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı MMC məhkəməyə müraciət edərək, mülki işə nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alaraq, mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki: - İddiaçı MMC ilə X7 arasında 29 may 2021-ci il tarixli MAS-3828 saylı «Daxili lizinq» müqaviləsi bağlanmışdır; - 29 may 2021-ci il tarixli MAS-3828 saylı «Daxili lizinq müqaviləsi»nə əsasən İddiaçı MMC X1 ilə 2021-ci il buraxılışlı, «Khazar SD» markalı, **-PY-*** dövlət qeydiyyat nişanlı, boz rəngli avtomobili 16.800 manata almış, avtomobilin mülkiyyətçisi kimi sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə vermişdir; - «Daxili lizinq müqaviləsi»nin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə (əlavə № 3) əsasən X7 illik 23 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 429,49 manat, ümumilikdə isə 24.016 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 24.016 manatın 16.800 manatı əsas məbləğdir; - 05 avqust 2021-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən «Daxili lizinq müqaviləsi» üzrə öhdəliklər X6, 21 avqust 2021-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən X2, 08 sentyabr 2021-ci il tarixli öhdəliklərin ötürülməsi müqaviləsinə əsasən isə Cavabdeh ötürülmüşdür; - Maliyyə arayışında Cavabdeh 29 may 2021-ci il tarixli MAS-3828 saylı «Daxili lizinq» müqaviləsi üzrə lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 28 noyabr 2023-cü il tarixə 2.228 manat 47 qəpik gecikdirilmiş əsas borc, 1.251 manat 27 qəpik gecikdirilmiş mükafat və həmin günə hesablanmış 986 manat 04 qəpik dəbbə pulu olmaqla, ümumilikdə 4.465 manat 78 qəpik borcunun yarandığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-5.2-ci maddəsinə əsasən lizinqlə əlaqədar bağlanılan alqısatqı müqaviləsində, bu Məcəllə ilə nəzərdə tutulmuş şərtlərlə yanaşı, lizinq obyektinin lizinq verən tərəfindən xüsusi olaraq lizinqə verilmək üçün əldə edilməsi, lizinq müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektinin satıcısı ilə lizinq verən arasında bağlanılan alqı-satqı müqaviləsindən irəli gələn alıcı hüquqlarına malik olması göstərilməlidir. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 750-ci maddəsinə əsasən lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh lizinq müqaviləsi üzrə İddiaçı MMC-dən lizinq obyektini təhvil almış, lizinq müqaviləsi üzrə ödənişlərin vaxtında və tam ödənilməsini təmin etməsinə dair iddiaçı qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. Bildiriş məktubundan görünür ki, İddiaçı MMC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 100 manat 40 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 may 2021-ci il tarixli MAS-3828 saylı daxili lizinq müqaviləsi ləğv edilməli; 29 may 2021-ci il tarixli MAS-3828 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 28 noyabr 2023-cü il tarixə 2.228 manat 47 qəpik gecikdirilmiş əsas borc, 1.251 manat 27 qəpik gecikdirilmiş mükafat və 100 manat dəbbə pulu, ümumilikdə 3.579 manat 74 qəpik pul vəsaiti, ödənilmiş 100 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 100 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və mükafat məbləğinin tutulması ilə yanaşı, 100 manat məbləğində dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29 may 2021-ci il tarixli MAS-3828 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. 29 may 2021-ci il tarixli MAS-3828 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 28 noyabr 2023-cü il tarixə 2.228 manat 47 qəpik gecikdirilmiş əsas borc, 1.251 manat 27 qəpik gecikdirilmiş mükafat və 100 manat dəbbə pulu, ümumilikdə 3.579 manat 74 qəpik pul vəsaiti, ödənilmiş 100 manat dövlət rüsumu və 40 qəpik xidmət haqqı Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-236/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-236/2024
20.02.2024 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver