Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(115)-2117/2025 06.01.2026 GƏNCƏ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Quliyeva Gülnaz Elxan qızının sədrliyi, Novruzov Maarif Vidadi oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əmlakın qaytarılması və pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 15975 manat asas borcun, 9547 manat cərimə borcunun və 30 manat dövlət rüsumunun, cəmi 25552 manatın X3 tutularaq "xxxx" ASC-ya ödənilməsi, 05 mart 2014-cü il tarixli 338-L/14 nömrəli müqavilənin lağv edilərək lizinq obyekti olan 1 ədəd Niva SK-5ME-1 markalı kombaynın saz vəziyyətdə geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlar Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərari ilə təsdiq olunmuş "xxxx" ASC-yə məxsus kənd tasərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması Qaydaları’na müvafiq olaraq "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 05 mart 2014-cü il tarixli 338-L/14 nömrəli lizinq müqaviləsinə əsasən lizinqə götürdüyü ümumi dəyəri, 30000 manat olan kənd təsərrüfatı texnikasi üçün, cəmiyyətin hesabına 1500 manat ilkin ödəniş etmiş, qalan 28500 manat məbləğinə ödəniş qrafiki tərtib olunmuşdur. Cavabdeh üzərina götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, bu ödəniş qrafikləri üzrə xx.xx.2017-ci il tarixədək 15975 manat ödəməli olduğu halda, ödəniş ödəməmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli 2(040)-177/2018 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 338-L/14 nömrəli lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 1 ədəd Niva SK-5ME-1 markalı kombaynın saz vəziyyətdə Cavabdeh alınaraq "xxxx" ASCyə təhvil verilməsi, Cavabdeh 15975 manat asas borc, 9547 manat cərimə borcunun, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun pul əvəzi alınaraq "xxxx" ASC-nin xeyrinə verilməsi qət edilmişdir. Cavabdeh Fərhadov X4 Rayon Məhkəməsinin 01 fevral 2018-ci il tarixli 2(040)- 177/2018 saylı qiyabi qətnaməsindən şikayət verərək ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsi xx.xx.2025-ci il tarixli 2(040)-803/2025 saylı qərardadı ilə şikayət təmin edilmiş 01 fevral 2018-ci il tarixli 2(040)-177/2018 saylı qiyabi qətnamə ləğv edilmiş, iş təzələnərək mahiyyəti üzrə baxılması qərara alınmışdır. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(040)-803/2025 saylı qərardadı ilə iş adiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddiaçı ASC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 27577,59 manat əsas borcun, 3000 manat cərimənin və 182 manat dövlət rüsumunun, cəmi 30759,59 manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi, 05 mart 2014-cü il tarixli 338-L/14 nömrəli müqavilənin ləğv edilərək lizinq obyekti olan 1 ədəd Niva SK-5ME-1 markalı kombaynın saz vəziyyətdə geri alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, vətəndaş texnikanın dəyərinin 20 faizini ödədikdə onun müraciəti əsasında texnikanın 40 faizi dəyərində güzəşt tətbiq olunurdu, hazırki iş üzrə cavabdeh isə 30000 manat borcdan cəmi 1500 manat ödəniş etmişdir. Həmçinin güzəşt müddəti 2014- 2019-cu illəri əhatə edirdi. Cavabdeh isə həmin müddətdə texnikanın dəyərinin 20 faizini ödəməmişdir. 922,41 manat qrafik üzrə, 1500 manat isə ilk ödəniş edilmişdir. 922,41 manat əvvəlki iddia tələbi olan 15000 manat borcdan çıxılmamışdır. İddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək izahatında göstərdi ki, iddiaçı ilə müqavilə bağlayaraq kombayn almış, ilk ödəniş olaraq 1500 manat ödəmişdir. Kombaynı işlədə bilməmiş, ona görə borcunu ödəməmiş, borcdan ödəmədiyi üçün 40 faiz güzəştə düşməmişdir. Ancaq 1500 ödəniş etmiş, əlavə heç bir ödəniş etməmişdir. İddia tələbi ilə razı deyil, çünki o kombaynı qaytarmaq istəmiş, şifahi qaydada müriacət etmiş, lakin texnikanı geri qaytarmamışlar. Borc məbləği çoxdur, ümumi məbləği azaltsalar ödəniş edə bilər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia tələbinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb və işin hallarına hüquqi qiymət verərək aşağıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 06 mart 2014-cü il tarixli 338-L/14 saylı "xxxx" ASC-yə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə müqavilədən görünür ki, lizinq verən 1 ədəd “SK-5ME-1” markalı qiyməti 43720 manat qalıq dəyəri 30000 manat olan kənd təsərrüfatı texnikasını qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə yenidən lizinqə verməyi, lizinq alan texnikanın dəyərindən 1500 manat məbləği əvvəlcədən lizinq verənə ödəməyi, qalan hissəni isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 06 mart 2014-cü il tarixli 338-L/14 saylı lizinq müqaviləsinin 01 saylı əlavəsinin ödəniş qrafikinə əsasən lizinq alanın lizinq verənə ödəməli olduğu lizinq ödənişlərinin ümumi məbləği 28500 manat təşkil edir, lizinq alan 2014-cü il tarixdən 2020-ci il daxil olmaqla həmin məbləği hissə-hissə ödəməyi öhdəsinə götürmüşdrü. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqaviləyə görə lizinqə verilən texnika üzərində müstəsna mülkiyyət hüququ onun tam dəyəri lizinq alan tərəfindən ödənilənədək lizinqə verənə məxsusdur. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən bu müqavilənin şərtlərinə uyğun olaraq sonuncu ödənişin həyata keçirilməsindən sonra mülkiyyət hüququ lizinq alana keçir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixli 388-L/14 nömrəli lizinq müqaviləsi üzrə Cavabdeh 30000 manat borcu var ondan 2422,41 manat ödəmişdir, qalıq borc 27577,59 manat, cərimə borcu 3000 manat təşkil edir. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyətləri barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747.2-ci maddəsinə əsasən lizinq verən müqavilədə nəzərdə tutulan əmlakı hazırlamağa və ya əldə etməyə borcludur. Həmin Məcəllənin 747.3-cü maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq alana müqavilə müddəti qurtardıqdan sonra lizinq predmetini əldə etmək və ya kirayələmək vəzifəsi həvalə edilə bilər və ya belə hüquq verilə bilər, bu şərtlə ki, müqavilə öz predmetinin tam amortizasiyası ilə bitməsin. Qəti dəyər hesablanarkən amortizasiya faktı bütün hallarda nəzərə alınmalıdır. Əgər müqavilədə müvafiq müddəa yoxdursa, lizinq alanın lizinq predmetini əldə etməyə ixtiyarı çatır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən lizinq verənin lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Məhkəmə qeyd edir ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə lizinq müqaviləsi bağlanmış, müqaviləyə əsasən “SK-5ME-1” markalı kombayn Cavabdeh həmin tarixdə sahiblik və istifadəsinə verilmişdir. Lizinq alan Cavabdeh 2014-cü il tarixdən 2020-ci il tarix daxil olmaqla aylıq 28500 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin həmin məbləğdən yalnız 922,41 manat ödəniş edilmişdir. Həmin məbləğ çıxılmaqla iddiaçı qalan məbləği, yəni 27577,59 manatı tələb etmişdir. Məhkəmə bildirir ki, əsas borcun ödənilməsində iddia tələbi əsaslıdır və təmin edilməlidir. Cərimə borcu ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması satıcının əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, lizinq texnikanı lizinq alana verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 3000 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, cərimə azaldılaraq 500 manat məbləğində müəyyən edilməlidir. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 27577 manat 59 qəpik əsas borc, 500 manat cərimə borcu olmaqla 28077 manat 59 qəpik borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bundan başqa iddiaçı iddia tələbində cavabdehdən lizinq predmeti olan əmlakın iddiaçıya qaytarılmasını xahiş etmişdir. Bununla bağlı məhkəmə bildirir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, həm müqavilə şərtindən, həm də MM-nin 748-1.12.4-cü maddəsinin məzmunundan aydın olur ki, lizinq alanın lizinq ödənişlərini icra etmədiyi halda, lizinq müqaviləsi lizinqalan tərəfindən vaxtından əvvəl, yəni öhdəliyin icra müddəti başa çatmadan ləğv edilərsə, lizinqverən müqavilənin ləğv edildiyi vaxtadək yaranmış borcu tələb etməklə yanaşı, eyni zamanda lizinq obyektinin geri qaytarılmasını tələb etmək hüququna malik olur. İddiaçı müqavilə müddətində lizinq müqaviləsinin ləğv edilməsi və xx.xx.2017-ci il tarixədək yaranmış borc və əmlakın geri qaytarılması ilə bağlı məhkəməyə müraciət etsə də, hazırkı tələbində müqavilə üzrə tam borcu cavabdehdən tələb etmişdir. Ona görə də məhkəmə hesab edir ki. iddia tələbi lizinq obyektinin geri qaytarılması hissəsində təmin edilməməlidir. İddianın lizinq müqaviləsinin ləğv edilməsi ilə bağlı dəlilinə münasibət bildirən məhkəmə qeyd edir ki, Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsinin ləğv edilməsi, texnikanın qaytarılması və lizinq haqqının ödənilməsi ilə bağlı məktub cavabdehə xx.xx.2016-cı il tarixdə təqdim edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının müqavilənin ləğv edilməsi ilə bağlı iradə ifadəsi qarşı tərəfə çatdığı vaxtdan müqavilə ləğv edilmiş sayıldığından, iddia tələbinin müqavilənin ləğv edilməsi ilə bağlı hissəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 182 manat dövlət rüsumu ödənilmişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 182 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 mart 2014-cü il tarixli "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə 338-L/14 nömrəli lizinq müqaviləsi üzrə 27577 manat 59 qəpik əsas borc, 500 manat cərimə borcu olmaqla 28077 (iyirmi səkkiz min yetmiş yeddi) manat 59 (əlli doqquz) qəpik borc, 182 (bir yüz səksən iki) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Kommersiya Məhkəməsinə təqdim edilməklə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Gülnaz Quliyeva
Məhkəmə qərarları › İş №2-2(115)-2117/2025
Gəncə Kommersiya Məhkəməsi Qətnamə — İş №2-2(115)-2117/2025
06.01.2026 · Müqavilələrin ləğv edilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver