Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2361/2022 05.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-yə və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı "kredit müqaviləsi üzrə artıq hesablanmış pulun geri qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh1 ASC tərəfindən artıq alınmış 6.223 ABŞ dolları məbləğində pulun ona qaytarılması və iş üzrə məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi bardə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, ona artıq hesablanmış və alınmış 6223 ABŞ dollarının geri qaytarılmasına dair iddia ərizəsi ilə müraciət etmişdir. Ancaq, ərizə müxtəlif bəhanələrlə hətta baxışa çıxarıldıqdan sonra belə qeydiyyata alınmaqdan imtina edilmişdir. 12 iyun 2010-cu il tarixdə onunla "Atabank” ASC-nin Yasamal filialı ilə 537j saylı kredit müqaviləsi bağlanılmışdır. Bank ona 30.000 ABŞ dolları pul vermişdir. O da öz növbəsində 24 ay müddətinə 30.000 ABŞ dolları əsas pulla yanaşı faiz borcu 8.067,19 ABŞ dolları geri qaytarılmasını öhdəlik götürərək ona məxsus M.Araz küşəsi 52, mənzil 28-i ipoteka kreditinə cavabdehə qoymuşdur. Müəyyən səbəblərdən ödəniş edə bilmədi. Səbəb kimi pulun dələduzluq yolu ilə qaçırılmasına dair Moskva şəhəri, Yasinev rayonu PŞ-nin, Moskva şəhər prokurorluğunun, Azərbaycan Respublikası prokurorluğunun arayış və sənədlərini banka təqdim etdi, əsas saymadılar. Bu onların haqqıdır. Buna görə Cavabdeh1 ASC onu Nərimanov Rayon Məhkəməsinə verdi. Məhkəmə baxışı zamanı həmin sənədləri hakimə təqdim etdi. Hakim isə məhkəmə-mühasibatlıq ekspertizası təyin etdi. 18 sentyabr 2013-cü il Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyini əsas götürən hakim qətnamə qəbil etdi. Məhkəmə qətnaməsində bildirilir ki, onun tərəfindən kredit vəsaitinə görə 23.927 ABŞ dolları məbləğində banka, o cümlədən, əsas borc üzrə 14.858 ABŞ dolları, faiz borcu üzrə 9.069 ABŞ dolları ödəniş edilmişdir. Göründüyü kimi bank artıq 8.067 dolları faiz borcunun əvəzinə 9.060 ABŞ dolları, yəni 1.002 ABŞ dolları artıq faiz borcu tutmuşdur. Qətnamədə bildirilmişdir ki, onun banka bu baxış müddətində 15.142 ABŞ dollara əsas borcla bərabər 7.931 ABŞ dolları faiz borcu qalmışdı. Göründüyü kimi banka 8.067 ABŞ dolları faiz borcunun əvəzinə banka əsas puldan əlavə 17.000 ABŞ dolları ödəməlidir. Məhkəmə qətnaməsindən sonra, xx.xx.2019-cu il tarixli Prezidentin fərmanına qədər banka 16.183 ABŞ dolları ödəniş etdi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin xx.xx.2019-cu il “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı” fərmanın 6.2-ci bəndində bildirilir ki, “Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası olunacağını nəzərə alaraq bankların bir ay müddətinə həmin kreditlərə hesablanmış fazilərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər”. Həmin fərmanın 8.9-cu bəndində “Faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış fazilərin dəbbə pulunun (cərimə, pensiya) silinməsi” bildirilir. Fərmanın tələbinə əsasən Cavabdeh1 ASCyə ödədiyi ödənişdən tutulan 8.067 ABŞ dolları faiz borcundan əlavə hesablanmış 8.933 ABŞ dolları faiz borcu avtomatik silinir. Onun banka məhkəmə qətnaməsindən sonra ödədiyi 16.183 ABŞ dollarından sonra belə, ekspertiza rəyində göstərilən əlavə hesablanmış 8.933 ABŞ dollarının 2.043 ABŞ dolları tərəfindən banka ödənilmişdir. Fərmandan bir neçə ay sonra Cavabdeh1 ASC-nin əməkdaşları ona zəng edərək bildirir ki, onun banka 4.889 ABŞ dolları borcu vardır. Restukturizasiya ilə əlaqədar onun kreditinə görə dövlət tərəfindən banka 4.666,86 AZN ödəniş edilmişdir. Hazırki hərracla 2.745,21 ABŞ dolları. O, ona bildirdi ki, fərmanın tələbinə əsasən onun banka heç bir borcu qalmamışdır, əksinə banka o, ümumilikdə 38.067 ABŞ dolları əvəzinə 40.110 ABŞ dolları ödəmişdir. 2.043 ABŞ dolları onun tərəfindən artıq ödənilmişdir. Dövləti də aldadaraq ondan da 2.745 ABŞ dolları alıblar. Bir daha ona zəng etməyərək yoxa çıxdılar. Bunu aydınlaşdırmaq məqsədilə ilə Cavabdeh1 ASC-nin sədri D.N.Quliyevə, Maliyyə Bazarlarına Nəzarət Palatasınır sədri İ.Alışov, Milli Bankın sədri E.Rüstəmova ərizə ilə müraciət etdi. Ərizədə bildirdi ki, onun banka nə qədər əsas, nə qədər faiz, dəbbə və i.a. və s. borcu var. Müraciət olunan aidiyyəti təşkilatlar tələb olunan suallara cavab vermək əvəzinə cəfəngiyatla, yalanla dolu olan bir cavab vermişlər. Belə ki, ödənişi gecikdirsə də evini hərraca çıxarmayıblar. Gözlərinin içinə qədər yalan yazırlar. Evi hərraca çıxarmış ev satılmamış, hərrac ev sənədlərini icra məmuruna geri qaytarmışdır. Ödəniş edə bilməməyinə səbəb kimi manatın devalvasiya olmasını əsas göstərmişlər. Əksinə o banka pulun qaçırıldığına dair yuxarıda adlarını çəkdiyi aidiyyəti təşkilatların arayışını və sənədlərini verib səbəb göstərmişdir. Yazırlar ki, onun banka cəmi 4.889 ABŞ dollar borcu qalmışdır. Təəsüflər olsun ki, bank işçiləri ya hesablama aparmağı bilmirlər, ya özlərini bilərəkdən savadsız göstərirlər və ya bilərəkdən dələduzluq edirlər. Belə ki, ümumi qalan 6891 ABŞ dollarından restukturzasiya ilə dövlət tərəfindən ödənilən 2.745 ABŞ dollarını çıxdıqda 4.146 ABŞ dolları qalır. 745 ABŞ dolları yenə artıq almağa çalışırlar. 5 ay sonra xx.xx.2020-ci il ildə Cavabdeh1 ASC-nin hüquq şöbəsinin əməkdaşı ona zəng edərək baş ofisə gəlməyini bildirmişdir. Banka gələrkən, əməkdaş bir daha bildirdi ki, onun banka 4.889 ABŞ dolları borcu qalmışdır sabaha mütləq ödəməlidir. Bunu da izah etdi ki, onun dediyi qədər borcu yoxdur. Ümumi qalan 6.891 ABŞ dollarından qalan faizi çıxın, sonra dövlət tərəfindən nə qədər ödənilib onu çıxın, qalan pulu o ödəyər. 5 və ya 6 nəfər qalan pulun faizini çıxara bilmədilər. Daha sonra bunların rəhbəri içəri girmiş və bildirmişdir ki, 4.889 ABŞ dolları ödəməsə sabaha mənzili satışa çıxaracaqdır. Sonra bildi ki, bu hüquqşünasların müdiridir. Bildi ki, əməkdaşları elementar hesablama apara bilmirlər. Səhərisi gün xx.xx.2020-ci ildə bankın hüquqşünası, icra məmuru ilə birlikdə mənzilə daxil oldular. İcra məmuru ona 2014-cü il ilin icra vərəqəsini göstərmiş, qeyri-qanuni tələblərini yerinə yetirməsə evi satışa çıxaracağını bildirmişdir. Sonra vəzifə səlahiyyətlərini aşaraq evi yenidən hərraca çıxarmışdır. Hörmətli Prezidentimizin fərmanının 8.10-cu bəndində bildirilir ki, “Məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası MPM-nin və “İcra haqqında” AR Qanununun tələblərinə uyğun tədbirlərin görülməsi" bildirilir. Fərmanın tələbi ilə ona göstərilən icra vərəqi öz qüvəsini itirmişdir. İpoteka yüklü olan evini 2-ci dəfə hərraca çıxararaq onu məcburi çıxılmaz vəziyyətə saldılar. Onun və ailəsinin tək yaşayış yeri olduğu üçün icra məmuru və bank əməkdaşlarının qeyri-qanuni tələblərinə görə tam olaraq 4180 ABŞ dolları ödədi, (yüklənmiş puldan qalandan dövlət ödədiyini çıxdıqda 4.146 ABŞ dolları qalır. 36 ABŞ dolları icra məmurlarının hərəkəti üçün tutulmuşlar). Evini ipoteka yükündən azad etdi və bankdan evinin sənədlərini götürdü. Məhkəmə müstəvisində "Atabank” ASC tərəfindən ona qarşı edilən haqsızlıq və dələduzluqla mübarizə aparmaq üçün Cavabdeh1 ASC-dən 30.000 ABŞ dolları götürmüşdür. 8.067 ABŞ dolları faiz borcu ilə birlikdə banka 38.067 ABŞ dolları qaytarmalı idi. “Atabank" ASCnin əməkdaşları onu məcbur edərək banka 47.000 ABŞ dolları ödətmişlər. Bunun 2.745 ABŞ dollarını dövlət ödəmişdir. Prezidentin məlum fərmanından, restrukturizasiyadan sonra 4.180 ABŞ dolları ondan almışlar. Əlavə hesablanmış və alınmış 6.223 ABŞ dolları fərmanın 8.9 və 8.10-cu bəndlərinin tələblərinə əsasən ona qaytarılmalıdır. İddiaçı daha sonra ərizə ilə müraciət edərək, iddia ərizəsinin “xahiş edirəm” hissəsində göstərilən “artıq alınmış pul” ifadəsini, “artıq hesablanmış "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli Fərmanına görə silinməli olan “faiz pulu”” kimi qəbul edilməsini, ekspert rəyində göstərilən Prezident Fərmanını icra etməkdən boyun qaçırdaraq əməl etmədən ondan şantaj yolu ilə alınmış 7.931 ABŞ dolları faiz pulunun ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarda qeyd edilən məzmunda izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələnbinin rədd edilməsini xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Cavabdeh1 ASC-nin Azərbaycan Respublikasının Maliyyə Bazarlarının İdarə Heyətinin üzvü vəzifəsini icra edən cənab Ə.Baxışova və İddiaçı ünvanladığı xx.xx.2019cu il tarixli məktubdan görünür ki, onun faktiki borcu üzrə faiz hesablanması xx.xx.2013-cü il tarixində dayandırılmışdır. "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən xx.xx.2019-cu il tarixində 4.666,86 manat həcmində hesablanmış kompensasiya məbləği vətəndaşın kredit borcundan silinmişdir. xx.xx.2019-cu il tarixinə vətəndaşın kredit üzrə qalıq əsas borcu 4.889,70 ABŞ dolları təşkil edir (faiz və cərimə borcu yoxdur). Cavabdeh1 ASC-nin Azərbaycan Respublikasının Maliyyə Bazarlarının İdarə Heyətinin üzvü vəzifəsini icra edən cənab Ə.Baxışova və İddiaçı ünvanladığı xx.xx.2019cu il tarixli məktubdan görünür ki, xx.xx.2019-cu il tarixinə vətəndaşın kredit üzrə qalıq əsas borcu 4.889,70 ABŞ dolları təşkil edir (faiz və cərimə borcu yoxdur). Cavabdeh1 ASC-nin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən onun kredit üzrə əsas borcu 2.745,21 ABŞ dolları məbləğində azaldılmışdır. LPO Cavabdeh1 ASC-nin məhkəmənin sorğusuna xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı ilə Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanılmış xx.xx.2010-cu il tarixli 537Y saylı kredit müqaviləsinə əsasən kredit alan tərəfindən bu günə kimi ümumilikdə 44.707,16 (qırx dörd min yeddi yüz yeddi dollar, on altı sent) ABŞ dolları kredit ödənişi edilmişdir. Bu məbləğin 24.379,37 (iyirmi dörd min üç yüz yetmiş doqquz dollar, otuz yeddi sent) ABŞ dolları olan hissəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2013-cü il tarixli (005)-1308/2013 saylı qətnaməsi çıxarılana qədər, qalan 20.327,79 (iyirmi min üç yüz iyirmi yeddi dollar 79 sent) ABŞ dolları olan hissəsi isə qətnamə çıxarılandan sonra edilmiş ödənişlərdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 oktyabr 2013-cü il tarixli 2(005)-1308/2013 saylı qətnaməsinə əsasən cavabdehdən 15.142 (on beş min bir yüz qırx iki) ABŞ dolları əsas, 7.931 (yeddi min doqquz yüz otuz bir) ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 23.073 (iyirmi üç min yetmiş üç) ABŞ dolları kredit borcunun və 61 (altmış bir) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, İddiaçı 4.666,86 (dörd min altı yüz altmış aitı manat 86 qəpik) manat, yəni 2.745,21 (iki min yeddi yüz qırx beş dollar 21 sent) ABŞ dolları kompensasiya ödənilmiş və həmin kompensasiya məbləği kredit alanın qətnamə borcuna yönəldilmişdir. Hal-hazırda İddiaçı ləğv prosesində olan ‘'AtaBank” ASCyə kredit borcu yoxdur. xx.xx.2010 – xx.xx.2022-ci il dövrlər üzrə hesabdan çıxarışdan görünür ki, xx.xx.2019-ci il tarixdə İddiaçı borcundan fərmana əsasən kompensasiya olaraq 4.666,86 manat məbləğində pul çıxılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/3987 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, İddiaçı ilə Cavabdeh1 ASC-nin Yasamal filialı arasında bağlanmış xx.xx.2010-cu il tarixli, 537Y nömrəli kredit müqaviləsi ilə əlaqədar çıxarılmış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(005)-1308/2013 saylı qətnaməsinə əsasən müəyyən edilmiş borc üzrə qətnamə qanuni qüvvəsini aldıqdan sonra banka 23.073,00 ABŞ dolları məbləğində pul vəsaiti ödəmişdir. Ödənilmiş 23.073,00 ABŞ dolları bütövlükdə əsas və faiz borcunun silinməsinə yönləndirilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən,iddiaçı tərəfindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(005)-1308/2013 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra onunla Cavabdeh1 ASC-nin Yasamal Filialı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 537Y nömrəli kredit müqaviləsi üzrə banka artıq pul ödənişi edilməmişdir. İşin mübahisələndirilməyən hallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(005)-1308/2013 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh1 ASC-yə xx.xx.2010-cu il tarixli kredit müqaviləsi üzrə cəmi 23.073,00 ABŞ dolları məbləğində kredit borcunun olması müəyyən edilmişdir. Bu faktın hazırkı məhkəmə baxışı çərçivəsində mübahisələndirilməsi, yenidən sübut edilməsi yolverilməzdir və artıq müəyyən edilmiş hesab edilməlidir. Hazırda iddiaçı isə qanuni qüvvəsini almış qətnamə ilə borcun tutulması qət edildikdən və "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən tərəf olduğu kredit müqaviləsi üzrə kompensasiya hesablandıqdan sonra ondan əsassız olaraq 7.931 ABŞ dolları məbləğində faiz pulunun tutulduğuna istinadən bu məbləğdə pulun cavabdeh təşkilatdan alınaraq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi təşkil edir. Belə ki, iddiaçı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri ilə əhatə olunmayan əsasla və müqavilənin tələblərinə zidd olan qaydada Bankın ondan aldığı artıq pul vəsaitinin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə hazırki iddia ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddənin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün şərtlər aşağıdakılardır: - Borclu əmlak əldə etsin; - Həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin; - Bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmur. Çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin maddələrinin məzmununa görə, əsassız varlanmaya əsasən “varlanmış” borclunun hüquqi əsas olmadan artmış əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etmək hüququna yalnız həmin əmlakdan məhrum olan şəxs malikdir və bu iddia üzrə cavabdehlik daşıyan şəxs məhrum olan kreditorun hesabına heç bir hüquqi əsas olmadan varlanmış şəxsdir. İddiada qeyd edilən xüsusatların yoxlanılması məqsədilə məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş, xx.xx.2022-ci il tarixli 9/3987 saylı ekspert rəyinə əsasən İddiaçı tərəfindən xx.xx.2010-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 23.073,00 ABŞ dolları məbləğində ödəniş edildiyi və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(005)-1308/2013 saylı qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra onunla Cavabdeh1 ASC-nin Yasamal Filialı arasında bağlanmış xx.xx.2010-cu il tarixli 537Y nömrəli kredit müqaviləsi üzrə banka artıq pul ödənişi edilmədiyi müəyyən edilmişdir. Beləliklə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi hallar, yəni cavabdeh tərəfindən onun tərəf olduğu kredit müqaviləsi üzrə tutulmaların düzgün aparılmadığı, bankın iddiaçının hesabına əsassız olaraq varlandığı sübuta yetirilmədiyindən və beləliklə də iddianın təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən məhkəmənin gəldiyi qənaətə görə hazırki iddia LPO Cavabdeh1 ASC-yə münasibətdə rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia Azərbaycan Respublikası Mərkəzi Bankına münasibətdə də hazırki iddia tələbi üzrə cavabdehlik daşıdığı müəyyən edilmədiyindən, təmin edilə bilməz. Məhkəmə belə qənaətə gələrkən mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz əsasında müəyyən edilmişdir ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə müvafiq məbləğdə pul ödəmişdir. Həmçinin, ekspert tədqiqatının dəyəri ekspertiza xərclərinə dair bildirişə görə 100 manat təşkil edir. İddiaçının tələbi rədd edildiyindən çəkilmiş məhkəmə xərci ona aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 100 manat İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2361/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2361/2022
05.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver