Məhkəmə qərarları › İş №2(006)-2366/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2366/2023

01.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2366/2023 01.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan Cavabdeh1 ASC-yə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi və s.” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və ləğv prosesində olan Cavabdeh1 ASC-yə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC ilə İddiaçı2 arasında imzalanmış xx.xx.2020-ci il tarixli, ***-*******MKG250220-01 saylı kredit müqaviləsi üzrə cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən tələb edilən və əsassız hesablanmış 1103 (bir min yüz üç) manat vəsaitin silinməsinə, həmin kreditin təminatı kimi İddiaçı1 ilə imzalanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi üzrə yüklü edilmiş ünvan 1 ünvanında 0.08 ha torpaq sahəsində, 1 mərtəbəli 3 otaqlı, ümumi sahəsi 100.1 kv.m olan fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsinin ipoteka yüklülüyündən azad edilməsinə, həmçinin ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumunun cavabdeh Əmanətlərin Sığortalanması Fondundan tutularaq İddiaçı1 ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ilkin məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, ərizə məhkəmə aidiyyəti qaydalarına riayət edilmədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə verilmişdir. İddia ərizəsinə əlavə edilmiş İddiaçı2 ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, ***-*******MKG250220-01 saylı bank hesabı və kredit müqaviləsindən görünür ki, Cavabdeh1 ASC tərəfindən 24 ay müddətinə, illik 23% ödəmək şərtilə, 5000 (beş min) manat məbləğində kredit “fərdi biznes krediti” məqsədilə İddiaçı2 verilmişdir. İddia ərizəsinə əlavə edilmiş ipoteka qoyan İddiaçı1, borc alan İddiaçı2 və ipoteka saxlayan Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan İddiaçı1 xx.xx.2020-ci il tarixli, ***-*******MKG250220-01 saylı kredit müqaviləsi üzrə borc alan İddiaçı2 öhdəliklərinin təminatı olaraq xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 daşınmaz əmlakın dövlət reyestrində ipoteka kimi çıxış edən ünvan 2 ünvanında mülkiyyətində olan 0.08 ha torpaq sahəsində, 1 mərtəbəli 3 otaqlı, ümumi sahəsi 100.1 kv.m olan fərdi yaşayış evi və 0.08 ha torpaq sahəsini ipoteka saxlayan Cavabdeh1 ASC-yə ipotekaya qoyur. İddia ərizəsinə əlavə edilmiş İddiaçı1 ilə Cavabdeh1 ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli ***-*******MKG250220-01/ZM/1 saylı zaminlik müqaviləsindən görünür ki, zamin İddiaçı1 bank qarşısında borcalan İddiaçı2 xx.xx.2020-ci il tarixli, ***-*******MKG250220- 01 saylı kredit müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı2 (VÖEN: **********) Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmış (VÖEN statusu: fəaliyyətini müvəqqəti dayandırmış) və əsas fəaliyyət növünü “heyvandarlıqla əlaqəli bitkiçilik” təşkil edir. Məhkəmə burada qeyd etməyi zəruri hesab edir ki, vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırması onun artıq fəaliyyət göstərmədiyi mənasına gəlmir, sadəcə fəaliyyətin müəyyən müddətə müvəqqəti olaraq dayandırılması və bir sıra dövlət orqanlarına bəyannamələrin (vergi, sosial və s. ilə əlaqədar hesabatlar) verilməməsi mənasına gəlir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, X1 (VÖEN: **********) Azərbaycan Respublikası Vergilər Nazirliyində vergi ödəyicisi kimi qeydiyyata alınmış (VÖEN statusu: aktiv) və əsas fəaliyyət növünü “iaşə obyektlərində müştərilərə xidmət göstərilməsi” təşkil edir. Qeyd edilməlidir ki, Cavabdeh1 ASC təşkilati-hüquqi forması açıq səhmdar cəmiyyəti olan kommersiya hüquqi şəxsidir. Mülki qanunvericiliyə müvafiq olaraq, kommersiya hüquqi şəxsləri həyata keçirdikləri fəaliyyətdən gəlir əldə etmək məqsədilə yaradılır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, hazırki iş üzrə tərəflər – iddiaçılar İddiaçı2 (VÖEN: **********), İddiaçı1 (VÖEN: **********) və cavabdeh LPO Cavabdeh1 ASC (VÖEN: **********) vergi ödəyicilərinin eyniləşdirmə nömrəsinə malik olan, müvafiq qaydada dövlət qeydiyyatından keçmiş vergi ödəyiciləridir. Beləliklə, tərəflər vergi ödəyicisi olduğundan onlar arasında olan mübahisə də kommersiya mübahisəsidir. Belə ki, İddiaçı2 ilə Cavabdeh1 ASC arasında bağlanmış müqaviləyə əsasən, İddiaçı2 Cavabdeh1 ASC-dən “fərdi biznes krediti” məqsədilə kredit götürməklə, Cavabdeh1 ASC isə ona kredit verməklə gəlir əldə etmək niyyətində olmuşlar. Digər İddiaçı1 ilə bank arasında bağlanmış zaminlik və ipoteka müqavilələri isə əsas öhdəlikdən (kredit müqaviləsi) törədiyi və əsas öhdəliyin təminat üsulu olduğu üçün tərəflər arasında yaranmış münasibətlər kommersiya münasibətləri, bu münasibətlərdən yaranan mübahisələr isə kommersiya mübahisələri hesab olunur. Tərəflər arasında olan müqavilə münasibətlərinin predmetini sahibkarlıq fəaliyyətindən gəlir əldə etmək təşkil etmişdir ki, bu da onlar arasında kommersiya münasibətlərinin yaranmasına gətirib çıxarmışdır. Zaminlik və ipoteka münasibətləri də məhz fərdi biznes məqsədilə rəsmiləşdirilmiş kredit müqaviləsinin təminatı məqsədilə bağlandığından, hazırki iş üzrə tərəflərin münasibətləri kommersiya xarakterli münasibətlərdən irəli gələrək yaranmışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, hazırki mülki iş sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan kommersiya xarakterli mübahisədir və işə Nəsimi Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 1-ci maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilərlə müəyyən edilir. Maddənin qeyd hissəsinə əsasən bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Mülki-Prosessual Məcəllənin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mülki-Prosessual Məcəllənin 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə (Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında işlər üzrə icraat), habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” 10 №-li Qərarının (bundan sonra – Qərarın) 10-cu bəndində göstərilmişdir ki, 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Qərarın 11-ci bəndində göstərilmişdir ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Qərarın 12-ci bəndində göstərilmişdir ki, bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndində göstərilir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Göründüyü kimi, hazırki iş üzrə həm mübahisənin subyekt tərkibinin (tərəflər), həm də predmetin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması müəyyən edildiyindən, həmin məsələyə aidiyyəti kommersiya məhkəməsində baxılmalıdır. Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinin tələbinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri iddiaçıya geri qaytarır. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı1 tərəfindən 32 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hesab edirəm ki, işə məhkəmə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılmalı olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara, ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə geri qaytarılmalı, iddiaçılara qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh1 ASC-yə qarşı “əsassız hesablanmış borc məbləğinin silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. İş üzrə ödənilmiş 32 manat məbləğində dövlət rüsumu İddiaçı1 geri qaytarılsın. İddiaçılara izah edilsin ki, aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüquqları vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar