Məhkəmə qərarları › İş №2(006)-239/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-239/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-239/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” QSC-yə qarşı “borcun olmaması və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İKB ASC-nin Sumqayıt filialı ilə onun arasında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli 4-M-1-0-984-13 saylı kredit müqaviləsi üzrə Cavabdeh İKB ASC tərəfindən ona hesablanmış 866,34 (səkkiz yüz altmış altı dollar 34 sent) ABŞ dolları məbləğində faiz borcunun üzərindən silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh İKB ASC-nin Sumqayıt filialı ilə aralarında bağlanmış xx xxxxxxxx 2013-cü il tarixli 4-M-1-0-984-13 saylı kredit müqaviləsinə əsasən həmin bankdan 24 ay müddətinə hər ay 336 manat ödəmək şərtilə 6000 ABŞ dolları məbləğində pul götürmüşdür. Eyni zamanda «Mitsubishi Lansir» markalı öz şəxsi avtomobilini salonda yerləşdirməklə həmin banka girov qoymuşdur. Kredit borcundan 3000 manata kimi ödədikdən sonra, qalanını maddi imkansızlıq üzündən ödəyə bilməmişdir. Ona görə də girov kimi bank maşınını özünə götürərək yeni kredit müqaviləsi ilə başqa şəxsə satmışdır. Həmin şəxs kredit borcunu tam ödəyib qurtarmış, götürülən kreditə görə borc tam bağlanmışdır. O, «Kapital Bank»dan və ümumiyyətlə hər hansı bir bankdan kreditlə pul götürmək istəmiş, lakin verməyərək bildirmişlər ki, onun Cavabdeh İKB ASC-yə 866,34 (səkkiz yüz altmış altı dollar 34 sent) ABŞ dolları məbləğində faiz borcu vardır. xxxxndan ona verilən çıxarışda da Cavabdeh İKB ASC-yə həqiqətən də 866,34 ABŞ dolları faiz borcu olduğu göstərilmişdir. Bu borc haradan yaranıb, necə hesablanıb, onun üçün qaranlıqdır. O, dəfələrlə bankın özündə olmuş, bankın ayrı-ayrı əməkdaşları ilə söhbətlər aparmışdır. Onların özləri də təəccüb edib məəttəl qalıblar ki, görəsən bu faiz borcu haradan yaranıb. Bu bankın bir neçə əməkdaşını saxtakarlığa, mənimsəmə hallarına yol verdiklərinə görə tutub həbs ediblər. Elə buradan da görünür ki, onun kredit borcunu da dolaşığa salıb, əsassız yerə ona faiz borcu hesablayıblar. Bu bankın əməkdaşları öz fırıldaq işlərinin üstünün açılacağını görüb ondan ötən bu 7 il ərzində faiz borcu tələb etməmişlər. İndi bu faiz borcu haradan yaranıb, deyə bilməz. Çünki onun banka neçə illərdir borcu yoxdur. Onun maşını da əlindən getmiş, pulu da. Üstəlik onun üzərinə 866,34 ABŞ dolları məbləğində faiz borcu da hesablayıblar. Dəqiq nə qədər pul ödəmişdir, maşını neçəyə qiymətləndirilib satılıb, bu barədə ona heç nə demirlər, hər hansı bir rəsmi sənəd də təqdim etmirlər. Maraq doğuran hallardan birisi də budur ki, o, xx xxxxxxxx 2013-cü il tarixli kredit müqaviləsindən başqa, guya xx xxxxxx 2015-ci ildə də Cavabdeh İKB ASC ilə kredit müqaviləsi bağlayıb həmin bankdan kreditə pul götürmüşdür. Əgər onun 2013-cü ildən banka faiz borcu var idisə, nəyə görə ilk növbədə həmin borc (məktub ünvanlamaq yolu ilə, yaxud məhkəmə qaydasında) ondan tələb olunmamışdır. Bu bank 2019-cu ilin əvvəllərində onu cavabdeh kimi məhkəməyə verərək ondan cəmi 4467,51 ABŞ dolları məbləğində kredit borcu tələb etmişdir. Abşeron rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsilə iddiaçının iddiası tamamilə əsassız olduğu üçün təmin edilməmişdir. Çünki o, bankla bu tarixli kredit müqaviləsi bağlamamışdır. Hətta həmin məhkəmə prosesində ekspertiza təyin olunmaqla aydın olmuşdur ki, bu bankın əməkdaşları və ya kənar şəxslər onun əvəzindən kredit sənədlərinə saxta imzalar edərək bankdan pul çıxarıb mənimsəmişlər. Cavabdeh 7 ildir ona həm maddi və həm də mənəvi zərər vurur. 866,34 ABŞ dolları məbləğində faiz borcuna görə Cavabdeh İKB ASC tərəfindən ona qarşı məhkəmədə iddia qaldırılmasa da, o, çox narahatdır, heç bir bank «formal» olsa da komputer sistemində yazılıb qalan həmin faiz borcuna görə onu yaxına buraxmır, ona Kredit vermir. Ona görə də qanunsuz və əsassız hesablanmış bu faiz borcu onun üzərindən silinməlidir. Lazım gələrsə məhkəmə mühasibatlıq ekspertizası təyin olunsun. Bu faiz borcunun onun üzərinə haradan yazıldığı və necə hesablandığı yoxlanılsın. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, cavabdeh 7 ildir ona həm maddi və həm də mənəvi zərər vurur. 866,34 ABŞ dolları məbləğində faiz borcuna görə heç bir bank komputer sistemində saxta yazılıb qalan həmin faiz borcuna görə ona kredit vermir, evini tikib qurtara bilmir. 7 ildir əl qolunu bağlayıblar. Maşınını da aparıblar, hələ ondan pul da tələb edirlər. Onun cavabdehdən mənəvi zərər tələb etmək hüququ və əsası vardır. Ona əzab, əziyyət verilmiş, xeyli məbləğdə mənəvi zərər vurulmuşdur. Ona görə də iddianı dəyişdirməklə cavabdeh «xxxx» MMC (keçmiş Cavabdeh İKB ASC» tərəfindən) hesablanmış 866,34 ABŞ dolları faiz borcunun silinməsi tələbilə birlikdə, 20000 (iyirmi min) manat məbləğində mənəvi zərərin də cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İKB ASC ilə xx xxxxxxxx 2013-cü il tarixli, 4-M-1-0-984-13 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin “xxxx” ASC-yə həvalə edilməsi və 20000 (iyirmi min) manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. xx.xx.2013-cü il tarixli, 4-M-1-0-984-13 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh” İKB ASC borcalan İddiaçı 24 ay müddətinə illik 30% dərəcəsi ilə 6000 USD məbləğində kredit verməyi, borc alan isə müəyyən olunmuş qrafik əsasında kredit məbləğini və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Abşeron Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(012)-10/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İKB ASC-nin cavabdehlər İddiaçı, X5 və X2 müştərək qaydada borcun tutulmasına dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1086/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İKB ASC-nin cavabdehlər İddiaçı və X3 qarşı borcun tutulması tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. “xxxx” MMC-dən xx.xx.2019-cu il tarixli, SF-26580 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı «xxxx” QSC-yə xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən kredit hesabı üzrə kreditin qalıq məbləği üzrə 0,00 manat, faiz məbləği üzrə 866,34 USD məbləğində borcu vardır. Beləliklə, məhkəmə tərəfindən araşdırılmış iş materiallarından görünür ki, “xxxx” İKB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 4-M-1-0-984-13 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana illik 30% dərəcəsi ilə 24 ay müddətinə 6.000 USD məbləğində kredit verilmişdir. Həmi kredit müqaviləsinə əsasən iddiaçının faiz borcu üzrə 859,75 ABŞ dolları, cərimə borcu üzrə isə 6,59 ABŞ dolları məbləğində qalıq borcunun olduğu müəyyən edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(012)-1086/2020 saylı qətnaməsinə əsasən «xxxx» ASC-nin “borcun tutulması” tələbinə dair iddiası qeyd olunan kredit müqaviləsi üzrə iddia müddəti keçdiyindən rədd edilməsi qət edilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh İKB ASC ilə xx xxxxxxxx 2013-cü il tarixli, 4-M-1-0-984-13 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin “xxxx” ASC-yə həvalə edilməsi və 20000 (iyirmi min) manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. “xxxx”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 6.1-6.4-cü maddələrinə əsasən bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar. İş materiallarından göründüyü kimi, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. Cavabdeh tərəf kredit müqaviləsi üzrə iddiaçının banka borclu olmasına baxmayaraq kredit məbləğinin qaytarılması üçün mülki prosessual qanunvericiliyə uyğun olaraq vaxtında müvafiq hərəkətləri yerinə yetirmədiyindən iddia müddətini ötürmüşdür. Lakin cavabdeh müvafiq məlumatı “xxxx”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” haqqında Qaydalara uyğun olaraq "xxxx" MMC-yə verməmiş, halbuki banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olan banklar tərəfindən fiziki və hüquqi şəxs olan borcalanların istənilən valyutada hər bir krediti, həmçinin, fiziki şəxs olan borcalanların kredit kartları üzrə istənilən valyutada hər bir krediti, kredit müqaviləsi üzrə öhdəliyin olmaması haqqında Büroya məlumat verməlidir. Beləliklə bank "xxxx" MMC-yə müvafiq məlumatı verməməklə Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməmiş, bununla da İddiaçı müvafiq maliyyə itkilərinə məruz qalmasına səbəb olmuşdur. Məhkəmə iddia tələbinin mənəvi zərər hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Məhkəmə, iddiaçının onun mənəvi sarsıntı keçirməsini qəbul edir. Lakin əsas tələb təmin olunduğundan, iddiaçının pozulmuş hüququnun bərpa edilməsi mənəvi zərərin ödənilməsi kimi də qəbul edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı “xxxx” ASC-yə xx.xx.2013-cü il tarixli 4-M-1-0-984-13 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi “xxxx” ASCyə həvalə edilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar