Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2398/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili X4 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının qardaşıdır. 1990-cı ildə cəmi 7 nəfərdən ibarət olan ailəsi Naxçıvan MR-nın Culfa rayonundan Bakı şəhərinə köçmüş və ünvan 3-də məskunlaşmışdır. İddiaçı xx.xx.1973-cü il təvəllüdlü olmaqla ailəsinin ən kiçik üzvüdür və ailəsi Bakıya köçərkən yetkinlik yaşına çatmamışdır. Bir müddət ailə üzvləri ilə birlikdə bu ünvanda yaşadıqdan və 18 yaşı tamam olandan sonra, 15.06.1991-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmış və 30.07.1996-cı ildə hərbi xidmətini başa vurub ordudan təxris olunmuşdur. Hərbi xidmətdən sonra daimi yaşayış yeri olan ünvan 3-ə qayıtmış və hal-hazıradək 30 ildən çoxdur ki, bu mənzildə yaşayır. İddiaçı ailəlidir, himayəsində 3 uşağı vardır. Bu ünvanda yaşadığı müddətdə heç kimin yaşayış sahəsi ilə əlaqədar iddiaçıya qarşı narazılığını və etirazı olmamışdır. Bu evdən başqa yaşayış yeri yoxdur. Mübahisəli mənzil cavabdehin adında olsa da, sonuncu heç vaxt bu mənzildə yaşamamışdır. Evin sənədləri olmadığına görə yaşayış sahəsinə qeydiyyata düşə bilməmişdir və məcbur qalıb digər qardaşının mənzilinə – Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 24, mənzil 14-ə qeydiyyata düşmüşdür. Sonradan iddiaçı bilmişdir ki, yaşadığı mənzilin Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin 296/97 saylı 02.04.1992-ci il tarixli sərəncamı əsasında 02.03.1999-cu il tarixdə qardaşı Cavabdeh adına özəlləşdirilmişdir. Bundan narazı qalıb qardaşı cavabdehə etiraz etmiş və mənzilin müəyyən hissəsinə qanunla iddiaçının da payının olmasını bildirib bir hissəsinin iddiaçının adına keçirilməsini ondan xahiş etmişdir. Lakin, cavabdeh etiraz etmişdir. 1990cı ildən iddiaçı ailə üzvləri ilə birlikdə bu mənzildə yaşasa da, Nəsimi rayon icra hakimiyyəti tərəfindən ailəsinin məskunlaşmasına dair qərar qəbul edilərkən yaşayış sahəsinin istifadə hüquqları nəzərə alınmamış və iddiaçı mənzilə ehtiyacı olan ailə üzvü kimi qeydiyyata götürülməmişdir. Ailəsi ilə bu ünvana köçərkən yetkinlik yaşına çatmadığına görə sənədlərdə adını yazılmamışdır. Lakin, buna baxmayaraq, valideynləri ilə və digər ailə üzvləri ilə birlikdə yaşadığına görə onlarla birlikdə həmin mənzildən onun da istifadə hüququ olmuşdur. 02.04.1992-ci ildə icra hakimiyyəti tərəfindən qərar qəbul edilərkən iddiaçı hərbi xidmətdə olmuşdur. Həmin vaxt hərbi qulluqçu olmasına baxmayaraq icra hakimiyyəti, cavabdeh və ailə üzvləri onun hüquqlarını nəzərə almadan adını yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi sərəncama daxil etməmişlər. Halbuki, müddətli həqiqi hərbi xidmət qulluqçusu olaraq yaşayış sahəsindən istifadə hüququ mütləq nəzərə alınmalı idi. Döyüş bölgəsində hərbi xidmət zamanı ağır xəstələnmiş və 1996-cı ildə hərbi xidmətdən təxris olunduqdan sonra uzun müddət müalicə almışdır. Sahhətində yaranmış ağır problemlər səbəbindən 2-ci qrup hərbi xidmət əlili hesab edilmişdir. Hazırda hərbi həkim komissiyasında barəsində əlavə araşdırma aparılır və iddiaçıya müharibə əlili statusunun verilməsi nəzərdə tutulmuşdur. Hərbi xidmətdən sonra daimi müayinə və müalicələrdə olduğuna görə evin sənədləri və ya evin özəlləşib-özəlləşməməsi ilə ciddi məşğul ola bilməmişdir. MİS-dən iddiaçıya bildirmişlər ki, ev özbaşına tikilidir və daxili sənədləşmə kitablarında evin sahibi kimi cavabdeh qeyd olunmuşdur. Lakin, sonradan evin qardaşının adına olduğunu bilib DƏDRX-nin Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətinə 23.04.2018-ci il tarixli məktubla cavab verən reyestr xidməti mənzilin Nəsimi rayon İcra Hakimiyyətinin 02.04.1992-ci il tarixli 296/97 saylı sərəncamı və evdə qeydiyyatda olan şəxslərin razılığı ilə cavabdehin adına qeydiyyatdan keçdiyini bildirmişdir. Mübahisəli sərəncamla mənzildən istifadə hüquqları və özəlləşdirmə zamanı mənzildən pay hüququ olan şəxs kimi maraqları nəzərə alınmayaraq icazəsi olmadan mənzil cavabdehin adına özəlləşdirilmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsində yerləşən 18 saylı evin 15 saylı mənzilinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənləri təsdiq etmiş və tələbin təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili X9 iddia tələbini qəbul etməmiş, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməmiş və bununla bağlı etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, onun qardaşı İddiaçı onun mənzilinə qeydiyyata düşmək üçün yalan məlumatlar verərək inzibati akta dəyişiklik edilməsinə dair tələblər irəli sürmüşdür. Belə ki, o, mübahisəli mənzili 1989-cu ildə keçmiş Bakı sakini erməni Ayrapetovadan etibarnamə yolu ilə 7000 publ verərək almışdır. Sənədləşmə işi 1992-ci ilədək uzanmışdır. Onun qardaşı İddiaçı o dövrdə 13-14 yaşlarında idi. Atası və anası vəfat edərək qədər qardaşı ilə Naxçıvan Muxtar Respublikası Culfa rayonu Əbrəqunus kəndində yaşayırdılar. Atası və qardaşlarının mübahisəli mənzili almaşda cavabdehə heç bir köməyi olmayıbdır. Əksinə, o, ailəsinin bütün üzvlərinə həm maddi, həm mənəvi dəstək olmuşdur. O, 1987-1989-cu illərdə Ukraynada mühəndis, 1989-1996-cı illərdə Rusiyada «Volqa» kooperativində çalışmışdır. Atasının 11 uşağı olmuşdur. Onlardan 3-ü ruhi xəstə, cavabdehin anası ağır şəkər xəstəsi olmuşdur. Onun onlara necə dəstək olduğunu vicdanlı bacı-qardaşları bilir. İddiaçının iddia etdiyi kimi, guya 1990-cı ildə onların ailəliklə Bakıya köçməsi tamamilə yalandır. İddiaçı ordu sıralarına Naxçıvandan gedib. Naxçıvanda bir qədər qulluq etdikdən sonra Gədəbəyə göndəriblər. Oradan isə qaçıb gəlmişdir. Fərari olmasın deyə iddiaçını Ağdamda hərbi qulluğa aparmışlar. Atası ölənədək (2012-ci ildə) iddiaçı və ailəsi Naxçıvan MR Culfa rayonu Əbrəqunus kəndində daimi qeydiyyatda olmuş və yaşamışdır. Atası 8-10 il əvvəl iki mərtəbəli evini, 25 sot torpağı və təsərrüfatda olan 120 arı ailəsini oğlu Habilin adına keçmişdir. Lakin iddiaçı məhkəməyə yalan iddia edir ki, onun yaşayış yeri yoxdur. Halbuki 2016-cı ildə Naxçıvandan qeydiyyatdan çıxıb Bakı şəhərinə gəlmişdir. İddiaçı digər qardaşı Ramizin ünvan 2 ünvana müvəqqəti qeydiyyata son illərdə düşmüşdür. Uzun illərdir ki, onun aldığı mağazadan kirayə pulunu iddiaçı alır. İddiaçının toy xərcini çəkmiş, 150 qram toy qızılları da o, almışdır. İddiaçı iddia edir ki, 1990-cı ildə bütün ailəsi Bakıya köçmüşdür. Tamamilə yalandır. İddiaçı mübahisəli mənzildə bir gün də olsa yaşamayıb. İddiaçı ailəsi ilə 2012-ci ildən Bakıya gəlib ondan qış aylarına onun mənzildindən istifadə etmək üçün icazə istəmiş, o, da razılamışdır. Sonralar o, iddiaçıya kənddə olan evə qayıtmasını tələb edəndə müxtəlif bəhanələrlə rədd etmişdir. İddiaçı halhazırda onun mənzilini zəbt etmişdir. Qeyd edir ki, bu günə qədər qardaşı Habilin ona qarşı qaldırdığı bütün iddiaları bütün məhkəmə instansiyaları tərəfindən rədd edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Nəsimi rayon İcra Hakimiyyətinin «Cavabdeh 6 nəfər ailə tərkibi ilə birlikdə ünvan 3 ünvana daimi qeydiyyata götürülməsi barədə» 296/97 nömrəli 02.04.1992-ci il tarixli sərəncamının surətindən görünür ki, Cavabdeh 6 nəfər ailə üzvü ilə birlikdə ünvan 3 ünvanına qeydiyyata düşmələri üçün müraciət etmişdir. Ərizəçi Cavabdeh ilə hazırki mənzilin icarədarı arasında (notariat qaydada təsdiq edilmiş) qarşılıqlı razılaşma əsasında mənzil dəyişdirilmişdir. Mənzil faktiki ərizəçi ailəsi ilə qeydiyyatsız yaşayır. Azərbaycan SSR Ali Sovetinin 247-Xİİ №-li Qərarının icrası ilə bağlı Cavabdeh – özü, X5 – bacısı, X6 – qardaşı, X8 – qardaşı, X10 – atası, X7 – anası ilə birlikdə daimi qeydiyyata götürülmələrinə razılıq verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 4 ünvanlanmış 20.12.2019-cu il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 18, mənzil 15 Cavabdeh adına Nəsimi rayon İcra Hakimiyyətinin 02.04.1992-ci il tarixli, 296/92 saylı qərarına, 17 nömrəli Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilən 23.01.1999-cu il tarixli, V 661 nömrəli forma 2 arayışına, X19, Fərzani Allahyar oğlu, FərmanovaSevda Qənimət qızı, X2, X3, X1 razılıq ərizələrinə əsasən 02.03.1999-cu il tarixdə ilkin qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 07.12.2019-cu il tarixli, 965 nömrəli qərarın surətindən görünür ki, Naxçıvan MR Culfa RHK tərəfindən 1994-cü ildə hərbi xidmətə çağırılmış İddiaçı hərbi xidmət dövründə hərbi xidmət vəzifələrini yerinə yetirərkən aldığı və 02.02.1995-ci ildən 01.03.1995-ci ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu travma-diaqnoz: «Ayaqların İİ-İİİ dərəcəli donvurması, sol pəncənin İ barmağının infeksiyalaşmış yarası» (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı şəhəri Nəsimi rayon İdarəsinin 12.11.2019-cu il tarixli 42 nömrəli göndərişi, 12.11.2019-cu il tarixli 135 n.mrədli arayışı, MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş 01.03.1995-ci il tarixli çıxarış epikrizi, SQ Baş Klinik Hospitalından verilmiş 23.12.2013-cü il tarixli 2/457 nömrəli arayışı, 1 saylı Bakı İnziati İqtisadi Məhkəməsinin 17.10.2019-cu il tarixli, 2-1(81)-4144 nömrəli qərarı, MN MHHK-nın həkim–mütəxəssisinin rəyi ilə təsdiq edilir), «Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri yerinə yetirərkən alınmışdır» və 10.10.1995-ci ildən 06.11.1995-ci ilə kimi MN Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunduğu xəstəlikdiaqnoz: «Kəskin pielosistit. Sidik turşusu diatez» (MN Mərkəzi Hərbi Klinik Hospitalından verilmiş 06.11.1995-ci il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim-mütəxəssisin rəyi ilə təsdiq edilir), «xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır». İş üzrə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin kserosurətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsində yerləşən 18 saylı evin 15 saylı mənzili 23.02.1999-cu il tarixdə xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh mülkiyyətindədir. İş üzrə Nəsimi rayon MKTB-nin 17 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 04.02.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 4 nəfər ailə üzvləri ilə Bakı şəhəri, S.Rüstəm küçəsində yerləşən 18 saylı evin 15 saylı mənzilində 1996-cı ildən qeydiyyatsız yaşayır. İş materiallarında olan AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında 29.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsində yerləşən 18 saylı evin 15 saylı mənzildə qeydiyyatdadır. İş materiallarında Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 02.10.2018-ci il tarixli, 2-1(81)-3240/2018 saylı qərarın surətindən görünür ki, İddiaçı cavabdeh nəsimi rayon İcra Hakimiyyətinə qarşı 3-cü şəxslər Cavabdeh və qeyriləri işə cəlb edilməklə sərəncamda dəyişiklik edilməsi barədə iddia tələbi təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24.04.2019-cu il tarixli, 2-1(102)-1401/2019 saylı qərarın kserosurətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15.01.2019-cu il tarixli, 2-1(103)-181/2019 saylı qərardadı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Ali Məhkəməsinin 24.04.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15.01.2019-cu il tarixli, 2-1(103)-181/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, mübahisəli mənzil cavabdehin adına Nəsimi rayon İcra Hakimiyyətinin 02.04.1992-ci il tarixli, 296/92 saylı sərəncamına, 17 nömrəli Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilən 23.01.1999-cu il tarixli forma 2 arayışına, X12 və qeyrilərinin razılıq ərizələrinə əsasən 02.03.1999-cu il tarixdə qeydiyyata alınmış və həmin mənzil hazırda cavabdehin mülkiyyətindədir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Nəsimi rayon İcra Hakimiyyətinin 02.04.1992-ci il tarixli, 296/92 saylı sərəncamı qəbul edilərkən iddiaçı Naxçıvan Muxtar Respublikasının Culfa rayon Hərbi Komissarlığında hərbi qeydiyyata götürülərək hərbi hissəyə göndərilmiş və 1996-cı ildə ehtiyata buraxılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Nəsimi rayon İcra Hakimiyyətinin 1992-ci il tarixli sərəncamı ilə mübahisəli mənzildən onun istifadə hüquqları və özəlləşdirmə zamanı iddiaçı mənzildən pay hüquq olan şəxs kimi maraqları nəzərə alınmayaraq onun icazəsi olmadan mənzil cavabdehin adına özəlləşdirilmişdir. İddiaçı 30 ildən çoxdur ki, mübahisəli mənzildə yaşayır. Bu səbəbdən iddiaçı həmin mənzilə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. AR MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarının 1-ci bəndinə əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 01.10.2009-cu il tarixədək qüvvədə olan AR Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, qeyd olunan hüquq münasibəti iddiaçının özünüdə qeyd etdiyi kimi 2000-ci ilin sentyabrın 1-nə kimi yaranmışdır . İddiaçı köhnə Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən cavabdehin ailə üzvü deyil, onunla birgə yaşayıb ümumi təsərrüfat aparmamdır. İddiaçı başqa ünvanda ünvan 5 qeydiyyatdadır. Beləliklə məhkəmə iddiaçının cavabdehin ailə üzvü olmamasını və mübahisəli mənzildə yaşamamasını əsas tutaraq hesab edir ki, iddiaçının mübahisəli mənzilə hər hansı istifadə hüququ yaranmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququnun tanınması barədə irəli sürülmüş tələb əsassız hesab edilməli və təmin edilməməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair iddiası təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı halda iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə istifadə hüququnun tanınması» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-2398/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2398/2021
13.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver