Məhkəmə qərarları › İş №2(006)-2400/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2400/2022

26.05.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2400/2022 26.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2(043)-297/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini dəyişərək, 13.10.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 193 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2(043)-297/2021 saylı qətnaməsi ilə Cavabdeh 13.10.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 21.10.2020-ci il tarixdən başlayaraq hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq ona ödənilməsi, alimentin hesablanması zamanı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01.12.2020-ci il tarixli, 2(043)-3730/2020 saylı qərardadına əsasən tutulan müvəqqəti alimentin məbləğinin nəzərə alınması qət edilmişdir. Lakin uşağın böyüməsi, təhsillə əlaqədar zəruri və digər xərclər, həmçinin sağlamlıq və tərbiyə edilməsi, qayğısına qalınması üçün hazırda məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment kifayət etmir. Belə ki, yuxarıda qeyd olunan qətnamə ilə övladının saxlanılması üçün qət edilən aliment məbləği bugünki günün iqtisadi göstəriciləri ilə uzlaşmır. Qiymətlərin qalxması və digər zəruri amillər onun maddi təminatının artmasına səbəb olmuşdur. Uşağın saxlanılmasında onun bir valideyn kimi iştirak etməsinə baxmayaraq, onun maddi təminatının təminində bəzi problemlərlə üzləşir. Uşağın maddi təminatının təmini onunla yanaşı cavabdehin də vəzifə borcudur. Cavabdeh ilkin mediasiya sessiyası barədə rəsmi olaraq məlumatlandırılsa da, sessiyada iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün tərəfindən 50 manat ödəniş edilmişdir. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2(043)-297/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini dəyişərək, 13.10.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2(043)-297/2021 saylı qətnaməsi ilə cavabdehdən onun xeyrinə hər ay 130 manat məbləğində alimentin tutulması qət edilmişdir. Lakin qanuni qüvvəyə minmiş qətnamənin mövcud olmasına baxmayaraq, cavabdeh tərəfindən aliment məbləği ödənilmir. Hazırda özü də heç bir yerdə işləmir. Uşağını saxlamaqda maddi sıxıntılar çəkir. Hesab edir ki, təyin edilmiş aliment məbləği artırılmalıdır. Habelə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi qətnamə qəbul edərkən, cavabdehin həbsxanadan təzə çıxmasını nəzərə almışdır. Cavabdehin iş yeri ilə təmin olunması üçün kifayət qədər vaxtı olmuşdur. Cavabdehin işləməməsi onu valideynlik hüququnun həyata keçirilməsindən azad etmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh tərəfindən məhkəməyə “iddia ərizəsinə etiraz və mülahizələr adlı” ərizə ünvanlanaraq, bildirilmişdir ki, o, iddiaya etiraz edir. Belə ki, iddiaçı öz iddia tələbində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2(043)-297/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş 130 manat alimentin artırılaraq hər ay 193 manat edilməsini xahiş etmişdir. O, hal-hazırda işsizdir. 18.04.2020-ci il tarixdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Məşğulluq İdarəsində işsiz kimi qeydiyyatdan keçmişdir. Dəfələrlə müraciət etməsinə baxmayaraq, heç bir işlə təmin olunmamışdır. Həmçinin, 2017-ci il tarixdə Cəlilabad Hərbi Məhkəməsinin qərarı ilə azadlıqdan məhrumetmə cəzası ilə həbs olunmuşdur. 2020-ci ilin fevral ayında cəzasını çəkib azadlığa buraxılmışdır. Üzərində məhkumluq olduğundan, dövlət və özəl şirkətlərə müraciət etməsinə baxmayaraq, işə qəbul edilməmişdir. Hal-hazırda Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 130 manat alimentin ödənilməsində çətinlik çəkir. Belə olan halda iddiaçıya tələb etdiyi məbləğdə aliment ödəmək onun imkanları xaricindədir. Göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yuxarıda qeyd edilən ərizə ilə yanaşı Cavabdeh tərəfndən məhkəməyə əlavə ərizə ünvanlanaraq, maddi imkanının olmaması və məsafənin uzaq olması ilə əlaqədar məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi xahiş edilmişdir. Məhkəmə yuxarıda qeyd edilən ərizəni nəzərə alıb, mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2(043)-297/2021 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, X4 ilə Cavabdeh arasında 16.07.2011-ci il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində 931 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 13.10.2012-ci il təvəllüdlü X1 iddiaçı X2 yanında saxlanılması, Cavabdeh 13.10.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 21.10.2020-ci il tarixdən başlayaraq, hər ay 130 manat sabit pul məbləğində aliment alınaraq X3 ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin əvvəllər rəsmi nikahda olmaları, birgə nikahdan 1 övladlarının olması, uşağın iddiaçının yanında qalması və onun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan, habelə iddiaçının məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, İddiaçı hal-hazırda heç yerdə işləmir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh 1.000 manat məbləğində sosial ödəniş məbləği təyin edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı hal-hazırda heç bir yerdə işləmir və himayəsində olan azyaşlı uşağın saxlanılmasında maddi sıxıntılar çəkir. Cavabdeh tərəfindən iddia tələbinə etiraz edilsə də, məhkəmə Ailə Məcəlləsinin tələblərini əsas gətirərək hesab edir ki, cavabdehin ərizəsində göstərdiyi dəlillər onun uşağın saxlanması vəzifəsindən azad edilməsi üçün əsas hesab edilməməlidir. Belə ki, ölkə üzrə yaşayış minimumu uşaqlar üçün 193 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir, uşağın sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Habelə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edildiyi kimi, “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Cavabdeh 1.000 manat məbləğində sosial ödəniş məbləği təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 13.10.2012-ci il təvəllüdlü X1 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli, 2(043)-297/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 13.10.2012-ci il təvəllüdlü X1 Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 01.03.2021ci il tarixli, 2(043)-297/2021 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək (artırılaraq), Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 193 manat sabit pul məbləğində aliment tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar