Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2406/2023 17.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «daşınmaz əmlakın üzərinə qoyulmuş qanunsuz məhdudiyyətin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «daşınmaz əmlakın üzərinə qoyulmuş qanunsuz məhdudiyyətin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Kəpəz Rayon Bələdiyyə sədrinin 17 nömrəli, 16 fevral 2006-ci il tarixli sərəncamına əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsində yerləşən 0,084 ha torpaq sahəsi onun istifadəsindədir. Həmin torpaq sahəsində yerləşən 59 nömrəli 2 girişli, 552.8 kv.m. ümumi, 123.2 kv.m. əsas, 334.7 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (iaşə obyekti) xx.xx.2006-cı il tarixli, Seriya MH ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Lakin anidən və heç bir məlumatı olmadan adı çəkilən ünvanlarda yerləşən əmlakların üzərinə həbs qoyulduğunu öyrəndi. Bir neçə hüquqşünasın köməyilə aydınlaşdırdı ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş № 5(009)-237/2016 saylı, 04 mart 2016-cı il tarixli qərarı ilə qardaşı X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* №-li cinayət işinin istintaqının davam etdiyi müddət ərzində X2 qohumlarına məxsus bir sıra əmlaklar, o cümlədən ona məxsus adı çəkilən əmlaklar üzərinə həbs qoyulmuşdur. Bakı Hərbi Məhkəməşinin iş № 1(093) - 7/2018 saylı, 23 aprel 2018-ci il tarixli Hökmü ilə X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, həmçinin ona məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsində yerləşən 0,084 ha torpaq sahəsində yerləşən 59 nömrəli 2 girişli, 552,8 kv.m. ümumi, 123.2 kv.m. əsas, 334.7 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (iaşə obyekti) xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Həmin hökmdən ona məxsus əmlakın xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hissəsindən apellyasiya şikayəti vermişdi. Lakin Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının iş № 1-1(103)-40 saylı, 18 oktyabr 2018-ci il tarixli Qərarı ilə hökmdən maraqlı şəxs qismində verdiyi apelyasiya şikayəti icraata qəbul edilməmişdir. Apelyasiya instansiyası qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 383-cü maddəsində məhkəmənin hökmündən apelyasiya şikayəti vermək səlahiyyətinə malik olan şəxslərin dairəsi konkret göstərilmiş və həmin normaya əsasən məhkəmə hökmündən maraqlı şəxslərin apelyasiya şikayəti vermək hüququna malik olması öz əksini tapmamışdır. Bakı Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının iş No 1-1(103)-40 saylı, 18 oktyabr 2018-ci il tarixli Qərarında bildirilmişdir ki, həmin qərardan kassasiya şikayəti və ya protesti verilə bilməz. Bakı Hərbi Məhkəməsinin iş № 1(093) - 7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmündən məhkum X3 tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının iş № 1-1(103)-01 saylı, 08 fevral 2019cu il tarixli Qərarı ilə təmin edilməmiş və həmin qərar qanuni qüvvəyə minmişdir. Beləliklə, konstitusion xarakterli mülkiyyət hüququ Bakı Hərbi Məhkəməsinin iş № 1(093)-7/2018 saylı 23 aprel 2018-ci il tarixli hökmü və həmin hökmü qüvvədə saxlayan Bakı Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının iş üzrə iş № 1-1(103)-01 saylı 8 fevral 2019-cu il tarixli qərarı ilə kobudcasına pozulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin № 1-1(103)-01 saylı 8 fevral 2019-cu il tarixli qərarından Azərbaycan Republikası Ali Məhkəməsinin Hərbi Kollegiyasına təqdimat verilməsi üçün Azərbaycan Republikası Ali Məhkəməsinin sədrinə müraciət etmişdi. Azərbaycan Republikası Ali Məhkəməsinin hakimi Fərhad Əliyevin 20 may 2019-cu il tarixli № 3h-30/2019 saylı məktubu ilə Bakı Apelyasiya Məhkəməsinin № 1-1(103)-01 saylı 8 fevral 2019-cu il tarixli qərarından Azərbaycan Republikası Ali Məhkəməsinin Hərbi Kollegiyasına təqdimat verilməsindən imtina edilmiş, məhkum X4 barəsində olan cinayət işi üzrə çıxarılmış məhkəmə qərarlarından məhkum F.Əliyev və müdafiəçisi tərəfindən cinayət işi ilə bağlı kassasiya şikayəti verildiyini və bu kassasiya şikayətinə baxıldığı zaman əmlaklarla bağlı dəlillərin qiymətləndiriləcəyi qeyd olunmuşdur. Təəssüf ki, Azərbaycan Republikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının № 1-1(102)-2/2021 saylı 08 iyun 2021-ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasının 08 fevral 2019-cu il tarixli qərarı və Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmü qüvvəsində saxlanılmış, iddiaçıya məxsus əmlaklar məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlaklar siyahısından çıxarılmamışdır. Yuxarıdakılara əsasən, mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Taqi Arani küçəsində yerləşən 0,084 ha torpaq sahəsində yerləşən 59 nömrəli 2 girişli, 552,8 kv.m. ümumi, 123.2 kv.m. əsas, 334.7 kv.m. köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasının (iaşə obyektinin) üzərinə qoyulmuş həbsin götürülməsini, həmin əmlaklar müsadirə siyahısından çıxarılaraq, əmlaklar üzərində İddiaçı sahiblik, istifadə və sərəncam hüquqlarının həyata keçirilməsinə məhdudiyyətlərə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Üçüncü şəxs X3 məhkəməyə ərizə göndərərək cəzaçəkmə müəssisəsində olduğundan məhkəmə iclasında iştirak edə bilmədiyini, onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması haqqında qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən işəüçüncü şəxsin və cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Mülki işin materialları: Mülki işin materiallarında olan Gəncə Şəhər Kəpəz Rayon Bələdiyyə sədrinin 17 nömrəli, 16 fevral 2006-ci il tarixli sərəncamına əsasən T.Arani küçəsində “VİS” X1 ictimaiiaşə obyektinin istifadəsində olan 840,0 kv.metr torpaq sahəsi vətəndaş İddiaçı adına rəsmiləşdirilmiş və ona 15 il müddətinə icarəyə verilmişdir. Mülki işin materiallarında olan Bakı Hərbi Məhkəməsinin № 1(093) - 7/2018 saylı, 23 aprel 2018-ci il tarixli Hökmü ilə X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 145.3, 178.3.1, 178.3.2, 179.3.1, 179.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1 və 341.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, həmçinin ona məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Nizami küçəsi “Xalça” firma mağazının qarşıdakı mağazanın qərb hissəsində yerləşən qeyri- yaşayış sahəsi və bir çox ona məxsus digər mülkiyyətlər xüsusi müsadirə cinayət-hüquqi tədbiri kimi məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının iş № 1-1(103)-01 saylı, 08 fevral 2019-cu il tarixli qərarından görünür ki, Bakı Hərbi Məhkəməsinin məhkum X3 və qeyriləri haqqında № 1(093) - 7/2018 saylı, 23 aprel 2018ci il tarixli Hökmü dəgişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2021-ci il tarixli 1-1-(102)-2/2021 saylı qərarından görünür ki, məhkum X5 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, məhkum X5 barəsində Bakı Apellyasiya Məhkəməsinin hərbi kollegiyasının xx.xx.2019- cu il tarixli qərarı qismən yəni, əmlaklara dair tətbiq edilmiş xüsusi müsadirəyə aid hissədə dəyişdirilmiş, məhkum X2 və qohumlarının adına olan Gəncə şəhəri Kəpəz rayonu Nizami küçəsi “Xalça” firma mağazasının cənub hissəsində yerləşən qeyri-yaşayış binasının (Gəncə şəhəri Nizami rayonu Nizami küçəsi ilə Əhməd Cəmil küçəsinin kəsişməsindəki 131,2 m2 torpaq sahəsində yerləşən 111,3 m2 faydalı sahəsi olan mağaza), Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən daşınmaz əmlakın, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,06 ha torpaq sahəsinin, Göygöl rayonu Qızılca kəndində yerləşən 0.32 ha torpaq sahəsinin, Qusar rayonu Duztahir kəndində yerləşən 0,74 ha, 0,85 ha, 0,76 ha, 0,42 ha, və 0,30 ha torpaq sahələrinin, ünvan 1 ünvanında yerləşən evin, ünvan 2 ünvanında yerləşən evin, ünvan 3rləşən qeyri-yaşayış sahəsinin və ünvan 4 ünvanında yerləşən evin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasına dair müddəalar Bakı Apellyasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından və Bakı Hərbi Məhkəməsinin 23 aprel 2018-ci il tarixli hökmündən xaric edilmiş, həmin əmlakların üzərinə məhkəmə tərəfindən qoyulmuş həbs ləğv olunmuş, kassasiya şikayətləri qalan hissədə təmin edilməmiş və qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, T.Arani küçəsində “VİS” X1 ictimai-iaşə obyektinin istifadəsində olan 840,0 kv.metr torpaq sahəsi Gəncə Şəhər Kəpəz Rayon Bələdiyyə sədrinin 17 nömrəli, 16 fevral 2006-ci il tarixli sərəncamına əsasən İddiaçı adına rəsmiləşdirilmiş və ona 15 il müddətinə icarəyə verilmişdir. İddiaçı qardaşı olan X5 Bakı Hərbi Məhkəməsinin 1(093)-7/2018 saylı, 23 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, ona məxsus olan əmlaklar məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması hökm edilmişdir. Həmin hökmdən verilmiş apellyasiya şikayəti təmin olunmamış, kassiyasiya şikayəti isə qismən təmin olunsa da sözügedən əmlakla bağlı hissədə şikayət təmin olunmamışdır. Hazırda iddiaçı mülki məhkəmə icraatı qaydasında əmlakın ona mənsub olmasını mübahisələndirir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə əsasən, məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilməli əmlakın kimə mənsub olması haqqında mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərarında qeyd olunan hüquqi mövqeyə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə, cinayət işi üzrə icraat zamanı təqsirləndirilən şəxsə məxsus və müsadirə olunan əmlakın cinayətin törədilməsi nəticəsində əldə olunmasını və ya bu əmlakdan əldə olunmuş gəlir olmasını, yaxud cinayətin törədilməsi üçün istifadə olunan və ya istifadəsi nəzərdə tutulan silah, alət və ya sair vasitələr olmasını, habelə təqsirləndirilən şəxsə məxsus olmasa da, onun törətmiş olduğu cinayət nəticəsində əldə olunmuş əmlak olmasını təsdiq edən hallar sübuta yetirilməlidir. Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinə müvafiq olaraq cinayət işi üzrə icraatda iştirak etməyən, məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin xüsusi müsadirə edilməli olan əmlakın kimə mənsub olması haqqında iddiası üzrə işə baxan məhkəmə üçün qanuni qüvvəyə minmiş hökm yalnız cinayət hadisəsinin olub- olmaması və bu cinayətin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsi hissəsində preyudisial xarakter daşıyır. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsi müsadirə olunması müəyyən olunmuş konkret əmlakın hökmdə göstərilməsinin üçüncü şəxslərə mülki məhkəmə icraatı qaydasında bu əmlaka dair öz mülkiyyət hüquqlarını sübut etməyə maneə yaratmasına səbəb olmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəllə) 248.1.1-ci maddəsinə əsasən əmlak üzərinə həbs mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd olunan maddədə əmlak üzərinə həbs qoyulmasını şərtləndirən tələb həm də ondan ibarətdir ki, bu tədbir cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda əmlak müsadirəsinin təmin edilməsi məqsədi ilə həyata keçirilir. Əmlak üzərinə həbs qoyulmasının əsası qismində mülki iddiaçının və ya əmlak müsadirəsinin təmin edilməsi məqsədilə üzərinə həbs qoyula bilən əmlakın gizlədilməsinə, özgəninkiləşdirilməsinə və ya məhv edilməsinə dair əsaslandırılmış ehtimalların olması çıxış edir. Əmlak üzərinə həbs qoymanın hüquqi əsasını isə təxirəsalınmaz hallarda müstəntiqin, digər bütün hallarda isə məhkəmənin qərarı təşkil edir. Cinayət-Prosessual Məcəllənin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Cinayət-Prosessual Məcəlləsinin 299.3.2-ci maddəsinə müvafiq olaraq, məhkəmənin hazırlıq iclasında cinayət işi üzrə ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması məsələsinə baxılır. Bu zaman mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlərə məhkəmə müvafiq hüquqi qiymət verməlidir. Qeyd edilənlər məhkəmənin hazırlıq iclasında baş vermədiyi halda, məhkəmə baxışı zamanı siyahıya alınmış əmlakın həqiqətən təqsirləndirilən şəxsə mənsub olub-olmaması yoxlanılmalı, həbsin təqsirləndirilən şəxsə mənsub olmayan əmlakın üzərinə qoyulmasını təsdiqləyən hallar olduqda isə həmin əmlakın təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət nəticəsində əldə olunub-olunmamasına hüquqi qiymət verilməli, gəlinmiş nəticəyə müvafiq olaraq həmin əmlakın siyahıdan çıxarılması, onun həbsdən azad olunması və qanuni sahibinə qaytarılmasına dair qərar qəbul edilməlidir. Təqsirləndirilən şəxs olmayan, yaxud onun hərəkətinə görə qanunla maddi məsuliyyət daşımayan şəxsə mənsub olan əmlaka münasibətdə xüsusi müsadirə o halda tətbiq edilir ki, əmlakın həmin şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.3-cü maddəsində sadalanan şərtlərlə əldə edilməsinə dair əsaslı sübutlar mövcud olsun. Məhkəmə iş materiallarında olan sənədlərə və yuxarıda göstərilən hüquq normalarına istinad edərək belə qənaətə gəlir ki, sözügedən əmlak üzərinə həbs qoyulmasını şərtləndirən vacib əsaslardan biri məhz həmin əmlakların cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilmiş olmasıdır. Həbsdən azad edilməsi xahiş olunan əmlakın məhz təqsirləndirilən şəxs tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlak olmadığı iş materialları ilə öz təsdiqini tapmır. Bununla yanaşı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). İş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı «daşınmaz əmlakın üzərinə qoyulmuş qanunsuz məhdudiyyətin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №2(006)-2406/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2406/2023
17.11.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver