Məhkəmə qərarları › İş №2(006)-2415/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2415/2022

09.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2415/2022 09.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsi Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı Bədı̇ r oğlunun iştirakı ilə İddiaçı Bədı̇ r oğlunun cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “yanlış qeydin düzəldilməsi və qeydin silinməsi üçün müvafiq sənədlərin təqdim edilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bədı̇ r oğlu cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “yanlış qeydin düzəldilməsi və qeydin silinməsi üçün müvafiq sənədlərin təqdim edilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ASC arasında imzalanmış 24.11.2017-ci il tarixli, KM51051T11170064S01 saylı kredit müqaviləsinə əsasən bankdan 3000 manat məbləğində kredit kartı əldə etmişdir. Kredit kartı əldə olunan zaman bankın tələb etdiyi bütün komissiyon haqlarını ödəmişdir. Müqavilə bağlandıqdan sonra bir aydan da az müddət keçdikdən sonra 22 dekabr 2017-ci il tarixdə "xxxx" ASC-nin bank lisenziyası ləğv edilmişdir. Qeyd olunan kredit kartla hər hansı bir əməliyyat aparılmamış, nağd və nağdsiz formada kartda olan kredit limitindən istifadə edilməmişdir. 2019-cu ildə mərkəzləşmiş kredit reyestrindən kredit tarixçəsi ilə bağlı məlumat alarkən ilk dəfə məlum olmuşdur ki, "xxxx" ASC-dən aldığı sözügedən kredit kartına əsasən 6 (altı) manat məbləğində faiz borcu mövcuddur və gecikdirilmə günlərin sayı 450 gündən artıqdır. Yaranmış borc barədə İddiaçı nə "xxxx" ASC, nə də ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən hər hansı bir rəsmi məlumat verilməmişdir. Qeyd olunan kredit kartı müqaviləsi üzrə İddiaçı bank qarşısında borcu yaranmadığı halda borcunun yaranması səbəbləri barədə bankın ünvan 1 ünvanında yerləşən binasına dəfələrlə gedərək müraciət etməsinə baxmayaraq, bank əməkdaşları hesabdan çıxarışın və rəsmi məlumatın verilməsindən imtina etmişlər. Bu barədə keçmiş Maliyyə Bazarlarına Nəzarət Palatasına rəsmi məktubla müraciət edilmişdir. Maliyyə Bazarlarına Nəzarət Palatası 25 dekabr 2019-cu il tarixli, ********** nömrəli məktubla müraciəti Əmanətlərin Sığortalanması Fonduna yönəldilərək müraciətə baxılmasını xahiş etmişdir. 08 yanvar 2020-ci il tarixdə Azərbaycan Kredit Bürosundan kredit tarixçəsi ilə bağlı çıxarış əldə edilmiş və çıxarışda 24 noyabr 2017-ci il tarixdə 3000 manat məbləğində kredit müqaviləsinin olduğu qeyd edilmişdir. Həmin müqavilə üzrə 6 manat əsas borcun, 3,93 manat faiz borcunun olması qeyd edilmişdir. Həmçinin əsas borcun gecikdirildiyi günlərin sayı 330 gün, faiz borcunun gecikdirildiyi günlərin sayı isə 693 gün qeyd edilmişdir. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 10 yanvar 2020-ci il tarixli, **********158 nömrəli, “25 dekabr 2019-cu il tarixli ********** nömrəli müraciətə baxılması barədə məktubu ilə cavab olaraq qeyd olunmuşdur ki, sözügedən kredit kartı müqaviləsi üzrə 6 manat əsas borc, 3,46 manat faiz, 0,65 manat cərimə ümumi 10,11 manat borc öhdəliyi mövcuddur. 28 oktyabr 2020-ci ildə İddiaçı tərəfindən Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Tural Piriyevə ərizə ilə müraciət olunmuşdur. Ərizədə sözügedən kredit xəttindən heç vaxt istifadə olunmadığı, bu müqavilə üzrə heç vaxt əsas borc yaranmadığı halda bank tərəfindən əsassız olaraq faiz borcu hesablanmasını, daha sonra isə qanunsuz və birtərəfli olaraq restrukturizasiya edilərək faiz borcunun 6 manat hissəsinin əsas borc kimi qeyd edilməsi, bu müddət ərzində dəfələrlə edilmiş şifahi və yazılı müraciətlərinə baxmayaraq, borcun yaranması barədə heç bir rəsmi açıqlama, kredit hesabından çıxarışın təqdim edilməməsi nəzərə alınaraq, 24 noyabr 2017-ci il tarixli, KM 051T11170064S01 saylı kredit müqaviləsi üzrə əsas və faiz borclarının silinməsi, qanunamüvafiq qaydada "xxxx" MMC-yə borcun olmaması və həmin kredit müqaviləsi üzrə gecikdirmənin olması barədə əvvəllər təqdim edilmiş səhv məlumatın düzəldilməsi üçün ləğvedici olaraq Əmanətlərin Sığortalanması Fondu tərəfindən rəsmi müraciət edilməsi üçün köməklik göstərilməsi xahiş olunmuşdur. Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun 04 noyabr 2020-ci il tarixli, **********497 nömrəli, “28 oktyabr 2020-ci il tarixli müraciətə baxılması barədə məktubunda qeyd olunmuşdur ki, sözügedən kredit müqaviləsi üzrə 6 manat əsas borc, 4,78 manat faiz, 0,80 manat cərimə olmaqla, ümumi 11,58 manat borc öhdəliyi mövcuddur və qeyd olunan borcun ödənilməsi xahiş olunur. İddiaçı tərəfindən dəfələrlə yazılı və şifahi qaydada müraciət olunmasına baxmayaraq, 24 noyabr 2017-ci il tarixli, KM 051T11170064S01 saylı kredit müqaviləsi üzrə borcun yaranması barədə rəsmi açıqlama və kredit hesabından çıxarış təqdim edilməmişdir. Bu hal isə birbaşa İddiaçı qanunvericiliklə qorunan hüquqlarını pozur. Göstərilənlərə əsasən İddiaçı 24 noyabr 2017-ci il tarixli, KM 051T11170064S01 saylı kredit kartı müqaviləsi üzrə gecikdirmənin olması barədə təqdim edilmiş yanlış qeydin düzəldilməsi və qeydin silinməsi üçün müvafiq sənədlərin mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsinin ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və Azərbaycan Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı Bədı̇ r oğlu iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, 24.11.2017-ci il tarixində iddiaçı ilə kredit müqaviləsi bağlanan zaman ona 6 manat xidmət haqqının ödənilməli olduğu bildirilmişdir. Elektron sistemdə iddiaçının 3000 manat həcmində kredit xəttindən istifadə etməməsi görünür. Bu kredit borcu deyil. Kredit müqaviləsinin tələb edilməsinə baxmayaraq, ona təhvil verilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan ləğv prosesində olan "xxxx" ASC-nin 10.01.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 07.01.2020-ci il tarixinə 24.11.2017-ci il tarixli, KM051T11170064S01 saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan "xxxx" ASC qarşısında 6 manat əsas borc, 3,46 manat faiz borcu, 0,65 manat cərimə borcu, ümumi 10,11 manat borc öhdəliyi mövcuddur. İş materiallarında olan "xxxx" MMC-nin 01.08.2020-ci il tarixli çıxarışından görünür ki, İddiaçı Bədı̇ r oğlunun ləğv prosesində olan "xxxx" ASC-yə 6 manat əsas, 3,93 manat faiz borcu vardır. Faizlər üzrə gecikdirilmiş günləri sayı 693 gün təşkil edir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmçinin, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında 24.11.2017-ci il tarixli, KM51051T11170064S01 saylı kredit kartı müqaviləsi bağlanılsa da, həmin kart üzrə kredit xəttindən iddiaçı tərəfindən istifadə edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsi tərəfindən borcun əsasını təsdiq edən sübut məhkəməyə təqdim olunmamışdır. Göründüyü kimi əsassız hesablanmış borc və 693 gün gecikdirilmiş faiz günlərinin sayı iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə iddia tələblərinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilərək, İddiaçı 24 noyabr 2017-ci il tarixli, KM 051T11170064S01 saylı kredit kartı müqaviləsi üzrə gecikdirməsinin olması barədə təqdim edilmiş yanlış qeyd düzəldilməli və qeydin silinməsi üçün müvafiq sənədlərin mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsi ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı 24 noyabr 2017-ci il tarixli, KM 051T11170064S01 saylı kredit kartı müqaviləsi üzrə gecikdirməsinin olması barədə təqdim edilmiş yanlış qeyd düzəldilsin və qeydin silinməsi üçün müvafiq sənədlərin mərkəzləşdirilmiş kredit reyestrinə təqdim edilməsi ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar