Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2415/2024 11.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçı Akhmedov (Əhmədov) Asif Allahverdi oğlunun, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı Akhmedov (Əhmədov) Asif Allahverdi oğlunun cavabdeh "xxxx" Kommersiya Bankı ASC-yə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Akhmedov (Əhmədov) Asif Allahverdi oğlu cavabdeh "xxxx" KB ASC-yə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.038 manat məbləğində maddi ziyanın cavabdeh "xxxx" KB ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Akhmedov (Əhmədov) Asif Allahverdi oğlu iddia ərizəsini onunla əsaslandırmışdır ki, 31 yanvar 2024-cü il tarixdə, oğlu Akhmedov (Əhmədov) Turan Asif oğlunun ali təhsili ilə bağlı, semestr ödənişləri ilə əlaqədar ünvan 1 ünvanda yerləşən "xxxx" KB ASC-nin Nərimanov filialına müraciət edərək 22.755 ABŞ dolları məbləğində pulu oğlunun təhsil aldığı X2 universitetin bank hesabına köçürmə etmişdir. 22.755 ABŞ dolları məbləğində pulun hesaba ödənilməsi barədə "xxxx" KB ASC-nin Nərimanov filialı tərəfindən ona 31 yanvar 2024-cü il tarixli 07 №-li ödəniş tapşırığı da verilmişdir. Lakin bir müddət sonra universitet tərəfindən göndərilən ödəniş təlimatında köçürülmənin vaxtında həyata keçirilmədiyi üçün ondan, ümumi olaraq faizlə birlikdə 23.336,78 ABŞ dolları ödəməsi tələb olunmuşdur. Bununla bağlı "xxxx" KB ASC-nin Nərimanov filialına yenidən müraciət edərək köçürülmənin nə üçün ödəniş tapşırığında qeyd edilən tarixdə həyata keçirilmədiyini və bu qədər müddət ərzində köçürülmənin həyata keçirilməməsi ilə bağlı ona nə üçün məlumat verilmədiyini soruşduqda, bank tərəfindən həmin gün ölkəxaricinə edilən bütün köçürmələrin ləğv olunduğu bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdeh "xxxx" KB ASC-nin məsuliyyətsizliyinə görə qeyd edilən təhsil haqqı zamanında ödənilmədiyi üçün ona əlavə olaraq 587 ABŞ dolları (997 manat) məbləğində faiz hesablanmışdır. Hesab edir ki, əlavə olaraq 587 ABŞ dolları (997 manat) məbləğində faiz, eləcə də ödədiyi 40 manat dövlət rüsumu olmaqla, cəmi 1.038 manat cavabdeh "xxxx" KB ASC-dən onun xeyrinə tutulmalıdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında iddiaçı Akhmedov (Əhmədov) Asif Allahverdi oğlu iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi, iddiaya etiraz təqdim edərək izahatında bildirdi ki, iddiaçı X1 ABŞ-dakı universitetə təhsil haqqının köçürülməsi üçün xx.xx.2024-cü il tarixdə 22.755 ABŞ dolları məbləğini "xxxx" KB ASC-də olan hesabına mədaxil etmiş və əməliyyat nəticəsində ona ödəniş tapşırığı verilmişdir. Lakin Bank tərəfindən vəsait iddiaçının hesabına mədaxil olunsa da, vəsait həmin gün ABŞ-dakı universitetə köçürülməmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçı A.Əhmədov vəsaitin universitetin hesabına çatmaması barədə məlumatı aldıqdan sonra Banka gəlmiş, nəticədə xx.xx.2024-cü il tarixdə köçürmə baş tutmuşdur. Bundan sonra iddiaçı X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" KB ASC-yə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X3 iddia ərizəsində 31 yanvar 2024-cü ildə oğlu X4 ali təhsili ilə bağlı "xxxx" KB ASC-nin Nərimanov filialına müraciət edərək 22.755 ABŞ dolları məbləğini ABŞdakı universitetin hesabına köçürmə etdiyini və bu köçürmənin "xxxx" KB ASC-nin ödənişi ödəniş tapşırığında göstərilən tarixdə həyata keçirmədiyini, nəticədə "xxxx" KB ASC-nin təhsil haqqını zamanında ödənilməməsi üçün ona əlavə olaraq 587 ABŞ dolları məbləğində faiz hesablanmışdır. Buna görə də, iddaçı iddia ərizəsində qeyd edilən cərimə məbləği ilə məhkəmə üçün ödənilmiş 40 manat dövlət rüsumu ilə birlikdə 1.038 manatın "xxxx" KB ASC-dən tutularaq ona ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hesab edir ki, aşağıda qeyd edilən səbəblərdən iddiaçı tərəfindən verilmiş iddia ərizəsi qanunsuz və əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş məktubdan da görünür ki, təhsil haqqı xx.xx.2024-cü il tarixə kimi ödənilməli idi. Lakin iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Bankda köçürmə etməklə təhsil haqqının ödənilməsi onun özü tərəfindən gecikdirilmiş və bu gecikmə nəticəsində universitet artıq cərimə hesablamağa başlamışdır. Eyni zamanda, iddiaçı vəsaitin universitetin hesabına köçürülmədiyini xx.xx.2024-cü ildə müəyyən etmişdir. Buna baxmayaraq, xx.xx.2024-cü ildə banka yaxınlaşmışdır. Bundan əlavə olaraq, iddiaçı tərəfindən təqdim edilmiş məktuba əsasən fevral və mart ayları üzrə hər iki ayın 20 günlük müddətlərinə hesablanan cərimə aşağıdakı kimi göstərilmişdir: - xx.xx.2024-xx.xx.2024 tarix aralığı üçün 188.25 USD; - xx.xx.2024-xx.xx.2024 tarix aralığı üçün isə 343.53 USD. Göründüyü kimi, cərimənin ona necə hesablandığı, hesablanma qaydası, ümumiyyətlə iddia tələbində göstərilən zərərin formalaşdırılması ilə bağlı sübutlar məhkəməyə təqdim edilməmiş və cərimənin hesablanması təqdim edilmiş sənədlərdə aydın göstərilməmişdir. Sorğu fevral, mart ayı üzrə hesablanan cərimə borclarına yönəlik olsa da, universitet hər ay üzrə yalnız 20 günlük cərimə məbləğləri barədə məlumatı məktubda qeyd etmişdir. Bununla 1 günə cərimə məbləğinin hansı həddə hesablanması, niyə məhz hər ayın 20 gününə cərimə hesablanması barədə məlumatlar qeyri-müəyyən olaraq qalır. Əlavə olaraq, fevral ayının 20 günlüyünə 188,25 ABŞ dolları cərimə hesabladığını qeyd edən universitet, mart ayının 20 günlüyü üçün təqribən eyni günlərə münasibətdə 2 dəfəyə yaxın fərqlə – 343,53 ABŞ dolları olduğunu bildirmişdir. Məktubda qeyd edilən bu məbləğlərlə iddia tələbində olan cərimə məbləğini müəyyən etmək qeyri-mümkündür. Hesablanan cərimənin hansı hissəsinin iddiaçının özünün gecikdirməsi nəticəsində yaranmasını (xx.xx.2024-xx.xx.2024-cü il tarixləri və xx.xx.2024-xx.xx.2024-cü il tarixləri) və hansı hissəsinin vəsaitin bankdakı hesabında qaldığı tarixlərə (xx.xx.2024-xx.xx.2024cü il tarixlər) mütənasib hesablanmasını müəyyən etmək mümkün deyildir. Ehtimal oluna bilər ki, iddia tələbində sözü gedən cərimə məhz iddiaçının özünün təhsil haqqı ödənişini gecikdirdiyi günlərə (31 yanvar 2024) münasibətdə hesablanmışdır. Nəticə etibarilə, iddiaçı Asif Əhmədov tərəfindən təqdim edilmiş iddia tələbinin əsasını təşkil edən universitetin maliyyə sənədləri əsasında cərimənin hesablanması qaydası və məbləğini müəyyən etmək mümkün olmadığından iddia tələbi əsassızdır və bu sənədlər sübut kimi qiymətləndirilə bilməz. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: İD nömrəsi 9 8560 0465 olan tələbə kartından görünür ki, Turan Akhmedov (Əhmədov) ABŞ-da yerləşən PennState (Pennsilvaniya Dövlət Universiteti) adlı təhsil ocağının tələbəsidir. Həmin universitetin xəzinədarlıq şöbəsinin Turan Akhmedova (Əhmədov) (iddiaçının övladı) ünvanladığı məktubdan görünür ki, onun yaz semestri üzrə ilkin təhsil haqqı barədə qaimə 01 yanvar 2024-cü il tarixdə təqdim edilmişdir və 22 yanvar 2024-cü il tarixədək ödəniş edilməli idi. 01 fevral 2024-cü il tarixədək ödənişi etmədiyi üçün hesabına gecikdirilmiş rüsum cəriməsi hesablanmışdır. Yaz semestri üzrə onun gecikdirilmiş rüsumları ümumi 539 ABŞ dolları 76 sent təşkil edir. Təqdim edilmiş 31 yanvar 2024-cü il tarixli 07 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı -ödəyən müştəri 22.755 ABŞ dolları pul vəsaitini benefisar bank- Citibank N.A. (United States) ödənilməsi üçün 31 yanvar 2024-cü il tarixdə ödəyən bank qismində "xxxx" KB ASC-yə “Tuition fee Ahmedov Turan” təyinatlı ödəniş tapşırığı vermişdir. İddiaçının övladının ümumi borcları haqqında balans məlumatlarından görünür ki, iddiaçının övladının 2023-cü ilin payız semestri üçün 50 ABŞ dolları məbləğində cəriməsi, 2024-cü ilin yaz semestri üçün 537 ABŞ dolları 78 sent cəriməsi olmaqla, cəmi 587 ABŞ dolları 78 sent cərimə borcları mövcuddur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 959.2-ci maddəsinə əsasən müştərinin sərəncamı ilə bank müştərinin pul vəsaitini müvafiq ödəniş sərəncamının banka daxil olduğu günün ertəsi günündən gec olmayaraq verməli və ya hesabdan köçürməlidir, bu şərtlə ki, qanunla, qanuna uyğun qəbul edilmiş bank qaydaları ilə və ya bank hesabı müqaviləsi ilə ayrı müddətlər nəzərdə tutulmasın. 966-cı maddəsinə əsasən müştəriyə gələn pul vəsaitinin vaxtında hesaba salınmadığı və ya bank tərəfindən əsassız olaraq hesabdan silindiyi, habelə pul vəsaitinin hesabdan köçürülməsi və ya hesabdan verilməsi haqqında müştərinin göstərişlərinin lazımınca yerinə yetirilmədiyi hallarda bank həmin məbləğ üçün bu Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş qaydada və miqdarda faizlər ödəməlidir. 973.1-ci maddəsinə əsasən ödəniş tapşırığı ilə hesablaşma zamanı bank ödəyicinin tapşırığı ilə onun hesabında olan vəsait hesabına müəyyən pul vəsaitini bu və ya başqa bankda ödəyicinin göstərdiyi şəxsin hesabına qanunla nəzərdə tutulmuş və ya qanuna uyğun təyin edilmiş müddətdə köçürməyi öhdəsinə götürür, bu şərtlə ki, bank hesabı müqaviləsində daha qısa müddət nəzərdə tutulmasın və ya bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə daha qısa müddət müəyyənləşdirilməsin. 976.1-ci maddəsinə əsasən müştərinin tapşırığı icra edilmədikdə və ya lazımınca icra edilmədikdə bank bu Məcəllənin 23-cü fəslində nəzərdə tutulmuş əsaslar üzrə və miqdarda məsuliyyət daşıyır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». “Banklar haqqında” Azərbaycan Respublikası qanunun: 1.0.1-ci maddəsinə əsasən bank - fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir; 38.1-ci maddəsinə əsasən banklar ödəniş əməliyyatlarını və hesablaşmaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa, habelə Mərkəzi Bankın həmin Məcəlləyə və Qanuna uyğun olaraq qəbul etdiyi normativ xarakterli aktlara, bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər. 38.2-ci maddəsinə əsasən banklar beynəlxalq ödənişləri və pul köçürmələrini Azərbaycan Respublikasının qanunvericiliyinə, Mərkəzi Bankın normativ xarakterli aktlarına, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrə, habelə beynəlxalq bank praktikasında tətbiq edilən işgüzar dövriyyə adətlərinə və müvafiq müqavilələrə uyğun olaraq həyata keçirirlər. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası qanunun 29.2-ci maddəsinə əsasən ödəniş təşkilatı istisna olmaqla digər ödəniş xidməti təchizatçılarına verilən ödəniş sərəncamında həmin sərəncamın icrası üçün fərqli müddət razılaşdırıla bilər. Razılaşdırılan müddət ödəniş sərəncamının icra müddəti hesab edilir və həmin gün icra edilir. Bu müddət qeyri-iş gününə düşdükdə, ödəniş sərəncamının icra müddəti növbəti iş günü hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, təhsil haqqına görə cərimə iddiaçının oğlunun hesabına yazılsa da, həmin ödənişi həyata keçirən şəxs iddiaçı özü olduğundan iddiaçının oğlunun hesabına yazılmasından asılı olmayaraq bankın ona vurduğu zərərə görə iddia irəli sürmək barədə subyektiv hüququnu qəbul edir. Şəxsin irəli sürdüyü tələbdə subyektiv hüququ müəyyən edildiyindən məhkəmə iddia tələbinin özlüyündə əsaslılığı ilə bağlı məsələni araşdırır. Belə ki, məhkəməyə təqdim edilmiş Akhmedov Asif adlı müştərinin "xxxx" KB ASC-də ola AZ86UBAAZ**********1020USD001 hesabı üzrə əməliyyatlara dair çıxarışdan aydın olur ki, müştəri tərəfindən təhsil haqqı ödənişi ilə bağlı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə də ödəniş tapşırıqları verilərək icra edilmişdir. Təhsil müəssisəsinin məktubundan və təqdim olunmuş digər sənədlərdən aydın olur ki, iddiaçı tələbə oğlu üçün təhsil haqqının ödənişini 31 yanvar 2024-cü il tarixli ödəniş tapşırığı verməklə cavabdeh banka həvalə etmişdir. Lakin, bank əməliyyatlarının aparılması sahəsində peşəkar xidmət göstərən bank 1 fevral 2024-cü il tarixədək ödənişi etmədiyi üçün iddiaçının oğlunun təhsil haqqı hesabına gecikdirilmiş rüsum cəriməsi hesablanmışdır. İddiaçı isə həmin təhsil haqqını faktiki olaraq 31 yanvar 2024-cü il tarixdə köçürmüşdür. Gecikmə sırf bankın köçürməni vaxtında icra etməməsi nəticəsində yaranmış və iddiaçıya 537 ABŞ dolları 78 sent məbləğində cərimə hesablanmaqla bankın təqsirli hərəkətsizliyi nəticəsində zərər vurulmuşdur. İş materiallarından, eləcə də, cavabdeh tərəfin iddiaya etirazından da göründüyü kimi, 31 yanvar 2024-cü il tarixdə bank tərəfindən iddiaçının ödədiyi 22.755 ABŞ dolları pul vəsaiti mədaxil edilsə də, həmin vəsait həmin gün təhsil ocağının müvafiq hesabına köçürülməmişdir. xx.xx.2024-cü il tarixli, ******* nömrəli ödəniş qəbzinin surətindən görünür ki, köçürülmənin həyata keçirilməməsi sırf bankın təqsirli hərəkətsizliyi ilə bağlı olmuşdur. Bank qeyd edilən təhsil haqqı məbləğini yalnız xx.xx.2024-cü il tarixdə müvafiq hesaba köçürmüşdür. Məhkəmə cavabdeh tərəfindən irəli sürülən dəlillərə münasibətdə qeyd edir ki, cavabdeh bank verilmiş lisenziya əsasında maliyyə əməliyyatlarını mütəşəkkil formada həyata keçirən hüquqi şəxsdir və müəyyən olunduğu kimi 31 yanvar 2024-cü il tarixdə müştərinin ödəniş tapşırığı ən geci növbəti iş günü, yəni təqvimə baxılsa, 1 fevral 2024-cü il tarixdə icra edilməli olduğu halda, bankın öz fəaliyyətinə nəzarəti kifayət qədər səmərəli həyata keçirməməsi səbəbindən icra edilməmişdir. İddiaçı isə sözsüz ki, daha əvvəllər də həmin bankda eyni əməliyyatları həyata keçirmiş fiziki şəxs olaraq Bankın bu sahədəki fəaliyyətində peşəkarlığına güvənmişdir. İddiaçı özü də ödənişin gecikdirilməsindən yalnız təhsil müəssisəsi tərəfindən xəbərdar edildikdən sonra məlumatlı olmuşdur. Sözsüz ki, heç bir şəxs ona bu va digər formada cərimə hesablanmasını arzulamaz, iddiaçı da bu barədə məlumatlı olduğu andan banka müraciət etmişdir. Həmçinin məhkəmə cavabdehin cərimənin hesablanmasında qeyri-müəyyənliyin olması barədə gətirdiyi dəliləri də əsassız hesab edir, belə ki, hazırda məsələ Bankın üzərinə düşən vəzifəni lazımi qaydada icra etməməsi nəticəsində təhsil müəssisəsinin öz qaydalarına uyğun olaraq iddiaçıya cərimə hesablamasıdır. Yəni həmin cərimənin hansı düsturla hesablanması hazırki iddia predmetinin araşdırılmasında əhəmiyyət kəsb etmir. Bankın pul vəsaitinin hesabdan köçürülməsi barədə müştərinin göstərişlərini lazımınca yerinə yetirməməsi nəticəsində iddiaçıya zərər dəyməsində səbəbli əlaqə müəyyən edildiyindən iddia əsaslı hesab edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, belə ki, təqdim edilmiş sənədlərə əsasən məbləğ 539,76 ABŞ dolları müəyyən edildiyindən, Mərkəzi Bankın rəsmi valyuta məzənnəsinə uyğun olaraq (xx.xx.2024-cü il tarixə 1 ABŞ dolları= 1.70 manat) 917,96 məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat cavabdeh "xxxx" KB ASC-dən iddiaçı Akhmedov (Əhmədov) Asif Allahverdi oğlunun xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" KB ASC-dən iddiaçıya dəymiş ziyan olaraq 917,6 (doqquz yüz on yeddi manat altmış qəpik) məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat olmaqla, cəmi 947,60 (doqquz yüz qırx yeddi manat altmış qəpik) manat iddiaçı Akhmedov (Əhmədov) Asif Allahverdi oğlunun xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2415/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2415/2024
11.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver