Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2418/2022 25.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı A.S.A. oğlunun və cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı A.S.A. oğlunun cavabdeh XXX-nə qarşı "çəkilən xərcin və dəbbə pulunun ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı A.S.A. oğlu cavabdeh XXX-nə qarşı "çəkilən xərcin və dəbbə pulunun ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2020-ci ilin oktyabr ayının 10-da Ağdam rayon Böyükbəyli kəndində evdə olarkən güclü partlayış səsi eşitmişdir. Özünə məxsus Kia Rio markalı **-VT-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşərək Ağdam rayonunun Alıbəyli kəndi istiqamətinə hərəkət etməyə başlamışdır. Bu zaman X10 markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında olan və onun arxasınca avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan qardaşı özünün idarə etdiyi avtomobil ilə iddiaçının idarə etdiyi avtomobili arxadan vurdu. Hadisə nəticəsində avtomobildə olan iddiaçının həyat yoldaşı Səadət Məmmədova yüngül bədən xəsarəti aldı. Eyni zamanda iddiaçının idarə etdiyi avtomobil aşaraq, yolun kənarına yuvarlandı. Erməni işğalçılarının dayanmadan iddiaçıların olduğu ərazini qrad və top atəşinə tutması da qeyd edilən hadisənin baş verməsinin əsas səbəblərindən biridir. Həmin ərazidə xidmət aparan hərbi qulluqçular da hadisənin şahidi oldular. Hadisə zamanı iddiaçının avtomobilinə 5000 (beş min) manat zərər vurulması mütəxəssislər tərəfindən müəyyən olundu. Faktla bağlı araşdırmalar başa çatdıqdan sonra toplanmış material Ağdam rayon Polis şöbəsi tərəfindən XXX-nə göndərildi. Həmin materialın icrası Dövlət Sığorta Kommersiya Şirkətinin araşdırma şöbəsinin müdiri Fərid Bayramlıya həvalə olundu. Fərid Bayramlı iddiaçıya sığorta ödənişinin verilməməsi üçün qanunazidd olan müxtəlif üsullara əl atdı. Materialı Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərdi. Baş Prokurorluqdan material Ağdam rayon Prokurorluğuna göndərildi və nəzarətə götürüldü. Yenidən əlavə araşdırılmalar aparıldı və faktla bağlı qəbul edilmiş qərar yenidən XXX-nə göndərildi. Sonradan yenə də iddiaçı dəfələrlə Ağdam rayonundan Bakı şəhərinə gəlmiş, sığorta şirkətində olmuş, ancaq ona hər dəfə müxtəlif bəhanələrlə sığorta pulu ödənilməsindən imtina olunmuşdur. Sığorta hadisəsi baş verdikdən sonra iddiaçı 18 dəfə Ağdamdan Bakı şəhərinə gəlmiş və hər dəfə Bakıya gəlib, geri qayıtmağı ona ən azı 100 (yüz) manata başa gəlmişdir. Bu səbəbdən iddiaçı belə hesab edir ki, pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərc sığorta şirkəti tərəfindən ona ödənilməlidir. İddiaçının çəkdiyi xərc 1800 (min səkkiz yüz) manat təşkil edir. Bundan əlavə sığorta hadisəsi 10 oktyabr 2020-ci il tarixdə baş verməsinə baxmayaraq iddiaçıya XXX- tərəfindən ödənişi yalnız 2021-ci ilin dekabr ayının sonunda həyata keçirilmişdir. Yəni cavabdeh əsassız olaraq sığorta ödənişini sığorta haqqında qanunvericiliyin tələblərini pozmaqla müəyyən olunmuş müddətdə ödəməmişdir. Hadisə 10 oktyabr 2020-ci ildə qeydə alınmağına baxmayaraq, sığortaçı tərəfindən sığorta ödənişi qəsdən gecikdirilmişdir. Yəni sığorta ödənişi cavabdeh tərəfindən 1 il 2 ay sonra həyata keçirilmişdir, (yəni gecikmə 425 gün təşkil edir). Cavabdeh hər gecikdirİlmiş gün üçün, yəni 425 gün üçün iddiaçının xeyrinə 5000 manat pul məbləğinin 0,1 faizini, yəni 2125 (iki min yüz iyirmi beş) manat ödəməlidir. Göstərilənlərə əsasən cavabdeh XXX-ndən iddiaçı A.S.A. oğlunun xeyrinə pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi 1800 manat, gecikdirilmiş günlər üçün 2125 manat, cəmi 3925 manat pul məbləğinin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı A.S.A. oğlu iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 10.10.2020-ci il, saat 19:30-da Ağdam rayonunda yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı Şirkətdə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi ilə sığortalanmış, X2 tərəfindən idarə olunan X10 minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə A.S.A. oğlu tərəfindən idarə olunan Kia Rio minik markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Sığorta hadisəsi ilə əlaqədar zərərçəkənə məxsus avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün lazımi tədbirlər görülmüş, Kia Rio minik markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər şirkət tərəfindən tərtib olunmuş qüsur aktına əsasən, 6570 manat məbləğində müəyyən edilmişdir. Lakin yol nəqliyyat hadisəsinin baş verməsi mexanizmi ilə bağlı əsaslı şübhələr yarandığından şirkət tərəfindən iş üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 13.11.2020-ci il tarixli qərardan Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət olunmuş, Ağdam rayon Prokurorluğu tərəfindən qərar ləğv edilərək material yenidən baxılması üçün Ağdam RPŞ-nin TB-yə göndərilmişdir. TB-nin təhqiqatçısı polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş 06.08.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən, materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Lakin hadisənin həqiqiliyi ilə bağlı, habelə materiala yenidən baxılarkən obyektivliyə əməl olunmasına şübhələr olduğundan iş üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 13.11.2020-ci il tarixli qərardan məhkəmə nəzarəti qaydasında Ağdam Rayon Məhkəməsinə şikayət verilmişdir. Ağdam Rayon Məhkəməsinin 09.09.2021-ci il tarixli qərarına əsasən, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 13.11.2020-ci il tarixli qərardan verilmiş şikayət təmin edilməmiş, qərar qanuni hesab edilmişdir. İş üzrə məhkəmənin qərarından Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilmiş, məhkəmənin 17.09.2021-ci il tarixli qərarına əsasən, şirkət tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Məhkəmə işi yekunlaşdıqdan və qərar rəsmi qaydada şirkətə təqdim olunduqdan sonra sığorta hadisəsi üzrə zərərçəkən A.S.A. oğlu şirkətə ərizə ilə müraciət etmiş, iş üzrə tərtib olunmuş 7309 nömrəli sığorta aktı ilə tanış olmuş və 14.10.2021-ci il tarixində həmin aktı imzalamışdır. Bundan sonra iş üzrə təqdim olunmuş sənədlərə və tərtib olunmuş qüsur aktına müvafiq olaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56.1 və 56.1.2-ci maddələrinə əsasən, sığorta hadisəsi üzrə zərərçəkən A.S.A. oğluna 05.11.2021-ci il tarixində 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Sığorta ödənişinin verilməsi müvafiq məbləğin zərərçəkənin verdiyi bank hesabına köçürülməsi yolu ilə həyata keçirilir. İş üzrə A.S.A. oğlu ona məxsus bank hesabını sığorta aktını imzaladıqdan sonra, 01.11.2021-ci il tarixində təqdim etmiş, buna uyğun olaraq sığorta ödənişi 05.11.2021-ci il tarixində həyata keçirilmişdir. Buna görə də hazırki iddia tələbi onun dəbbə pulunun tutulması hissəsində əsassızdır. Eyni zamanda iddiaçı ona 1800 manat zərər dəyməsi ilə bağlı iddia tələbi irəli sürmüşdür. Lakin ona həmin məbləğdə zərərin dəyməsini, habelə zərərin hansı səbəbdən dəyməsini təsdiq edən hər hansı sənəd iddiaçı tərəfindən təqdim edilməmişdir. Bu səbəbdən iddia tələbi qeyd olunan hissədə də əsassızdır. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Ağdam Rayon Polis Şöbəsinin 13.11.2020-ci il tarixli qərarından görünür ki, Ağdam rayonunda 10.10.2020-ci il, saat 19:30-da baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş və X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh tədbiri görülməsi məqsədilə qəbul edilmiş qərarın surəti icra edilməsi üçün Şöbəsinin DYPB-nə göndərilmişdir. 04.03.2021-ci il tarixli şikayət ərizəsindən görünür ki, XXX- tərəfindən Ağdam Rayon Polis Şöbəsinin 13.11.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət verilmişdir. Ağdam Rayon Polis Şöbəsinin 06.08.2021-ci il tarixli qərarından görünür ki, rayon prokurorluğu tərəfindən ləğv edilərək polis şöbəsinə qaytarılmış materialla bağlı yenidən aparılan araşdırma zamanı Polis Şöbəsinin 13.11.2020-ci il tarixli qərarı ilə eyniməzmunlu nəticəyə gəlinmişdir. 20.08.2021-ci il tarixli şikayət ərizəsindən görünür ki, XXX- tərəfindən Ağdam Rayon Polis Şöbəsinin 13.11.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarından Ağdam Rayon Məhkəməsinə məhkəmə nəzarəti qadasında şikayət verilmişdir. Ağdam Rayon Məhkəməsinin 09.09.2021-ci il tarixli, 6(013)-05/2021 saylı qərarından görünür ki, XXX-nin şikayəti təmin edilməmiş və Ağdam Rayon Polis Şöbəsinin 13.11.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarı qanuni hesab olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsinin 17.09.2021-ci il tarixli, 6(104)-37/2021 saylı qərarından görünür ki, XXX-nin şikayəti təmin edilməmiş və Ağdam Rayon Məhkəməsinin 09.09.2021-ci il tarixli, 6(013)-05/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. 19.10.2021-ci il tarixli Sığorta ödənişi ilə bağlı 739 nömrəli aktdan görünür ki, iddiaçı A.S.A. oğluna 5000 manat sığorta ödənişi hesablanmışdır. 01.11.2021-ci il tarixli, 586 №-li daxil olma ştamplı sənəddən görünür ki, iddiaçı A.S.A. oğlunun bank rekvizitləri barədə məlumatlar sığorta şirkətinə daxil olmuşdur. 05.11.2021-ci il tarixli, 20887 №-li ödəniş tapşırığından görünür ki, XXX- tərəfindən A.S.A. oğlunun bank hesabına 5000 manat sığorta ödənişi köçürülmüşdür. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, 10.10.2020-ci il, saat 19:30-da Ağdam rayonunda yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı XXX-ndə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi ilə sığortalanmış, X2 tərəfindən idarə olunan X11 minik markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə A.S.A. oğlu tərəfindən idarə olunan Kia Rio minik markalı, **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Ağdam Rayon Polis Şöbəsinin 13.11.2020-ci il tarixli qərarı ilə Ağdam rayonunda 10.10.2020-ci il, saat 19:30-da baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı toplanmış material üzrə cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş və X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh tədbiri görülməsi məqsədilə qəbul edilmiş qərarın surəti icra edilməsi üçün Polis Şöbəsinin DYPB-nə göndərilmişdir. Qərardan narazı qalan cavabdeh tərəfindən iş üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 13.11.2020-ci il tarixli qərardan Azərbaycan Respublikasının Baş Prokurorluğuna şikayət verilmiş, Ağdam Rayon Prokurorluğu tərəfindən qərar ləğv edilərək material yenidən baxılması üçün Ağdam Rayon Polis Şöbəsinə göndərilmişdir. Ağdam Rayon Polis Şöbəsinin 06.08.2021-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı ilə yol nəqliyyat hadisəsi ilə bağlı material üzrə cinayət tərkibi olmadığından yenidən cinayət işinin başlanması rədd edilmişdir. Qeyd onunan qərardan narzı qalan cavabdeh şirkət “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 13.11.2020-ci il tarixli qərardan məhkəmə nəzarəti qaydasında Ağdam Rayon Məhkəməsinə şikayət vermişdir. Ağdam Rayon Məhkəməsinin 09.09.2021-ci il tarixli qərarına əsasən, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 13.11.2020-ci il tarixli qərardan verilmiş şikayət təmin edilməmiş, qərar qanuni hesab edilmişdir. İş üzrə məhkəmənin qərarından Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilmiş, məhkəmənin 17.09.2021-ci il tarixli qərarına əsasən, Ağdam Rayon Məhkəməsinin 09.09.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra 19.10.2021-ci il tarixdə Sığorta ödənişi ilə bağlı 739 nömrəli aktla iddiaçı A.S.A. oğluna 5000 manat sığorta ödənişi hesablanmış, 01.11.2021-ci il tarixdə iddiaçı A.S.A. oğlunun bank rekvizitləri barədə məlumatlar sığorta şirkətinə daxil olmuş və 05.11.2021-ci il tarixdə XXX- tərəfindən A.S.A. oğlunun bank hesabına 5000 manat sığorta ödənişi köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1096cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi - törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi - törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü - mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə - hüquqpozan şəxsin təqsiri olmalıdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə əsasən, bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən, sığortaçı sığorta ödənişini bu Qanunun 18.1-ci maddəsi ilə müəyyən olunmuş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir. Qeyd olunan Qanunun 23.1.3-cü maddəsinə əsasən sığorta müqaviləsinin aid olduğu sahələrə (binalara, tikililərə və s.) daxil olmaq, sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumat aldıqdan sonra hadisənin baş vermə səbəblərini araşdırmaq, o cümlədən hadisəyə səbəb olmuş əmlaka baxış keçirmək, yaxud şəxsdən izahat almaq və ya bu məqsədlə ekspertlər dəvət etmək sığortaçının hüququdur. İş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, sığorta hadisəsi 10.10.2020-ci il tarixdə baş vermiş sığorta hadisəsi ilə bağlı sığortaçı tərəfindən şübhələr olduğu üçün polis orqanı tərəfindən qəbul edilmiş qərar əvvəlcə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror vasitəsilə, sonadan isə məhkəmə nəzarəti qaydasında 2 məhkəmə instansiyasında mübahisələndirilmiş, mübahisə üzrə yekun məhkəmə qərarı 17.09.2021-ci il tarixdə qəbul edilmişdir. Sığortaçı hadisənin baş vermə səbəblərini araşdırmaq hüququndan istifadə edərək qərarı mübahisələndirmiş, aparılan araşdırma nəticəsində qərar qnuni hesab olunduqdan sonra sığorta tələbi ilə bağlı 19.10.2021-ci il tarixdə akt tərtib olunaraq sığortaçıya təqdim edilmişdir. Bundan sonra tərtib olunmuş akt əsasında 05.11.2021-ci il tarixdə sığorta ödənişi verilmişdir. Göründüyü kimi, sığorta ödənişinin gec ödənilməsi sığortaçının təqsiri səbəbindən deyil, hadisənin baş vermə səbəblərini araşdırılması məqsədilə qərarın mübahisələndirilməsi olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hər gecikdirilmiş gün üçün dəbbə pulunun ödənilməsi tələbi əsassızdır. İddia tələbinin dəymiş maddi zərərin ödənilməsi ilə bağlı məhkəmə qeyd edir ki, sığorta hadisəsi baş verdikdən sonra iddiaçının 18 dəfə Ağdam rayonundan Bakı şəhərinə gəldiyinə görə 1800 manat xərc çəkməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi həmin hissədə də əsassız hesab olunmalıdır. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı A.S.A. oğlunun cavabdeh XXX-nə qarşı "çəkilən xərcin və dəbbə pulunun ödənilməsi" tələbinə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməli və məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı A.S.A. oğlunun cavabdeh XXX-nə qarşı "çəkilən xərcin və dəbbə pulunun ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-2418/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2418/2022
25.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver