Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2426/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3-yə qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01/027/20-Min saylı, 27 yanvar 2020-ci il tarixli Nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən verilmiş əşyanın dəyəri üzrə edilməmiş ödənişlər üzrə 2594.85 manat, cərimə üzrə 421.48 manat, cəmi 3016.33 manat məbləğində borcun, dövlət rüsumu qismində ödənilmiş 30 manat məbləğində pulun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, «xxxx» MMC ilə Cavabdeh2 arasında 27 yanvar 2020-ci il tarixdə 01/027/20-Min saylı Nisyə alqı-satqı müqaviləsi (bundan sonra «Müqavilə») bağlanıb. Müqaviləyə əsasən iddiaçı qiyməti 2.832.85 manat olan 1 (bir) ədəd 2019-ci il buraxılışlı Teplo markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə (bundan sonra «Əmlak») cavabdehə təhvil verib, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan Ödəniş qrafikinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürüb. Hazırda cavabdehin həmin müqaviləyə əlavə olan Ödəniş qrafikinə əsasən 18.01.21-ci il tarixinədək, ödənişləri üzrə 1060.44 manat, əsas borc qalığı üzrə 1534.41 manat, cərimə üzrə 421.48 manat olmaqla, cəmi 3016,33 manat məbləğində borcu yaranıb. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilib. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 271 gün müddətində gecikdirilib və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməyib. Deyilənlərdən əlavə, qeyd etmək lazımdır ki, hazırki iş üzrə cavabdeh sayılan Cavabdeh1 27 yanvar 2020-ci il tarixli 01/027/20-Min-Z1 saylı Zaminlik müqaviləsinə əsasən Nisyə alqı-satqı müqaviləsi üzrə zaminlik qəbul etmişdir. Bu isə o deməkdir ki, o, həmin müqavilə üzrə mövcud öhdəliklərin icrasının təmin olunmamasına və ya lazımınca icra olunmamasına görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Nisyə alqı-satqı müqaviləsinin 10-cu maddəsinə əsasən: 10.1. Alıcı müəyyən edilmiş müddətlərdə bu Müqavilə ilə nəzərdə tutulmuş hər hansı ödənişləri (onun hissələri) həyata keçirmədikdə, Satıcı ödənişin gecikdirildiyi hər təqvim günü üçün gecikdirilmiş ödənişin 0,5% (sıfır tam onda beş faizi) məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər, Alıcı isə həmin dəbbə pulunu Satıcı tərəfindən göstərilən müddətlərdə ödəməyi öhdəsinə götürür. 10.2. Bu Müqavilə üzrə öhdəliklərin icra edilməməsinə görə dəbbə pulunun (cərimə və/və ya penya) ödənilməsi Alıcını ödənilməmiş ödənişlərin ödənilməsindən, bu Müqavilənin şərtlərinin tam həcmdə icra edilməsindən azad etmir. 10.3. Bu Müqavilə üzrə dəbbə pulunun ödənilməsi Satıcının yazılı tələbnaməsinə əsasən həyata keçirilir. Alıcı dəbbə pulunu Satıcının müvafiq yazılı tələbnaməsini aldığı gündən 5 (beş) iş günü ərzində ödəməlidir. Satıcı, qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş müddətlərdən başqa, bu Müqavilə üzrə dəbbə pulunun ödənilməsi tələbinə əsas verən hadisənin baş verməsindən sonra Alıcıya dəbbə pulunun ödənilməsinə dair tələbnamənin göndərilməsi üçün hər hansı müddətlərlə məhdudlaşdırılmır”. Həmin müqavilənin 12-ci bəndinə əsasən: “12.1. Alıcı tərəfindən aşağıdakı şübhəsiz və aşkar pozuntuları yol verildiyi hallarda, Satıcı müqavilənin icra etməsindən birtərəfli qaydada imtina edə bilər: 12.1.3. Alıcı müqavilə üzrə ödənişlərini müəyyən edilmiş müddətdə ardıcıl olaraq iki dəfədən artıq ödəmir və ya 15 (on beş) təqvim gündən artıq müddətə üç dəfədən artıq ödənişi gecikdirib. 12.2. Alıcı Satıcının tələbində göstərilmiş müddət ərzində Satıcıya Əmlakı və onun ayrılmaz hissəsi olan ləvazimat və sənədləri qaytarmağa borcludur. 12.3. Satıcının müəyyən etdiyi müddət ərzində Əmlak, onun ayrılmaz hissəsi olan ləvazimat və sənədlər Satıcıya təhvil verilməyibsə, Satıcı Əmlakı məcburi qaydada geri ala bilər və onların təhvil verilməsinin hər gecikdirilmiş günü üçün Əmlakın cari dəyərinin 0,5% (sıfır tam onda beş faizi) məbləğində dəbbə pulunun ödənilməsini tələb edə bilər. 12.10. Alıcı bu müqavilənin 13.7-ci bəndində göstərilən hallarda bu Müqavilənin ləğv edilməsi nəticəsində Satıcının çəkdiyi bütün xərclərin və zərərin əvəzini ödəməlidir”. İddiaçının nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissə-hissə ödəmə şərti ilə, malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh2 arasında 27 yanvar 2020-ci il tarixdə 24 ay ərzində hər ay 141 manat olmaqla hissə-hissə ödənilməsi şərtilə ümumilikdə dəyəri 2832,85 manat təşkil edən Teplo markalı divardan asılan məişət qaz qazanına dair NAS-01/027/20-Min saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Tərəflər arasında bağlanmış müqavilənin 10.1-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 0,5%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. 30.01.2020-ci il tarixli əmlakın təhvil-təslim aktından görünür ki, Teplo markalı divardan asılan məişət qaz qazanı Cavabdeh2 tərəfindən tam qüsursuz halda təhvil alınmışdır. 20.11.2020-ci il tarixli tələb məktubundan görünür ki, Cavabdeh2 borcunun ödənilməsi barədə İddiaçı MMC tərəfindən xəbərdar olunmuşdur. 18.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 ödənişlər üzrə borc qalığı 1060,44 manat, əsas borcun qalığı 1534,41 manat, cərimə borcu 421,48 manat, ümumilikdə 3016,33 manat borcu vardır. Ödəniş qəbzindən (№ 7********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göründüyü kimi yuxarıda qeyd edilən əşyanın alqı-satqısına dair müqaviləyə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə əşyanın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı əşyanı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin əşyanı ödəmək üzrə vəzifəsini icra etməmiş, iddiaçı tərəfindən təqdim olunmuş 18.01.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 27 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən ödənişlər üzrə borc qalığı 1060,44 manat, əsas borcun qalığı 1534,41 manat, cərimə borcu 421,48 manat, ümumilikdə 3016,33 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Mülki Məcəllənin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, 27 yanvar 2020-ci il tarixli əşyanın alqı-satqısına dair müqavilə üzrə müəyyən edilmiş dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək qiymətləndirilməli və dəbbə pulu 50 manat məbləğinədək azaldılmalıdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi Cavabdeh1 ilə bağlanan 27 yanvar 2020-ci il tarixli 01/027/20-Min-Z3 saylı, Cavabdeh3 ilə bağlanan 27 yanvar 2020-ci il tarixli 01/027/20- Min-Z2 saylı zaminlik müqavilələri ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdehlər – zaminlər Cavabdeh1 və Cavabdeh3 borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdirlər. Mülki Məcəllənin 470.1 və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh - borc alan əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçının cavabdehlərə-zaminlərə qarşı da tələb hüququ yaranmışdır. Məhkəmə göstərilənləri nəzərə alaraq iddianın “cavabdehlə bağlanmış müqavilənin ləğv edilməsi” tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə hesab edir ki, cavabdehlər əsas öhdəliyini lazımınca icra etmədiyindən və bununla da müqavilə şərtlətini faktiki pozduğundan iddiaçının şərtləri pozulmuş əsas alqısatqı müqaviləsinin birtərəfli qaydada ləğv edilməsini tələb etmək hüququ yaranmışdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 01/027/20-Min saylı, 27 yanvar 2020-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi ləğv edilməli, müqaviləyə əsasən yaranmış 2594,85 manat əsas borc, 50 manat dəbbə pulu, cəmi 2644,85 manat və iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun 26 manatı məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3-dən müştərək qaydada alınaraq İddiaçı MMC-yə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh2 arasında bağlanmış 01/027/20-Min saylı, 27 yanvar 2020-ci il tarixli Nisyə alqı-satqı müqaviləsi ləğv edilsin. Əsas borc üzrə 2594,85 manat, cərimə borcu üzrə 50 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın 26 manatı, cəmi 2670,85 manat məbləğində pul Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3-dən müştərək qaydada tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2426/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2426/2021
04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver