Məhkəmə qərarları › İş №2(006)-2430/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2430/2024

17.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2430/2024 17.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurmuş olduğu maddi ziyana görə 1743 (min yeddi yüz qırx üç) manat məbləğdə pulun və ödənilmiş 38 manat məbləğdə dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 10 yanvar 2024-cü il tarixdə Cavabdeh "Audi A4" markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili 10200 (on min iki yüz) manat məbləğdə pula almışdır. Həmin vaxt Cavabdeh ona avtomobilin saz vəziyyətdə olduğunu və heç bir nasazlığının olmadığını bildirmişdi. Elə o da onun sözünə inanaraq həmin avtomobili ondan almışdı. Lakin, avtomobili alıb Mingəçevir şəhərinə gələndən sonra avtomobildə müəyyən səslərin olduğunu eşitdi. Bu məqsədlə də avtomobili Mingəçevir şəhərində fəaliyyət göstərən avtomobil ustalarının yanına apardı. Ustalar avtomobilə baxan kimi yeni aldığı avtomobilin motorxanasında problemlərin olduğunu bildirdilər və avtomobilin təmir-bərpa olunması üçün 1500-2000 manat arası pul lazım olduğunu dedilər. Bu barədə o, dərhal Cavabdeh məlumat verdi. Cavabdeh isə avtomobilin təmir-bərpa olunması üçün bütün xərcləri özünün çəkəcəyini bildirdi. Bundan sonra o avtomobilin detallarını Bakı, Mingəçevir və Gəncə şəhərlərindən alaraq ustaya gətirdi. O avtomobilin detallarına 1243 (min iki yüz qırx üç) manat məbləğdə pul xərclədi. Ustaya işi görmək üçün isə 500 manat məbləğdə pul verdi. Ümumiyyətlə avtomobilin təmir-bərpa işlərinə 1743 manat məbləğdə pul xərclədi. Bundan sonra o cavabdehə dəfələrlə müraciət edərək, avtomobilə çəkilmiş xərcləri tələb etdi. Lakin, Cavabdeh avtomobilini təmir etməmiş, verdiyi sözə əməl etməmiş və eyni zamanda da avtomobilimə dəymiş maddi ziyanı ödəməmişdir. Elə buna görə də o sikayət ərizəsi ilə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə müraciət etmişdi. Lakin, müraciətində qeyd olunan halların mülki xarakterli olduğu və buna görə də məhkəməyə müraciət etmək hüquqları izah olundu. O, avtomobilinə dəymiş maddi ziyanı başqa qaydada cavabdehdən ala bilmir. Ona görə də əlacsız qalıb məhkəməyə müraciət etməli oldu. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı ərizə təqdim edərək, iclasların onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdi. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdi ki, o, maşınını internetdə satışa qoymuşdu, iddiaçı isə gəlib baxıb neçəyə satıldığı ilə maraqlandı. İddiaçı özünün usta olduğunu bildirərək, ustasız gəlib maşına özü baxmışdır. O, avtomobilin qiymətini 12500 manatdan 10200 manata endirərək, etibarnamə ilə iddiaçıya verdi. İddiaçı maşına oturaraq Gəncəyə getmiş, 2 gün sonra isə zəng edib demişdir ki, maşının "remeni dəyişilməlidir, xərci də 150 AZN-dir. Bununla razılaşaraq 150 manatı İddiaçı kartına atmışdır. Maşına özünün baxıb aldığını nəzərə alaraq, iddianın rədd olunmasını xahiş etmişdir. Bundan əlavə Cavabdeh məhkəməyə ərizə təqdim edərək, iclasların onun iştirakı olmadan keçirilməsini xahiş etmişdi. Belə ki, iş materiallarında olan: - “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında ƏN-İX seriyalı, 201987 saylı etibarnamənin fotosurətindən görünür ki, avtomobilin mülkiyyətçisi olan X1 etibarnamə üzrə nümayəndəsi olan Cavabdeh “Audi A4" markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili İddiaçı 4 ay 26 gün müddətinə etibar etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, onun müraciətinə baxılmış və iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi məqsədəmüvafiqdir. - qəbzlərdən görünür ki, iddiaçı avtomobilin detallarına 1243 (min iki yüz qırx üç) manat məbləğdə pul xərcləmişdi. - ödəniş qəbzindən (No:**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qyula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan baş qa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Məhkəmə iddiaçının cavabdeh tərəfindən maddi zərərin vurulmasına dair iddia tələbinin dəlili ilə razılaşmır. Zərərin ödənilməsi ilə bağlı tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçı, ona dəymiş zərərin cavabdehin təqsiri üzündən dəyməsinə dair hər hansı bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçı maddi zərər kimi avtomobilin təmir-bərpa işlərinə ödədiyi 1743 manatı əsas gətirsədə bu iddianın təmin edilməsi üçün əsas hesab edilməməlidir. Belə ki, tərəflərin izahatlarında da qeyd edildiyi kimi İddiaçı 10 yanvar 2024-cü il tarixdə cavabdehdən “Audi A4" markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobili 10200 manata almışdır. İddiaçı özünün usta olduğunu bildirərək, ustasız gəlib maşına özü baxmış və bəyənərək həmin avtomobili əldə etmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı avtomobilin vəziyyəti ilə əvvəlcədən maraqlanmalı, cavabdehin öhdəsinə buraxmamalı (cavabdehin bununla bağlı vəzifəsinin olmasını məhkəməyə təqdim edilməmişdir) idi. Bu halda iddiaçının hazırda maddi tələblə cavabdehdən pul tələb etməsi əsassız olmuşdur. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinadetdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı). Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki halda iddia tələbi təmin edilmədiyindən, məhkəməyə müraciət edilməsi üçün çəkilmiş xərclər iddiaçının özünə aid edilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar