Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2431/2021 31.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı AAA oğlunun və cavabdeh BBBnin nümayəndəsi Məcidov Elbəyi Bayram oğlunun iştirakları ilə İddiaçı AAA oğlunun cavabdehlər BBBnə, CCCna və DDDnə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı AAA oğlu cavabdehlər BBBnə, CCCna və DDDnə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2015-ci il tarixli, 23-M-1- 0-109-15 №-li kredit müqaviləsi ilə BBB-dən (indiki BBB) 6400 (altı min dörd yüz) ABŞ dolları həcmində kredit götürmüşdür. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən iddiaçıya həmin kreditə görə kompensasiya məbləği ödənilməli idi. Lakin cavabdehlər tərəfindən həmin kompensasiya məbləğinin ödənilməsindən imtina edilmişdir. Bu imtina tam qanunsuz və yuxarıda qeyd edilmiş Fərmana ziddir. Göstərilənlərə əsasən xx xxxxxx 2015-ci il tarixli, 23-M-1-0-109-15 №-li kredit müqaviləsi ilə əlaqədar cavabdehlər BBBndən, CCCndan və DDDndən müştərək qaydada 3972,30 (üç min doqquz yüz yetmiş iki manat otuz qəpik) manat kompensasiyanın və 30 (otuz) manat dövlət rüsumu məbləğinin, cəmi 4002,30 (dörd min iki manat otuz qəpik) manat məbləğin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı AAA oğlu iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh BBBnin nümayəndəsi Məcidov Elbəyi Bayram oğlu iddia tələbinə etiraz edərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər CCCnın və DDDnin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən işə cavabdehlər CCCnın və DDDnin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdeh BBBnin nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, “xxxx” İKB ASC ilə AAA oğlu arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 23-M-1-0-109-15 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən AAA oğluna illik 22 faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 6400 ABŞ dolları məbləğində kredit verilmişdir. “xxxx” İKB ASC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 0402/109/19 saylı arayışdan görünür ki, AAA oğlunun xx xxxxxx 2015-ci il tarixli, 23-M-1-0-109-15 №-li kredit müqaviləsi üzrə “xxxx” İKB ASC qarşısında heç bir öhdəliyi yoxdur. Maliyyə X2nın Apellyasiya Komissiyasının xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə fiziki şəxslərə müvafiq kompensasiyalar devalvasiyaların baş verdiyi günə (xx.xx.2015-ci və ya xx.xx.2015-ci il tarixlərə) banklar və ya kredit təşkilatlarında 10000 (on min) ABŞ dollarınadək (və ya eyni ekvivalentdə xarici valyutada ifadə olunan məbləğdə) əsas kredit borcları olduğu təqdirdə verilir. İddiaçının xarici valyutada kreditləri üzrə həmin tarixlərə qalıq borcu olmadığı üçün Fərmanın əhatə dairəsinə düşməmişdir. Həmin Apellyasiya Komissiyasının xx.xx.2019-cu il tarixli qərarında qeyd olunmuşdur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı çərçivəsində kompensasiya məbləğləri və restrukturizasiya olunacaq borclar Maliyyə X2 tərəfindən aparılan Mərkəzi Kredit Reyestrinin və müvafiq kredit təşkilatının təqdim etdiyi məlumatlar əsasında hesablanır. İddiaçının kredit tarixçəsi barədə kredit təşkilatı tərəfindən uçotun düzgün aparılmaması nəticəsində Mərkəzi Kredit Reyestrinə Fərman tarixinədək heç bir məlumat daxil edilməmişdir. Bununla əlaqədar, sorğu edilən kreditlərin devalvasiya tarixlərində və Fərman tarixində mövcud olmasına, habelə təqdim olunmuş müqavilələrin həqiqiliyinə məhkəmə ekspertizası nəticəsində qərar verilməsi zərurəti yaranmışdır. Odur ki, məsələnin tam və hərtərəfli araşdırılması məqsədilə məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2431/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı AAA oğlunun cavabdehlər BBBnə, CCCna və DDDnə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraatın “CCCndan kompensasiya tutulması” hissəsinə xitam verilməsi qərara alınmışdır. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanı (bundan sonra, Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla xx xxxx 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Fərmanın 1-ci bəndinə əsasən fiziki şəxslərin banklara 10000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi nəzərdə tutulmuşdur. Fərmanın 3.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə X2 tərəfindən bu Fərmanın 1-ci hissəsinə əsasən ediləcək ödənişin ümumi məbləği, ödəniş ediləcək fiziki şəxslərin siyahısı və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləği qırx beş gün müddətində müəyyən edilməli və bu barədə DDDnə və CCCna məlumat verilməlidir. Məhkəmə qeyd edir ki, qüvvədə olan qanunvericiliyə əsasən ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi CCCnın səlahiyyətinə aid edilmişdir. Banklar isə CCCnın müəyyən etdiyi pul məbləğini siyahıya alınmış şəxslərə ödənilməsini təmin edirlər. Məhkəmə hesab edir ki, kompensasiyanın məbləğini və ödəniləcək şəxslərin siyahısını Banklar və DDD müəyyən etmirlər. Buna görə də, iddia BBBnə və DDDnə münasibətdə təmin edilməməlidir. Çünki, məhz həmin cavabdehlər Fərmanın icrası ilə bağlı müvafiq qərarlar qəbul etmək səlahiyyətinə malik deyildirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı AAA oğlunun cavabdehlər BBBnə və DDDnə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməli və məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı AAA oğlunun cavabdehlər BBBnə və DDDnə qarşı "kompensasiyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-2431/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2431/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver