Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2437/2025 02.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər LPO "xxxx" ASC və LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ("xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdehlər LPO "xxxx" ASC və LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ("xxxx" MMC mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ləğv prosesində olan "xxxx" ASC-in əməliyyat sistemində və kredit bürosundan çıxarışda qeyd olunmuş 2811.85 manat əsas və 4692.10 manat faiz borcunun olmaması müəyyən edilərək hamin borcun cavabdehlərin əməliyyat sistemindən silinməsi və iddiaçının borclu olmadığı barədə qeydin "xxxx" MMC-niıı kredit reyestrində aparılmasının cavabdehlərin öhdəsinə qoyulması və tərəfimdən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və hüquqi yardım üçün ödənilmiş 100 manat məbləğində vəsaitin cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: Hazırda ləğv prosesində olan Cavabdeh1 ASC-nin "Binəqədi" filialı ilə onunla, yəni İddiaçı oğlıı, arasında bağlanmış xx.xx.2013-cü il tarixli 07 saylı kredit müqaviləsi özlüyündə əhəmiyyətsiz əqd olduğundan onun əsasında yaranmıs kredit borcu cavabdehin əməliyyat sistemindən silinməli, onun cavabdehə borcunun olmaması müəyyən edilməklə bu barədə qeydin cavabdeh "xxxx" MMC-nin kredit reyestrində aparılması təmin edilməlidir. Belə ki, tərəfindən əldə edilmiş Azərbaycan Kredit Bürosundan çıxarışda "Borcalanın aktiv öhdəlikləri" hissəsində əks olunmuş cavabdeh "xxxx" ASC ilə bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsi ümumiyyətlə onun tərəfindən imzalanmamış va kredit verilən zaman o, fiziki olaraq cavabdehin inzibati binasında olmamışdır. Qeyd olunanları əsas götürərək, hesab edir ki, xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin tərəfindən imza edilmədiyindən məhkəmə tərəfindən əhəmiyyətsiz əqd kimi qiymətləndirilərək onun əsasında yaranmış borcun ona aid olmadığı müəyyən edilməli və Azərbaycan Kredit Bürosunun kredit reyestrində buna dair qeydlər aparılmalıdır. Əlavə olaraq qeyd edir ki, Mülki Məcəllənin 551.1-ci maddəsinə əsasən Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il keçdikdən sonra qüvvəsini itirir” İstinad olunan maddi hüquq bormasında nəzərdə tutulan və hazırkı əhəmiyyətsiz kredit müqaviləsi üzrə 10 illik müddət xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Qeyd olunan əsasla da öhdəliyə artıq xitam verilib. Cavabdehin etirazı: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və LPO Cavabdeh1 ASC-yə qarşı “kredit reyestrinə məlumatın təqdim edilməsi öhdəliyinin cavabdehlərə həvalə olunması tələbinə” dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək iddiaçının adını problemli müştəri kimi mərkəzləşdirilmiş kredit reyestrindən çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank borc alana 18 (on səkkiz) ay müddətinə illik faiz dərəcəsi 25 (iyirmi beş) faiz ödənilmək şərtilə 3.500 (üç min beş yüz) manat məbləğində kredit vermiş, borc alan isə krediti qəbul etməyi və xx.xx.2014-cü il tarixədək krediti və faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi X3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi ilə təmin edilmişdir. Borclunun 2.811,85 (iki min səkkiz yüz on bir manat 85 qəpik) manat əsas borc, 294,85 (iki yüz doxsan dörd manat 85 qəpik) manat faiz borcu, 899,69 (səkkiz yüz doxsan doqquz manat 69 qəpik) kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu, 1.547,41 (bir min beş yüz qırx yeddi manat 41 qəpik) manat dəbbə borcu olmaqla, cəmi 5.553,80 (beş min beş yüz əlli üç manat 80 qəpik) manat borcu olduğu üçün iddiaçı ləgv prosesində olan Cavabdeh1 ASC tərəfindən İddiaçı qarşı Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Mirzəzadə) iddiaçı ləğv prosesində olan Cavabdeh1 ASC-nin cavabdehlər İddiaçı və X1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən R.Qurbanov, hakimlər E.Nəbiyev və A.Hüseyn) Yasamal rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tərəflərindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-5206/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı yuxarıda qeyd olunanları istinad edərək kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə zəruri məlumatları "xxxx" MMC-yə təqdim etmək öhdəliyinin ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirlər ki, İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit müqaviləsi üzrə borcunun olmaması barədə zəruri məlumatları "xxxx" MMC-yə təqdim etmək öhdəliyinin ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Bilindiyi kimi, iddiaçının istinad etdiyi qətnamə üzrə onların borcunun olmaması müəyyən olunmamışdır, sadəcə onun ərizəsi əsasında iddia müddəti tətbiq olunaraq iddia rədd olunmuşdur. Bu səbəbdən müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur. Belə ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Hazırki kredit müqaviləsindən irəli gələn tələb hüququna dair 3 illik iddia müddəti keçmiş olsa belə, bu, kreditorun tələb hüququnu, borclunun isə öhdəliyini aradan qaldırmır. İddia müddətinin keçməsi yalnız kreditorun tələb hüququnun məhkəmə qərarı ilə məcburi icrasını mümkünsüz edir. Odur ki, məhkəmədən iddiaçının kredit müqaviləsi üzrə borcunun olmaması barədə zəruri məlumatların "xxxx" MMC-yə təqdim etmək öhdəliyinin ləğv prosesində olanCavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması tələbi təmin edilə bilməz və həmin tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmənin iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 iddianı qəbul etməyərək etirazda göstərilən məzmunda izahat verərək, iddianın rədd edilməsini xahiş etdi. Müstəqil tələb irəli süməyən üçüncü şəxs Azərbaycan Kredit Bürosu MMC-yə məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakı təmin edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Azərbaycan Kredit Bürosu MMC-nin xx.xx.2025-ci il tarixli çıxarışına əsasən İddiaçı Cavabdeh1 ASC-yə 2811,85 manat əsas, 4692,10 manat faiz borcu olduğu müəyyən edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti "Binəqədi” filialı ilə cavabdeh X5 arasında xx.xx.2013cü il tarixli 07 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik faiz dərəcəsi 25% faiz ödənilmək şərtilə 3500 AZN məbləğində istehlak krediti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq X3 ilə bank arasında xx.xx.2013-cü il tarixdə 07/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(004)-6410/2018 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-nin cavabdehlər İddiaçı və X1 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası rədd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Öhdəliyə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 372. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 527. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Maddə 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. Maddə 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. Maddə 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. Maddə 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli qərarında iddia müddəti və kəsici müddət arasındakı əsas fərqləri izah edərkən qeyd etmişdir ki, iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 11 fevral 2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. ... İddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydalarının 6.1-6.4-cü bəndlərinə, "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən, həmin normativ hüquqi aktlarla kredit təşkilatının borcalana qarşı verdiyi iddianın nəticəsi barədə kredit reyestrinə məlumatın verilməsi öhdəliyi nəzərdə tutulmamışdır. Həmçinin “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində məlumat təchizatçılarının kredit bürosuna təqdim etməli olan məlumatların siyahısı qeyd olunmuşdur ki, onların arasında müqavilə üzrə borcun yaranması və ödənilməsi (əsas borcun və faizlərin) tarixləri, borc üzrə aparılmış ödənişlər; vaxtı keçmiş borc məbləği (əsas borc və/və ya faizlərin tam və ya bir hissəsinin ödənilməsi müqavilədə nəzərdə tutulmuş müddətdən 30 təqvim günündən artıq gecikdirilmiş borc); borc öhdəliyinin təminatı; balansdan silinmiş ümidsiz borc və s. daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İş materiallarından göründüyü kimi iddiaçının istinad etdiyi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onun bank qarşısında öhdəliyinin olmaması əsası ilə deyil, bank tərəfindən iddia müddəti ötürülməklə iddia verilməsi əsası ilə rədd olunmuşdur. Mülki Məcəllənin müvafiq normalarının məzmunundan da göründüyü kimi, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi də öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Öhdəliklərə tamamilə və ya qismən xitam verilməsinin bir sıra əsasları Mülki Məcəllənin 527-ci maddəsində müəyyən edilmişdir. Həmin maddədə isə iddia müddətinin keçməsi və bu institutun məhkəmə tərəfindən tətbiq edilməsi nəticəsində iddianın rədd olunması borclunun kreditora qarşı öhdəliyə xitam verilməsi kimi əsas nəzərdə tutulmamışdır. Belə ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Qanunvericilik heç bir halda iddia müddətinin məhkəmə tərəfindən tətbiq edilməsini öhdəliyə xitam verilməsi üçün əsas kimi tanımır. Təsadüfi deyil ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Qeyd edilənlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqe də ondan ibarətdir ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Beləliklə, iddia müddəti hüquqi təyinat və mahiyyəti etibarı ilə haqların və öhdəliklərin mövcud olması və onların aradan qalxması ilə bağlı olmayıb, borclunun özünü müdafiəsi üçün nəzərdə tutulmuş mülki hüquqi vasitədir. Qanunvericilik mülki münasibət iştirakçılarının pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsinə müvafiq müddətlər daxilində təminat verir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının LPO Cavabdeh1 ASC qarşısında öhdəliyinə xitam verilmədiyi üçün onun hazırki tələbi təmin edilə bilməz. Məhkəmə iddiaçının “cavabdeh "xxxx" ASC ilə bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin ümumiyyətlə onun tərəfindən imzalanmaması” ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə qanuniliyi və hüquqi nəticələri tanınan müqaviləyə ayrıca məhkəmə icraatında hüquqi qiymət verilə bilməz. Bundan başqa Yasamal Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, İddiaçı həmin icraatda vəkillə təmsil olunmuş və nümayəndəsi (vəkili) müqavilənin etibarlılığını mübahisələndirməmiş, yalnız iddia müddətinin ötdüyünə istinad etmişdir. İddiaçının Mülki Məcəllənin 551.1-ci maddəsinə istinadən öhdəliyə xitam verilməli olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olurlar. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə iddiaçı tərəfindən cavabdehlərdən biri kimi LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu göstərilsə də, mübahisənin mahiyyətindən aydın olur ki, hazırki iş üzrə tək cavabdeh LPO Cavabdeh1 ASC-dir. Belə ki, Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi olmaqla bankın idarə olunması üzrə səlahiyyətləri həyata keçirir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş qəbz məhkəmədə iddianın qaldırılması ilə bağlı deyil, vəkil bürosuna ödənilmiş rüsumu özündə əks etdirir. Belə olan halda hazırkı tələb üzrə dövlət rüsumu ödənilməmiş kimi qiymətləndirilir. Ona görə də iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilməli olan, lakin ödənilməmiş 100 manat dövlət rüsumu İddiaçı tutularaq (iddia rədd edildiyindən) dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilməli olan 100 manat dövlət rüsumu İddiaçı tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-2437/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2437/2025
02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver