Məhkəmə qərarları › İş №2(006)-2438/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2438/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Bank əmanəti və bank hesabatı müqavilələri üzrə mübahisələr - Banklarla müştərilər arasında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2438/2024 24.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçılar İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC və LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kompensasiya olaraq pulun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC və LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kompensasiya olaraq pulun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-də depozitdə olan 30.645 (otuz min altı yüz qırx beş) manat məbləğində əmanətinin və depozitin qaytarılmasından imtina edildiyi vaxtdan qətnamə çıxarılacağı vaxta qədər olan müddətinə depozit müqaviləsinə uyğun olaraq faizlərinin hesablanaraq həmin məbləğə əlavə olunması və yekun məbləğin İddiaçı kompensasiya olaraq ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə həyat yoldaşı X3 arasında bağlanmış 05 dekabr 2022-ci il tarixli MA22/000/001090 saylı “üçüncü şəxsin adına, yəni İddiaçı adına və xeyrinə əmanət müqaviləsi”-nə əsasən Cavabdeh1 ASC-yə 12 ay müddətinə, illik 11% dərəcəsi ilə 29500 (iyirmi doqquz min beş yüz) manat depozit yerləşdirmişdir. İddiaçının adıına verilmiş 034013 saylı əmanət kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmış, həmçinin “MuğanBank" ASC-nin xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan AZ03MUGA**********04953AAZMOO hesab nömrəsindən göründüyü kimi sığorta hadisəsi baş verdiyi xx.xx.2023-cü il tarixə depozit faizi də daxil olmaqla iddiaçıya ödənilməli olan məbləğ 30645,36 manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə Cavabdeh1 ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin sözügedən qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1 ASC-nin ləğvedicisi təyin edilmişdir. Əmanəti qorunan əmanət olduğu üçün Əmanətlərin Sığortalanması Fondu ‘"xxxx" ASC-nin ləğvedicisinə kompensasiya almaq üçün müraciət etmişdir. Lakin, depozit müqaviləsində bankın möhürünün olmamasını, depozit müqaviləsinin guya Mülki Məcəllənin 946.1-ci maddəsinə uyğun tərtib edilmədiyini bəhanə gətirərək iddiaçıya kompensasiya ödənilməsindən imtina edilmişdir. Halbuki, Mülki Məcəllənin 946.1-ci maddəsinə görə Bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin. Mülki Məcəllənin qeyd olunan normasında əmanət müqaviləsində möhürün olmaması yazılı formaya riayət edilməməsi üçün əsas kimi göstərilməmişdir. Əksinə, əmanətinin mövcudluğu depozit müqaviləsi və əmanət kitabçası ilə təsdiq edilmişdir. İddiaçı qeyd etmişdir ki, əmanət kitabçasında bankın möhürü vurulmuşdur. Eyni zamanda cavabdehin verdiyi bank hesabından çıxarışa əsasən 30.645 manat depozitinin hesabda olması təsdiq olunur. Əmanət kitabçasında filial müdirinin imzası və filialın möhürünün olduğu elektron sistemdə iddiaçının hesabında 30.645 manat əmanətin mövcud olduğu müəyyən edildiyi halda, yalnız əmanət müqaviləsində filialın möhürünün vurulmaması faktı əmanətinin qaytarılmasından imtina üçün əsas ola bilməz və cavabdeh əmanəti qaytarmalıdır. İddiaçı daha sonra iddia tələbinin artırılması barədə məhkəməyə ərizə verərək "xxxx" ASC-də depozitdə olan 30.645 (otuz min altı yüz qırx beş) manat məbləğində əmanətinin və depozitin qaytarılmasından imtina edildiyi vaxtdan qətnamə icra olunan günədək depozit müqaviləsinə uyğun olaraq faizlərinin hesablanaraq həmin məbləğə əlavə olunması, yekun məbləğin İddiaçı kompensasiya olaraq ödənilməsi və 183 manat dövlət rüsumunun ödənilməsi vəzifəsinin cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin iştirakı və izahatı: İddiaçı nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Əmanətlərin Sığortalanması Fondu xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək, məhkəmə baxış iclasının onlarınn iştirakı olmadan keçirilməsini və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları: LPO Cavabdeh1 ASC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2024-cü il tarixli **********168 nömrəli məktubun əslindən görünür ki, əmanət müqaviləsinin bank tərəfindən təsdiq olunmamış və əmanəti təsdiq edən digər sənədlər aşkar edilməmişdir. LPO Cavabdeh1 ASC, İddiaçı (əmanətçi) və X3 (əmanəti daxil edən) aralarında bağlanmış üçüncü şəxsin adına və xeyrinə 05 dekabr 2022-ci il tarixli MA/22/000/001090 nömrəli əmanət müqaviləsinin əslindən görünür ki, X3 tərəfindən «əmanətçi» qismində İddiaçı adına və xeyrinə 29500 manat məbləğində vəsait Cavabdeh1 ASC-yə əmanət olaraq yerləşdirmişdir. Müqavilənin 1.1-cü maddəsinə əsasən, Bank bu Müqavilənin şərtlərinə uyğun olaraq depozitə qəbul edilən vəsaitin yerləşdirilməsi məqsədi ilə Əmanətçiyə AZ12MUGA**********00944AZMOO saylı əmanət (depozit) hesabını açır. Depozitə qoyulan vəsait Əmanətçinin cari hesabından silinir və ya nağd şəkildə depozit hesabına mədaxil edilir. Müqavilənin 2.1-ci bəndinə əsasən Depozit üzrə faizlər şərti olaraq bir təqvim ilinin daxilində vəsaitin depozit hesabında saxlandığı günlərin faktiki sayına görə hər gün illik 11 (on bir) %-lə hesablanır. Müqavilənin 2.2-ci bəndinə əsasən Depozitin məbləğinə faizlər bu məbləğin Banka daxil olduğu günün ertəsi gündən məbləğin Əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla Əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır.Bu qayda bir günlük depozitlərə tətbiq edilmir. Müqavilənin 8.1, 8.2 və 8.3-cü bəndinə əsasən Bank 30 iyul 2007-ci il tarixindən Əmanətlərin Sığortalanması Fondunun (sonradan Fond) iştirakçısı olaraq (14 saylı Şəhadətnamə) Fonda sığorta haqqı ödəyir (bu haqq Əmanətçidən tutulmur). Bank tərəfindən Əmanətçidən müqavilə imzalandığı tarixə qanunvericiliklə müəyyən olunmuş şərtlər daxilində qəbul edilmiş əmanətlər Fond tərəfindən sığortalanır. Sığorta hadisəsi - Bankın məcburi ləğvi və ya müflis elan olunması, Bankın Əmanətçi qarşısında əmanət üzrə öhdəliklərinin yerinə yetirilməsinə məhkəmə tərəfindən moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və Bankın Əmanətçi qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi faktının Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təsdiq edilməsidir.8.7-ci bəndə əsasən Fond sığorta hadisəsi baş verdikdə Əmanətçiyə müvafiq meyarlarla kompensasiya ödəyir: 5 aprel 2021-ci il tarixdən etibarən kompensasiya məbləği 100 min manat müəyyən edilmişdir. 1 iyun 2020-ci il tarixdən etibarən milli valyutada olan qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 12%, xarici valyutada isə 2.5 % müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı 183 manat dövlət rüsumu ödəmişdir. Əmanətlərin Sığortalanması Fondu tərəfindən təsdiqlənmiş xx.xx.2023-cü il tarixli 16 nömrəli çıxarışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində (sığorta hadisəsi baş verdiyi tarixdə) depozit faizi ilə birlikdə hesabda olan pulun məbləği 30.645,55 manat təşkil etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 944.1-ci maddəsinə əsasən bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. 946.1-ci maddəsinə əsasən bank əmanəti müqaviləsi yazılı formada bağlanır. Bank əmanəti müqaviləsinin yazılı formasına o halda riayət olunmuş sayılır ki, əmanətin qoyulması bank kitabçası ilə və ya bank tərəfindən əmanətçiyə verilmiş digər sənədlə, özü də qanunda bu cür sənədlər üçün nəzərdə tutulmuş tələblərə, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydalarına və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətlərinə uyğun gələn sənədlə təsdiq edilsin. 947.2-ci maddəsinə əsasən istənilən növ bank əmanəti müqaviləsinə görə bank əmanətçinin ilk tələbi ilə əmanəti məbləğinin ən azı dörddə bir hissəsini dərhal, qalan hissəsini isə ən geci beş bank günü müddətində verməlidir, amma qaytarmanın müqavilədə nəzərdə tutulmuş başqa şərtləri ilə hüquqi şəxslərin qoyduqları əmanətlər istisna təşkil edir. 953.1-ci maddəsinə əsasən əgər tərəflərin razılaşması ilə ayrı qayda nəzərdə tutulmayıbsa, fiziki şəxslə bank əmanəti müqaviləsinin bağlanması və onun əmanət üzrə hesabına pul vəsaitinin qoyulması bank kitabçası ilə təsdiq olunur. Bank əmanəti müqaviləsində adlı bank kitabçasının və ya adsız bank kitabçasının verilməsi nəzərdə tutula bilər. Bank kitabçasında bankın adı və olduğu yer, əmanət filiala qoyulduqda isə həm də müvafiq filialın adı və olduğu yer, əmanət üzrə hesabın nömrəsi, habelə hesaba köçürülmüş pul vəsaitinin bütün məbləğləri, hesabdan silinmiş pul vəsaitinin bütün məbləğləri və bank kitabçasının banka təqdim olunduğu anadək hesabdakı pul vəsaitinin qalığı göstərilməli və bank tərəfindən təsdiq edilməlidir. Əgər ayrı hal sübuta yetirilməyibsə, bank kitabçasında göstərilmiş əmanət haqqında məlumatlar bankla əmanətçi arasında əmanət üzrə hesablaşmalar üçün əsasdır. 953.2-ci maddəsinə əsasən bank əmanətin verilməsini, əmanət üzrə faizlərin ödənilməsini və əmanət üzrə hesabdan pul vəsaitinin digər şəxslərə köçürülməsinə dair əmanətçinin sərəncamlarının icrasını bank kitabçası təqdim olunduqda həyata keçirir. «Əmanətlərin sığortalanması haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1.2 və 2.1.2.6-cı maddələrinə əsasən qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir. Cəlb edildiyi günə bu Qanunun 8.1.20-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş həddən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanətlərə aid edilmir. 2.1.3-cü maddəsinə əsasən sığortalanmış əmanət – qorunan əmanətçinin qorunan əmanətinin Fond tərəfindən kompensasiya ödənilən hissəsidir. 2.1.11-ci maddəsinə əsasən kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir. 4.1-ci maddəsinə əsasən qorunan əmanətçilərin bu Qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu Qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. 26.1-ci maddəsinə əsasən Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 100 min min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir. 27.2-ci maddəsinə əsasən əmanətlər üzrə faizlər sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilir, bu şərtlə ki, kompensasiya bu qanunun 26.1-ci maddəsində göstərilən məbləğdən artıq olmasın. 28.2-ci maddəsinə əsasən kompensasiya almaq üçün əmanətçi yazılı ərizə ilə Fonda müraciət edir. Ərizəyə əmanət müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericiliyə uyğun olaraq əmanəti təsdiqləyən digər sənədlər və onların surəti əlavə olunur, habelə əmanətçinin şəxsiyyətini təsdiq edən sənəd təqdim edilir. Kompensasiya almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni Fonda təqdim etməlidir. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.2.6-cı maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 sentyabr 2018-ci il tarixli Qərarına əsasən, X7 qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddinin müəyyən edilməsi ilə bağlı bir neçə qərar qəbul etmişdir. Belə ki, 2009-cu il 10 iyun tarixli qərar ilə qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddi 15 faiz, 2013-cü il 01 avqust tarixli qərar ilə 10 faiz, 2015-ci il 24 fevral tarixli qərar ilə 12 faiz, 2016-cı il 2 mart tarixli qərar ilə xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 12 faiz müəyyən edilmişdir. X4 2016-cı il 16 sentyabr tarixli qərar ilə isə banklarda qəbul edilən əmanətlərin illik faiz dərəcəsi xarici valyuta üzrə 3 faiz, milli valyuta üzrə 15 faiz olmaqla 3 il müddətində tam sığortalanması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən olmuşdur ki, xx.xx.2022-ci il tarixli MA/22/000/001090 nömrəli üçüncü şəxsin adına və xeyrinə əmanət müqaviləsi ilə X3 tərəfindən «əmanətçi» qismində İddiaçı adına və xeyrinə 29500 manat məbləğində vəsait Cavabdeh1 ASC-yə əmanət olaraq yerləşdirmişdir. Lakin, sığorta hadisəsi baş verdikdən sonra ləğv prosesində olan Cavabdeh1 ASC əmanət məbləği və ona hesablanmış faiz məbləğləri iddiaçıya ödəməmişdir. Müvafiq kompensasiya ödənişinin həyata keçirilməsinə məsul olan Əmanətlərin Sığortalanması Fondu kompensasiya ödənişindən əmanət müqaviləsində bankın müvafiq möhürünün olmaması əsası ilə imtina etmişdir. Halbuki mülki qanunvericilik normalarına əsasən bank əmanəti müqaviləsinin mövcudluğunu təsdiq edən yeganə sənəd bankın müvafiq möhürü ilə təsdiqlənmiş müqavilə hesab edilmir. Hazırda iddiaçının əmanəti qəbul edən bankın müvafiq möhürü ilə təsdiqlənmiş əmanət kitabçası olduğu halda, habelə Fondun özünün də müvafiq sistemindən çıxarışa əsasən iddiaçının əmanət məbləği və həmin əmanətə hesablanmış faizlərin sığorta hadisəsi baş verən günədək olan məbləği barədə kifayət qədər məlumatlı olmasına baxmayaraq Fond əsassız olaraq əmanətçinin tələblərinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddia tələbinin depozitin qaytarılmasından imtina edildiyi vaxtdan qətnamə çıxarılacağı vaxta qədər olan müddətdə depozit müqaviləsinə uyğun olaraq faizlərinin hesablanaraq həmin məbləğə əlavə olunmaqla tutulması hissəsini əsassız hesab edir. Belə ki, kompensasiya ödənişinin həyata keçirilməsini tənzimləyən qanunvericilik normalarına əsasən əmanətlər üzrə faizlərin sığorta hadisəsinin baş verdiyi günə qədər hesablanmış məbləğdə ödənilməsi müəyyən edildiyindən sığorta hadisəsi baş verdikdən sonrakı dövr üçün əmanətə faizlərin hesablanması mümkün deyildir. Həmçinin iddia tələbi əsas hissədə təmin edildiyindən və iddianın təmin edilən hissəsinə uyğun olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 ASC-də depozitdə olan 30.645 mant məbləğində pul və 183 manat dövlət rüsumunun əvəzi Cavabdeh1 ASC-dən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əmanətlərin Sığortalanması Fondundan kompensasiya ödənişi olaraq 30645 (otuz min altı yüz qırx beş) manat məbləğində pul və ödənilmiş 183 (yüz səksən üç) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar