Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-244/2021 28.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Tanırverdi qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Aslan İhsana (Azərbaycan Respublikası DİN BDYPİ mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və s.» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Tanırverdi qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Aslan İhsana (Azərbaycan Respublikası DİN BDYPİ mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə olunmuş «X14» minik markılı, **-GE-*** dövlət qeydiyyat nişanlı (hazırda dövlət qeydiyyat nişanı **-TA-***), buraxılış ili 2007-ci il olan, qara rəngli, SALLSAA248A125346 şassi nömrəli avtomobilin Cavabdeh1 tərəfindən Cavabdeh2 satılmasına dair 10.10.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin həmin avtomobilin Cavabdeh2 tərəfindən Cavabdeh3 satılmasına dair 27.12.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmçinin həmin avtomobilin Cavabdeh3 tərəfindən Aslan İhsana satılmasına dair 13.07.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin ləğv edilməsi, həmin avtomobilin bölünərək 1/2 hissəsinə onun, 1/2 hissəsinə isə Cavabdeh1 pay hüququ üzrə mülkiyyət hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Tanırverdi qızı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla cavabdehin birgə nikahı dövründə birgə vəsait hesabına əldə olunmuş və bu səbəbdən birgə əmlak hesab edilən «X14» minik markılı, **-GE-*** dövlət qeydiyyat nişanlı (hazırda dövlət qeydiyyat nişanı **-TA-***) avtomobilə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 10.10.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin avtomobilə dair cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 27.12.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin avtomobilə dair cavabdehlər Cavabdeh3 ilə Aslan İhsan arasında bağlanmış 13.07.2019-cu il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi; həmin alğı-satqı müqavilələri əsasında verilmiş şəhadətnamələrin ləğv edilməsi; həmin avtomobilin üzərində bərabər hissələrdə - 1/2 hissədə onun, 1/2 hissədə Cavabdeh1 paylarının müəyyən edilməsi və həmin hissələrdə tərəflərin mülkiyyət hüququnun tanınması; avtomobilin hazırkı real bazar dəyərini təşkil edən 35.000 manat məbləğində pulun 1/2 hissəsi, yəni 17.500 manat məbləğində pulun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Tanırverdi qızı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 06 fevral 1998-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Lakin son illər cavabdeh başqa bir qadınla qeyri-rəsmi münasibətdə olduğu üçün aralarında olan ailə münasibətləri dağılmışdır. Aralarında olan nikaha xitam verilməsi və əmlak bölgüsü tələbi lə bağlı Cavabdeh1 tərəfindən 08.10.2018-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Lakin sonradan barışdıqları zaman sonuncu ona bu barədə bildirmiş, onlar məhkəmədə iştirak etməmiş və məhkəmə tərəfindən iddia ərizəsi 2019-cu ilin fevral ayında baxılmamış saxlanılmışdır. 2019-cu ilin may ayında Cavabdeh1lə münasibətləri yenidən pozulmuşdur. O isə yenə də övladlarına görə bu münasibətlərin bərpa olunması üçün nə qədər cəhd etsə də həmin, cəhdi uğursuz alınmışdır. Cavabdeh1 2019-cu ilin may ayında münasibətləri pozulduqdan sonra ona məlumat vermədən ona qarşı «nikahın pozulması və birgə nikahda əldə olunmuş əmlak bölgüsü» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə tərəfindən isə onların barışmaları üçün üç ay vaxt verilmişdir. O, məhkəmə iclasından xəbər tutan zaman məhkəmə iclasında iştirak etmiş və məhkəmədə onun da qarşı tərəfə qarşı əmlak tələbi ilə məhkəməyə müraciət edəcəyini bildirdiyi üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.08.2019-cu il tarixli qərardadı ilə «nikahın pozulması» və «birgə nikahda əldə olunmuş əmlak bölgüsü» tələbləri ayrıca icraata ayrılmış və həmin məhkəmənin 18 sentyabr 2019cu il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə aralarında olan nikah pozulmuşdur. Cavabdeh1 qarşı qaldıracağı «əmlak tələbi barədə» iddia üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin vəkil sorğusuna cavab olan 02 sentyabr 2019-cu il tarixli 79755-1219 saylı məktubundan və ona əlavə edilmiş kompüter çıxarışından məlum olmuşdur ki, Cavabdeh1 adında yalnız 10.10.2008-ci il tarixdə əldə etdikləri «Mercedes 190» markalı **-DU-*** dövət qeydiyyat nişanlı avtomobil qeydiyyatda qalıb. Halbuki, Cavabdeh1lə birgə nikahda olan zaman 27.08.2014-cü ildən onların mülkiyyətlərində və istifadələrində «X14» minik markalı **-GE-*** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2007-ci il olan, qara rəngli, SALLSAA248A125346 şassi nömrəli avtomobilləri də var idi. Cavabdeh1 isə aralarında olan nikaha xitam verilməsi və əmlak bölgüsü tələbi ilə bağlı 2018-ci ilin oktyabr ayında məhkəməyə müraciət edən zaman dərhal da həmin avtomobili onun xəbəri və razılığı olmadan Cavabdeh2 satmışdır ki, «X14» minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil birgə nikah dövründə əldə olnumuş əmlak kimi bölgüyə aid edilməsin. O, həmin vaxt məcbur qalıb ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin ona qarşı qaldırdığı «birgə nikahda əldə olunmuş əmlak bölgüsü» tələbinə qarşı qaldırdığı «əmlak» tələbi barədə qarşılıqlı iddia ərizəsində «Mercedes 190» markalı **-DU-*** dövət qeydiyyat nişanlı avtomobilə və digər daşınmaz əmlakların 1/2 hissəsinə isə onun paylarının müəyyən edilməsini xahiş etmiş və həmin qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Həmin işə baxılan zaman məhkəmədən Cavabdeh1 tərəfindən «X14» minik markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin kimə satılmasının aydınlaşdırılması üçün sorğu verilməsini xahiş etsə də, məhkəmədə həmin vəsatəti təmin edilməmişdir. Həmçinin məhkəmədən həmin avtomobilin hazırda kimin mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinə vəkil sorğusu verilməsi və həmin sorğuya cavab alınması üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, məhkəmə yenə də, vəsatətini təmin etməmiş və qətnaməni qəbul etmişdir. Həmin hal Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(006)-6028/2019 saylı qətnaməsində öz əksini tapmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(006)-6028/2019 saylı qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Nizami rayonu Ə.Vəliyev küçəsi 2433-cü məhəllədə yerləşən 1 saylı evin 4 otaqlı 72 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu X11 küçəsi 24 saylı evin 136 saylı mənzili, Abşeron rayonu Məmmədli kəndində 0,03 ha xüsusi mülkiyyət əsasında torpaq sahəsi üzərində 1/2 hisəsinə Cavabdeh1, 1/2 hisəsinə İddiaçı Tanırverdi qızının payları müəyyən edilmiş, «X15» markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 15.04.2019-cu il tarixli alğı-satqı müqaviləsi və Bakı şəhəri Nizami rayonu Ə.Vəliyev küçəsi 2433-cü məhəllədə yerləşən 1 saylı evin 4 otaqlı 72 saylı mənzilə dair 18.03.2019-cu il tarixli müqavilə etibarsız hesab edilmiş, həmin əmlakların 1/2 hisəsinə Cavabdeh1, 1/2 hisəsinə İddiaçı Tanırverdi qızının payları müəyyən edilmiş, ilk iddia digər hissədə təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh1 adına rəsmiləşdirilən Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0,522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və «Mercedes 190» markalı **-DU-*** dövət qeydiyyat nişanlı avtomobilin üzərində, həmçinin ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 49 m2 olan bir otaqdan ibarət 38 saylı mənzilin 1/2 hisəsinə Cavabdeh1, 1/2 hisəsinə İddiaçı Tanırverdi qızının payları müəyyən edilmiş, qarşılıqlı iddia digər hissədə təmin edilməmiş, ilk iddia üzrə ödənilmiş 40 manat dövlət rüsumu ilk iddia üzrə iddiaçıya, qarşılıqlı iddia üzrə ödənilmiş 40 manat dövlət rüsumu qarşılıqlı iddia üzrə iddiaçıya aid edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin vəkil sorğusuna cavab olan 26 noyabr 2019-cu il tarixli 110312-1215 saylı məktubundan və ona əlavə edilmiş kompüter çıxarışından ona məlum olmuşdur ki, Cavabdeh1 «X14» minik markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh2 sataraq özgəninkiləşdirmiş, Cavabdeh2 isə öz növbəsində həmin avtomobili 27.12.2018-ci il tarixdə Cavabdeh3, sonuncu isə 13.07.2011-ci il tarixdə Aslan İhsana satmışdır. Qeyd edilən avtomobilin ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 tərəfindən özgəninkiləşdirilməsindən onun xəbəri olmamış və avtomobil satılarkən də onun razılığı alınmamışdır. Halbuki, Azərbaycan Respublikası mülki qanunvericiliyinin tələblərinə uyğun olaraq rəsmi reyestrdə qeydiyyata alınan daşınar əşyaların özgəninkiləşdirilməsinə dair müqavilələr notariat qaydasında təsdiq edilməli olan əqdlər kateqoriyasına aid edilmişdir. Bundan başqa, ər-arvaddan birinin əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlanması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Göründüyü kimi, sözügedən avtomobil nikah dövründə əldə edilmiş, lakin Cavabdeh1 onun məlumatı və razılığı olmadan avtomobilləri özgəninkiləşdirmişdir. Bununla da, rəsmi reyestrdə qeydə alınan avtomobil üzərində Cavabdeh1 tərəfindən sərəncam verilərkən onun həmin avtomobil üzərində olan mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Tanırverdi qızına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdeh1 mülki işə iddiaçının iştirakı olmadan baxılmasını tələb etdi. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə 1998-ci ildən 2019-cu ilin ortalarınadək bir yerdə yaşamaqla birgə təsərrüfat idarə etmişlər. Rəsmi nikahları Nəsimi Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçının iddia etdiyi avtomobil birgə nikahda olduqları zaman alınmış və birgə nikahda olduqları zaman da digər bir şəxsə satılmışdır. Avtomobilin satılmasının əsas səbəbi 05 mart 2018-ci ildə daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə Abşeron rayonu, Məmmədli kəndində 0,522 ha torpaq sahəsi almaları olmuşdur. Həmin torpağın dəyərinin bir hissəsi nağd şəkildə satıcı X4 verilmiş, qalan hissəsinin isə dəyərinin əvəzinə həmin avtomobili vermişlər. Mübahisəli avtomobil daha sonra Azəddin Cəlilov tərəfindən digər bir şəxsə, daha sonra isə başqa şəxslərə satılmışdır. İddiaçının avtomobilin satışından əldə edilən Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,522 ha torpaq sahəsinin 1/2 hissəsinin mülkiyyətinə keçməsinə dair iddia tələbi Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə təmin edilərək, həmin torpağın 1/2 hissəsinə onun mülkiyyət hüququ tanınmışdır. Beləliklə, hesab edir ki, mübahisəli avtomobil iddiaçı ilə birgə yaşamaqla birgə təsərrüfatı idarə etdikləri vaxtda alınmış və həmin vaxtda da satılaraq ailənin birgə mülkiyyətinə aid olan torpaq sahəsi alınmışdır. Bütün bunlar onu göstərir ki, iddiaçı hazırda formal xarakterli əsassız və mənasız şikayətlər yazaraq, məhkəmənin vaxtını almaqla bərabər, onu incitməklə məşğuldur. Bu cür şikayət tamamilə əsassız və qanunsuz şikayətdir. Bu səbəbdən, iddia tələbi əsassız olmaqla rədd edilməlidir. Qeyd olunanlara əsasən, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, Aslan İhsana və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası DİN BDYPİyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə X1 arasında nikah 06 fevral 1998-ci il tarixdə Bakı şəhəri, Xətai rayon Qeydiyyat Şöbəsində 65 saylı akt qeydi ilə bağlanmışdır. - 05 mart 2018-ci il tarixdə notariat qaydasında (Abşeron rayonu 1 saylı notariat kontorunda) bağlanmış AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsindən görünür ki, tərəflər birgə nikahda olduqları dövrdə, 05 mart 2018-ci il tarixdə Cavabdeh1 X2 Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,522 ha torpaq sahəsini (alğı-satqı müqaviləsində 0,57 ha kimi göstərilir) 20.000 manata almışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 sentyabr 2019-cu il tarixli 2(006)- 3322/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 İddiaçı Tanırverdi qızına qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli 2(006)- 6028/2019 saylı qətnaməsindən görünür ki, Cavabdeh1 İddiaçı Tanırverdi qızına qarşı «birgə nikah dövründə əldə olunmuş əmlak bölgüsü» tələbinə dair ilk iddiası qismən təmin edilmiş, birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Nizami rayonu Ə.Vəliyev küçəsi 2433-cü məhəllədə yerləşən 1 saylı evin 4 otaqlı 72 saylı mənzili, Bakı şəhəri Nəsimi rayonu X11 küçəsi 24 saylı evin 136 saylı mənzili, Abşeron rayonu Məmmədli kəndində 0,03 ha xüsusi mülkiyyət əsasında torpaq sahəsi üzərində 1/2 hissəsinə Cavabdeh1, 1/2 hissəsinə İddiaçı Tanırverdi qızının payları müəyyən edilmiş, «X15» markalı ** TJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dair bağlanmış 15.04.2019-cu il tarixli alğı-satqı müqaviləsi və Bakı şəhəri Nizami rayonu Ə.Vəliyev küçəsi 2433-cü məhəllədə yerləşən 1 saylı evin 4 otaqlı 72 saylı mənzilə dair 18.03.2019-cu il tarixli müqavilə etibarsız hesab edilmiş, həmin əmlakların 1/2 hissəsinə Cavabdeh1, 1/2 hissəsinə İddiaçı Tanırverdi qızının payları müəyyən edilmiş, ilk iddia digər hissədə təmin edilməmiş; İddiaçı Tanırverdi qızının Cavabdeh1 qarşı «əmlak tələbinə dair» qarşılıqlı iddiası qismən təmin edilmiş, Cavabdeh1 adına rəsmiləşdirilən Abşeron rayonu Məmmədli kəndi ərazisində yerləşən 0,522 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və «Mercedes 190» markalı **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində, həmçinin ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 49 m2 olan bir otaqdan ibarət 38 saylı mənzilin 1/2 hissəsinə Cavabdeh1, 1/2 hissəsinə İddiaçı Tanırverdi qızının payları müəyyən edilmiş, qarşılıqlı iddia digər hissədə təmin edilməmişdir. - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X13 İdarəsinin 26.11.2019-cu il tarixli məktubuna əlavə edilmiş kompüter çıxarışından görünür ki, 27.08.2014-cü ildən onların mülkiyyətlərində və istifadələrində «X14» minik markalı **-GE- *** dövlət qeydiyyat nişanlı, buraxılış ili 2007-ci il olan, qara rəngli, SALLSAA248A125346 şassi nömrəli avtomobil (hazırda dövlət qeydiyyat nişanı **-TA-***) avtomobil 27.08.2014cü ildə Cavabdeh1 adına sənədləşdirilmişdir. - Məhkəməyə Cavabdeh1 vəsatətinə əsasən şahid qismində dəvət edilmiş X3 məhkəməyə ünvanladığı teleqramında göstərmişdir ki, işi ilə əlaqədar məhkəmədə iştirak edə bilmir, ifadəsinin nəzərə alınmasını xahiş edir. Mahiyyəti üzrə bildirmişdir ki, Məmmədli kəndində yerləşən 0,522 ha torpaq sahəsini Cavabdeh1 62.000 manata satmışdır. Pulun 27.000 manatını nağd şəkildə, qalan 35.000 manatın əvəzinə isə Cavabdeh1 məxsus olan «X14» markılı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobili qəbul etmişdir. İşin araşdırılmış hallarından görünür ki, Cavabdeh1 ilə X1 arasında nikah 06 fevral 1998-ci il tarixdə Bakı şəhəri Xətai rayon Qeydiyyat Şöbəsində 65 saylı akt qeydi ilə bağlanmış, 09.10.2018-ci ildə Cavabdeh1 İddiaçı Tanırverdi qızına qarşı «nikahın pozulması və birgə nikahda əldə olunmuş əmlak bölgüsü tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, 21.02.2019-cu ildə iddia ərizəsi baxılmamış saxlanılmışdır. 17.04.2019-cu ildə yenidən həmin iddia ilə məhkəməyə müraciət edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.08.2019-cu il tarixli qərardadı ilə «nikahın pozulması» və «birgə nikahda əldə olunmuş əmlak bölgüsü» tələbləri ayrıca icraata ayrılmış, məhkəmənin 18 sentyabr 2019-cu il tarixli 2(006)-3322/2019 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmiş, yenə də həmin məhkəmənin 29 oktyabr 2019-cu il tarixli 2(006)-6028/2019 saylı qətnaməsi ilə Cavabdeh1 İddiaçı Tanırverdi qızına qarşı «birgə nikah dövründə əldə olunmuş əmlak bölgüsü» tələbinə dair ilk iddiası və İddiaçı Tanırverdi qızının Cavabdeh1 qarşı «əmlak tələbinə dair» qarşılıqlı iddiaları qismən təmin edilmişdir. Təqdim olunmuş sənədlərdən göründüyü kimi, hazırki iş üzrə mübahisə predmeti olan «X14» minik markılı, **-GE-*** dövlət qeydiyyat nişanlı (hazırda dövlət qeydiyyat nişanı **-TA-***) avtomobil tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilsə də, bu daşınar əmlak yuxarıda qeyd edilən məhkəmə mübahisələrinin predmeti olmamışdır. Hazırki iddiasında İddiaçı Tanırverdi qızı keçmiş həyat yoldaşı olmuş Cavabdeh1 qarşı qaldırdığı «əmlak tələbi barədə» işə məhkəmədə baxılarkən birgə nikah dövründə əldə etdikləri, hazırki iş üzrə mübahisə predmeti olan «X14» minik markılı, **-GE-*** dövlət qeydiyyat nişanlı (hazırda dövlət qeydiyyat nişanı **-TA-***) avtomobilin bölünməli olan əmlaklar siyahısına daxil etməməsini, hazırki iddiasında isə cavabdehlə aralarında olan nikaha xitam verilməsi və əmlak bölgüsü tələbi ilə bağlı 2018-ci ilin oktyabr ayında məhkəməyə müraciət edəndən sonra həmin avtomobilin onun xəbəri və razılığı olmadan Cavabdeh2 satılmasını və ondan sonrakı digər hüquqi nəticələrini mübahisələndirmişdir. Cavabdeh isə iddiaya etiraz edərək göstərmişdir ki, mübahisə predmeti olan avtomobilin satılmasının səbəbi kimi 05 mart 2018-ci ildə daşınmaz əmlakın alğı-satqı müqaviləsi ilə Abşeron rayonu Məmmədli kəndində 0,522 ha torpaq sahəsi almalarını göstərərək, satıcı X4 həmin torpağın dəyərinin bir hissəsini nağd şəkildə qalan hissəsinin isə dəyərinin əvəzinə həmin avtomobili verilməsini göstərmişdir. İddiaçı özü də bilir ki, Abşeron rayonu Məmmədli kəndində yerləşən 0,522 ha torpaq sahəsinin real bazar dəyəri nə qədər təşkil edir. Bunu müəyyən etmək üçün istənilən torpaq alğı-satqısı elanları üzrə ixtisaslaşmış saytlardakı həmin ərazidə təklif olunan torpaq sahələrinin qiymətlərinə baxılması kifayətdir. Həmin daşınar əmlak olan avtomobil ailənin ümumi mənafeyi üçün daha baha dəyərə malik daşınmaz əmlakın alınmasına yönəldilmiş, mahiyyət etibarı ilə iddiaçı özü də alınmış torpaq sahəsinin 1/2 hissəsinə sahib olaraq bundan onunla eyni dərəcədə bəhrələnmişdir. Beləliklə də, həmin avtomobil birgə nikahları dövründə əldə olunsa da, ailənin mənafeyi üçün birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinin dəyərinin bir hissəsinin ödənilməsi üçün əvəzləşdirilmiş, iddiaçı bu barədə məlumatlı olmuşdur. Məhkəmə iddia tələblərinə hüquqi qiymət verməzdən əvvəl qaldırılan iddianın qeyrimüəyyən olmasını vurğulamaqla yanaşı qeyd etməyi zəruri sayır ki, iddiaçı bir tərəfdən mubahisəli avtomobilə dair cavabdehlər arasında bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsini; həmin alğı-satqı müqavilələri əsasında verilmiş şəhadətnamələrin ləğv edilməsi ilə sözügedən avtomobilin üzərində bərabər hissələrdə - 1/2 hissədə onun, 1/2 hissədə cavabdehin paylarının müəyyən edilməklə həmin hissələrdə tərəflərin mülkiyyət hüququnun tanınmasını, digər tərəfdən isə avtomobilin hazırkı real bazar dəyərini təşkil edən (iş üzrə təqdim edilmiş 16 noyabr 2021-ci il tarixli H/08-PLS saylı hesabata əsasən) 35.000 manat məbləğində pulun 1/2 hissəsi, yəni 17.500 manat məbləğində pulun Cavabdeh1 tutularaq ona ödənilməsini iddia edir. Başqa sözlə, iş materiallarından görünür ki, iddiaçı bir neçə tələblər irəli sürməsinə baxmayaraq son nəticədə iş üzrə avtomobilin hazırkı real bazar dəyəri barədə hesabata əsasən 35.000 manat məbləğində pulun yarısını məhz Cavabdeh1 tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbinin avtomobilə dair cavabdehlər arasında bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi; həmin alğı-satqı müqavilələri əsasında verilmiş şəhadətnamələrin ləğv edilməsi və həmin avtomobilin üzərində bərabər hissələrdə - 1/2 hissədə onun, 1/2 hissədə cavabdehin paylarının müəyyən edilməklə həmin hissələrdə tərəflərin mülkiyyət hüququnun tanınması hissələrinə hüquqi qiymət verilməsinə artıq zərurət qalmır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı avtomobilin hazırkı real bazar dəyəri olan 35.000 manat məbləğinin yarısını Cavabdeh1 tələb etdiyi üçün digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Aslan İhsana qarşı yönələn tələblər təmin edilə bilməz. Belə ki, məhkəmə digər cavabdehləri mübahisəli avtomobilin vicdanlı alıcıları kimi qiymətləndirir və iddiaçının mübahisələndirdiyi əqdlərin etibarsız hesab edilməsi üçün qanuni əsasların olmamasını qeyd edir. Məhkəmə habelə, iddianın avtomobilin hazırkı real bazar dəyərini təşkil edən 35.000 manat məbləğində pulun 1/2 hissəsi, yəni 17.500 manat məbləğinin Cavabdeh1 tutularaq iddiaçıya verilməsi ilə bağlı hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia bu hissədə də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. - 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. - 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. - 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. - 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Məhkəmə hesab edir ki, iddiaçının avtomobilin hazırkı real bazar dəyərini təşkil edən 35.000 manat məbləğində pulun 1/2 hissəsi, yəni 17.500 manat məbləğində pulun Cavabdeh1 tutularaq ona ödənilməsi barədə iddiasının dəlilləri özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmçinin məhkəmə qeyd edir ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə Cavabdeh1 iddiaya olan etirazının dəlillərinə və izahatlarına qiymət verərək onları inandırıcı saymaqla, eyni zamanda hesab edir ki, mübahisə predmeti olan avtomobilin tərəflərin birgə nikahları dövründə əldə olunmasına baxmayaraq məhz ailənin mənafeyi üçün 2018-ci ilin mart ayında birgə nikah dövründə əldə olunmuş torpaq sahəsinin dəyərinin bir hissəsinin ödənilməsi üçün əvəzləşdirilməsi və iddiaçının da mübahisəli avtomobilin bu qaydada əvəzləşdirilməsindən, başqa sözlə, sözügedən torpaq sahəsinin alınmasından da xəbəri olması işin halları ilə öz təsdiqini tapmışdır. Belə ki, iş materiallarında olan mübahisə predmeti olan «X14» minik markalı, **-GE- *** dövlət qeydiyyat nişanlı (hazırda dövlət qeydiyyat nişanı **-TA-***) avtomobilə dair sənədlərdən, sorğuya cavab məktublarından və kompüter baza məlumatlarından çıxarışdan görünür ki, Qocayev X9 rayonu, Məmmədli kəndində yerləşən 0,522 ha torpaq sahəsinə dair 05 mart 2018-ci il tarixdə alğı-satqı müqaviləsi bağlayandan 1 həftə sonra həmin avtomobilə dair 13 mart 2018-ci il tarixdə X4 etibarnamə vermiş, daha sonra isə sonuncunun qardaşı X5 etibarnamə verilmişdir. Məhkəmənin qənaətinə görə iddiaçı birgə nikah dövründə əldə olunmuş, Abşeron rayonu, Məmmədli kəndində yerləşən 0,522 ha torpaq sahəsinin 1/2 hissəsi üzərində payı və mülkiyyət hüququ tanınmaqla, nəticə etibarı ilə avtomobilin 1/2 hissəsinin dəyərini qəbul etmiş, həmin avtomobillə dəyərinin bir hissəsi ödənilmiş torpaq sahəsinin özünə düşən 1/2 hissəsindən faydalanmışdır. İşin bu halı sözügedən torpaq sahəsinin birgə nikah dövründə əldə olunmuş əmlak kimi tərəflər arasında payları bərabər olmaq şərti ilə bölünməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin, həmçinin X3 məhkəməyə ünvanladığı teleqramın məzmunları ilə də təsdiq edilir. Məhkəmə həmçinin Cavabdeh1 vəsatətinə əsasən şahid qismində dəvət edilmiş X6 məhkəməyə ünvanladığı teleqramın məzmununda göstərilənlərin işin araşdırılmış halları ilə üzlaşdığı üçün sübut növü kimi qiymətləndirir. Belə ki, MPM-nin tələblərinə əsasən şahid ifadələri işin nəticəsində hüquqi baxımdan maraqlı olmayan şəxslərin baxılan iş üzrə əhəmiyyəti olan hallar (sübutetmə predmetinə daxil olan hallar) barədə bilavasitə qavradığı və ya başqa məlum mənbələrdən aldığı və qanunvericilikdə müəyyənləşdirilmiş prosessual formaya riayət olunmaqla dindirmə zamanı verdiyi məlumatlardır. Beləliklə də, məhkəmə hesab edir ki, Cavabdeh1 birgə nikah dövründə əldə edilmiş mübahisə predmeti olan avtomobili sataraq nağd pul vəsaiti əldə etməmiş, əksinə birgə nikah dövründə əldə edilmiş pul vəsaitlərini daha sərfəli və ailənin mənafeyinə uyğun yatırım hesab edilən daşınmaz əmlak olan torpaq sahəsinin əldə edilməsinə yönəltmiş, bununla da, nəticə etibarı ilə həm özü, həm də iddiaçı faydalanmışdır (bəhrələnmişdir). Məhkəmə bu nəticələrə gələrkən xüsusilə qeyd etməyi zəruri sayır ki, iş materiallarından da göründüyü kimi, aralarında olan nikaha xitam verilməsi və əmlak bölgüsü tələbi ilə bağlı Cavabdeh1 tərəfindən 08.10.2018-ci il tarixdə məhkəməyə müraciət edilsə də, sonradan məhkəmə tərəfindən iddia ərizəsi 2019-cu ilin fevral ayında baxılmamış saxlanılmışdır. 2019-cu ilin aprel ayında münasibətləri yenidən pozulmuş və təkrarən eyni iddia ilə məhkəməyə müraciət olunmuşdur. Başqa sözlə, tərəflər 2019-cu ilin aprel ayına kimi ailə münasibətlərini davam etdirməklə aralarında yaranmış mübahisələrlə bağlı qəbul edilmiş məhkəmə qətnamələrinin qəbul edilməsinə kimi İddiaçı Tanırverdi qızının mübahisə predmeti olan avtomobilin əldə olunan torpaq sahəsinin dəyərinin bir hissəsinin ödənilməsi üçün 13 mart 2018-ci il tarixdə əvəzləşdirilməsindən xəbəri olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçının istər həmin dövrdə, istərsə də, 2(006)- 6028/2019 saylı mülki işə baxılan zaman məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərkən bu əvəzləşdirmədən xəbəri olmasa idi, həmin avtomobilin birgə nikah dövrundə əldə edilməsini bildiyi halda rəsmi sənəd təqdim etmədən belə onun ən azından bölünməsini (mülkiyyət payının müəyyən edilməsini) mübahisələndirmək imkanı var idi. Göstərilənlərə əsasən məhkəmə hazırkı iddianın tam şəkildə əsassız olmaqla, rədd edilməsi nəticəsinə gəlir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Tanırverdi qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Aslan İhsana (Azərbaycan Respublikası DİN BDYPİ mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «alğısatqı müqavilələrinin etibarsız hesab edilməsi və s. » tələblərinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 40 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Tanırverdi qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Aslan İhsana (Azərbaycan Respublikası DİN BDYPİ mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı «alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və s.» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 40 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-244/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-244/2021
28.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver