Məhkəmə qərarları › İş №2(006)-2447/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2447/2022

16.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2447/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə kompensasiyanın nəzərə alınması, hesablanaraq borcdan çıxılması tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə kompensasiyanın nəzərə alınması, hesablanaraq borcdan çıxılması, kredit borcunun restrukturizasiyası və borcun hissə-hissə ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə iddiaçı arasında bağlanmış 14 oktyabr 2015-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı 15 ay müddətinə 3000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İddiaçı kredit borcunu əvvəllər vaxtında ödəmiş, lakin sonralar devalvasiya ilə əlaqədar kreditin vaxtında ödənilməsində çətinliklər yaranmışdır. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq "xxxx" ASC ilə bağlanılmış müqavilə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda iddiaçı tərəfindən ödənilməli olan borcun məbləği 3045,90 manat müəyyən edilmişdir. Respublika Prezidentinin Fərmanına əsasən vaxtı keçmiş kreditlərin ödənilməsi üçün Mərkəzi Banka 682 milyon manat və 215 min ABŞ dolları məbləğində dövlət zəmanətli güzəştli kredit ayrılmış və Banklara tövsiyə edilmişdir ki, problemli kreditlər restrukturizasiya edilməklə, Fərmanın 7.1-ci bəndinə əsasən siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. İddiaçı 2019-cu ildə cavabdeh təşkilata müraciət edərək kredit borcunun restrukturizasiyasını xahiş etsə də, Bankın işçiləri bunun növbəlilik qaydasında edildiyini bildirmişlər. İddiaçı 2019-cu il ərzində xəstə olduğuna görə və uzunmüddətli müalicə kursu keçdiyinə görə tez-tez Banka getmək imkanı olmamışdır. Buna görə də məcbur olub 2020-ci ilin yanvar ayının 29-da cavabdeh təşkilata rəsmi qaydada müraciət etmişdir. Həmin vaxtdan uzun müddət keçdiyinə baxmayaraq, hazırkı vaxta qədər iddiaçının kredit borcu restrukturizasiya edilməmiş qalmışdır. Göstərilənlərə əsasən “Atra Bank" ASC (hazırda ləğv prosesində olan) ilə iddiaçı arasında bağlanmış 14 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə olan borcun Respublika Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukturizasiya edilməsi və kompensasiyaya düşmüş 1700 (bir min yeddi yüz) manat borcun yekun borcdan çıxılması, borcun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2447/2022 saylı qərardadı ilə İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit borcunun restrukturizasiyası və borcun hissə-hissə ödənilməsi tələbi”nə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbinə etiraz edərək, bildirmişdi ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli Fərmanına əsasən əgər vətəndaşın 360 gün gecikdirməsi varsa, o zaman vətəndaşın krediti kompensasiya ödənilməli olan kreditlər siyahısına düşür. İddiaçının 14 oktyabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə borcu xx.xx.2019-cu il tarixdə Fərmana uyğun olaraq restrukturizasiya edilmiş, 946,31 ABŞ dolları məbləğində kompensasiya məbləği onun borcundan silinmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin materiallarından görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 15 ay müddətinə, illik 28% olmaqla, 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2019cu il tarixdə 946,31 ABŞ dolları Fərmanla bağlı gecikdirilmiş əsas məbləğin silinməsinə yönəldilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, hazırki iş üzrə tərəflər arasında kredit müqaviləsi bağlanmış, hazırda iddiaçı Banka olan borcunun Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşdüyünü iddia edərək, ona düşən kompensasiya məbləğinin borcundan çıxılmasını tələb edir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı (Fərman) fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə hazırlanmışdır. Fərmanın icrasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla 27 mart 2019-cu il tarixdə ********** nömrəli Qərarla Palata tərəfindən “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” təsdiq edilmişdir. Fərmanın 1-ci hissəsinə əsasən devalvasiyaların baş verdiyi tarixlərə (xx.xx.2015ci və xx.xx.2015-ci il tarixlərə) fiziki şəxslərin banklara 10.000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinə kompensasiyaların verilməsi, habelə 01 mart 2019-cu il tarixinə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10.000 ABŞ dollaradək (və ya eyni ekvivalentdə digər xarici valyutada), milli valyutada isə 17.000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası nəzərdə tutulmuşdur. Fərmanın 8.6-cı bəndinə əsasən vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan qanunvericiliyə əsasən ödəniş ediləcək fiziki şəxslərin siyahısının və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin (kompensasiyanın) məbləğinin müəyyən edilməsi Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (hazırda Mərkəzi Bankın) səlahiyyətinə aid edilmişdir. Banklar isə Palatanın (hazırda Mərkəzi Bankın) müəyyən etdiyi pul məbləğini siyahıya alınmış şəxslərə ödənilməsini təmin edirlər. Beləliklə, kompensasiyanın məbləğini və ödəniləcək şəxslərin siyahısını Banklar müəyyən etmirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, kredit müqaviləsi ilə iddiaçıya Bank tərəfindən 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. Qeyd edilən kredit müqaviləsi üzrə borc xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşmüş və 946,31 ABŞ dolları məbləğində kompensasiya məbləği onun borcundan silinmişdir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə kompensasiyanın nəzərə alınması, hesablanaraq borcdan çıxılması tələbi”nə dair iddiası əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə kompensasiyanın nəzərə alınması, hesablanaraq borcdan çıxılması tələbi”nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar