Məhkəmə qərarları › İş №2(006)-2448/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2448/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2448/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Aslanov Tofiq Hümmət oğlunun, İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı «xxxx» ASC-yə qarşı “hesablanmış borca dair xəbərdarlığın ləğv edilməsi” ilkin iddia tələbinə, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh «xxxx» ASC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə digər cavabdeh «xxxx» MMC-yə qarşı “kredit müqaviləsi üzrə ödənilməmiş faiz borcun ödənilməsi” qarşılıqlı iddia tələbinə dair mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı «xxxx» ASC-yə qarşı “hesablanmış borca dair xəbərdarlığın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlərin ödənilməməsinin göstərilməsi və hesablanmış 6602,74 manat faiz borcunun olması və 20 gün müddətində həmin faiz borcunun ödənilməsi barədə xx.xx.2020-ci il tarixli 22- 5638/2020 saylı xəbərdarlığın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh «xxxx» ASC-nin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və qarşılıqlı iddia üzrə digər cavabdeh “xxxx” MMC-yə qarşı “kredit müqaviləsi üzrə ödənilməmiş faiz borcun ödənilməsi” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı və “xxxx” MMC-dən bankin xeyrinə xx xxxxxx 2013-cü il tarixli, 6487 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 6602,74 manat faiz borcu olmaqla, cəmi 6602,74 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, əsas borclu İddiaçı, birgə öhdəlik daşıyan borclu “xxxx” MMC-nin Baş direktoru T.Heydərov ilə «xxxx» ASC arasında xx xxxxxx 2013-cü il tarixli 6487 saylı kredit müqaviləsi bağlanmış, həmin kredit müqaviləsinin şərtlərinə görə bank tərəfindən 50000 (əlli min) manat kredit götürmüş, İddiaçı müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada kreditin əsas məbləğini, birgə öhdəlik daşıyan borclu “xxxx” MMC isə müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada kredit üzrə hesablanacaq faizlərin «xxxx» ASC-yə qaytarılmasını öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əlavə edilmiş xx xxxxxx 2013-cü il tarixli ödəniş cədvəlinə əsasən kredit məbləğinin son ödəniş günü xx.xx.2018-ci il müəyyən edilmişdir. Kredit müqaviləsi üzrə İddiaçı tərəfindən üzərinə düşən öhdəlik 58 ay ərzində vaxtlı-vaxtında, gecikdirilmə olmadan yerinə yetirilərək ödənişlər həyata keçirilmişdir. İddiaçı «xxxx» ASC-nin Mərkəzi filialında olarkən Bank tərəfindən müqavilə şərtləri, ödəmələr nəzərdən keçirildikdə heç bir irad müəyyən edilməmişdir. Bir müddət sonra bank tərəfindən birgə öhdəlik daşıyan borclu “xxxx” MMC-nin ödəmələri tamamlamadığı, bu halın İddiaçı tərəfindən kredit məbləğinin ödəməsini gecikdirməsi kimi qiymətləndirilməsi bildirilmişdir. İddiaçı «xxxx» ASC-nin Problemli kreditlərlə iş departamentindən daxil olmuş xx.xx.2020-ci il tarixli 22-5638/2020 saylı xəbərdarlıq məktubunda (borcun qaytarılması tələbinə dair) onun tərəfindən kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlərin ödənilməməsi göstərilmiş, hesablanmış 6602,74 manat faiz borcunun olması və 20 gün müddətində həmin faiz borcunun ödənilməsi barədə xəbərdar edilmişdir. Kredit müqaviləsi üzrə faiz borcunun qaytarılması “xxxx” MMC tərəfindən yerinə yetirilməli olduğu halda, İddiaçı göndərilən xx.xx.2020-ci il tarixli 22-5638/2020 saylı xəbərdarlıq məktubunun (borcun qaytarılması tələbinə dair) ləğv edilməlidir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» ASC-nin Mərkəzi filialı ilə aralarında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 6487 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 60 ay müddətinə, illik 12% dərəcəsi ilə hesablanmaqla, 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. Həmçinin kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə bank ilə “xxxx” MMC ilə aralarında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 407 nömrəli zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 13.10-cu bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 501-ci maddəsinə müvafiq olaraq, borc verən bu müqavilə üzrə yaranan tələblərini öz arzusu ilə həm borcalandan, həm də birgə öhdəlik daşıyandan tələb edə bilər. İddiaçı kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən edilmiş qaydada ödəməmiş, Bank tərəfindən İddiaçı kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə edilmiş müraciət bir nəticə verməmişdir. İddiaçı xx.xx.2021-ci il tarixinə banka 6602,74 manat faiz borcu olmaqla, cəmi 6602,74 manat təşkil edir. Məhkəmə baxış iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Aslanov Tofiq Hümmət oğlu iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyib, izahatında bildirdi ki, «xxxx» ASC-nin mübahisələndirdiyi xx xxxxxx 2013cü il tarixli 6487 saylı kredit müqaviləsinin son müddəti xx.xx.2018-ci il tarixə kimi müəyyənləşdirilmişdir. «xxxx» ASC isə təmsil etdiyi şəxsə qarşı xx.xx.2021-ci il tarixdə iddia tələbi ilə çıxış etmişdir. Mülki iş üzrə iddia müddətinin anlayışı, iddia müddətləri, iddia müddətinin tətbiqi və bu kimi məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372- 384-cü maddələri ilə tənzimlənir. Həmin Məcəllənin 372.2-ci maddəsində göstərilmişdir ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il ərzində sürülə bilər. Göstərilən hüquqi normaların tələblərinə görə «xxxx» ASC onlara qarşı iddia irəli sürmək üçün müəyyən olunmuş iddia müddətini ötürmüşdür. Odur ki, iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə baxış iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı «xxxx» ASC-nin nümayəndəsi X2 ilkin iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək, izahatında bildirdi ki, «xxxx» ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxxx 2013cü il tarixli 6487 saylı kredit müqaviləsinin 13.10-cu bəndi ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 501-ci maddəsinə müvafiq olaraq, borc verən bu müqavilə üzrə yaranan tələblərini öz arzusu ilə həm borcalan İddiaçı, həm də birgə öhdəlik daşıyan “xxxx” MMC-dən tələb edə bilər. İddiaçı kredit vəsaitindən tam istifadə etmiş, lakin həmin müqavilənin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmiş, bank tərəfindən İddiaçı kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməmiş, xx.xx.2021-ci il tarixinə 6602,74 manat faiz borcu olmaqla, cəmi 6602,74 manat borcu yaranmışdır. Həmin borc İddiaçı və “xxxx” MMC-dən alınaraq «xxxx» ASC-yə ödənilməlidir. İlkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə digər cavabdeh “xxxx” MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişdir. Məhkəmə işə qarşılıqlı iddia üzrə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia və qarşılıqlı iddia ərizələrini nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan müqavilədən görünür ki, «xxxx» ASC ilə borcalan İddiaçı və borcalanla birgə öhdəlik daşıyan “xxxx” MMC arasında xx xxxxxx 2013-cü il tarixində 6487 saylı kredit müqaviləsi bağlanmışdır. Qeyd edilən müqaviləyə əsasən «xxxx» ASC tərəfindən İddiaçı 60 ay müddətinə illik 12% ödəməklə 50000 manat məbləğində kredit verilmiş, kredit üzrə öhdəliklərin icrasının təminatı kimi Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti “AAAF-PARK” yaşayış massivindəki 2 saylı küçədə yerləşən 2 saylı 4 mərtəbəli yaşayış binasında ümumi sahəsi 73,4 kv.metr olan 2 otaqdan ibarət 5 nömrəli mənzilə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqda bu barədə borcalana məlumat verilir və həmin əmlak Mülki Məcəllənin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirilir. Eyni zamanda həmin müqavilənin 2.4-cü bəndinə görə birgə öhdəlik daşıyan “xxxx” MMC kredit üzrə hesablanacaq faizlərin borc verənə ödəyəcəyini öz öhdəsinə götürür, bununla yanaşı müqavilənin 2.5-ci bəndindinə görə müqavilə üzrə tərəflər qəbul edillər ki, Borcalan və Birgə öhdəlik daşıyan kredit müqaviləsi üzrə birgə borclulardı və Mülki Məcəllənin 500.1-ci maddəsinə əsasən Borcverən birdəfəlik icranı tələb etmək hüququna malikdir. Mülki işin materiallarında olan xx xxxxxx 2013-cü il tarixli 407 saylı zaminlik müqaviləsindən görünür ki, borcalan İddiaçı və birgə öhdəlik daşıyan “xxxx” MMC öz üzərilərinə götürdükləri öhdəliklərin vaxtında və lazımi qaydada qaydada yerinə yetirilməməsinə görə Borc verən «xxxx» ASC-yə dəymiş zərər məbləğində birgə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 13.2-ci bəndinə görə borclu kreditorla bağladığı xx xxxxxx 2013-cü il tarixli 6487 saylı kredit müqaviləsinə borcun əsas məbləğini, faizləri, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və həmçinin borclunun öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanlar kreditora ödənilənədək müqavilə qüvvədə qalır Mülki işin materiallarında olan «xxxx» ASC-nin xx xxxxxx 2013-cü il tarixli 6487 saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, xx.xx.2013-cü il tarixindən xx.xx.2018-ci il tarixinədək banka kredit müqaviləsi üzrə hər ay 1112 manat olmaqla ödənişlər edilməliydir. Mülki işin materiallarında olan «xxxx» ASC-nin xx.xx.2020-ci il tarixli 22-5638/2020 saylı xəbərdarlıq məktubundan (borcun qaytarılması tələbinə dair) görünür ki, bank borcalan İddiaçı və zamin “xxxx” MMC-dən xx xxxxxx 2013-cü il tarixli 6487 saylı kredit müqaviləsinə əsasən xx.xx.2020-ci il tarixinə olan 6602,74 manat faiz borcunun olması və ödənişin hər gecikdirildiyi hər günə görə müqavilə üzrə ödənilməli olan əsas borcdan əlavə faiz və cərimə borcunun ödənilməsi, qanunun tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydinin aparılması barədə məlumat verilmişdir. Mülki işin materiallarında olan ərizələrdən müəyyən edilir ki, borcalan İddiaçı borcverən «xxxx» ASC-yə müraciət edərək xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlərin ödənilməməsinin göstərilməsi və hesablanmış 6602,74 manat faiz borcunun olması və 20 gün müddətində həmin faiz borcunun ödənilməsi barədə xx.xx.2020-ci il tarixli 22-5638/2020 saylı xəbərdarlığın ləğv edilməsini xahiş etmişdir. Mülki işin materiallarında olan «xxxx» ASC tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli MF-273 saylı maliyyə arayışından görünür ki, borcalan İddiaçı xx xxxxxx 2013-cü il tarixli 6487 saylı kredit müqaviləsi əsasən faiz borcu üzrə 6602,74 manat qalıq borc yaranmışdır. Mülki işin materiallarında olan ödəniş qəbzlərindən görünür ki, ilkin iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 20 (iyirmi) manat, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə «xxxx» ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmiş, 0,40 manat bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə baxışında tərəflərin izahatı və tədqiq edilmiş sübutlarla müəyyən edilən mübahisəsiz hallara görə, tərəflər arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 6487 saylı kredit müqaviləsinə görə «xxxx» ASC tərəfindən İddiaçı 60 ay müddətinə illik 12% ödəməklə 50000 manat məbləğində istehlak məqsədi ilə kredit verilmiş, kredit üzrə öhdəliklərin icrasının təminatı kimi Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti “AAAF-PARK” yaşayış massivindəki 2 saylı küçədə yerləşən 2 saylı 4 mərtəbəli yaşayış binasında ümumi sahəsi 73,4 kv.metr olan 2 otaqdan ibarət 5 nömrəli mənzili Mülki Məcəllənin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirilmişdir. İlkin iddia tələbi üzrə İddiaçı onun faiz borcu olmamasını əsas gətirərək, bank tərəfindən göndərilmiş xəbərdarlıq məktubunun əsassız olduğunu bildirir və onu ləğv edilməsini xahiş edir. «xxxx» ASC isə müqavilə üzrə birgə borcluların ödənilməməsini əsas gətirərək, qeyd edilən faiz məbləğini onlardan müştərək qaydada tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, ilk növbədə mübahisələndirilən kredit müqaviləsi üzrə faiz borcunun tutulması ilə bağlı məsələyə qiymət verilməsi zəruridir. Ona görə ki, hazırki mübahisələrin başlanğıcı həmin faiz borcunun olub-olmaması məsələsidir. İlk növbədə qeyd edilməlidir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Aslanov Tofiq Hümmət oğlu yazılı ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də «xxxx» ASC tərəfindən verilmiş qarşılıqlı iddianın ona münasibətdə rədd olunmasını məhkəmədən xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, əvvəlcə mübahisələndirilən kredit müqaviləsi üzrə tərəflər arasında öhdəlik münasibətlərinin olub-olmaması və Aslanov Tofiq Hümmət oğluna münasibətdə iddia müddətinin tətbiqi məsələsinə hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəlləsinin): 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır və müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il müəyyən edilir. 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» xx xxxx 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. İş materiallarında olan xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixə olan dövrü əhatə edən hesab çıxarışdan aydın olur ki, İddiaçı tərəfindən sonuncu ödəniş xx.xx.2017ci il tarixdə olmuşdur. Məhkəmə qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Aslanov Tofiq Hümmət oğlu tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə verildiyindən, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh «xxxx» ASC tərəfindən xx xxxxxx 2013-cü il tarixli, 6487 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 6602,74 manat faiz borcu olmaqla, cəmi 6602,74 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qarşılıqlı iddia tələbi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı münasibətdə təmin edilməməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh «xxxx» ASC-nin qarşılıqlı iddia üzrə digər cavabdeh «xxxx» MMC-yə münasibətdə qarşılıqlı iddia tələbinə gəldikdə məhkəmə hesab edir ki, bu hissədə iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan tərəflər arasında bağlanılmış xx xxxxxx 2013cü il tarixli 6487 saylı kredit müqaviləsinin 2.5, 12.1 və 13.10-cu bəndlərində göstərilmişdir ki, tərəflər qəbul edirlər ki, borcalan (İddiaçı) və birgə öhdəlik daşıyan («xxxx» MMC) kredit müqaviləsi üzrə birgə borclulardır və Mülki Məcəllənin 500.1-ci maddəsinə əsasən Borcverən (“xxxx” ASC) birdəfəlik icranı tələb etmək hüququna malikdir. Birgə öhdəlik daşıyan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kreditə hesablanan faizləri müqavilədə əks olunan qaydada və müddətdə ödəməlidir. Mülki Məcəllənin 500.1-ci maddəsinə müvafiq olaraq, Borc verən bu Müqavilə üzrə yaranan tələblərini öz arzusu ilə həm Borcalandan, həm də Birgə öhdəlik daşıyandan tələb edə bilər. Mülki Məcəllənin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə hesab edir ki, müqavilə üzrə birgə öhdəlik daşıyan borclu “xxxx” MMC müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada kreditin əsas məbləğini, birgə öhdəlik daşıyan borclu “xxxx” MMC isə müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada kredit üzrə hesablanacaq faizləri «xxxx» ASC-yə qaytarılması barədə öhdəliyini yerinə yetirməmişdir. Bundan əlavə qeyd edilməsi zəruridir ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mülki Məcəllənin 500.1-ci maddəsində göstərilmişdir ki, əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Mülki Məcəllənin 512-ci maddəsində göstərilmişdir ki, birgə borclulardan biri barəsində müddətin axımının dayandırılmasının və ya xitamının digər borclular barəsində qüvvəsi yoxdur. Məhkəmə xx xxxxxx 2013-cü il tarixli 407 saylı zaminlik müqaviləsinə münasibətdə bildirir ki, tərəflər arasında bağlanmış müqavilədə olan “kreditorla bağladığı xx xxxxxx 2013-cü il tarixli 6487 saylı kredit müqaviləsinə borcun əsas məbləğini, faizləri, ödənişlərin gecikdirilməsi nəticəsində vurulmuş zərərin əvəzini, dəbbə pulunu və həmçinin borclunun öz vəzifələrini vaxtında və düzgün yerinə yetirilməməsi səbəblərindən yaranan sair ziyanlar kreditora ödənilənədək müqavilə qüvvədə qalır” ifadəsi zaminlik müqaviləsinə xitam verilmə müddətinin dəqiq müəyyən edilməsi kimi qəbul edilə bilməz. Belə ki, həmin müddəada öhdəliklərin tam icra olunması anı əvvəlcədən bəlli olmadığından zaminliyin verilməsinin konkret müddəti müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Odur ki, məhkəmə hesab edir ki, hazırki iddia üzrə tərəflər arasında bağlanılmış xx xxxxxx 2013-cü il tarixli müqavilə üzrə zaminlik konkret müddət təyin edilmədən verilmişdir. Bu səbəbdən Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə istinad edərək, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürməməsinə görə xitam edilir. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddia üzrə cavabdeh «xxxx» MMC tərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim edilməmiş, bu halda qarşılıqlı iddia tələbi MMC-yə münasibətdə təmin edilməlidir. Belə ki, mülki qanunvericiliyin normaları baxımından «xxxx» MMC-nin hərəkətləri həm birgə öhdəlik daşıyan borclu kimi həm də birgə borclu kimi müqavilə ilə müəyyən edilmiş müddətdə kreditə hesablanan faizləri müqavilədə əks olunan qaydada və müddətdə ödəməməsi öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, qarşılıqlı iddia üzrə cavabdeh «xxxx» MMC kredit müqaviləsi üzrə bank qarşısında birgə öhdəlik daşımasına və birgə borclu olmasına baxmayaraq, müqavilə üzrə götürülən öhdəlikləri vaxtında icra etməmişdir. Buna görə də qarşılıqlı iddia üzrə cavabdeh «xxxx» MMC-dən xx xxxxxx 2013-cü il tarixli, 6487 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 6602,74 (altı min altı yüz iki manat yetmiş dörd) manat pul tutularaq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı «xxxx» ASC-yə ödənilməlidir. Məhkəmə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı «xxxx» ASC-yə qarşı “hesablanmış borca dair xəbərdarlığın ləğv edilməsi” iddia tələbi ilə bağlı məhkəmə bildirir ki, prosessual qənaət prinsipini rəhbər tutuaraq hesab edir ki, ilkin iddia üzrə cavabdeh «xxxx» ASC tərəfindən xx xxxxxx 2013-cü il tarixli, 6487 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 6602,74 manat faiz borcu olmaqla, cəmi 6602,74 manat, məhkəməyə müraciət olunması üçün ödənilmiş 30 manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqının tutulması barədə qarşılıqlı iddia tələbi qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı münasibətdə təmin edilmədiyindən, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı «xxxx» ASC-yə qarşı xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlərin ödənilməməsinin göstərilməsi və hesablanmış 6602,74 manat faiz borcunun olması və 20 gün müddətində həmin faiz borcunun ödənilməsi barədə xx.xx.2020-ci il tarixli 22-5638/2020 saylı xəbərdarlığın ləğv edilməsi barədə iddia tələbinə hüquqi qiymət verilməsinə zərurət yaranmamışdır. Bundan əlavə məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin 22-ci fəslinə görə öhdəliyin icra edilməməsi hallarında kreditor mübahisənin məhkəmədən kənar həlli üçün borcluya xəbərdarlıq göndərməyə hüququ çatır, həmçinin bu xəbərdaqlıq hər hansı hüquqi nəticə yaratmır, həmçinin kreditor və borclu arasında yaranmış mübahisənin həmin xəbərdarlıq məktubundan sonra məhkəmədə mübahisləndirmək hüququ mövcud olmaqla, hər hansı hüquqların məhdudlaşdırılmasından söz getmir. Beləliklə, ilkin iddiaya münasbətdə işin halları araşdırıldıqdan sonra məhkəmə bu qənaətə gəlir ki, ilkin iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, ilkin iddia rədd edildiyindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu onun özünə aid edilməli, qarşılıqlı iddia ərizəsi qismən, yəni iddia üzrə cavabdeh «xxxx» MMCyə münasibətdə təmin edildiyindən, həmin MMC-dən qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı tutularaq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı «xxxx» ASC-yə ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı «xxxx» ASC-yə qarşı “hesablanmış borca dair xəbərdarlığın ləğv edilməsi” tələbinə dair ilkin iddia təmin edilməsin. İlkin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh «xxxx» MMC-dən xx xxxxxx 2013-cü il tarixli, 6487 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 6602,74 (altı min altı yüz iki manat yetmiş dörd) manat pul, qarşılıqlı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, habelə 0,40 manat bank xidmət haqqı tutularaq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı «xxxx» ASC-yə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar