Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2450/2024 24.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçı X1 Cavabdeh qarşı "alimentin artırılması və əlavə xərclər" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı X3 Cavabdeh qarşı "alimentin artırılması və əlavə xərclər" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1888/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş hər uşağa görə 192 olmaqla, 386 manat məbləğində alimentin artırılaraq, hər uşağa görə 235 manat olmaqla, 470 manata məbləğində aliment müəyyən edilməsi, həmçinin cavabdehdən hər 2 uşağın badamcıq əməliyyatı (boğaz əti) olunmaları üçün 1000(min) manat məbləğində pulun alınması, mediasiya üçün ödənilmiş xərcin 61 manatının və məhkəmə üçün ödənilmiş 31 manatın cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə X3 və Cavabdeh arasında xx.xx.2012-ci il tarixində Şamaxı rayon Göylər kənd İƏD-si üzrə nümayəndəliyində bağlanmış 10 № ilə qeydə alınmış nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 Cavabdeh (atasının), xx.xx.2016-cı il təvəllüdlü X6 anasının yanında saxlanılması qət edilmişdir. Lakin, iddiaçı həmin məhkəmənin qətnaməsindən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 21 iyun 2019-cu il tarixli, 2(105)-1822/2019 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X4 da onun yanında saxlanılması və hər uşağa görə 160 manat sabit pul məbləğində alimentin cavabdehdən alınıb ona verilməsi qət edilmişdir. Bundan sonra o, alimentin artırılması tələbinə dair Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(006)-1888/2022 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 1 uşaq üçün 193 manat, cəmi 396 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, ona verilməsi qət edilmişdir. Hal-hazırda Nəsimi Rayon Məhkəməsi tərəfindən qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Qətnamə üzrə qət edilən məbləğ bir məktəbli uşağın tədris ləvazimatlarının alınmasına, hazırlıqlarına, geyim, çanta, iş dəftəri, həmçinin uşağın saxlanılması xərclərinə yetmir. Böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artır, ona qarşı heç bir diqqət, qayğı və nəvaziş göstərmir. Uşağın təlimtərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın kimi iddiaçıya çox ağır gəlmişdir. Buna görə də “aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı bildirmişdir ki, Cavabdeh Azərbaycan Respublikası DİN-in X17 Alayında işləyir. Kifayət qədər maaşı və gəlirləri vardır. Cavabdehin maddi imkanı çox yaxşıdır. İddiaçı özü işləmir, tək başına hər iki övladının xərclərini ödəməyə çətinlik çəkir. Bundan başqa hər iki övladı uzun müddətdir allergik bronxial astma xəstəliyindən əziyyət çəkir. Daim həkim nəzarətində müayinə və müalicə olunurlar. Uşaqlarının xəstəliklərinə daim xərci çıxmışdır. Uşaqlarını iddiaçının valideynlərinin, qardaşının yardımı ilə çətinliklə böyüdür. Müayinə olunmayan zaman övladlarının xəstəlikləri şiddətlənir və daha ağır fəsadlar törədə bilər. Həmçinin hər iki övladı badamcıq əməliyyatı (boğaz əti) olmalıdırlar. Lakin, həmin əməliyyatı etdirməyə iddiaçının imkanı yoxdur. Uşaqların atası bütün bunları bildiyi halda, imkanı olduğu təqdirdə heç nə etmək istəmir. Hər iki övladının əməliyyatına 1000 (min) manat xərc lazımdır. İddiaçı nə qədər uşaqların atasına müraciət etsə də, o övladlarını əməliyyat etdirmək istəmir. O da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, iddiaçı hesab edir ki, övladlarının saxlanılması üçün alimentin məbləği artırılaraq hər uşağa görə 235 manat olmaqla 470 manat, həmçinin cavabdehin əlavə xərclərdə iştirakı təmin olunmaqla övladlarının badamcıq əməliyyatı (boğaz əti) olunmaları üçün cavabdehdən 1000 (min) manat alınaraq, ona verilməsi haqqında qətnamə qəbul edilməlidir. Tərəflərin iştirakı və izahatları: İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər iştiraklarını təmin etməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdeh ərizə verərək işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddia tələbinə qarşı etirazını bildirərək qeyd etmişdir ki, o, alimentin hər hansı məbləğdə artırılmasına razı deyil. Əlavə olaraq qeyd etmişdir ki, aylıq əməkhaqqısı 1050 manat təşkil edir və hazırda aliment onun əməkhaqqısından tutulur. İş materialları: xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli ödəniş qəbzindən görünür ki, X3 60 manat mediasiya xərcini ödəmişdir. Azərbaycan Respublikası Şamaxı rayonunun Göylər kənd İnzibati Ərazi Dairəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 568168 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Azərbaycan Respublikası Şamaxı rayonunun Göylər kənd İnzibati Ərazi Dairəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İİİ seriyalı 820876 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1888/2022 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı iddia tələbi təmin edilmiş, xx.xx.2015ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 1 uşaq üçün 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Şamaxı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 327516 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 03 nömrə ilə qeyd edilmişdir. “X16” MMC-nin xx.xx.2023-cü il tarixində müayinə edilmiş Rəsulov Kənan barəsində USM müayinə protokolunun surətindən görünür ki, Rəsulov Kənanda sol jiulyar zəncirdə ən böyüyü 27 mm olan hilusu izlənilən 6-7 ədəd böyümüş, dəyişilməmiş limfa düyünləri izlənmişdir. Sağ tərəf çənəaltı nahiyədə 40.7 mm ölçüdə hilusu aydın izlənilən böyümüş, dəyişilməmiş limfa düyünləri izlənmişdir. Sol qoltuqaltı 9.4 mm ölçüdə hilusu izlənilən dəyişilməmiş limfa düyünləri izlənmişdir. “X16” MMC-nin xx.xx.2023-cü il tarixində müayinə edilmiş Rəsulova Ayan barəsində USM müayinə protokolunun surətindən görünür ki, Rəsulova Ayanda sağ tərəf çənəaltı nahiyədə 28 mm ölçüdə hilusu aydın izlənilən, dəyişilməmiş limfa düyünləri izlənmişdir. Sol çənəaltı nahiyədə 23 mm ölçüdə hilusu aydın izlənilən böyümüş dəyişilməmiş limfa düyünləri izlənmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, X3 30 manat dövlət rüsumu ödəmişdir. Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 5 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Sahəsinin xx.xx.2024cü il tarixli 736 nömrəli arayışnın suətindən görünür ki, Rəsulov X7 şəhəri, H.Əliyev prti-11, Kristal-2 küçəsi, bina 8, ev 3 ünvanında öz ailəsi ilə qeydiyyatsız şəkildə yaşayır. Ailə tərkibi-X9 (həyat yoldaşı) və X13 (qızı). 1 saylı Bakı “Asan Xidmət” X10 tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı 778799 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Cavabdeh, ana qrafasında X9 qeyd edilmişdir. 1 saylı Bakı “ASAN Xidmət” X10 tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 470639 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Rəsulova” soyadı verilmişdir. X15 Ayan Rəsulovanın ağciyərlərinin rentgenoskopiyası barədə ********** nömrəli protokolunun surətindən görünür ki, ağciyərlərdə patoloji kölgəliklər aşkar olunmamışdır. Hər iki ağciyər kökü strukturludur. Sinuslar sərbəstdir, diafraqma hərəkətlidir. Ürək sərhədinorma daxilindədir. X15 Kənan Rəsulovun ağciyərlərinin rentgenoskopiyası barədə ********** nömrəli protokolunun surətindən görünür ki, ağciyərlərdə patoloji kölgəliklər aşkar olunmamışdır. Hər iki ağciyər kökü strukturludur. Sinuslar sərbəstdir, diafraqma hərəkətlidir. Ürək sərhədinorma daxilindədir. X15 Ayan Rəsulovanın udlaq-qırtlağın rentgenoskopiyası barədə ********** nömrəli protokolunun surətindən görünür ki, müayinə sahəsində görünən sümüklərdə destruktiv, travmatik dəyişiklər aşkar olunmur. Burun ətrafı ciblərinin havalanması norma daxilindədir. Türk yəhərinin ölçü və forması yaşına uyğundur. Nazofarinksdə yumşaq toxuma izlənmişdir. X15 Kənan Rəsulovun udlaq-qırtlağın rentgenoskopiyası barədə ********** nömrəli protokolunun surətindən görünür ki, müayinə sahəsində görünən sümüklərdə destruktiv, travmatik dəyişiklər aşkar olunmur. Burun ətrafı ciblərinin havalanması norma daxilindədir. Türk yəhərinin ölçü və forması yaşına uyğundur. Nazofarinksdə yumşaq toxuma izlənmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin : 75.1-ci maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8 nömrəli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Plenum qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən «Mediasiya haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin qiymətləndirməsi: Beləliklə Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 atası olması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəl hər ay hər uşağa görə 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində alimentin tutulması mülki işin mübahisəsiz hallarıdır. Məhkəmə hesab edir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən qeyd olunan, 2022-ci ildə qəbul edilmiş qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir. Lakin, cavabdehin hazırda evli və qızı olduğunu, həmçinin gəlirlərini məhkəmə nəzərə alaraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və alimentin miqdarı artırılaraq hər ay bir uşaq üçün 210 manat olmaqla, cəmi 420 manat tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. Lakin məhkəmə iddia tələbinin uşaqlara göstərilən tibbi xidmətlərə görə çəkilən xərclərlə əlaqədar cavabdehdən tutulan vəsaitin artırılması hissəsi ilə bağlı bildirir ki, tərəflərin birgə nikahlarından olan övladlarının müəyyən xroniki xəstəliklərdən əziyyət çəkməsini və həmin xəstəliklərə görə iddiaçı tərəfindən tələb edilən 1000 manat məbləğində tutulmasını əsaslı edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin işin faktiki halları ilə müəyyən edilmişdir ki, hazırda iddiaçı uşaqlara münasibətdə belə bir tibbi müdaxilənin zəruriliyində israr etməmişdir. Bu isə gələcəkdə iddiaçının belə bir tələblə çıxış etməsinə mane olan hal deyildir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-1888/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh iddiaçı X1 xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 210 manat olmaqla cəmi 420 manat sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2015-cu il təvəllüdlü X4 və xx.xx.2016-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1888/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 210 (iki yüz on) manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentlərin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərclərinə görə 92 (doxsan iki) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2450/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2450/2024
24.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver