Məhkəmə qərarları › İş №2(006)-2458/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2458/2023

23.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2458/2023 23.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “kənar xidmət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “kənar xidmət haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 22 avqust 2005-ci il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasındakı nikah pozulmuşdur. Həmin vaxtdan başlayaraq cavabdeh tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X1 üçün heç bir maddi köməklik göstərməmişdir. Buna görə də iddiaçı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 17 iyul 2008-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ayda 100 manat aliment məbləğinin tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Lakin cavabdeh məhkəmə qətnaməsi ilə müəyyən edilən 100 manat alimenti ödəməkdən imtina edərək, apelyasiya şikayəti vermiş, şikayətdə yeni ailə qurduğunu, heç bir əmlak biznesinin olmadığını əsas tutaraq məbləğin azaldılmasını tələb etmişdir. Lakin İddiaçı Vergilər Nazirliyinin Operativ nəzarət idarəsinin rəisi, cənab İlham Əmirəliyevə müraciət edərək, Cavabdeh qeyri-qanuni sahibkarlıq fəaliyyətini üzə çıxarmışdır. Onun həyata keçirdiyi operativ vergi nəzarəti tədbirləri, cavabdehin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti və onun vergi qanunvericiliyini pozması məsələsinə aydınlıq gətirilmişdir. Müvafiq sənədləri Cavabdeh hər ay haqqı yüksək maaşla alqı-satqı ilə məşğul olması, xaricdən ucuz qiymətə maşın gətirib burada baha satması, şəxsi avtomobil və şəxsi avtobusunun olması, **-BL-*** nömrəli şəxsi avtobusunun icarəyə verilməsi, oradan da müntəzəm gəlir götürməsi, naməlum səbəblərə görə heç həqiqi hərbi xidmət belə çəkməməsi, İİ qrup əlillik kağızını düzəltdirməsi, apelyasiya şikayəti zamanı sağlamlığı barədə saxta sənəd təqdim etməsi üzə çıxarılmaqla, məhkəməyə onları təqdim edərək prosesi udmuşdur. 2019-cu ildə iddiaçı tək ana olaraq maddi əziyyət çəkdiyini və uşağın getdikcə artan təlabatlarını əsas götürərək aliment məbləğinin artırılması barədə iddi ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. 2019-cu ildə ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumunun hər uşaq üçün 160 manat müəyyən edilməsini əldə rəhbər tutaraq Nəsimi rayon Məhkəməsinə aliment məbləğinin həcminin artırılması üçün iddia ərizəsi ilə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinin 28 iyun 2019-cu il tarixli qətnaməsi ilə (R.Xəlilov) alimentin məbləği artırılaraq 160 manat məbləğində müəyyən edilmişdir. İddiaçı 2021-ci ildə ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumunun hər uşaq üçün 175 manat müəyyən edilməsini əldə rəhbər tutaraq məhkəməyə alimentin artırılması üçün iddia ərizəsi ilə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsinin 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (C.Tağıyev) alimentin məbləği artırılaraq 175 manat məbləğində müəyyən edilmişdir. Nəsimi rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli qətnaməsi ilə (S.Cəfərov) alimentin məbləği artırılaraq 193 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh isə özü heç bir məhkəmə prosesinə gəlməmiş, məhkəmə prosesində iştirak etməmiş və yazılı surətdə məhkəmənin çıxaracağı qərarla tam razı olduğunu yazıb məhkəməyə təqdim etmişdir. Cavbdeh uşaqla qətiyyən maraqlanmır. Hətta alimenti 2023-cü ilin mart ayına kimi ona özü deyil, anası X4 göndərirdi. Qəbzləri iddia ərizəsinə əlavə edir və məhkəmə prosesində hakimə təqdim edəcək. Hal-hazırda cavabdeh alimenti ödəməyi dayandırmışdır. 13 fevral 2023-cü ildə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 237 A ünvanında yerləşən mediasiya təşkilatında alimentin artırılması tələbinə dair mediasiya prosesi nəticəsində mediator X7 iştirakı ilə mübahisə tərəfləri arasında mübahisənin həllinə dair razılaşma əldə edilmişdir. Cavabdeh hər ay sabit pul məbləği olaraq 220 manat ödənilməsinə dair sənədi imzalamışdır. Lakin 2023-cü ilin fevral, mart aylarının alimentini ödədikdən sonra 2023-cü ilin aprel ayının aliment haqqının ödəməsini dayandırmışdır. Maddi vəziyyəti çox pisdir. Hazırki qiymətlərin qalxması şəraitində maddi çətinliyi nəzərə alınmalıdır. X2 18 yaşı var, tələbədir. Ü.Hacıbəyov adına Bakı Musiqi Akademiyasının Nəfəs və Zərb alətləri fakultəsində təhsil alır. Cavabdeh bir aydan çoxdur ki, öz uşağının heç bir tələbatının ödənilməsində iştirak etmir. Uşaq universitetdə əyani təhsil alır, ona görə də məsrəfləri yetərincə artmışdır. Anadan olduğu gündən bəri uşağının bütün qayğısını və ehtiyacını tamamilə iddiaçı çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi təlabatını ödəmək tək qadın olaraq iddiaçıya çox çətindir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar hallara ilk növbədə maddi ehtiyacın təmin edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda qüvvədə olan alimentin sabit pul məbləği uşaqlar üçün 220 manat yaşayış minimumu normasına uyğun gəlir. Ölkə üzrə yaşayış minimumu, minimal aylıq əmək haqqının miqdarı, eləcə də cavabdehin kifayət qədər yüksək gəlir sahibi olmasını və başqa gəlirlərinin olmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən hər ay 220 manat miqdarında alimentin tutulması düzgündür.

3. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 16-cı bəndində hər uşaq üçün 220 manat müəyyən edilən qanunun 2023-cü ilin 1 yanvar tarixindən etibarən qüvvəyə minməsini əldə rəhbər tutaraq iddia ərizəsi məhkəməyə təqdim edilən gündən xx.xx.2005-ci il təvəllüdlü X3 əyani təhsili alması nəzərə alınmaqla 23 yaşınadək onun saxlanılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən tələbə olduğu halda övladlara göstərilən kənar xidmət haqqının ödənilməsi və maddi ehtiyacın təmin edilməsi üçün cavabdehdən hər ay 220 manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi rədd edilməlidir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

7. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah münasibətlərindən doğulmuşdur. Yasamal Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. İddiaçı aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmiş, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2008ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 100 manat alimentin tutulması qət edilmişdir. Bundan sonra iddiaçı 2019-cu il tarixdə aliment məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, Nəsimi rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə aliment məbləği artırılaraq 160 manat olmuşdur. Daha sonra iddiaçı 2021-ci il tarixdə aliment məbləğinin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aliment məbləği artırılaraq 175 manat olmuşdur. İddiaçı növbəti dəfə 2022-ci il tarixdə bir daha məhkəməyə müraciət edərək aliment məbləğinin artırılmasını xahiş etmiş və Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aliment məbləği artırılaraq 193 manat müəyyən edilmişdir. Tərəflər arasında 13 fevral 2023-cü il tarixli Barışıq sazişi bağlanmış və xx.xx.2022-ci il tarixli, 2(006)-1428/2022 saylı qətnaməyə əsasən müəyyən edilən xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 manat aliment məbləğinin 220 manata qaldırılması barədə razılaşmışlar. Hazırda iddiaçı xx.xx.2005-ci il təvəllüdlü X3 əyani təhsil alması nəzərə alınmaqla 23 yaşınadək saxlanılması üçün cavabdehdən hər ay 220 manat sabit pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. X5 yetkinlik yaşına çatmışdır, əmək qabiliyyətlidir, lakin ali təhsil müəssisəsində təhsil aldığı üçün işləmir.

b) Mülki işin materialları:

8. Mülki işin materiallarında (bundan sonra iş materiallarında ) olan Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 11 oktyabr 2005-ci il tarixdə verilmiş AZ-İ № 047244 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahı ləğv edilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2005-ci ilin 10-cu ayının 11-ci günündə 458 № ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə Ələsgərli, qadına Ələsgərli soyadı verilmişdir.

9. İş materiallarında olan 13 fevral 2023-cü il tarixli Mediasiya xidmətlərinin göstərilməsi barədə müqavilədən görünür ki, tərəflər aralarında uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentlə bağlı razılığa gəlmişlər və xx.xx.2023-cü il tarixdə MŞB/13-00079 saylı Barışıq sazişi bağlanmışdır.

10. İş materiallarında olan Bakı şəhəri Yasamal rayon VVADQ şöbəsi tərəfindən 26 aprel 2005-ci il tarixində verilmiş AZ-İ seriyalı, 609961 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2005-ci il tarixində Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası İddiaçıdır.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4099/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından olan xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləği arıtılaraq 160 manat məbləğində müəyyən edilmişdir.

12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2476/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə 175 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1428/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, xx.xx.2005-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək 193 manat sabit pul məbləğində müəyyən edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən, 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar.

15. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, uşaqların bu Qanunda nəzərdə tutulmuş hüquqları və vəzifələri 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən hər bir şəxsə aid edilir.

16. Birləşmiş Millətlər Təşkilatının «Uşaq hüquqları haqqında» Konvensiyasının 1-ci maddəsinə əsasən hər bir insan 18 yaşına çatanadək bu Konvensiyanın məqsədləri üçün uşaq sayılır, bir şərtlə ki, həmin uşaq barəsində tətbiq edilən qanuna görə o, yetkinlik yaşına daha əvvəl çatmış olmasın.

17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80.1-ci maddəsinə əsasən, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar.

18. Həmin Məcllənin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinin tələbinə görə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.

20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin “əmək qabiliyyəti olmayan” müddəası yetkinlik yaşına çatmış övladın bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi kimi başa düşülməlidir. Həmin Məcəllənin 81.1-ci maddəsinin “və digər hallarda” müddəası əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlar üçün birbaşa göstərilən tibbi xidməti və ya müalicə ilə bu və ya digər şəkildə əlaqədar olan tibbi xidmətləri ehtiva edir. Həmin Məcəllənin 81-ci maddəsinin “göstərilən kənar xidmət” müddəası birbaşa tibbi xidməti deyil, yetkinlik yaşına çatmış və maddi yardıma ehtiyacı olan övladlar üçün göstərilmiş və ya gələcəkdə göstərilməsi zəruri olan əlavə xidmətlərə görə xərcləri nəzərdə tutur.

23. Həmin Qərarda həmçinin göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır.

24. “Sosial Müavinətlar haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən (sosial müavinət alan şəxslərin dairəsi müəyyən edilməklə) ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla); . Maddənin məzmunundan görünür ki, hazırda iddiaçı cavabdehdən qeyd olunan məbləğin istənilməsində haqlı olmamışdır. Bu kimi məsələlər isə sosial müavinət ilə bağlı sosial məsələlər olmuşdur.

25. Məhkəmə bu halda hesab edir ki, onun təhsili üçün hər ay 220 manat məbləğində pulun Cavabdeh tutulması barədə iddia tələbi əsassızdır və təmin edilməməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

27. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “kənar xidmət haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilməlidir.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “kənar xidmət haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar