Məhkəmə qərarları › İş №2(006)-246/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-246/2023

04.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-246/2023 04.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X33 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin İsmayıllı rayon Elektrik Şəbəkəsi tərəfindən ona vurulmuş 20250 (iyirmi min iki yüz əlli) manat məbləğində maddi zərərin alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İsmayıllı rayonunun Kürdmaşı kəndində yaşamaqla əkinçilik və heyvandarlıqla məşğul olur. 05 iyul 2022-ci il tarixində günorta vaxtı saat 13:00 radələrində həyətinin yanından keçən yüksək gərginlikli elektrik xəttinin külək əsməsi nəticəsində qısa qapanma yaranmasından yaranan qığılcımlardan iddiaçıya məxsus mal tövləsi, quru ot tayası və tövlənin bir hissəsində biçilib yığılmış taxıl yanaraq məhv olmuş və iddiaçıya xeyli miqdarda maddi zərər dəymişdir. Belə ki, qeyd edilən elektrik xəttindəki nasazlıq barədə bir neçə dəfə "xxxx" ASC-nin İsmayıllı rayon Elektrik Şəbəkəsinə məlumat verilməsinə, nasazlığın aradan qaldırılması barədə xahiş edilməsinə baxmayaraq, buna laqeyd yanaşılmış, nəticədə qeyd olunan maddi zərərin vurulmasına səbəb olmuşdur. Həmin elektrik xəttində bir neçə ildir nasazlıq yaranmış, hər dəfə külək əsdikdə yüksək gərginlikli xətdə qısa qapanma yaranırdı. Bu barədə iddiaçı dəfələrlə İsmayıllı rayon Elektrik Şəbəkəsinə şifahi qaydada məlumat vermiş, lakin heç bir iş görülməmiş, yüksək gərginlikli xətdə olan nasazlıq aradan qaldırılmamış, nəticədə iddiaçıya xeyli maddi zərər dəymişdir. Hadisə zamanı yanan tövlə binasının uzunluğu 16 metr, eni 3 metr, damla birlikdə hündürlüyü 3.8 metr, tövlənin üst ağac materialı yerli əbrüşümdən və şam taxtadan, üst örtüyü şiferdən, divarları çay və mişar daşından olmuşdur. Tövlənin üstü tamamilə yanaraq məhv olmuş, divarlar isə yüksək dərəcəli istiliyin təsirindən yararsız vəziyyətə düşmüşdür. Bu səbəbdən tövlə tam yenidən tikilməlidir. Tövlənin tikintisi iddiaçıya 15000 manata başa gəlmişdir. Bundan başqa kəndarası yüksək gərginlikli xəttində baş verən elektrik qapanması nəticəsində yanan ot tayasında 1000 ədəd yonca bağlısını, yəni 40 ədəd yonca bağlısı 1 ton təşkil etməklə, 25 ton yonca bağlısını iddiaçının oğlu X26 rayonundan satın alıb gətirmiş, bağlının hər biri fəhlə pulu, nəqliyyat xərci ilə birlikdə 4 manata başa gəlmişdir. Bununla da 1000 ədəd yonca bağlısı 4000 manat təşkil etmişdir. Bundan başqa həmin ot tayasında 100 ədəd saman və 100 ədəd təbii ot bağlısı olmuşdur ki, hər bir saman bağlısı 1,5 manata, təbii ot bağlısı isə 3 manata baş gəlmiş, bu da ümumilikdə 450 manat təşkil edir. Tövlənin quraqlıq hissəsinə qış azuqəsi kimi 38 ədəd kapron meşokda iddiaçının yığıb saxladığı 2 ton arpa da yanıb məhv olmuşdur. Hazırda ölkədə arpanın ümumi orta bazar qiyməti 0,40 manat olduğundan buğdanın ümumi dəyəri 800 manat təkşil edir. Beləliklə, iddiaçıya vurulmuş real zərər 20250 manat təşkil edir. Hadisə günü, yəni 05 iyul 2022-ci il tarixində yanğının söndürülməsində İsmayıllı rayon X20 Hissəsinin əməkdaşları iştirak etmiş, iddiaçı tələb etməsinə baxmayaraq, bu günədək yanğının səbəbləri barədə aktın surəti təqdim olunmamış, bundan imtina edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X12 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa və əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlara uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyib, əvvəlki məhkəmə iclaslarında verdiyi izahatlara uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddia ərizəsini, ona əlavə edilmiş sənədləri iş materialları ilə birgə nəzərdən keçirərək, şahidlərin ifadələrini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, xx.xx.2022-ci il tarixdə keçirilmiş hazırlıq iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Niftalyev Taleh onun qohumudur. N.Taleh ondan Zərdabdan yonca gətirməyə kömək etməsini xahiş etmiş, birlikdə Zərdabdan 1000 ədəd yonca bağlısı gətirmişlər. Bağlının birini 4 manatdan almış, cəmi 4000 manat pul vermişdirlər. xx.xx.2022-ci il tarixdə keçirilmiş hazırlıq iclasında şahid qismində dindirilmiş X23 ifadəsində bildirmişdir ki, o, iddiaçının qohumudur, usta işləyir. İddiaçının həyətində 1000 ədəd yonca bağlısı, 100 ədəd ot bağlısı, 100 ədəd saman bağlısı, 2 ton arpa-taxılı olmuş, yanğın nəticəsində hamısı yanmışdır. Həmin bağlıları Zabratdan gətirən zaman N.Talehgilə o da kömək etmişdir. 1000 ədəd yonca bağlısına 4000 manat pul vermişlər. xx.xx.2022-ci il tarixdə keçirilmiş hazırlıq iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, N.Talehin qonşusudur. N.Taleh ondan Zərdabdan yonca gətirməyə kömək etməsini xahiş etmiş, birlikdə Zərdabdan 1000 ədəd yonca bağlısı gətirmişlər. Bağlının birini 4 manatdan almış, cəmi 4000 manat pul vermişdirlər. Belə ki, mülki işin materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN - 677F seriyalı, 40718018 kod nömrəli şəhadətnamədən görünür ki, İsmayıllı rayon Aqrar İslahatı Komissiyasının 07 dekbar 1998-ci il tarixli 62 saylı qərarına əsasən İsmayıllı rayonu Kürdmaşı kəndində yerləşən 0.20 ha torpaq sahəsi X8 və ailə üzvləri - İddiaçı, X2, X9, X10 və X5 mülkiyyətinə verilmişdir. Mülki işin materiallarında olan İsmayıllı EŞ-nin 130 №-li naryad-buraxılış sənədindən görünür ki, xx.xx.2022-ci il tarixdə briqada üzvlərinə Kürdmaşı kəndində yerləşən 10 kv-luq Kürdmaşı h/x-dən qidalanan 160 kva ******* kodlu KTM-dən çıxan 0.4 kv-luq EVX-də ağacların budanması və naqillərin tarımlanması tapşırılmışdır. Mülki işin materiallarında olan X6 əməkdaşları tərəfindən tərtib edilmiş 16 iyun 2022-ci il tarixli aktdan görünür ki, həqiqətən İsmayıllı EŞ üzrə 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq ilə əlaqədar 2022-ci ilin iyun ayında 160 kva ******* kodlu KTM-dən çıxan 0.4 kv-luq EVXdə xətlərin mühafizə zonası ağac kütləsində təmizlənmiş və naqillərin tarımlanması işləri görülmüşdür. Mülki işin materiallarında olan İsmayıllı rayon X20 Hissəsinin xx.xx.2022-ci il tarixli yanğın haqqında ilkin aktından görünür ki, İsmayıllı rayonunun Kürdmaşı kəndində tövlənin yanması barədə 13:27-də məlumat daxil olmuş, 13:48-də əməkdaşlar hadisə yerinə çatmış, 18:00-da yanğın söndürülmüşdür. Yanğının yaradılmasına imkan yaradan şərait bilinməmiş, “yanğının səbəbi” bölməsində “araşdırılır” qeydi yazılmışdır. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, 05 iyul 2022-ci il tarixində növbədə olarkən Hissənin 101 saylı telefonuna saat 13:27 dəqiqədə məlumat daxil olmuşdur ki, İsmayıllı rayonu Kürdmaşı kəndində tövlə yanır. Məlumat daxil olan kimi dərhal saat 13:28 dəqiqədə 2 yanğın avtomobili ilə hadisə yerinə yollanmış, saat 13:48 dəqiqədə hadisə yerinə çatmış, saat 13:55 dəqiqədə yanğını məhdudlaşdırmışlar. Yanğın nəticəsində 1956-cı il təvəllüdlü İddiaçı məxsus ümumi sahəsi 85 kv.m olan tövlənin yanar konstruksiyaları, damına yığılmış 1 ton ot bağlaması və tövlənin ətrafına yığılmış 14 ton ot bağlaması yanmışdır. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunmuşdur. Saat 18:00-da yanğın tam söndürülmüşdür. Hadisə yerində heç kim xəsarət almamışdır. Təhlükəsizlik texnika qaydalarına tam riayət olunmuşdur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli yanğın haqqında ilkin aktdan görünür ki, İsmayıllı rayonunun Kürdmaşı kəndində ot tayası və tövlənin içində yığılmış ot bağlamasının yanması barədə xx.xx.2022-ci il saat 09:41-də məlumat daxil olmuş, 09:52-də əməkdaşlar hadisə yerinə çatmış, 10:16-da yanğın söndürülmüşdür. Yanğında ümumi 20 ton ot bağlamasının 6 tonu yanaraq məhv olmuşdur. Yanğının yaradılmasına imkan yaradan şərait bilinməmiş, “yanğının səbəbi” bölməsində “aidiyyəti üzrə araşdırılır” qeydi yazılmışdır. Mülki işin materiallarında olan AR FHN X30 Xidmətinin xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, baxış obyekti İsmayıllı rayonunun şimal-qərb hissəsində yerləşir. Baxış keçirilən zaman ot tayasının yol ilə sərhəd hissəsində elektrik dirəyinin yerləşdiyi müəyyən olunmuşdur. Tövlənin yanar konstruktiv elementləri yanaraq tövlənin daxilinə və xaricinə tökülmüşdür. Ot tayası tamamən yanmış, alovun, tüstünün, suyun təsirindən yararsız hala düşmüşdür. Mal tövləsinin divarları çay daşından, çardağı yerli ağac materialı üzərinə şifer örtük yapılmaqla inşa olunmuşdur. Ətrafa baxış keçirən zaman açıq alovdan və qəsdən yandırma izlərinə rast gəlinməmişdir. Mülki işin materiallarında olan İsmayıllı rayonu Kürdmaşı kəndində vətəndaş İddiaçı məxsus həyətyanı sahədə inşa olunmuş mal tövləsində və yaxınlıqda yığılmış ot bağlamalarında baş vermiş yanğın haqqında Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli şəxsləri və İsmayıllı rayonu Kürdmaşı kənd sakini İddiaçı iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, planda ümumi sahəsi 85 m2 olan mal tövləsi divarları çay daşından, dam hissəsi yerli ağac məmulatından istifadə olunmaqla azbest şifer örtüklə yapılmışdır. Həyətyanı sahədə tövlə yaxınlığında yığılmış ot bağlamalarının yaxınlığından elektrik qidalandırıcı xətlər keçir. Belə ki, kənd yolu istiqamətində vətəndaşa məxsus kənd yolu ilə həyətyanı sahəsini ayıran daş fasadın dib hissəsindən keçən elektrik xətləri ilə həyətyanı sahədə yerləşdirilmiş ot bağlamaları arasında məsafə saxlanılmamışdır. Yanğın baş verməzdən əvvəl ev sahiblərindən başqa həyətdə heç kim olmamış, açıq alovdan istifadə olunmamış, qaynaq işləri aparılmamışdır. Yanğın saat 13:20 dəqiqədə aşkar olunmuş, saat 13:27 dəqiqədə İsmayıllı rayon DYMH-nə hadisə barəsində məlumat verilmiş, 13:41 dəqiqədə hadisə yerinə çatan YMH-nin əməkdaşları 13:55 dəqiqədə yanğını məhdudlaşdıraraq 18:00 dəqiqədə yanğını tamamən söndürüb hadisə yerini tərk etmişlər. Yanğın nəticəsində vətəndaşın söylədiklərinə əsasən ona 14000 (on dörd min) manat maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanın məbləği vətəndaşın ərizəsində göstərilmişdir. Hadisə nəticəsində tövlə binası və ot bağlamaları yanaraq, islanaraq məhv olmuş, tövlə daxilində olan iri buynuzlu malqara yanğından xilas olmuş, bədbəxt hadisə baş verməmişdir. Alınmış izahatlara və ev sahiblərinin bildirdiklərinə əsasən yanğın hadisəsinə səbəb yaxınlıqda yerləşmiş elektrik dirəyində naqillərdə baş vermiş qısa qapanma nəticəsində yanğın hadisəsinin baş verməsi güman olunur. Vətəndaş İddiaçı və onun ailə üzvləri fərdi yaşayış evləri, mehmanxanalar, qarajlar üçün mövcud olan yanğın təhlükəsizliyi qaydaları ilə təlimatlandırılmışlar. Mülki işin materiallarında olan İddiaçı tərəfindən X16 Yanğın Nəzarəti İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, yanğın barədə məlumat vermiş, yanğının səbəbinin elektrik naqillərində baş vermiş qısa qapanma olduğunu düşündüyünü qeyd etmiş, dəymiş maddi ziyanın müvafiq qurumdan alınmasını tələb etmişdir. Mülki işin materiallarında olan İddiaçı tərəfindən X16 Yanğın Nəzarəti İdarəsinə yazılmış xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, hadisə günü evdə olarkən şifer partlamasının səsini eşidib çölə çıxmış, tövlənin yandığını görmüşdür. Heç kimlə ədavətləri olmadığından yanğının qəsdən törədilməsi ehtimalının olmadığını bildirərək, yanğının səbəbinin elektrik və rabitə xətlərində baş vermiş qısa qapanma olduğunu qeyd etmişdir. Mülki işin materiallarında olan İddiaçı İsmayıllı RPŞ-yə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, xx.xx.2022-ci il tarixində yaşadığı evin həyətində yerləşən tövlə yanmış, həmin yanğın hadisəsi elektrik naqillərinin qısa qapanması nəticəsində baş vermişdir. Hər hansı kənar müdaxilə nəticəsində baş verməmiş, buna görə də onun heç kimdən heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə Azərenerji Şirkətini məhkəməyə vermək niyyəti var. Odur ki, ərizəni nəzərə alaraq araşdırmanın başa çatdırılmasını xahiş etmişdir. Mülki işin materiallarında olan İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Kürdmaşı kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 943 nömrəli arayışından görünür ki, 05 iyul 2022-ci il tarixdə saat 13:44 radələrində İsmayıllı rayonu Kürdmaşı kəndində İddiaçı məxsus həyətyanı torpaq sahəsində inşa olunmuş 48 kv.m-dən (16x3) ibarət mal tövləsinin yanında olan bağlı ot və bağlı küləş tayası tamamilə yanmışdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYMX İsmayıllı rayon X20 Hissəsinin xx.xx.2022-ci il tarixli 37/37-150 nömrəli arayışından görünür ki, 05 iyul 2022-ci il tarixdə saat 13:44 radələrində İddiaçı məxsus həyətyanı torpaq sahəsində inşa olunmuş mal tövləsi və kənarda yığılmış ot tayasında yanğın hadisəsi baş vermişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, İsmayıllı RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X15 icraatına xx.xx.2022-ci il tarixdə Fövqəladə Hallar Nazirliyi X30 Xidməti Şimal Qərb Regional X30 İdarəsindən xx.xx.2022-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində İddiaçı məxsus mal tövləsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar toplanmış təhqiqat materialı daxil olmuşdur Material öyrənilərkən müəyyən edilmişdir ki, yanğın hadisəsi tövlə yaxınlığında olan elektrik naqillərinin qısa qapanması nəticəsində baş vermişdir. Yanğın hadisəsinin baş verməsində heç bir qəsd müəyyən edilməmişdir. Baş vermiş hadisə nəticəsində sahəsi 40 kvadrat olan tövlə daxilində 150 ədəd ot bağlaması və həmin tövlənin yaxınlığında yığılmış 700 ədəd ot bağlaması yanaraq məhv olmuşdur. Nəticədə İddiaçı ona yanğın nəticəsində 14 min manat məbləğində maddi ziyanın dəyməsini bildirərək, "xxxx" ASC-dən ona dəymiş maddi ziyanın ödənilməsini tələb kimi irəli sürmüşdür. Toplanmış araşdırma materiallarından görünür ki, İddiaçı tərəfindən hadisə ilə bağlı hər hansı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə dair heç bir tələb irəli sürülməmişdir. Materialda olan müvafiq aktlara görə yanğın nəticəsində İddiaçı məxsus 20 (iyirmi) ton ot bağlamasından 6 (altı) tonu yanaraq məhv olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, yanğının baş vermiş təbiət hadisəsi nəticəsində yaranmasını nəzərə alaraq cinayət, habelə inzibati məsuliyyət istisna edilir və bununla da hadisədə ictimai təhlükəlilik əlaməti mövcud deyildir. Odur ki, baş vermiş yanğın hadisəsində cinayət və inzibati xəta tərkibi mövcud olmadığından Azərbaycan Respublikası CM-nin 186 və 187ci maddələri ilə cinayət işi, İXM-nin isə 232-1-ci maddəsi ilə inzibati icraat başlanılması rədd edilmiş, İddiaçı "xxxx" ASC-yə qarşı irəli sürəcəyi tələblərlə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi İsmayıllı rayon Statistika İdarəsinin 16 avqust 2022-ci il tarixli 06 nömrəli arayışından görünür ki, 11 avqust 2022-ci il tarixdə İddiaçı tərəfindən daxil olan müraciətə uyğun olaraq qeyd olunan məhsulların iyul ayı ərzində qiyməti aşağıdakı kimi müşahidə olunmuşdur: - bağlı yonca otu – bir tonu 160 (bir yüz altmış) manat; - bağlı təbii ot - bir tonu 130 (bir yüz otuz) manat; - arpa məhsulu – bir kiloqramı 58 (əlli səkkiz) qəpik; - bağlı saman (küləş) – müşahidəsi aparılmır. Mülki işin materiallarında olan "xxxx" Firmasının 16 avqust 2022-ci il tarixli 08 nömrəli arayışından görünür ki, firmada (bazarda) taxıl məhsulunun orta bazar qiyməti 1kq arpa – 0.40 q. olmuşdur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə İddiaçı tərəfindən 155 (bir yüz əlli beş) manat məbləğində rüsum ödənilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X30 Xidməti X16 Yanğın Nəzarəti İdarəsinin xx.xx.2022-ci il tarixli xx/xx-02500 saylı məktubundan görünür ki, 05 iyul 2022-ci il tarixdə İsmayıllı rayonu, Kürdmaşı kəndində İddiaçı məxsus mal tövləsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar toplanmış material vətəndaşın şikayətin əsasında müvafiq qərarın qəbul edilməsi üçün xx.xx.2022-ci il tarixli xx/xx-01390 saylı məktubla, qeyd edilən yanğın hadisəsi ilə bağlı Nəsimi Rayon Məhkəməsindən daxil olmuş məktubda göstərilənlər baxılması və təşəbbüskara məlumat verilməsi üçün aidiyyəti üzrə İsmayıllı rayon Polis Şöbəsinə göndərilmişdir. Mülki işin materiallarında olan İsmayıllı rayon prokurorluğunun xx.xx.2022-ci il tarixli 541 X- 22 saylı cavab məktubundan görünür ki, İsmayıllı rayon prokurorluğunda xx.xx.2022-ci il tarixdə, saat 13:44 radələrində İsmayıllı rayonu, Kürdmaşı kəndində İddiaçı məxsus olan həyətyanı torpaq sahəsində baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırma aparılmamışdır. Mülki işin materiallarında olan İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının Kürdmaşı kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 36 saylı cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13-14 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndində İddiaçı məxsus olan həyətyanı torpaq sahəsində olan mal tövləsində həqiqətən də yanğın baş vermişdir. Yanğının səbəbləri onlara məlum deyildir. Bu barədə İsmayıllı rayon Yanğından Mühafizə İdarəsindən sorğu alına bilər. Yanğın zamanı icra nümayəndəliyi olaraq Kürdmaşı kənd bələdiyyəsi ilə ərazidə baxış keçirilmiş, baxış keçirilən zaman məlum olmuşdur ki, həyətdə olan 3x16=48 kv.m mal tövləsi tamamilə yanmışdır. Lakin orada yanıb məhv olan ot və saman ehtiyatının sayının nümayəndəlik tərəfindən dəqiqləşdirilməsi mümkün olmamışdır. Çünki onlar həmin əraziyə gedən zaman yanğın, demək olar ki, söndürülmüşdü. Lakin ev sahibinin dediyinə görə, mal tövləsindən başqa həyətdə 700 ədəd saman yanaraq məhv olmuşdur. Yanğına baxış keçirilən zaman aidiyyatı qurumlar orada iştirak etdiyinə görə (Polis, Yanğından Mühafizə) icra nümayəndəliyi tərəfindən akt, protokol və sair sənədlərin tərtib edilməsinə lüzum görülməmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin xx.xx.2022-ci il tarixli xx/xx-06128 saylı və xx.xx.2022-ci il tarixli xx/xx- 06325 saylı cavab məktublarından görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 13 radələrində İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən İddiaçı məxsus həyətyanı sahəsində baş vermiş yanğın hadisəsi ilə bağlı Əməliyyat-İstintaq İdarəsində material araşdırılmamış və cinayət işinin istintaqı aparılmamışdır. Mülki işin materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində İddiaçı məxsus mal tövləsində baş vermiş yanğın hadisəsi ilə əlaqədar toplanmış material Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2022-ci il tarixli 04/4797 saylı cavab məktubundan görünür ki, baş vermiş yanğın hadisəsi ilə bağlı İsmayıllı rayon prokurorluğunda araşdırma aparılmamış, həmin faktla bağlı araşdırma rayon polis şöbəsində aparılmış və toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarın surəti məktuba əlavə edilmişdir. Mülki işin materiallarında olan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2022-ci il tarixli 05/625 nömrəli cavab məktubundan görünür ki, həmin yanğın hadisəsi ilə bağlı RİH-nə şifahi məlumat verilmişdir. İş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədi ilə məhkəmənin xx.xx.2022ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki, yanğın-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Ekspert qarşısında əlavə sualların qoyulması zərurəti olduğundan məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmiş, xx.xx.2022-ci il tarixli qərardadla məhkəmə tikinti-texniki, yanğın-texniki və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspert rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. Mülki işin materiallarında olan "xxxx" ASC-nin X17 Təchizatı və Satış İdarəsi X6 xx.xx.2022ci il tarixli 26/364 nömrəli cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixində Kürdmaşı kəndi ərazisində 10 kv-luq Kürdmaşı h/x-dən qidalanan ******* kodlu 160 kva gücündə 10/0.4 kv-luq KTM-dən çıxan 0.4 kv-luq EVX-də 130 saylı naryadla xəttin mühafizə zonasının ağac kütləsindən təmizlənməsi və boş naqillərin tarımlanması işləri icra olunmuşdur. Mülki işin materiallarında olan "xxxx" ASC-nin X14 və Satış İdarəsi X6 xx.xx.2022-ci il tarixli 26/365 nömrəli məktubundan görünür ki, həmin rayonun Kürdmaşı kəndi 35/10 kv-luq Talış y/stdan çıxan 10 kv-luq Kürdmaşı h/x-i vasitəsi ilə enerjisi ilə təchiz olunur. xx.xx.2022-ci il tarixdə Kürdmaşı kəndində yanğın hadisəsi baş verdiyi üçün saat 13:55 radələrində 10 kv-luq Kürdmaşı h/x-i İsmayıllı rayon X11 əməkdaşı İsayevin sifarişi əsasında açılmışdır. Yanğın söndürüldükdən sonra saat 17:50 radələrində xəttə enerji verilişi bərpa olunmuşdur. Əlavə olaraq 10 kv-luq Kürdmaşı xəttində və həmin xətdən qidalanan 160 kVA ******* kodlu KTM-dən çıxan 0.4 kv-luq EVX-də, o cümlədən yanğın hadisəsi baş vermiş ot tayasının üzərindən keçən 0.22 kv-luq EVX-də heç bir qəza və açılma hadisəsi olmamışdır. xx.xx.2023-cü ildə Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi məhkəməyə daxil olduğundan, xx.xx.2023-cü ildə iş üzrə icraat təzələnmişdir. Mülki işin materiallarında olan X1 rayon Polis Şöbəsinə və Nəsimi Rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 24 nömrəli cavab məktubundan görünür ki, həqiqətən 05 iyul 2022-ci il tarixdə Kürdmaşı kənd sakini İddiaçı məxsus olan mal tövləsi Kürdmaşı Bələdiyyəsinə məlum olmayan səbəbdən yanmışdır. Bu barədə Kürdmaşı Bələdiyyəsi və Kürdmaşı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən İsmayıllı rayon X19 Mühafizə İdarəsinə məlumat verilmişdir. Məlumata əsasən, yanğın baş vermiş əraziyə həmin idarə tərəfindən baxış keçirilmiş və dəymiş zərər barədə akt tərtib olunmuşdur. Həmin yanmış mal tövləsi 1985-1987-ci illərdə tikilmişdir. Bu barədə vətəndaşa şifahi olaraq müraciət edilmiş, vətəndaş da həmin tikintinin heç bir sənədinin olmadığını söyləmişdir. Mülki işin materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2023-cü il tarixli 9/8749 və 10/7895 nömrəli ekpsert rəyindən görünür ki, tədqiqat obyektinə baxış zamanı hadisə yeri ilkin vəziyyətdə saxlanılmadığı, yəni İsmayıllı rayonu, Kürdmaşı kəndində İddiaçı məxsus olan həyətyanı torpaq sahəsində yerləşən tövlə söküldüyü və ərazi yanğın qalıqlarından təmizləndiyi üçün baş vermiş yanğının mənbəyini müəyyən etmək mümkün olmamışdır. Tədqiqat obyektinə baxış zamanı hadisə yerinin ilkin vəziyyətdə saxlanılmadığını nəzərə almaqla, iş materiallarında olan məlumatlara əsasən hadisə baş vermiş əraziyə hər hansı kənar müdaxilə halının qeydə alınmadığını, yanğın baş verməzdən əvvəl evin həyətində açıq alovla müşayiət olunan işlərin aparılmadığını, həmçinin hadisə ərəfəsində tövlənin üzərindən keçən 0.22 kV-luq hava xəttində hər hansı nasazlıq və ya açılmalar olmadığına görə, baş vermiş yanğının səbəbini müəyyən etmək mümkün olmamışdır. Tədqiqat obyektinə baxış zamanı İsmayıllı rayonu, Kürdmaşı kəndində İddiaçı məxsus olan həyətyanı torpaq sahəsinin üzərindən 10 kV-luq hava elektrik xəttinin keçdiyi müəyyən edilmişdir. “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 3-cü bəndinin tələblərinə əsasən həmin torpaq sahəsi hava elektrik xəttinin mühafizə zonasında yerləşir. Yanğının səbəbini müəyyən etmək mümkün olmadığı üçün baş vermiş hadisə ilə əlaqədar hər hansı normativ aktların tələblərinin pozulubpozulmamasını müəyyən etmək mümkün olmamışdır. Bununla belə qeyd olunmuşdur ki, hava elektrik ötürücü xəttin mühafizə zonasında ot bağlamalarının yığılması “Gərginliyi 1000 voltdək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci bəndinin tələblərinə zidd olmuşdur. İsmayıllı rayonu, Kürdmaşı kəndində İddiaçı məxsus olan həyətyanı torpaq sahəsində xx.xx.2022-ci il tarixdə baş vermiş yanğın hadisəsi nəticəsində tövlə tikilisinə dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı tikinti-təmir işlərinin dəyəri hal-hazırki bazar qiymətlərinə uyğun olaraq təqribən 3301 manat məbləğində müəyyən olunmuşdur. İsmayıllı rayon Statistika İdarəsi tərəfindən tərtib edilmiş 16 avqust 2022-ci il tarixli arayışa əsasən məhv olmuş məhsulların iyul ayına qiymətləri aşağıdakı kimi müəyyən edilmişdir: bağlı yonca otu – 1 tonu 160,0 manat, bağlı təbii ot - 1 tonu 130,0 manat, arpa məhsulu – 1 kq 0,58 manat. Rəyin qeyd hissəsində göstərilmişdir ki, İsmayıllı rayonu ərazisində tələb və təklifdən, eləcə də qiymətə təsir edən digər amillərdən (məhsulun növündən, məhsuldarlığından, inkişaf səviyyəsindən və sair) asılı olaraq, yuxarıda müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 150 manatdır. Mülki işin materiallarında olan İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2023-cü il tarixli 5-5412-224/2023 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1.1-ci maddəsinə əsasən hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kv metr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin tikintisinə icazə tələb olunmadığından İsmayıllı RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsində iddiaçıya məxsus tövlənin tikintisi ilə bağlı heç bir sənəd aşkar edilməmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixdə “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə təqdim edilmiş məktubdan görünür ki, qeyd olunan ərazinin elektrik enerjisi təchizatı 35/10 kV-luq “Talış” y/stansiyasından çıxan 10 kV-luq Kürdmaşı hava xəttindən qidalanan ******* kodlu 160 kVa gücündə 10/0,4 kV-luq KTM dən çıxan 0,22 kV-luq fider vasitəsi ilə həyata keçirilir. Yanğının baş verdiyi əraziyə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının və vətəndaşın iştirakı ilə birlikdə baxış keçirilmiş, baxış zamanı müəyyən olunmuşdur ki, ******* kodlu, 160 kVa gücündə 10/0.4 kVluq KTM dən çıxan 0.22 kV-luq fiderin mühafizə zonası vətəndaş tərəfindən zəbt olunaraq xəttin mühafizə zonasında tövlə tikilmişdir. Sorğuda qeyd olunan elektrik xəttləri ötən əsrin 70-ci illərinin əvvəllərində çəkildiyindən xətt ilə bağlı hər hansı bir sənədin təqdim olunması mümkün deyildir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixində İsmayıllı rayonunun Kürdmaşı kəndində iddiaçıya məxsus həyətyanı sahədə olan tövlədə və onun yaxınlığında olan ot tayasında yanğın baş vermiş və nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Hazırda iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin İsmayıllı rayon Elektrik Şəbəkəsi tərəfindən ona vurulmuş 20250 (iyirmi min iki yüz əlli) manat məbləğində maddi zərərin alınaraq ona verilməsini xahiş edir. Cavabdeh tərəf isə iddianı qəbul etməyərək, özlərini iş üzrə cavabdeh hesab etmədiklərini bildirir. Belə ki, iddiaçı tərəfin həm yanğın hadisəsinin araşdırılması dövründə, həm də məhkəmə iclasları zamanı verdiyi izahatlarda rabitə xətləri çəkildikdən sonra elektrik xətlərində problemlər yarandığını və yanğının rabitə və elektrik xətlərinin qısaqapanması nəticəsində çıxdığını bildirməsinə və iş üzrə təqdim edilmiş müvafiq sübutlara istinad edərək, baş vermiş yanğın hadisəsində cavabdehin təqsirinin olmadığını qeyd edir. Məhkəmə iddia tələbini araşdıraraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya məxsus həyətyanı sahədə inşa edilmiş mal tövləsində və yanında qoyulmuş ot bağlamalarında yanğının baş verməsi və bunun nəticəsində iddiaçıya maddi ziyan dəyməsi işin mübahisəsiz halını təşkil edir. Lakin məhkəmə tərəfindən aparılmış uzunmüddətli və hərtərəfli araşdırma nəticəsində iddiaçıya dəymiş maddi ziyanın məbləği, eyni zamanda, iş üçün xüsusi əhəmiyyət kəsb edən yanğının səbəbi dəqiq müəyyən edilə bilməmişdir. Belə ki, hadisə ilə bağlı İsmayıllı RPŞ-nin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarında ziddiyyətli fikirlər ifadə olunmuşdur. Qərarda bir abzasda qeyd edilmişdir ki, yanğın hadisəsi tövlə yaxınlığında olan elektrik naqillərinin qısa qapanması nəticəsində baş vermişdir. Bundan sonra başqa bir abzasda qeyd edilmişdir ki, yanğın hadisəsinin baş verməsində heç bir qəsd müəyyən edilməmiş, yanğının baş vermiş təbiət hadisəsi nəticəsində yaranmasını nəzərə alaraq cinayət, habelə inzibati məsuliyyət istisna edilmişdir. Fövqəladə Hallar Nazirliyi X30 Xidmətinin Şimal Qərb Regional X30 İdarəsinin X30 şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən isə alınmış izahatlara və ev sahiblərinin bildirdiklərinə görə güman edilmişdir ki, yanğın hadisəsinə səbəb yaxınlıqda yerləşmiş elektrik dirəyindəki naqillərdə baş vermiş qısa qapanma olmuşdur. Yanğının baş verməsinə səbəb olan halla əlaqədar mübahisə mövcud olduğundan, səbəbin müəyyən edilməsinin işin həlli üçün xüsusi əhəmiyyət kəsb etməsi nəzərə alınaraq, məhkəmə tərəfindən müvafiq ekspertizalar təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 yanvar 2023-cü il tarixli olan ekpsert rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı məxsus olan həyətyanı torpaq sahəsində yerləşən tövlə söküldüyü və ərazi yanğın qalıqlarından təmizləndiyi üçün baş vermiş yanğının mənbəyini müəyyən etmək mümkün olmamış, həyətyanı torpaq sahəsinin üzərindən 10 kV-luq hava elektrik xəttinin keçdiyi və “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 3-cü bəndinin tələblərinə əsasən həmin torpaq sahəsinin hava elektrik xəttinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Həmçinin, qeyd edilmişdir ki, hava elektrik ötürücü xəttin mühafizə zonasında ot bağlamalarının yığılması “Gərginliyi 1000 voltdək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5-ci bəndinin tələblərinə zidd olmuşdur. Göstərilənlərə əsasən, aparılmış araşdırma nəticəsində məhkəmə belə hesab edir ki, iddiaçı ona maddi ziyan vurulmasına səbəb olan hadisənin məhz cavabdehin təqsirli hərəkəti nəticəsində vurulduğunu iddia etsə də, iddiasını əsaslandıran mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin dəlillərini məhkəmədə müvafiq qaydada sübuta yetirə bilməmiş, məhkəmə araşdırmaları nəticəsində də onun dəlilləri öz təsdiqini tapmamışdır. Buna görə də, iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Lakin bu halda da zərərin zərərvuranın qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi nəticəsində vurulması, eyni zamanda zərərlə zərərvuranın qanunsuz hərəkəti və yaxud hərəkətsizliyi arasında səbəbli əlaqənin olması mötəbər yazılı sübutlarla, habelə ekspertin, mütəxəssisin rəyləri ilə təsdiq olunmalıdır. Nəzərə alınmalıdır ki, səbəbli əlaqə dedikdə hüquqa zidd hərəkətlə baş verən zərərli nəticə arasında bilavasitə əlaqənin olması nəzərdə tutulur. Səbəb ya bilvasitə nəticəni doğurur, ya da onun əmələ gəlməsi üçün real imkan yaradır. Eyni zamanda səbəbəli əlaqə düzünə və yanakı formada ola bilər. Təqsir isə hüququ pozan şəxsin özünün hüquqa zidd hərəkətlərinə və onların nəticələrinə olan psixi münasibəti başa düşülür. Hər bir davranış aktı iradə ifadəsi olaraq bilinir. Müvafiq ekspert rəyinə əsasən qeyd edilməlidir ki, iddiaçının tövləsinin və ot tayasının olduğu yerin üzərindən 10 kV-luq elektrik naqili keçdiyinə görə, həmin ərazi elektrik şəbəkələrinin mühafizə zonasının daxilində olmuşdur. Buna görə də iddiaçı tərəfindən həyətyanı sahədə tövlənin tikilməsi və ot tayalarının qoyulması «Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları»nın tələblərinin onun tərəfindən pozulması ilə nəticələnmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, iş materialları ilə təsdiq edilir ki, həmin ərazidən keçən elektrik xətləri cavabdeh tərəfindən saz vəziyyətdə saxlanılmış, həmin xətlərdə hər hansı qüsur aşkar edilməmişdir. Məhkəmə yuxarıda qeyd edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarda ifadə olunan ziddiyyətli fikirlərin və X30 şöbəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktda yazılan qeydlərin əsasını tapmadığından, həmin sənədləri mübahisəli hesab edərək, iş üzrə mötəbər sübut qismində qəbul etmir. Həmçinin, cavabdeh "xxxx" ASC tərəfindən rabitə xətlərinin çəkilməsindən sonra yanğının baş verməsinə görə cavabdeh qismində Rabitə Nazirliyinin cəlb edilməli olması dəlilinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının müvafiq tələblə başqa şəxslərə qarşı iddia qaldırması hüququ istisna edilmir. Hazırda iddia tələbinin məhz "xxxx" ASC-yə qarşı yönəlməsi və onun təqsirli hərəkətlərinin olub-olmamasının müəyyən edilməsi hazırki məhkəmə araşdırmasının predmetini təşkil etdiyindən məhkəmə hesab edir ki, iddiaçının məhz Rabitə Nazirliyinə qarşı iddia qaldırmalı olması barədə yönləndirmə yanlış olardı. Eyni zamanda, araşdırma zamanı Rabitə Nazirliyinin təqsirinin olmasına dair əsaslı sənədlər təqdim edilmədiyindən məhkəmə hazırki cavabdehin Rabitə Nazirliyi ilə əvəz edilməsini iddiaçıya təklif etməyə zərurət görməmişdir. Məhkəmə iddia tələbinin təmin edilməməsi barədə qənaətini aşağıdakı normalarla əsaslandırır: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar həmin Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin, təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı » 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «Gərginliyi 1000 V-dan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları»nın 14-cü bəndinə əsasən, elektrik şəbəkələrinin normal işini pozan, onların zədələnməsinə və yaxud bədbəxt hadisələrə səbəb ola biləcək hər bir fəaliyyət növü o cümlədən, hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yem, peyin, saman, torf, odun və başqa materialların yığılması, ocaq və ya tonqal qalanması qadağan edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə keçirilmiş məhkəmə ekspertizalarının tədqiqat dəyəri olan 150 (bir yüz əlli) manat məbləğində pul İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumi dəyəri 150 (bir yüz əlli) manat məbləğində pul İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar