Məhkəmə qərarları › İş №2(006)-2461/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2461/2023

07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2461/2023 07.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçı Əkbərov Zabı̇ l Əlı̇ oğlunun, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Əkbərov Zabı̇ l Əlı̇ oğlunun cavabdeh ləğv prosesində olan "xxxx" X4 Səhmdar Cəmiyyətinə qarşı "kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyinin qoyulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Əkbərov Zabı̇ l Əlı̇ oğlu cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı "borcun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Əkbərov Zabı̇ l Əlı̇ oğlu ilə ləğv prosesində olan "‘Bank Standard” KB arasında ********** saylı, 18 dekabr 2008-ci il tarixli kredit müqaviləsi bağlanıb və ona 2 il müddətinə 2500 manat məbləğində kredit ayrılmışdır. Kredit borcunu vaxtında tam ödəmiş, müqavilənin müddəti 18 dekabr 2010-cu il tarixində bitmişdir. Bu müddət ərzində ona borcun olması barədə bank tərəfindən xəbərdarlıq edilməmişdir. Bundan əlavə, bank tərəfindən ona verilən 09 yanvar 2013-cü il tarixli, 11/115 saylı arayışa əsasən bankın ona qarşı heç bir iddiasının olmadığı qeyd edilmişdir. Daha sonra bank tərəfindən ona 31 avqust 2015-ci il tarixində bildiriş göndərilmiş və qeyd edilmişdir ki, 14 avqust 2015-ci il tarixinə kimi banka 310.92 manat məbləğində faiz borcu, 1846.88 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2157.80 manat məbləğində borcu qalmışdır. Bildirişin məzmunundan da göründüyü kimi, onun banka hər hansı borcu qalmamışdır. Çünki banka olan əsas borc barəsində hər hansı qeyd göstərilməmişdir. Daha sonra bank 2015-ci ilin sentyabr ayında məhkəməyə müraciət edərək yuxarıda qeyd edilən məbləğlərin ödənilməsini tələb etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli, 2(005)-5621/2015 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ondan 310,92 manat faiz borcun, 100 manat cərimənin və ödənilmiş 30 manat rüsumun, ümumilikdə 441,92 manat pulun tutulması qət edilmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş və məhkəmədə də qeyd etmişdir ki, o, kredit borcunu ödəmişdir. Bunu bankın nümayəndəsi də təsdiq etmiş və bununla bağlı 9 yanvar 2013 tarixli, 11/115 saylı arayış verilmişdir. Məhkəmədə də aydınlaşdırılmışdır ki, ona verilən arayışda müqavilənin nömrəsi texniki səhv nəticəsində yalnış qeyd edilmiş, bankın nümayəndəsi də təsdiq etmişdir ki, bankla onun arasında yalnız bir müqavilə olmuş, bundan başqa hər hansı krediti olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 may 2018- ci il tarixli qətnaməsində də, bankın verdiyi arayışda onun banka hər hansı borcunun (əsas, faiz) olmadığı və bankın ona qarşı heç bir iddiasının olmadığı qeyd edilmişdir. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı kredit müqaviləsinin müddətinin bitməsindən sonra müqavilə şərtlərinə uyğun olarq faizləri hesablamaqda haqlı olmamışdır. Bakı Apellyasiya Məhkəməsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli, 2(005)-5621/2015 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini qət etmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli, 2(102)-7414/2018 saylı qərarı ilə bankın kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bunlara baxmayaraq, "xxxx" Məhdud Məsuliyyəti Cəmiyyətinin verdiyi 31 yanvar 2023 tarixli çıxarışda göstərilmişdir ki, onun ləğv prosesində olan "xxxx" KB-yə 18 dekabr 2008 tarixli kredit müqaviləsi üzrə kreditin qalıq məbləği 1 manat və 2157.12 manat faiz borcum var. Borc və faiz məbləğinin haradan alındığı ona məlum deyil. Çünki həm bankın verdiyi sənəddə, həm də bankın nümayəndəsinin Bakı Apellyasiya Məhkəməsində çıxışında da qeyd edilmişdir ki, onun banka hər hansı borcu yoxdur. Faiz məbləği isə qeyd etdiyi kimi, bankın özünün bildirdiyi məbləğdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019 tarixli Fərmanın 6.1-ci bəndinə qeyd edilmişdir ki, banklara tövsiyə edilsin ki, həmin Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasım təklif etsinlər. Həmin Fərmanın 6.2 və 6.3-cü bəndlərində qeyd edilmişdir ki, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, bir ay müddətində həmin Kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görmək barədə banklara imperativ tələblər müəyyən edilsin. Fərmanın 8.9-cu bəndinə görə faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi başa düşülür. Bu fərman bir vətəndaş kimi ona da şamil edilməli idi, lakin şamil edilməmiş və bank əsassız olaraq onun adına 1 manat borc yazmış, əsassız faiz hesablanmışdır. Borcunun olmaması barədə məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi qanunvericiliyin tələbinə əsasən bankın vəzifəsi və borcudur, bank bu vəzifəni icra etməli idi. Belə ki, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 35.4-cü maddəsinə əsasən, banklar hər bir borcalan haqqında məlumatı maliyyə bazarlarına nəzarət orqanının müəyyən etdiyi qaydada maliyyə bazarlarına nəzarət orqanında yaradılan mərkəzləşdirilmiş kredit reyestrinə verməlidir. Eləcə də “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən, məlumat təchizatçısı kredit bürosu ilə bağlanmış müqavilədə müəyyən olunmuş müddətdə, lakin dəyişiklikliyin baş verdiyi gündən 30 gündən gec olmayaraq borcun vəziyyəti (və ya digər hal üzrə son vəziyyət) barədə məlumatı kredit bürosuna təqdim etməlidir (17.3). Kredit bürosuna kredit tarixçələrini təşkil edən məlumatlar elektron formada təqdim edilir (17.4). Lakin bank qanunvericiliyin tələbini pozmuş və müəyyən olunmuş müddət ərzində 18 dekabr 2008 tarixli kredit müqaviləsi üzrə onun borcunun olmaması barədə məlumatı kredit bürosuna təqdim etməmişdir. Məlum olduğu kimi, Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 oktyabr 2016 tarixli, 2-1(81)-4498/2016 saylı qərarı ilə "xxxx" KB müflis elan edilmiş və cavabdeh Əmanətlərin Sığortalanması Fondu (bundan sonra cavabdeh) 04 oktyabr 2016-cı il tarixdən qeyd edilən bankın ləğvedicisi kimi fəaliyyətə başlamışdır. “Banklar haqqında” Qanunun 72-ci maddəsinə əsasən, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Eləcə də X3 Heyətinin 12 noyabr 2021 tarixli, 32/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi” Qaydasının 2.1.2-ci bəndinə əsasən, məlumat təchizatçısı - Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi kredit haqqında məlumatı təqdim edən kredit təşkilatı, o cümlədən ləğvetmə prosesində olan kredit təşkilatıdır. Qeyd edilənlərə uyğun olaraq cavabdehə 02 mart 2023 tarixli ərizə ilə müraciət edərək ləğv prosesində olan "xxxx" KB ilə aralarında bağlanmış xx.xx.2008 tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın “Azərbaycan Kredit Bürosu“ MMC-yə təqdim edilməsini xahiş etmiş, cavabdeh 16 mart 2023 tarixli, **********637 saylı cavab məktubunda bildirmişdir ki, məhkəmə qərarı ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Göstərilənlərə əsasən cavabdeh Əmantlərin Sığortalanması Fondunun üzərinə Əkbərov Zabı̇ l Əlı̇ oğlu ilə ləğv prosesində olan "Bank Standard” KB arasında bağlanmış 18 dekabr 2008 tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonradan iddiaçı Əkbərov Zabı̇ l Əlı̇ oğlu tərəfindən iddianın dəqiqləşdirilməsi barədə ərizə verilərək cavabdeh "xxxx" X4 Səhmdar Cəmiyyətinin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun üzərinə ləğv prosesində olan “Bank Standart” KB ilə onun arasında bağlanmış 18 dekabr 2008-ci il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

4. Daha sonra iddiaçı Əkbərov Zabı̇ l Əlı̇ oğlu ərizə ilə müraciət edərək cavabdeh Əmanətlərin Sığortalanması Fondunu əsl cavabdeh ləğv prosesində olan "xxxx" X4 Səhmdar Cəmiyyəti ilə əvəz edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

5. Məhkəmə iclasında iddiaçı Əkbərov Zabı̇ l Əlı̇ oğlu iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh bankdan 2500 manat kredit götürmüş, həmin kredit müqaviləsi üzrə borcunu vaxtında ödəmiş və borcu tam bağlamışdır. Həmin müqavilənin müddəti xx.xx.2010-cu il tarixində bitmişdir. Bu müddət ərzində banka hər-hansı məbləğdə borcunun qalması ilə bağlı ona heç bir məlumat verilməmişdir. Bundan əlavə ona verilən xx.xx.2013-cü il tarixli arayışa əsasən bankın ona qarşı heç bir iddiasının olmadığı qeyd edilmişdir. Daha sonra bank tərəfindən ona xx.xx.2015-ci il tarixdə bildiriş göndərilmiş və banka ümumilikdə 2157.92 manat məbləğində borcunun olduğu qeyd edilmişdir. Daha sonra bank həmin borcla bağlı məhkəməyə müraciət etmiş və Bakı şhəri Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmuşdur. Onun tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin müvafiq qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ancaq buna baxmayaraq hazırda "xxxx" MMC-nin verdiyi 31 yanvar 2023-cü il tarixli çıxarışdan göründüyü kimi onun hələ də cavabdeh banka 1 manat məblğində əsas və 2157.12 manat məbləğində faiz borcum qalmaqdadır. Bu onun bir vətəndaş kimi hüquqlarını pozur və bank xidmətlərindən istifadə etməyinə əngəl törədir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçının banka kredit borcu qalmaqdadır və həmin borc ödənilməmişdir. İddiaçı tərəfin qeyd etdiyi məhkəmə qətnamələri ilə iddia tələbləri iddiaçının kredit borcunun olmaması əsası ilə yox, bank tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı rədd olunmuşdur. Ancaq AR Kostitusiya Məhkəməsinin müvafiq qərarına əsasən iddia müddətinin keçməsi şəxsin öhdəliyinin xitamına səbəb olmadığından iddia tələbi tam əsassızdır və təmin olunmamalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" X4 Səhmdar Cəmiyyəti ilə İddiaçı̇ oğlu arasında 18 dekabr 2008-ci il il tarixli, ********** saylı kredit müqaviləsi bağlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(106)-4322/2018 saylı qətnaməsi ilə bank tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı Əkbərov Zabı̇ l Əlı̇ oğluna qarşı qaldırılan iddia tələbi rədd olunmuşdur. Hazırda iddiaçı Banka olan borcun olmamasını iddia edərək, kredit müqaviləsii üzrə borcun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyinin qoyulmasını tələb edir.

b) mülki işin materialları:

9. Mülki işin materiallarında olan "xxxx" X4 Səhmdar Cəmiyyəti tərəfindən Əkbərov Zabı̇ l Əlı̇ oğluna ünvanlanmış xx.xx.2013-cü il tarixli, ********** saylı məktubda bildirilmişdir ki, kredit müqaviləsi üzrə bank tərəfindən ona qarşı heç bir iddia yoxudur.

10. Mülki işin materiallarında olan Bank Standard" X4 Səhmdar Cəmiyyəti tərəfindən Əkbərov Zabı̇ l Əlı̇ oğluna ünvanlanmış xx.xx.2015-ci il tarixli bildirilşdən görünür ki, QSC "xxxx" KB ilə Əkbərov Zabı̇ l Əlı̇ oğlu arasında 18 dekabr 2008-ci il tarixində kredit verilməsi haqqında ********** saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən iiiik 27 (iyirmi yeddi) faiz ödənilinəsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2500 (iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Lakin qeyd olunan kredit müqaviləsinin tələbləri onun tərəfindən pozulmuş, kredit ödənişləri qrafikə uyğun həyata keçirilməmiş, bununla da kredit öhdəlikləri lazımınca icra edilməmişdir. Bundan başqa, kredit müqaviləsi üzrə müddətlərin bitməsinə baxmayaraq, kredit öhdəlikləri indiyədək icra edilməmiş qalmışdır. Bunun nəticəsində onun 14 avqust 2015-ci il tarixinə Banka 310.92 manat məbləğində faiz borcu, 1846.88 manat məbləğində cərimə borcu, ümumilikdə isə 2157.80 manat məbləğində borcu qalmışdır. Göstərilənlərə əsasən və tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə ondan 2157.80 manat məbləğində borcun ödənilməsini 3 (üç) gün ərzində təmin etmək xahiş olunmuşdur.

11. Mülki işin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli, 2(005)-5621/2015 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Əkbərov Zabı̇ l Əlı̇ oğlundan xx.xx.2008-ci il tarixli, ********** saylı kredit müqaviləsinə əsasən 310,92 manat faiz borcu, 100 manat cərimə, ödənilmiş dövlət rüsumu 31 manat, cəmi 4741,92 manat QSC "xxxx" KB-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(106)-4322/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin cavabdeh Əkbərov Zabı̇ l Əlı̇ oğluna qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli, 12 005)-5621/2015 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli, 2 005)-5621/2015 saylı qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunmaması qət edilmişdir.

13. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(102)-7414/2018 saylı Qərarından görünür ki, kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(106)-4322/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

14. Mülki işin materiallarında olan Əmanətlərin Sığortalanması Fondu tərəfindən Əkbərov Zabı̇ l Əlı̇ oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, Əkbərov Zabı̇ l Əlı̇ oğlu ilə QSC "xxxx" KB arasında bağlanmış ********** saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 2 500 manat məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Nərimanov Rayon məhkəməsinin xx.xx.2015- ci il tarixli, 2(005)-5621/2015 saylı qətnaməsi ilə iddiaçı QSC "xxxx" KB-nin xeyrinə cavabdeh İddiaçı cəmi 410.92 manat və 31 manat dövlət rüsumunun ödənilməsi qət etmişdir. Cavabdehin şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-4322/2018 saylı qətnaməsi ilə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(005)- 5621/2015 saylı qətnaməsi ləğv edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(102)-7414/2018 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli,2(106)-4322/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sözügedən məhkəmə qərarı Əmanətlərin Sığortalanması Fondunun üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoymamışdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

16. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.

17. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

18. Həmçinin Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Eyni Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

20. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

21. Göründüyü kimi, iddiaçı Əkbərov Zabı̇ l Əlı̇ oğlu Banka olan borcunu tam olaraq ödədiyini bildirsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(106)-4322/2018 saylı qətnaməsindən onun kredit borcunun olmaması əsası ilə yox, bank tərəfindən iddia müddətinin ötürülməsi ilə bağlı rədd olunması müəyyən edilmişdir . Bu isə onu deməyə əsas verir ki, hazırda iddiaçının banka olan borc öhdəliyi tam icra edilməmişdir.

22. İddiaçı tələbini təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, sözügedən məsələyə sübutetmə yükü aspektindən yanaşdıqda, iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur.

23. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

24. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

25. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

26. Məhəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

27. Bu qənaətə gələrkən məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

28. Həqiqətin müəyyən olunması vəzifəsi ayrı-ayrı hüquq sahələrində müxtəlif cür öz əksini tapmışdır. Belə ki, cinayət və ya inzibati xəta haqqında işlər üzrə icraatda məhz obyektiv həqiqətin müəyyən edilməsi tələb olunsa da, mülki prosesdə formal həqiqət prinsipi əsas götürülmüşdür. Obyektiv həqiqətin tapılması zəruri olan icraatdan fərqli olaraq, formal həqiqət prinsipinə görə hakim yalnız tərəflərin mübahisələndirdikləri hallarla bağlı məhkəməyə təqdim etdiyi faktiki halları və sübutları nəzərə almalıdır.

29. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən öhdəliyin xitamı üçün müddətin keçməsinə istinad etsədə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il tarixli qərarındakı hüquqi mövqe ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlərin hüquqi təbiəti baxımından iddia müddətləri olması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olması müəyyən edilmişdir.

30. Məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il tarixli qərarındakı hüquqi mövqeyə görə iddiaçının öhdəliyi bitməmiş və tam icra edilməmişdir. Yalnız tələbkarın iddiası iddia müddətini keçirməsi iddiaçını qeyd olunan hüquqi mövqeyə görə üzərinə götürmüş olduğu öhdəliyindən azad etmir. Bu səbəbdən iddia tələbinin təmin edilməsi mümkün deyil.

31. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Əkbərov Zabı̇ l Əlı̇ oğlunun borcu hələdə mövcud olduğundan və əskini sübut edən heç bir sübutu məhkəməyə təqdim etmədiyindən cavabdeh ləğv prosesində olan "xxxx" QSC-yə qarşı “kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyinin qoyulması” tələbinə dair iddiası əsassız olduğuna görə rədd edilməlidir.

32. Bundan əlavə, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Məhkəmə hesab edir ki, tələb təmin olunmadığı üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

34. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

36. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddiaçı Əkbərov Zabı̇ l Əlı̇ oğlunun cavabdeh ləğv prosesində olan "xxxx" X4 Səhmdar Cəmiyyətinə qarşı "kredit müqaviləsi üzrə borcun olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna təqdim edilməsi öhdəliyinin qoyulması" tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar