Məhkəmə qərarları › İş №2(006)-2465/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2465/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2465/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrindən tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, iddiaçı “xxxx” ASC-nin “Sumqayıt” filialı ilə X7 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1797-xx.xx.2018-002835 №-li kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 23 ay müddətinə, illik 27 faiz dərəcəsi ilə hesablanmaqla, 1600 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 12.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Sumqayıt şəhəri 4 saylı Notariat Ofisinin xx.xx.2020ci il tarixli 1326 saylı məktubu ilə müəyyən edilmişdir ki, mərhum X4 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsəsi olan həyat yoldaşı Cavabdeh1 və oğlu Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən, X4 vəfat etdiyi tarixə Banka ödənilməmiş 1106,65 manat əsas borc olmaqla, cəmi 1106,65 manat borcu qalmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum X3 qalmış mirası qəbul etməsinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın “xxxx” ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Göstərilənlərə əsasən mərhum X4 vərəsələri Cavabdeh1 və Cavabdeh2 iddiaçı “xxxx” ASC-nin xeyrinə 1106,65 manat əsas borc olmaqla, cəmi 1106,65 manat kredit borcu, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı “xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan «xxxx» ASC ilə X7 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1797-xx.xx.2018-002835 №-li kredit müqaviləsinə əsasən bank X6 23 ay müddətinə, illik 27% olmaqla, 1600 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən xx xxxxxxxx 2018-ci il tarixli, AZ-İ № 965296 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2018-ci ildə Sumqayıt şəhərində vəfat etmişdir. İş materiallarında Sumqayıt şəhəri 4 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, Sumqayıt şəhəri 4 saylı Notariat Ofisində, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X4 miras əmlakına dair xx.xx.2019-cu il tarixdə vərəsəlik işi açılaraq arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 qanun üzrə vərəsə kimi tanınaraq onlara xx.xx.2019-cu il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşin materiallarında olan «xxxx» ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, X1nun banka 1106,65 manat əsas borcu vardır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «xxxx» ASC ilə X7 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 1797-xx.xx.2018-002835 №-li kredit müqaviləsinə əsasən bank X6 23 ay müddətinə, illik 27% olmaqla, 1600 manat məbləğində kredit verilmiş, X7 xx.xx.2018-ci il tarixdə vəfat etmiş, mərhum X4 adına vərəsəlik işi açılmış və qanun üzrə vərəsələri olan Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, bank tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmələrinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə onların banka 1106,65 manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Eyni Məcəllənin 1255-maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1106,65 (bir min yüz altı manat, altmış beş qəpik) manat, habelə 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi olmaqla, cəmi 1137,05 (bir min yüz otuz yeddi manat, beş qəpik) manat məbləğində pul alınaraq «xxxx» ASC-yə verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 1106,65 (bir min yüz altı manat, altmış beş qəpik) manat, habelə 30 (otuz) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat bank xidmət haqqının əvəzi olmaqla, cəmi 1137,05 (bir min yüz otuz yeddi manat, beş qəpik) manat məbləğində pul alınaraq «xxxx» ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar