Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2468/2021 19.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X8 oğlunun iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "dəymiş maddi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "dəymiş maddi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 28.12.2020-ci il tarixdə mülkiyyətində olan "HYUNDAİ SONATA” markalı, **-CK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını idarə edərkən "MERCEDES BENZ” 190 minik markalı, **-ED-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın avtoqəza törətmiş və nəticədə avtomobilə ciddi ziyan dəymişdir. Bundan sonra, iddiaçı avtomobili “X9 Departamenti”nə aparıb dəymiş ziyanın müəyyən edilməsini xahiş etmişdir. Tərtib edilmiş qüsur aktına əsasən avtomobilə 5149 manat ziyan dəydiyi aşkarlanmışdır. Avtoqəza törətmiş avtomobil 25.01.2020-ci il tarixdə Cavabdeh ASC-də PAA********** nömrəli icbari sığorta müqaviləsi əsasında sığorta edilmişdir. Bu isə o deməkdir ki, həmin avtomobilin sahibi tərəfindən iddiaçıya vurulmuş ziyan Cavabdeh ASC tərəfindən qarşılanmalıdır. Cavabdeh şəxsin əməkdaşları isə iddiaçıya bildirirlər ki, onun avtomobilinin sıradan çıxmış detalları “ölüxanadan” alıb 1500 manata düzəldəcəklər. Buna görə də tərəflərin razılaşmaları baş tutmadı. Hansı ki, cavabdeh şəxs tərəfindən iddiaçının avtomobili tam olaraq təmir edilib düzəldilməli idi. Bundan başqa, bir ay müddətində cavabdeh şəxs tərəfindən ödənişi vaxtında etmədiyi üçün iddiaçının avtomobilsiz qalma müddətində eyni markalı avtomobil üçün bir gün üçün nəzərdə tutulan icarə haqqı, yəni hər gün üçün 80 manat (2400 manat) cavabdeh şəxsdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC-dən iddiaçının mülkiyyətində olan "HYUNDAİ SONATA" markalı, **- CK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş 5149 manat, eyni markalı avtomobilin bir aylıq icarə haqqı üçün 2400 manat və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 7579 manat pulun alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X8 oğlu iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək, tələbin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən 31.01.2017-ci il tarixdə verilmiş, AC № 890308 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "HYUNDAİ SONATA” markalı, **-CK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil İddiaçı məxsusdur. İş materiallarında olan Gəncə şəhər BPİ DYPŞ tərəfindən tərtib edilmiş 28.12.2020-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, "MERCEDES BENZ” 190 minik markalı, ** ED *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan “X9 Departamenti” tərəfindən verilmiş 28.12.2020-ci il tarixli qüsur aktının surətindən görünür ki, “HYUNDAİ SONATA” markalı, **-CK-*** dövlət qeydiyyat avtomobilə cəmi 5149 manat ziyan dəymişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 29.12.2020-ci il tarixli hesablama aktının surətindən görünür ki, “HYUNDAİ SONATA” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1480 manat məbləğində ziyan dəymişdir. Həmçinin, işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyun 2021-ci il tarixli, 9/3074 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, “Hyundai Gəncə” servisin 28.12.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “HYUNDAİ SONATA” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4130 manat müəyyən edilir. Ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Eyni Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun (eyni Məcəllənin 1099.2-ci maddəsi). Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 28 dekabr 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı avtomobilinə dəymiş zərərə görə 5149 manat pulu tələb etsə də, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, 28.12.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 2010-cu il buraxılışlı “HYUNDAİ SONATA” markalı, **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 4130 manat məbləğində ziyan dəyməsi müəyyən edilir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Belə olan halda, iddiaçının avtomobilinə vurulmuş zərərə görə 5149 manat pul tələb etməsi əsassızdır. Məhkəmə iddia tələbinin “eyni markalı avtomobilin bir aylıq icarə haqqı üçün 2400 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı həmin tələbinin əsaslı olmasını təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən vurulmuş maddi ziyana görə 4130 (dörd min yüz otuz) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı olmaqla, cəmi 4145 (dörd min yüz qırx beş) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun qalan 15 (on beş) manatı isə iddiaçıya aid edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən vurulmuş maddi ziyana görə 4130 (dörd min yüz otuz) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı olmaqla, cəmi 4145 (dörd min yüz qırx beş) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun qalan 15 (on beş) manatı isə iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh "xxxx" ASCdən tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2468/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2468/2021
19.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver