Məhkəmə qərarları › İş №2(006)-249/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-249/2022

12.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-249/2022 12.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürən 3-cü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə və Cavabdeh2 MMC-yə qarşı «qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair hesabatın ləğv edilməsi» tələbinə dair və müstəqil tələb irəli sürən 3-cü şəxs X1 cavabdehlər Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə, Cavabdeh2 MMC-yə və İddiaçı qarşı «qiymətləndirmənin mübahisələndirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə və Cavabdeh2 MMC-yə qarşı «qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair hesabatın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin 21 may 2020-ci il tarixli sifariş məktubu əsasında Cavabdeh2 MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Çingiz Mustafayev küçəsindəki 72 saylı binanın zirzəmisində yerləşən 53,4 kv.metr ümumi, 38,9 kv.metr əsas, 14,5 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin qiymətlənsirilməsinə dair tərtib edilmiş hesabatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyul 2013-cü il tarixli, 2(006)-1815/2013 saylı qətnaməsi ilə ondan 01.06.2011-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 22.000 məbləğində pul və 20 manat məbləğində dövlət rüsumu tutularaq X2 verilməsi qət olunmuşdur. Qətnamə apelyasiya və kassasiya instansiyaları məhkəmələri tərəfindən qüvvədə saxlanılmış və sonradan Nəsimi Rayon Məhkəməsi tərəfindən icraya yönəldilmişdir. Birinci instansiya məhkəməsi icra sənədini icra edilməsi üçün Nəsimi rayon İcra şöbəsinə göndərmişdir. Nəsimi rayon İcra şöbəsinin 21 may 2020-ci il tarixli sifarişi əsasında onun mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Çingiz Mustafayev küçəsindəki 72 saylı binanın zirzəmisində yerləşən 53,4 kv.metr ümumi, 38,9 kv.metr əsas, 14,5 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayş sahəsi Cavabdeh2 MMC tərəfindən qiymətləndirilmişdir. Cavabdeh2 MMC mülkiyyətində olan qeyri-yaşayış sahəsini cəmi 128.000 manat dəyərində qiymətləndirmişdir. Halbuki, "xxxx" MMC adlı başqa bir qiymətləndirmə şirkətinə müraciət etdiyi zaman həmin qeyriyaşayış sahəsinin dəyəri 155.000 manat müəyyən edilmişdir. Digər tərəfdən Cavabdeh2 MMC-nin əməkdaşları tərəfindən qiymətləndirilən qeyri-yaşayış sahəsinə ümumiyyətlə baxış keçirilməmişdir. Bu hal özü-özlüyündə Cavabdeh2 MMC-nin işin nəticəsində maraqlı olmasına dəlalət edir. Ümumiyyətlə 17 yanvar 2020-ci il tarixdə yaradılmış və qeydiyyat ünvanı Salyan rayonuda olan, buna baxmayaraq Nəsimi rayonunda yerləşən əmlakı qiymətləndirən bir şirkətin nəinki əməkdaşların peşəkarlıq səviyyələri, hətta şirkətin özünün fəaliyyəti belə şübhə doğurur. Müstəqil tələb irəli sürən 3-cü şəxs X3 cavabdehlər Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə, Cavabdeh2 MMC-yə və İddiaçı qarşı «qiymətləndirmənin mübahisələndirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC tərəfindən verilmiş 16.09.2020-ci il tarixli, 029/20 saylı ekspert rəyinin etibarsız hesab edilməsi və cavabdeh İddiaçı məxsus Nəsimi rayonu, Ç.Mustafayev küçəsində yerləşən 72 saylı binanın zirzəmisində yerləşən 53,4 kv.metr qeyri-yaşayış sahəsinin ilkin satış qiymətinin hər 1 kv.metr 300 manat olmaqla, cəmi 16.020 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən 3-cü şəxs X3 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1815/2013 saylı qətnaməsi ilə onun cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” iddia ərizəm təmin edilmiş və cavabdehdən onun xeyrinə 22.000 manat pulun və 20 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qeyd edilən qətnamə yuxarı instansiyalar tərəfindən qanuni qüvvədə saxlanılmışdır. Nəticə etibarı ilə qətnamə icra edilməsi üçün Nəsimi rayon İcra və probasiya şöbəsinə göndərilmiş və müəyyən edilmişdir ki, borclunun mülkiyyətində qeyri-yaşayış sahəsi vardır. Həmin zirzəminin hərracdan satılması üçün qanunvericiliyə uyğun olaraq ilk əvvəl qiymətləndirmə keçirilmişdir. Lakin qiymətləndirməni həyata keçirən Cavabdeh2 MMC zirzəmiyə faktiki olaraq düzgün baxış keçirmədən qiymət müəyyən etmişdir. Halbuki, qiymətləndirmə sənədində obyektə baxış keçirilməməsi göstərilmişdir. Eyni zamanda, bu zirzəmi tamamilə yararsız haldadır və ona qoyulmuş qiymət həddindən artıq şişirdilmişdir. Dövlət satınalmaları haqqında qanuna və digər normativ aktlara əsasən Bakı şəhəri üzrə yaşayış sahələri üzrə kompensasiyanın dəyəri 1500 manat, zirzəmiyə görə kompensasiyanın verilməsi maksimum hər kv.metr üçün 300 manat müəyyən edilmişdir. Eyni zamanda, AR ƏMDK-nin DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən bütün çıxarışlı sahələrin qiymətləndirməsi xidməti həyata keçirilir ki, həmin zirzəminin dəyərinin müəyyən edilməsi çox asandır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə və Cavabdeh2 MMC-yə qarşı «qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair hesabatın ləğv edilməsi» tələbinə dair və müstəqil tələb irəli sürən 3-cü şəxs X1 cavabdehlər Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə, Cavabdeh2 MMC-yə və İddiaçı qarşı «qiymətləndirmənin mübahisələndirilməsi» tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq, xitam verilməlidir. Məhkəmə iclasında İddiaçı qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən 3-cü şəxs X3 qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq olunmalarına baxmayaraq, İddiaçı iddiası üzrə cavabdehlər, habelə müstəqil tələb irəli sürən 3-cü şəxs X1 iddiası üzrə digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyul 2013-cü il tarixli, 2(006)-1815/2013 saylı qətnaməsi ilə ilkin iddia tələbinin qismən təmin edilməsi, İddiaçı 01.06.2011-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 22.000 manat məbləğində pul və 20 manat məbləğində dövlət rüsumunun tutularaq X2 verilməsi, ilkin iddia tələbinin digər hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MH seriyalı, ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində istifadədə olan 0.01836 ha torpaq sahəsində yerləşən 72 nömrəli binanın zirzəmisində 53.4 kv.metr ümumi, 38.9 kv.metr əsas, 14.5 kv.metr köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 35 nömrəli reyestr kitabının 3363 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdeh2 MMC-nin əmlakın qiymətləndirilməsinə dair hesabatından görünür ki, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin sifariş məktubuna əsasən İddiaçı məxsus əmlak qiymətləndirilərək, bazar dəyərinin 128.000 manat olduğu müəyyən edilmişdir. "xxxx" Hüquq Qiymətləndirmə Şirkətinin daşınmaz əmlakın qiymətləndirilməsinə dair 16.05.2021-ci il tarixli, 14 saylı hesabatından görünür ki, İddiaçı məxsus əmlak qiymətləndirilərək, bazar dəyərinin 155.000 manat olduğu müəyyən edilmişdir. “İcra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli, 02/21 saylı qərardadının 22-ci bəndinə əsasən, ipoteka predmeti olmayan əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması proseduru Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Qanunun müvafiq müddəaları ilə tənzimlənir. Mülki Məcəllənin 415-ci maddəsi hərracın keçirilməsinin ümumi qaydasını müəyyən edir. “İcra haqqında” Qanunun 45.6-cı maddəsinə əsasən icra qanunvericiliyinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Həmin Qanunun 53-cü maddəsinə əsasən üzərinə həbs qoyulmuş həmin əmlak tələbkara təklif olunur, o, bundan imtina etdikdə həmin əmlak imtina günündən üç ay müddətində hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır. Qərardadın 23-cü bəndinə əsasən, qanunverici kreditorların yönəltmə hüquqlarının mahiyyətini nəzərə alaraq, icra sənədi üzrə borclunun əmlakına yönəltmə ilə bağlı hərracın keçirilməsi qaydalarını (Mülki Məcəllənin 415-ci maddəsi, habelə “İcra haqqında” Qanunun 45.6, 53, 61, 62-ci maddələri) ipoteka predmeti olan əmlakın hərracda satışı qaydalarından (“İpoteka haqqında” Qanunun 42, 43-cü maddələri) fərqli şəkildə tənzimləmişdir. Qərardadın 28-ci bəndinə əsasən, “İcra haqqında” Qanunun 61.1 və 61.2-ci maddələrinə əsasən borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir. İxtisaslaşdırılmış müəssisələr hərracı icra məmurunun sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Lakin “İpoteka haqqında” Qanundan fərqli olaraq, “İcra haqqında” Qanunda hərraca qoyulan əmlakın ilkin satış qiymətinin hansı meyarla müəyyən olunması qeyd olunmamışdır. Yalnız Qanunun 51.1-ci maddəsinin birinci cümləsində təsbit olunmuşdur ki, borclunun əmlakının “İpoteka haqqında” Qanuna əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanun) uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirildiyi qeyd edilir. Eyni zamanda, istinad edilən qanunda qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin müəyyən olunmasından bəhs edilir. Həmin qərardada əsasən, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə, vergi ödəyicisi kimi siyahıya alınmış əmlaka və girov predmeti olan qiymətli kağızlara aid olmayan əmlaklarına tələbin yönəldilməsi və hərracdan satılması qaydaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri ilə tənzimlənir və bu münasibətlərə qanunun analogiyası üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hərrac qaydaları tətbiq edilməməlidir. Həmin qərardada əsasən, icra icraatı çərçivəsində borclunun ipoteka predmetinə və girov predmeti olan qiymətli kağızlarına aid olmayan əmlaklarına tutmanın yönəldilməsi zamanı əmlakın hərraca çıxarılan ilkin (başlanğıc) satış qiyməti onun bazar dəyəri ilə müəyyən olunur. Həmin qərardada əsasən, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Məhkəmə qeyd edir ki, işin faktiki hallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 iyul 2013-cü il tarixli, 2(006)-1815/2013 saylı qətnaməsi ilə İddiaçı X1 xeyrinə 22.000 manat məbləğində pul vəsaitinin və 20 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. Qeyd edilən qətnamə icra olunması məqsədilə aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə yönəlmiş, icra məmuru tərəfindən borclunun mülkiyyətində icra sənədi üzrə tələbin yönələ biləcəyi əmlak (qeyri-yaşayış sahəsi) aşkar edilmiş və həmin əmlakın qiymətləndirilməsi məqsədilə qiymətləndirmə şirkəti, yəni Cavabdeh2 MMC cəlb edilmişdir. Cavabdeh2 MMC tərəfindən öz növbəsində əmlakın qiymətləndirilməsinə dair müvafiq rəy verilsə də, borclu İddiaçı, habelə müstəqil tələb irəli sürən 3-cü şəxs X3 həmin rəylə razılaşmayaraq, qeyd edilən rəyi mübahisələndirmişlər. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 24 noyabr 2021-ci il tarixli, 02/21 saylı qərardadını rəhbər tutaraq qeyd etməyi zəruri hesab edir ki, hazırda mübahisə predmeti olan əmlak ipoteka predmetinə aid edilmədiyindən, həmin əmlaka icra sənədi üzrə tutmanın yönəldilməsi və hərracdan satılması ilə əlaqədar Mülki Məcəllənin 415-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6, 45.7, 51, 53, 61, 62-ci maddələri tətbiq edilməli, habelə həmin məsələyə icra icraatı çərçivəsində baxılmalıdır. Belə olan halda hesab edir ki, iddiaçının, habelə müstəqil tələb irəli sürən 3-cü şəxsin hazırki tələblərinə iddia icraatı qaydasında baxılması yolverilməz olduğundan, İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə və Cavabdeh2 MMC-yə qarşı «qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair tərtib edilmiş hesabatın ləğv edilməsi» tələbinə dair və müstəqil tələb irəli sürən 3-cü şəxs X1 cavabdehlər Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə, Cavabdeh2 MMC-yə və İddiaçı qarşı «qiymətləndirmənin mübahisələndirilməsi» tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. İddiaçıya və müstəqil tələb irəli sürən 3-cü şəxsə izah edilməlidir ki, onlar, ipoteka predmeti olmayan əmlakın satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəməyə müraciət edə bilərlər. Habelə, iddiaçı və müstəqil tələb irəli sürən 3-cü şəxs tərəfindən ödənilmiş dövlət rüsumu onlara geri qaytarılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə və Cavabdeh2 MMC-yə qarşı «qeyri-yaşayış sahəsinin qiymətləndirilməsinə dair tərtib edilmiş hesabatın ləğv edilməsi» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Müstəqil tələb irəli sürən 3-cü şəxs X1 cavabdehlər Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə, Cavabdeh2 MMC-yə və İddiaçı qarşı «qiymətləndirmənin mübahisələndirilməsi» tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Müstəqil tələb irəli sürən 3-cü şəxs tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar