Məhkəmə qərarları › İş №2(006)-25/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-25/2024

22.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-25/2024 22.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc alınmış pul məbləğinin geri qaytarılması və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “borc alınmış pul məbləğinin geri qaytarılması və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 12 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə 68000 manat əsas borcun, vurulmuş maddi ziyana görə 52000 manat, cəmi 120000 manat pulun tutulması, 12 yanvar 2019-cu il tarixli, 3-M-62 saylı kredit və ipoteka müqaviləsinə əsasən yaranmış öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə onun xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 151,4 kvm təşkil edən 129 saylı mənzilin açıq hərracda satılması, onunla Cavabdeh arasında bağlanmış 12 yanvar 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 12 yanvar 2019-cu il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 12 mart 2019-cu il tarixə kimi qaytarması şərti ilə 68000 manat borc vermişdir. Borc barədə kredit müqaviləsi Bakı şəhəri 51 saylı Notariat ofisində rəsmiləşdirilmişdir. Cavabdehə verdiyi 68000 manat pul məbləğini notariusun bankda olan depozit hesabı vasitəsilə ona ödəmişdir. Kredit müqaviləsi bağladıqları tarixdə, yəni 12 yanvar 2019-cu il tarixdə cavabdehin həyat yoldaşı, hazırda vəfat etmiş X2 və cavabdehin özü ilə bağlanmış ipoteka müqaviləsi əsasında onlara məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 151,4 kvm təşkil edən 129 saylı mənzil onun xeyrinə ipoteka ilə yüklü edilmiş, adına xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən həmin mənzilə dair RX seriyalı, ******* nömrəli Çıxarış verilmişdir. Borc müqaviləsinin müddəti 12 mart 2019-cu il tarixdə başa çatmışdır. O, bundan sonra ən azı 100 dəfə pulun qaytarılması xahişi ilə cavabdehə müraciət etmiş, ona əlavə vaxt vermişdir. Ancaq o, hər dəfə müxtəlif bəhanələrlə üzərinə götürdüyü öhdəliyin icrasından əsassız olaraq imtina etmişdir. Ona görə də belə hesab edir ki, 12 yanvar 2019-cu il tarixli İpoteka Müqaviləsinin 4-cü bəndinin 1-ci hissəsinə əsasən ipoteka saxlayan kimi onun tələbi aşağıdakılar da daxil edilməklə, tam həcmdə təmin edilməlidir: -əsas borc; -vurulmuş zərərin əvəzinin ödənilməsi. Bu səbəbdən ipoteka müqaviləsinin istinad etdiyi bəndinə müvafiq olaraq məhkəmə tərəfindən qətnamə qəbul edilməsinə tam əmindir. Bundan əlavə cavabdehə yazılı surətdə də müraciət etmiş, lakin heç bir müsbət cavab almamışdır, çünki cavabdeh borcu ödəməkdən qəsdən boyun qaçırır, ipoteka ilə yüklü edilmiş mənzil 200000 manat dəyərində qiymətləndirilmişdir. Həmin mənzil satılmaqla ona əsas məbləği və vurduğu zərəri ödəmək barədə düşünmür. Cavabdeh 12 yanvar 2019cu il tarixli kredit müqaviləsinin 2-ci bəndinin tələblərini ciddi surətdə pozmaqla üzərinə götürdüyü öhdəliyi icra etməməklə borc verdiyi pul məbləğini 3 ildən artıq müddətdə qaytarmamaqla, ona ən azı borc verdiyi 68000 manat əsas pul məbləğindən əlavə 52000 manat zərər vurmuşdur və o vurduğu zərəri də onun xeyrimə tam ödəməlidir. Bundan əlavə mövcud hüquqi münasibətlər ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı yaranan mülki münasibətlər olduğundan Azərbaycan Respublikası Mülki Məcəlləsinin və “İpoteka haqqında” Qanunun normalarının əlaqəli şəkildə tətbiq edilməsi mülki iş üzrə hüquqi nəticəyə gəlməyi təmin edir. Göstərilənlərə əsasən belə hesab edir ki, ona olan 68000 manat əsas borcun, 52000 manat dəymiş zərərin, cəmi 120000 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması və iddianın təmin olunması məqsədi ilə ipoteka ilə yüklü olan ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 151,4 kvm təşkil edən 129 saylı mənzilin açıq hərracda satılması barədə məhkəmə qətnaməsi çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinə etiraz edərək, təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. İş materiallarında olan 12 yanvar 2019-cu il tarixli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 12 mart 2019-cu il tarixə kimi qaytarması şərti ilə 68000 manat borc verilrmişdir. İş materiallarında olan 12 yanvar 2019-cu il tarixli İpoteka müqaviləsindən görünür ki, bu müqavilə 12 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasının təmini məqsədilə bağlanmışdır. Müqavilə üzrə ipoteka predmeti X1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 129 saylı mənzildir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, X1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 129 saylı mənzil İddiaçı xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 iyul 2023-cü il tarixli 10/1568 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatdan görünür ki, məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi xx.xx.2023-cü il tarixə təyinə edilmiş, lakin iş üzrə tərəflər məhkəmə binasına gəlmədiklərindən tədqiq olunan obyektin yerləşdiyi ünvanın müəyyən edilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. İş materiallarında olan S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi MMC-nin xx.xx.2022 nömrəli mütəxəssis rəyindən görünür ki, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 129 saylı mənzilin real bazar dəyəri 240000 manat, likvid dəyəri isə 204000 manat olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Həmin Məcəllənin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girov təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə görə, ipoteka saxlayanın tələbi əsasən borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilmməsi, o, cümlədən kecikdirilməsi nəticəsində dəbbə pulu, və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi,ipoteka predmetinə tutlmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi də daxil olmaqla tam həcmdə təmin edilir. Həmin Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanununun 34.1.2-ci maddəsinə əsasən, öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsini tələb edə bilər. Həmin Qanununun 39.3-cü maddəsinə görə, məhkəmə ipoteka predmetininə tutma yönəldilməsinə dair qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə tərəflərin izahatlarına, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 12 yanvar 2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 12 mart 2019-cu il tarixə kimi qaytarması şərti ilə 68000 manat borc verilmişdir. Cavabdehə verdiyi 68000 manat pul məbləğini notariusun bankda olan depozit hesabı vasitəsilə ona ödənilmişdir. Kredit müqaviləsi bağladıqları tarixdə, yəni 12 yanvar 2019-cu il tarixdə cavabdehin həyat yoldaşı, hazırda vəfat etmiş X2 və cavabdehin özü ilə bağlanmış ipoteka müqaviləsi əsasında onlara məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 151,4 kvm təşkil edən 129 saylı mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş, adına xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti tərəfindən həmin mənzilə dair RX seriyalı, ******* nömrəli Çıxarış verilmişdir. Borc müqaviləsinin müddəti 12 mart 2019-cu il tarixdə başa çatmışdır. Lakin cavabdeh tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürülmüş öhdəliklər tam olaraq icra edilməmişdir. Bu səbəbdən də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclası zamanı iddiaçı cavabdeh tərəfindən ona borcun heç bir hissəsinin qaytarılmadığı iddia edir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçıdan borcun alındığına etiraz etmir, lakin iddia tələbini qəbul etməyərək iddia ərizəsinin təmin edilməməsini xahiş edir. Mülki qanunvericiliyin tələblərindən göründüyü kimi öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Qarşılıqlı icra üzrə mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər. Əgər digər tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyinin icrasını həyata keçirmədiyinə baxmayaraq öhdəliyin qarşılıqlı icrası həyata keçirilərsə, digər tərəf öz öhdəliyini icra etməlidir. Qanunvericilik eyni zamanda nəzərdə tutur ki, öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, icra natamamdır və ya lazımi öhdəlik deyildir. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb etmək hüququ vardır. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cavadehdən 12 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə 68000 manat tutulması və onların arasında bağlanmış 12 yanvar 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsində təmin edilməlidir. Lakin məhkəmə iddia tələbinin iddiaçıya vurulmuş maddi ziyana görə 52000 manat məbləğində tutulması hissəsində hesab edir ki, iddia tələbi tamamilə əsassızdır və formal mülahizələrə əsaslanır. Belə ki, iddiaçı ona vurulmuş maddi ziyana görə cavabdehdən 52000 manat məbləğində pul tələb etsə də bununla bağlı məhkəməyə heç bir sübut təqim etməmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, baxılan mübahisə üzrə iddiaçının üzərinə düşən sübutetmə yükü qaytarılmasını tələb etdiyi pulun borc olaraq həqiqətən cavabdehə verildiyinin və ya əldən çıxmış fayda olduğunun sübut olunmasıdır. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə ipoteka predmeti olan mənzilin likvid dəyərinə münasibətdə qeyd edir ki, məhkəmə tərəfindən ekspertiza keçirilməsi barədə qərardad qəbul edilsə də, ekspertə mənzilə baxış keçirilməsi üçün şərait yaradılmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə dəfələrlə qərardad qəbul edərək, əmtəəşünaslıq ekspertizası təyin etmiş və rəyin verilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Lakin cavabdeh ekspertiza keçirilməsi ilə əlaqədar mütəxəssis rəyinin verilməsi üçün ekspertə şərait yaratmamışdır. Mülki Prosessual Məcəllənin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Lakin cavabdeh məhkəməyə iddiaya etdiyi etiraza dair dəlillərini sübut edəcək heç bir sənəd təqdim edə bilməmiş, həmçinin məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın keçirilməsinə maneə törətmişdir. Mülki prosessual qanunvericiliyə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ona görə də məhkəmə işdə olan S-Əmlak Qiymətləndirmə Ekspert Mərkəzi MMC-nin xx.xx.2022 nömrəli mütəxəssis rəyin əsasən ipoteka predmeti olan mənzilin likvid dəyərini 204000 manat müəyyən edir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Şərh olunanların məcmusuna əsaslanmaqla məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı xeyrinə 12 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə 68000 manat əsas borc tutulmalı, borc iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 151,4 kvm təşkil edən 129 saylı mənzilə yönəldilməli, mənzilin likvid dəyəri 204000 manat müəyyən edilərək açıq hərracda satılmalı, əldə olunacaq vəsait hesabına Cavabdeh iddiaçıya olan borcu, 411 manat dövlət rüsumu, hərracın keçirilməsi ilə bağlı çəkiləcək xərclər ödənilməli, ipoteka predmetinin satışından əldə olunmuş vəsait qətnamənin icrasından artıq qalan hissəsi cavabdehə qaytarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 yanvar 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı xeyrinə 12 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə 68000 (altmış səkkiz min) manat əsas borc tutulsun, borc iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 151,4 kv.m olan 129 saylı mənzilə yönəldilsin, mənzilin likvid dəyəri 204000 (iki yüz dörd min) manat müəyyən edilərək açıq hərracda satılsın, əldə olunacaq vəsait hesabına Cavabdeh iddiaçıya olan borcu, 411 (dörd yüz on bir) manat dövlət rüsumu, hərracın keçirilməsi ilə bağlı çəkiləcək xərclər ödənilsin, ipoteka predmetinin satışından əldə olunmuş vəsait qətnamənin icrasından artıq qalan hissəsi Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar