Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2504/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adixan oğlunun sədrliyi ilə,Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi, İddiaçı , cavabdeh «xxxx» KB ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh «xxxx» KB ASC-yə qarşı «borc məbləğinin silinməsi və tam ödənilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» KB ASC-yə qarşı «borc məbləğinin silinməsi və tam ödənilmiş hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən iddiaçıya kredit verilmiş, bir müddət ödəniş etdikdən sonra ödənişləri yerinə yetirə bilməmiş, bu səbəbdən də bank tərəfindən məhkəmədə iddia qaldırılmış və iddia tələbi təmin edilmişdir. Qalıq borcun ödənilməsi və icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə borcun tutulması iddiaçının əmək haqqına yönəldilmişdir. İddiaçı, X1 işləyir və onun əmək haqqından həm cavabdeh üçün və həmdə "xxxx" ASC üçün borclardan tutulmuş və bu barədə işlədiyi müəssisənin müsahibi tərəfindən hesablamalar aparılmış və iddiaçının cavabdehə 200 manat borcunun qalması bildirmişdir. Lakin bankın əməkdaşları iddiaçıya 1602 manat məbləğində borcun qalmasını bildirmişlər və iddiaçıdan bu məbləğdə borcu tələb edirdilər. İddiaçı cəmi iki yüz manat məbləğində borcun qalmasını bildirsə də bunu araşdırmamışlar. Həmin məbləğ də tutularaq tələbkar tərəfə ödənilmişdir. Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq iddiaçıya aid problemli kredit kompensasiya edilərək iddiaçıya cəmi 5539 manat məbləğində kompensasiya hesablanmış və bu məbləğ "xxxx" ASC-nə olan borcun ödənilməsinə yönəldilərək həmin banka 1867 manat borcunun qalması qeyd edilmişdir. Həmçinin, cavabdeh ilə bağlı da 618 manat kompensasiya ödənilmiş, həmin kompensasiya bu banka olan borca deyil digər banka olan borcun bağlanmasına yönəldilmişdir. Cavabdehə borcun olduğu təqdirdə həmin məbləğ bu banka olan borcun ödənilməsinə yönəldilməli idi. Həmçinin cavabdeh tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş çıxarışda da qalıq borc məbləği göstərilməmiş və bu da ona dəlalət edir ki, iddiaçının banka borcu qalmamış və bank tərəfindən əsassız olaraq 1602 manat borcun olması bildirilmişdir. Bu yaxınlarda isə Nəsimi rayon İcra Şöbəsi tərəfindən iddiaçının işlədiyi müəssisəyə icra vərəqəsi göndərilmiş, iddiaçının əmək haqqından 2520 ABŞ dolları və 841 ABŞ dolları vəsaitin cavabdehin hesabına ödənilməsi tələb edilmişdir. İddiaçının cavabdehə heç bir borcunun qalmadığı təqdirdə yenidən bu məbləğdə borcun hansı əsasla hesablanması məlum deyildir və bu, iddiaçının hüquqlarının pozulması ilə nəticələmiş və üzərinə bu cür öhdəliyin qoyulması qeyri-qanunidir. Bu səbəbdən də borc məbləğinin dəqiqləşdirilməsi zərurəti yaranmış, məhkəmə qətnaməsində konkret məbləğ göstərilmiş və həmin məbləğlər üzrə də əmək haqqından tutulmalar həyata keçirilmişdir. Göründüyü kimi tərəfimdən bank qarşısında olan öhdəlik yerinə yetirilmiş, borc iddiaçı tərəfindən tam ödənilmiş və onun banka borcu qalmamışdır. İddiaçının əmək haqqının tam yarı hissəsi tutularaq borc məbləğinin ödənilməsinə yönəldilmiş, müəssisə tərəfindən əmək haqqından tutulmalar yerinə yetirilmiş və iddiaçının cavabdehə hər hansı bir bocunun qalması absurddur. Əsassız olaraq hesablanmış borc məbləği silinməli və borc tam ödənilmiş hesab edilməlidir. Bank qarşısında öhdəlik yerinə yetirildiyi və iddiaçının heç bir öhdəliyi qalmadığı halda ondan pul tələb edilir. Göstərilənlərə əsasən cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə əsassız hesablanmış 2520 ABŞ dolları və 841 ABŞ dolları borc məbləğinin silinməsi və borcun tam ödənilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddiaçının hazırda 824,10 ABŞ dolları borcu olduğunu, iddiaçının borcunun olmaması barədə sübut təqdim etməməsini bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işin materiallarında olan xx xxxxx 2019-cu il tarixli Problemli kreditlərin kompensasiyası üzrə məlumatdan görünür ki, iddiaçının “xxxx” ASC-də və “xxxx” KB ASCdə olan problemli kreditləri üzrə 5539,76 manat kompensasiya, onun “xxxx” ASC-də olan 7406,90 manat məbləğində kredit borcuna yönəldilmişdir. İşdə olan UB-BANK/PİKMD/945489 saylı xx xxxxx 2021-ci il tarixli Maliyyə arayışından görünür ki, iddiaçının 371nkADJ/15 saylı kredit müqaviləsi üzrə 824,10 ABŞ dolları borcu vardır. Beləliklə, işin materiallarından da göründüyü kimi, iddiaçının “xxxx” ASC-də və “xxxx” KB ASC-də olan problemli kreditləri üzrə 5539,76 manat kompensasiya, onun “xxxx” ASC-də olan 7406,90 manat məbləğində kredit borcuna yönəldilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 371nkADJ/15 saylı kredit müqaviləsi üzrə iddiaçının cavabdehə xx xxxxx 2021-ci il tarixə 824,10 ABŞ dolları borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı məhkəmə iclasında borcun tam ödənilməsini və onun banka borcunun qalmaması bildirsə də, bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə tədqiqatı zamanı iddiaçının problemli kreditləri üzrə kompensasiyanın tamamilə onun “xxxx” ASC-də olan kredit borcuna yönəldilməsi, bu yönəldilmədə cavabdehin təqsirinin olmaması və iddiaçının cavabdehə borcunun olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə, iddia tələbinin faktiki əsası (faktiki hallar), tələbin qanuni əsasının şərtlərinə uyğun olmadığından, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından iddia təmin oluna bilməz. Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işin bütün hallarının məcmusuna, hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdeh «xxxx» KB ASC-yə qarşı «borc məbləğinin silinməsi və tam ödənilmiş hesab edilməsi» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməli, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «xxxx» KB ASC-yə qarşı «borc məbləğinin silinməsi və tam ödənilmiş hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-2504/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2504/2021
05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver