Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2504/2024 30.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit müaviləsinin ləğv edilməsi və borcun sıfırlanması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İ-234 nömrəli, xx.xx.2010-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə aktiv öhdəlik kimi göstərilmiş 28.600 manat məbləğdə əsas borcun və 23.193,34 manat məbləğdə faiz borcunun, ümumilikdə 51.793,34 manat məbləğdə borcun sıfırlanmasına (silinməsinə) və bunun icrasının cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ləğv prosesində olan “Royal Bank’’ ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2010-cu il tarixli, İ-234 nömrəli kredit müqaviləsi üzrə əsas borc kimi 28.600 manat, faiz borcu kimi 11.430 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manatın ondan alınaraq "Royal Bank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna verilməsinə dair məhkəmə qarşısında qaldırılmış iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6084/2021 saylı, 01 07.2021-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsin rədd edilmişdir. Lakin, "xxxx" MMC tərəfindən verilmiş SF25851 nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışdan da göründüyü kimi, həmin kredit müqaviləsi hazırki dövrə qədər ‘'Royal Bank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ləğv edilməmiş, kredit müqaviləsi üzrə 28.600 manat məbləğdə əsas borcu və 51.793,34 manat məbləğdə faiz borcunun olması göstərilmişdir və bu, onun hüquqlarını kobud surətdə pozur. xx.xx.2010-cu il tarixli, İ-234 nömrəli kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə aktiv öhdəlik kimi göstərilmiş 28.600 manat məbləğdə əsas borcun və 51.793,34 manat məbləğdə faiz borcunun sıfırlanması məqsədilə cavabdeh Əmanətlərin Sığortalanması Fonduna dəfələrlə müraciət etsə də, müraciətləri cavabsız qalmışdır. Ona görə də hesab etmişdir ki, xx.xx.2010-cu il tarixli, İ- 234 nömrəli kredit müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə aktiv öhdəlik kimi göstərilmiş 28.600 manat məbləğdə əsas borcun və 51.793,34 manat məbləğdə faiz borcunun sıfırlanması (silinməsi) mütləq və zəruridir. İddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs LPO "xxxx" ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)- 6084/2021 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin LPO "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə iddiasının təmin edilməsi barədə xx.xx.2020-ci il tarixli 2(004)- 2505/2020 saylı qətnaməsinin ləğv edilməklə, iddiasının rədd edilməsi qət edilmişdir. Həmin qətnamədə həmçinin göstərilmişdir ki, tələbin irəli sürülməsi üçün Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən olunmuş 3 illik iddia müddəti keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(102)-6339/2021 saylı qətnaməsinin surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(103)-6084/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli (00)**********03774 saylı kredit müqaviləsi (müqavilə müddəti xx.xx.2010-xx.xx.2015) üzrə xx.xx.2024-cü il tarixinə əsas borc üzrə 28600 manat, 38313 manat faiz, 13480 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği 12751 manat, cəmi 93144 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə bank arasında xx.xx.2010cu il tarixli (00)**********03774 saylı kredit müqaviləsi bağlanmış, "xxxx" ASC kredit müqaviləsi üzrə borcun qaytarılması üçün məhkəməyə müraciət etmiş, lakin, iddia müddətinin keçməsi əsası ilə iddia tələbi rədd edilmişdir. Hazırda iddiaçı kredit müaviləsinin ləğv edilməsi, kredit borcunun sıfırlanmasını və bunun icrasının cavabdeh "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməsini tələb edir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı "xxxx" ASC ilə aralarında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinin ləğvini tələb etsə də, iş materiallarından müəyyən olunur ki, həmin müqavilənin müddəti xx.xx.2015-ci il tarixdə bitmişdir. Odur ki, məhkəmə hesab edir ki, qeyd edilən hissədə iddia tamamilə əsassız olmaqla rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Məlum olduğu kimi, öhdəlik, mülki hüquq münasibətlərinin iştirakçıları olan kreditor və borclu arasında subyektiv mülki hüquq və vəzifələr yaradır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllənin 385.1-ci maddəsi). Qüvvədə olan qanunvericiliyə əsasən öhdəliklərin mövcud olması hər hansı bir müddətlə məhdudlaşmır. Yəni müəyyən bir müddət üçün nəzərdə tutulmayan öhdəliklər hər hansı bir müddətin keçməsi səbəbilə aradan qalxmır. Bu səbəbdəndir ki, iddia müddəti keçmiş olsa da, tələb məhkəmədə baxılmağa qəbul edilir və məhkəmənin öz təşəbüsü ilə deyil, yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.1 və 375.2-ci maddələri). İddia müddətinin keçməsi özlüyündə öhdəliyin xitamına səbəb olmadığındandır ki, Mülki Məcəllənin 383-cü maddəsinə əsasən, borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz. Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur (Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarı). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarında: “...iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir.” hüquqi mövqe göstərilmişdir. Qeyd olunanlara əsasən, iddia müddətinin keçməsi öhdəliyin xitamı üçün əsas olmamaqla, borcun sıfırlanması (silinməsi) barədə iddia tələbi də əsassız olmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh LPO "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı kredit müaviləsinin ləğv edilməsi və borcun sıfırlanması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-2504/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2504/2024
30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver