Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2510/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı AAA qızının iştirakı ilə İddiaçı AAA qızının cavabdeh BBB oğluna qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı AAA qızı cavabdeh BBB oğluna qarşı "alimentin artırılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh BBB oğlu ilə xx.xx.2002ci il tarixdə rəsmi qaydada evlənmişdir. Cavabdehlə iddiaçının birgə nikahından xx.xx.2006-cı il tarixdə CCC qızı doğulmuşdur. İddiaçı cavabdehlə bir müddət mehriban yaşasa da sonradan, cavabdehin dözülməz hərəkətləri nəticəsində tərəflərin nikahı məhkəmə qaydasında pozulmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə cavabdeh BBB oğlundan xx.xx.2006-cı il təvəllüdlü CCC qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 103 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur. İddiaçı hal-hazırda övladını təkbaşına böyüdür. Uşağın maddi xərcləri günbəgün artır. İddiaçının maddi imkanı çox aşağı olduğuna görə, özü təkbaşına uşağın sosial xərclərini qarşılamaqda çətinlik çəkir. Göstərilənlərə əsasən iddiaçı ilə cavabdeh BBB oğlunun birgə nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü CCC qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh BBB oğlundan hər ay 175 (yüz yetmiş beş) manat məbləğində alimentin tutularaq iddiaçı AAA qızına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı AAA qızı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh BBB oğlu məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Əzizbəyov rayon VVADQ şöbəsi tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZ-İ № 753770 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, CCC qızı xx xxxxxx 2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası BBB oğlu, anası isə AAA qızıdır. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(006)-16/2014 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, iddiaçı AAA qızı ilə cavabdeh BBB oğlu arasında xx xxxxxx 2002-ci il tarixdə Əzizbəyov rayon VVADQ şöbəsi tərəfindən bağlanılmış və bağlanılması barədə həmin tarixdə akt qeydləri kitabında 663 № ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulmasından sonra yetkinlik yaşına çatmamış uşaq – xx xxxxxx 2006-cı il təvəllüdlü CCC qızının anası – iddiaçı AAA qızının yanında qalması, xx xxxxxx 2006-cı il təvəllüdlü CCC qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxxxx 2012-ci il tarixdən başlayaraq cavabdeh BBB oğlundan 103 (yüz üç) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı AAA qızına verilməsi qət edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikah münasibətlərindən bir övladları anadan olmuş, sonradan tərəflərin münasibətləri pozulmuş və onların nikahları pozulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2014cü il tarixli, 2(006)-16/2014 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflər arasında bağlanılmış və bağlanılması barədə həmin tarixdə akt qeydləri kitabında 663 № ilə qeydə alınmış nikahın pozulması, nikahın pozulmasından sonra yetkinlik yaşına çatmamış uşaq – xx xxxxxx 2006-cı il təvəllüdlü CCC qızının anası – iddiaçı AAA qızının yanında qalması, xx xxxxxx 2006-cı il təvəllüdlü CCC qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün xx xxxxxx 2012-ci il tarixdən başlayaraq cavabdeh BBB oğlundan 103 (yüz üç) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı AAA qızına verilməsi qət olunmuşdur. Hazırda iddiaçı övladı barəsində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən 175 (yüz yetmiş beş) manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsi) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Ailə Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. «Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşağın mənafeyini, onun saxlanması üçün cavabdehdən 103 (yüz üç) manat miqdarında alimentin tutulmasının hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və alimentin məbləği artırılaraq, hər ay 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilməlidir. Bundan əlavə, Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olan iddialar üzrə iddia ərizəsi verilərkən, 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 500 manatdan çox olduğundan, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulmaqla Dövlət Büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2006-cı il təvəllüdlü CCC qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh BBB oğlundan hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq AAA qızına verilməli, BBB oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia tələbi təmin edilsin. xx.xx.2006-cı il təvəllüdlü CCC qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh BBB oğlundan hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutularaq AAA qızına verilsin. BBB oğlundan 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülsün. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-2510/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2510/2021
17.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver