Məhkəmə qərarları › İş №2(006)-2516/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2516/2022

16.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2516/2022 16.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X1 üçün tutulan aliment məbləğinin artırılaraq, hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində pulun Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-1518/2018 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması, xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 iddiaçının yanında saxlanmaları, uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Lakin, Cavabdeh tərəfindən ödənilən aliment xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 tələbatlarının ödənilməsi üçün kifayət etmir. Həmçinin son illərdə ölkə üzrə yetkinlik yaşına çatmayanların yaşayış minimumu da artırılmışdır. Uşaqların maddi tələbatlarını ödəmək tək qadın olaraq İddiaçı çox çətindir. İddiaçı bu məsələ ilə bağlı mediasiyaya da müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, bildirdi ki, uşaqların saxlanılması üçün ödənilən alimentin onların tələbatlarının ödənilməsi üçün kifayət etmədiyini, uşaqların böyüdükcə xərclərin artmasını, cavabdehin uşaqların zəruri ehtiyaclarının və xərclərinin qarşılanmasında iştirak etmədiyini, maddi vəziyyətinin pisləşməsinə görə uşaqların saxlanmasında çətinlik çəkdiyini, cavabdehin özünün şəhərlərarası sərnişin daşıma fəaliyyətilə məşğul olub qazanc əldə etdiyini, eləcə də yetkinlik yaşına çatmayanların yaşayış minimumunun hər ay 193 manat olmasını nəzərə alıb iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə iddia tələbinə dair etiraz ərizəsi məhkəməyə daxil olmuşdur. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi əsassızdır. Belə ki, cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)- 1518/2018 saylı qətnaməsinə əsasən uşaqların saxlanılması üçün hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat müəyyən edilən alimenti anasının maddi köməkliyi ilə vaxtlı-vaxtında ödəmişdir. Lakin cavabdehin anası 2020-ci ildə insult keçirməsi səbəbindən ailənin bütün yükü Cavabdeh üzərinə düşmüş və uşaqların saxlanılması üçün müəyyən edilmiş alimentin ödənilməsində çətinliklər yaranmış və hazırki vaxta 2000 manat aliment borcu vardır. Bundan başqa iddiaçı özü Tərtər rayonunun Rəcəbli kənd orta məktəbində ibtidai sinif müəlliməsi işləyir və aylıq əmək haqqısı təxminən 800 manat təşkil edir. Həmçinin cavabdeh xx.xx.2022-ci il tarixədək Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyatda olmuş, yalnız qeyd edilən tarixdə yanacaqdoldurma məntəqəsində aylıq əmək haqqı 300 manat olmaqla “əməliyyatçı xəzinədar” vəzifəsinə işə qəbul edilmişdir. Belə olan halda 300 manat aylıq əmək haqqı alan şəxs tərəfindən hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin ödənilməsi mümkün deyildir. Odur ki, cavabdehin ödəməli olduğu aliment məbləği sabit pul məbləğində deyil, aylıq əmək haqqısına uyğun müəyyənləşdirilməlidir. İddianın təmin edilməməsi xahiş edilmidir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının izahatını dinləyib, cavabdehin vəkili-nümayəndəsinin iddia ərizəsinə etirazını nəzərdən keçirib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Tərtər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İV seriyalı, 140799 №-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X7 Bakı şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında isə İddiaçı qeyd edilmişdir. Mülki işin materiallarında olan Tərtər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ- İV seriyalı, 140800 №-li doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X8 Bakı şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında isə İddiaçı qeyd edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli 2(006)-1518/2018 saylı qətnaməsindən görünür ki, X6 ilə Cavabdeh arasında xx.xx.20211-ci ildə Bakı şəhəri Binəqədi rayon qeydiyyat şöbəsində bağlanmış və 291 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından anadan olan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 anaları X2 yanında saxlanılması, Cavabdeh uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi qət edilmişdir. Mülki işin materiallarında olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixindən Cavabdeh yanacaq doldurma məntəqəsində əməliyyatçı-xəzinədar işləyir, aylıq əmək haqqının məbləği 300 manatdır. Mülki işin materiallarında olan Bakı 6 saylı Mediasiya təşkilatının “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışından görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-1518/2018 saylı qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment tutulur. Hazırda iddiaçı uşaqların saxlanılmaları üçün tutulan alimentin uşaqların tələbatının ödənilməsi üçün kifayət etmədiyini və ölkə üzrə yetkinlik yaşına çatmayanların yaşayış minimumunun artırıldığını bildirərək xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün aliment məbləğinin miqdarının artırılaraq, hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat müəyyən edilməsini tələb edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Qərarın 8.13-cü bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qərarın 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, iddiaçı əvvəllər müəyyənləşdirilmiş alimentin uşaqların tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla alimentin miqdarının artırılmasını tələb etmişdir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-1518/2018 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsini müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını, uşaqların ehtiyaclarının səviyyəsini əsas götürmüşdür. Hazırda isə bu vəziyyət dəyişməklə uşaqlar böyümüş və ehtiyacları artmışdır. Göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehin maddi vəziyyətinin yaxşı olmaması onun qanunla müəyyən edilmiş uşaqların lazımi səviyyədə saxlaması vəzifəsindən azad etmir və ya əsas vermir ki, uşaqlar qanunla müəyyən edilmiş yaşayış minimumundan aşağı səviyyədə təmin olunsunlar. Uşaqların iddiaçının himayəsində qalması uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən-cavabdehdən tutulmasına əsas ola bilər. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən, yəni xx.xx.2022-ci il tarixindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-1518/2018 saylı qətnaməsinə əsasən tutulan aliment məbləğinin artırılaraq tutulmasını tələb edir. Lakin məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq qərarını əsas götürərək hesab edir ki, miqdarı dəyişdirilmiş alimentin tutulması iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi gündən deyil, aliment məbləğinin artırılması barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, tərəflərin birgə nikahından olan uşaqların anasının himayəsində olmasını, 2022-ci il üzrə uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddinin 193 manat olmasını, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, uşaqların mənafeyini, uşaqların böyüdüyünü, onların saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa görə 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin tutulmasının hazırki dövrdə kifayət etmədiyini, nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(006)-1518/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə xx.xx.2012-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdehdən tutulan alimentin sabit pul məbləğində deyil, aylıq əmək haqqısına uyğun müəyyənləşdirilməsi barədə dəlilini qəbul etmir. Belə ki, məhkəmə araşdırmaları zamanı və cavabdeh tərəfindən təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, Cavabdeh aylıq əmək haqqısının məbləği 300 manatdır. Cavabdehin vəkili-nümayəndəsi təmsil etdiyi şəxsin aylıq əmək haqqısının uşaqların saxlanılması üçün tutulacaq alimentdən aşağı olması səbəbindən iddianın rədd edilməsini tələb edir. Halbuki ailə qanunverciliyində qeyd edilmişdir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün kifayət qədər maddi imkana malik olmaması barədə cavabdehin dəlillərini qəbuledilən hesab etmir. İstinad etdiyi hallar onu azyaşlı uşaqlarının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir, təyin olunan aliment uşaqların maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət edir. Bu baxımdan məhkəmə, “uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində alimentin müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Aliment məbləği artırılaraq, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2012ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar