Məhkəmə qərarları › İş №2(006)-2523/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2523/2021

10.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2523/2021 10.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı «qızıl-zinət əşyalarının geri qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 Cavabdeh BOKT ASC-yə qarşı «qızıl-zinət əşyalarının geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızıl-zinət əşyalarının, həmçinin xalası X1 və üzüyünün qaytarılması öhdəliyinin Cavabdeh BOKT ASC-nin üzərinə qoyulması və geri alınaraq onlara qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi tərtib olunarkən iddiaçının adı və atasının adı səhv yazıldığından, iddiaçı məhkəməyə ərizə təqdim edərək, həmin səhvlərin nəzərə alınaraq, adının Rəqşan, ata adının Namət kimi qeyd edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 10 iyul 2019-cu il tarixdə Cavabdehdən girov qızıl qoyaraq kredit götürmüşdür (7.400 manat). Ödəniş qrafiki və qızılların şəklindən başqa ona müqavilə verilməmişdir. 7 ay pandemiya ilə əlaqədar ödənişdə çətinliklər olmuşdur. Buna baxmayaraq, bu aylar ərzində ona bir dəfə belə BOKT-dən zəng olunmamışdır. O, özü cavabdeh tərəflə əlaqə saxladıqda isə ona qızılzinət əşyalarının xəbərdarlıqsız satıldığını bildirmişlər. O, cavabdeh tərəfə etirazını bildirərək, satanda ona xəbər verməli olduqlarını demişdir. Həmçinin qızılları geri qaytarmalarını tələb etmiş və ödəniş edəcəyini demişdir. Ərəb qızılını (916 əyar) geri, ona 1.500 manata satmaq istəmişlər. Halbuki, bu qızıla görə ona 2-3 dəfə az pul vermişdilər. O, cavabdeh tərəfdən qızılları istəmiş, müqaviləni istəmiş, cavabdeh tərəf verməmişdir. Özünü müdir deyə təqdim edən şəxs ona demişdir ki, vermir müqaviləni, gedib şikayət etsin. Məhkəmənin nəzərinə çatdırır ki, qızıl-zinət əşyalarının içində onun ailəsi üçün xüsusi mənəvi dəyəri olan iki əşya var idi. Belə ki, qızıl saat və üzün onun xalası X4 aid idi. Onlar rəhmətə gedən yoldaşının hədiyyəsidir. Bütün bu hadisəni təsvir edərək o, 06.11.2020-ci il tarixli 26-17045-2020 saylı məktubla Azərbaycan Respublikası Mərkəzi Bankına müraciət etmişdir. Məktubla ona qızıllarının qaytarılmasında və müqaviləni almaqda köməklik göstərmələrini xahiş etmişdir. Mərkəzi Bank 24 noyabr 2020-ci il tarixdə müraciətinə cavab ünvanlamışdır. Bu cavab ilə Mərkəzi Bank ona müqaviləsini göndərmişdir. Həmçinin aparılan «araşdırma» zamanı göndərildiyi müəyyən olunmuşdur ki, ona 17.04.2020-ci il tarixdə 3 gün ərzində gecikdirilmiş borcun ödənilməsi və ödənilmədiyi təqdirdə girov qoyulmuş əmlaka yönəldiləcəyi barədə təşkilat tərəfindən bildiriş göndərilib. Və bundan 138 gün sonra qızıl-zinət əşyaları satılmışdır. Bununla yanaşı ona bildirilmişdir ki, yüklülük predmetinin satılması haqqında təşkilat tərəfindən ona əlavə bildiriş göndərilməmiş və bununla da, qanunvericilikdə nəzərdə tutulmuş tələblər pozulmuşdur. Lakin, məhkəmənin nəzərinə çatdırır ki, belə bir bildiriş ona heç bir zaman göndərilməyib. Qarşı tərəf əgər bunu qətiyyətli şəkildə iddia edirsə, o, ağlabatan sübutlar göstərməlidir. Məsələn, məktubun göndərilməsinə dair poçt qəbzi. Mərkəzi Bankın cavab məktubunda belə Cavabdehin qaydanı pozduğunu açıqca göstərmişdir. Cavabdehlə aralarında bağlanan müqavilənin 4.1-ci bəndinə əsasən, ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra), habelə kredit müddətində öhdəliklər tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Bu o deməkdir ki, 10.01.2021-ci il tarixədək gecikdirilmiş kreditin yaranmasından söz gedə bilməz. Qanuna görə ona xəbər vermək cavabdehin bir başa qanunla nəzərdə tutulmuş öhdəliyi olmuşdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, tərəflər arasında müqavilələr bağlanmış, iddiaçı müqavilələrin şərtləri ilə tanış olmuş, müqavilələri imzalamış, müqavilələrin bir nüsxəsi ona təqdim edilmiş, həmin müqavilələrə əsasən BOKT tərəfindən iddiaçıya kredit verilmış, həmin kreditin təminatı kimi iddiaçı tərəfindən qızıl-zinət əşyaları girov qoyulmuş, qrafik üzrə ödəmə müddəti 10 gün gecikdiyi halda həmin qızıl-zinət əşyalarının satılmasına razılıq verilmişdir. İddiaçı üzərinə düşən öhdəliyi vaxtında və lazımınca icra etməmiş, nəinki 10 gün bir neçə ay ödənişlərdən yayınmışdır, bununla da, hüquqlarını müdafiə etdiyi şirkət müqavilə üzrə hüququndan istifadə edərək həmin qızıl-zinət əşyalarını satmaqla borc üzrə öhdəliyə xitam vermişdir, qeyd edilənlərə əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında 07 may 2019-cu il tarixdə 2288/19 saylı və 10 iyul 2019-cu il tarixli 2451/19 saylı kredit müqavilələri, həmçinin həmin kredit müqavilələrinin təminatı kimi eyni tarixli girov müqavilələri bağlanmışdır. İddiaçı BOKT-yə müraciət edərək, kredit almaq, əvəzinə qızıl-zinət əşyaları girov qoymaq istədiyini, təqdim etdiyi qızıl-zinət əşyalarının özünə məxsus olduğunu bildirmiş, ərizə yazaraq, qrafik üzrə ödəmə müddəti 10 gün gecikdikdə BOKT-nin məhkəməyə müraciət etmədən satılıb kredit borcunun ödənişinə yönəldilməsinə heç bir etiraz etmədiyini bildirmişdir. Tərəflər arasında müqavilələr bağlanmış, iddiaçı müqavilələrin şərtləri ilə tanış olmuş, müqavilələri imzalamış, müqavilələrin bir nüsxəsi iddiaçıya təqdim edilmişdir. Təqdim olunmuş qızıl-zinət əşyaları qiymətləndirilərək, qiymətləndirmə aktı tərtib edilmiş və tərəflər həmin aktı da öz imzaları ilə təsdiq etmişlər. İddiaçı ödəniş qrafiki üzrə ödənilməli olan borc məbləğlərini vaxtında və tam şəkildə ödəməmiş, gecikdirmə yaranmışdır. Cavabdeh iddiaçıya 17.04.2020-ci il tarixdə müvafiq bildiriş ünvanlayaraq, 3 gün ərzində gecikdirilmiş borcun ödənilməsini tələb etmiş, əks təqdirdə borcun girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldiləcəyi barədə xəbərdar edilmişdir. Həmin bildirişin göndərilməsinə baxmayaraq, qrafik üzrə borc məbləği iddiaçı tərəfindən ödənilməmiş və 138 gün sonra qızıl-zinət əşyaları satılaraq borc məbləği ödənilmişdir. Qızıl-zinət əşyaları 02.09.2020-ci il tarixdə satılmış, həmin tarixə olan borc məbləği 9.876 manat təşkil etmiş, satışdan əldə edilən vəsait 9.815 manat olmuş, borcun əksər hissəsi ödəniləndən sonra cərimə borcundan qalan 61 manat 85 qəpik cavabdeh tərəfindən bağlanmışdır. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya münasibətdə qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 280.1-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 280.2-ci maddəsinə əsasən girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Mülki Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Beləliklə, sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, cavabdeh müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İş materiallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı iddia tələbinin əsası kimi istinad etdiyi hallara (hüquqlarının cavabdeh tərəfindən pozulmasına) dair mötəbər sübutlar təqdim etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı «qızıl-zinət əşyalarının geri qaytarılması» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh BOKT ASC-yə qarşı «qızıl-zinət əşyalarının geri qaytarılması» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar