Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2526/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh LPO QSC "Bank Standart" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "əsassız borcun silinməsi və s. tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh LPO QSC "Bank Standart" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı "əsassız borcun silinməsi və s. tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB ilə iddiaçı arasında 18 aprel 2008-ci il tarixində 100/05/226/09 saylı kredit müqaviləsi bağlanmış və 5000 manat kredit götürülmüşdür. Həmin borc məbləği iddiaçı tərəfindən tam ödənilmiş və QSC "xxxx" KB tərəfindən ona 04 sentyabr 2012-ci il tarixli, 11/5633 nömrəli məktub verilmişdir. Həmin məktubda qeyd edilmişdir ki, “Bununla yazıb Sizə bildiririk ki, Sizə verilən 100/05/226/09 saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə bank tərəfindən Sizə heç bir iddia yoxdur”. Bundan sonra, xx.xx.2013-cü il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının Mərkəzləşdirilmiş Kredit Reyestri Xidməti tərəfindən təsdiq edilmiş arayışda da aktiv kreditlərinin cəmi qalıq məbləği 0.00 qeyd edilmişdir. Daha sonra, yəni 24 iyun 2019cu il tarixində ləğv prosesində olan "xxxx" QSC-nin məktubunda qeyd edilmişdir ki, 18 aprel 2008-ci il tarixli, 09/05/226/09 saylı kredit müqaviləm üzrə cəmi 3316,55 manat öhdəliyi mövcuddur. Həmçinin hazırda mərkəzləşdirilmiş kredit reyestrində adına sistemdə borc görünür. Yuxarıda qeyd edilənlərlə bağlı ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna sənədləri ilə birlikdə müraciət etdikdə heçnə edə bilməyəcəklərini, məhkəməyə müraciət etməli olduğunu bildirmişlər. Göstərilənlərə əsasən, 18 aprel 2008-ci il tarixində 100/05/226/09 saylı kredit müqaviləsi üzrə əsassız yazılmış borcun, həmin müqavilə üzrə kredit məlumatlarının MKR-dən silinməsi və sözügedən kredit müqaviləsi üzrə adına gecikmiş günlərin sayının və bu barədə məlumatın Azərbaycan Kredit Bürosuna göndərilməsinin öhdəliyinin ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonradan iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, vaxtı ilə bütün borcu ödəmiş və müvafiq arayışı da almışdır. MKR-dən də borcunun olmaması ilə arayışı mövcud olmuşdur. Hazırda onun yenidən hansı səbəbdən sistemə borclu kimi daxil edilməyinin səbəbini başa düşə bilmir. İllər öncə üzərinə düşən öhdəliyi yerinə yetirdiyi halda əassız yerə yenidən borclandırılmışdır. Həmçinin bankın sistemində hər hansı problemdən ona yenidən borc hesablanmışdırsa belə, öhdəliyin icra edilməsi üçün müəyyən edilmiş müddət də keçmiçdir. Belə ki, 2011-ci il tarixində banka olan borc tamamilə ödənilmişdir. Göstərilənləri nəzərə alaraq, 18 aprel 2008-ci il tarixində 100/05/226/09 saylı kredit müqaviləsi (bank tərəfindən düzgün olmayaraq reyestrdə xx.xx.2009-cu il kimi qeydiyyata salınmış) üzrə əsassız yazılmış 3316,55 AZN borcun silinməsi və aktiv borcun (öhdəliyin) olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna göndərilməsi öhdəliyinin ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə dəqiqləşdirilməni müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişlər.
5. Məhkəmə iclasında cavabdeh LPO QSC "Bank Standart" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir, hal-hazırda iddiaçının adına borc mövcuddur. Ola bilər ki, həmin tarixdə iddiaçı hansısa ödənişi həyata keçirəcəyini bildirmiş və bank bu şərtlə onun borcunun olmadığı barədə məlumat daxil etmiş, daha sonra iddiaçı borcu ödəmədiyindən mövcud borc yenidən əks olunmuşdur. Odur ki, iddiaçının iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq belə hesab edir ki, iddia tələbi təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. İş materiallarında olan QSC "Bank Standart" KB tərəfindən İddiaçı ünvanlanmış 04 sentyabr 2012-ci il tarixli məktubda bildirilmişdir ki, 18 aprel 2008-ci il tarixli, 100/05/226/09 saylı kredit müqaviləsi üzrə bank tərəfindən ona heç bir iddia yoxdur.
8. İş materiallarında olan LPO QSC "Bank Standart" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 23 noyabr 2017-ci il tarixli məktubda bildirilmişdir ki, onun 15 noyabr 2017-ci il tarixinə ümumi 3316,55 manat məbləğində borcu mövcuddur.
9. İş materiallarında olan LPO QSC "Bank Standart" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən İddiaçı ünvanlanmış 24 iyun 2019-cu il tarixli məktubda bildirimişdir ki, 07 iyun 2019-cu il tarixinə 18 aprel 2008-ci il tarixli, 100/05/226/09 saylı kredit müqaviləsi üzrə ləğvprosesində olan QSC "Bank Standart" KB qarşısında 1507,60 manat əsas borcu, 1808,95 manat faiz borcu olmaqla, ümumilikdə 3316,55 manat borc öhdəliyi mövcuddur.
10. İş materiallarında olan QSC "Bank Standart" KB tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən İddiaçı 1507,60 manat əsas borcu, 1808,95 manat faiz borcu mövcuddur.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
11. Beləliklə, məhkəmə tərəfindən araşdırılmış iş materiallarından görünür ki, iddiaçının adına tərtib edilmiş çıxarış əsasında İddiaçı LPO QSC "Bank Standart" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna 18 aprel 2008-ci il tarixli kredit müqaviləsinə əsasən kreditin qalıq borcu üzrə 1507,60 manat, faiz borcu üzrə 1808,95 manat məbləğində borcunun olması müəyyən edilmişdir. Hazırda iddiaçı QSC "Bank Standart" KB ilə aralarında bağlanmış 18 aprel 2008-ci il tarixli müqaviləsi üzrə yaranmış əsassız yazılmış borcun silinməsi və bununla əlaqədar məlumatı "xxxx" MMC-yə verilməsi öhdəliyinin LPO QSC "Bank Standart" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
12. Azərbaycan Respublikası Mülki Məcəllənin 550-ci maddəsinə əsasən, yaranmış öhdəliyin icrasını tələb etmək hüququna dair müddətin keçməsi ilə əlaqədar öhdəliyə xitam verilməsi və onun əsasında yaranmış borcun silinməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır.
13. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.
14. Bu Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.
15. Mülki Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır.
16. Həmin Məcəllənin 553.1-ci maddəsinin tələblərinə görə mükəlləfiyyətli şəxs tələbi ixtiyarlı şəxsə hissə-hissə ödənişlərlə, faizlər ödəməklə, təminat verməklə və ya digər üsulla icra edirsə və ya ixtiyarlı şəxs məhkəməyə iddia verirsə müddətin axımı kəsilir.
17. Bu Məcəllənin 554.1-ci maddəsinin tələblərinə görə müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.
18. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki öhdəlik hüquq münasibətlərindən irəli gələn tələblərin qüvvədə olması müddəti əsas borc üzrə 551.1-ci maddəsinə əsasən 10 il, faiz borcu üzrə 551.2.1-ci maddəsinə əsasən isə 5 il kimi müəyyən edilməlidir və baxılan iş üzrə həmin müddətlərin keçməsi halı aşkardır. Belə ki, Mülki Məcəllənin 368-ci və 552.1-ci maddələri ilə qanunverici öhdəliklərin xitamı üçün müddətin axımının başlanmasını tələbin icra müddətinin çatması ilə əlaqələndirir. İş materiallarından göründüyü kimi xx.xx.2008-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrası müddətinin sonu xx.xx.2010-cu il tarixi kimi müəyyən edilmişdir. İcra müddətinin keçməsindən 10 ildən artıq müddət ötmüş və kreditor öhdəliyin icrasını tələb etməmişdir. Həmçinin qeyd edilməlidir ki, tələb üzrə müddətin axımının kəsilməsinə və ya onun hesablanması qaydasının dəyişilməsinə əsas verən halların mövcudluğu məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir.
19. Məhkəmə iddianın “borcun silinməsi və aktiv borcun (öhdəliyin) olmaması barədə məlumatın Azərbaycan Kredit Bürosuna göndərilməsi öhdəliyinin ləğv prosesində olan QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
21. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
22. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır.
23. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır.
24. "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır.
25. İş materiallarından göründüyü kimi, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. Cavabdeh tərəf kredit müqaviləsi üzrə iddiaçının banka borclu olmasına baxmayaraq kredit məbləğinin qaytarılması üçün mülki qanunvericiliyə uyğun olaraq vaxtında müvafiq hərəkətləri yerinə yetirmədiyindən öhdəliyin icrasını tələb etmək üzrə müddəti ötürmüşdür. Məhkəmə hesab edir ki, xx.xx.2006-cı il tarixli, 92F10 saylı kredit müqaviləsi üzrə öhdəliyinin müddətinin keçməsi ilə əlaqədar öhdəliyə xitam verilməli olması halı müəyyən edildiyindən, cavabdeh bu barədə müvafiq məlumatı "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalara uyğun olaraq "xxxx" MMC-yə verməklə Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməlidir.
26. Belə ki, yuxarıda qeyd edilən normativ aktlara əsasən fiziki və hüquqi şəxs olan borcalanların istənilən valyutada hər bir krediti, həmçinin, fiziki şəxs olan borcalanların kredit kartları üzrə istənilən valyutada hər bir krediti, kredit müqaviləsi üzrə öhdəliyin olmaması haqqında Büroya məlumat vermək vəzifəsi bankların, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olan bankların vəzifələrinə aid edilmişdir.
27. Beləliklə qeyd edilənlərə uyğun olaraq məhkəmə hesab edir ki, 18 aprel 2008-ci il tarixli, 100/05/226/09 saylı kredit müqaviləsi (bank tərəfindən düzgün olmayaraq reyestrdə xx.xx.2009-cu il kimi qeydiyyata salınmış) üzrə İddiaçı QSC "Bank Standart" KB qarşısında yaranmış öhdəliyə müddətin keçməsi ilə əlaqədar xitam verilməli və bu barədə müvafiq məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi məlumat təchizatçısı olan LPO QSC "Bank Standart" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. 28.Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
30. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 31.Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 32.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 33.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 34.Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 35.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı QSC "Bank Standart" KB ilə bağladığı 18 aprel 2008-ci il tarixli, 100/05/226/09 saylı kredit müqaviləsi (bank tərəfindən düzgün olmayaraq reyestrdə xx.xx.2009-cu il kimi qeydiyyata salınmış) üzrə yaranmış öhdəliyə xitam verilsin. İddiaçı ilə QSC "Bank Standart" KB arasında bağlanmış 18 aprel 2008-ci il tarixli, 100/05/226/09 saylı kredit müqaviləsi (bank tərəfindən düzgün olmayaraq reyestrdə xx.xx.2009-cu il kimi qeydiyyata salınmış) üzrə İddiaçı borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi LPO QSC "Bank Standart" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov