Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2528/2021 15.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədov İlkin Umud oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borc» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 017R********** saylı kredit razılaşması üzrə 9023.45 manat əsas borc, 2009.32 manat faiz borcu, 1633.24 manat cərimə borcu olmaqla, ümumilikdə 12666.01 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 017L**********60 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 200000 (iki yüz min) manat məbləğində kredit xətti açılmış, müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunmuşdur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2020-ci il tarixli 017R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2020-ci il tarixdən banka qaytarmamış, götürdüyü kredit borcundan 976.55 manat ödəmiş və hazırda onun 9023.45 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2021 -ci il tarixə 181 gün üçün hesablanmış faiz borcu 2009.32 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2021 -ci il tarixə 181 gün üçün hesablanmış cərimə 1633.24 manat təşkil edir. Bundan başqa uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən qeyd olunan kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşımaları və kreditin qaytarılması ilə bağlı öhdəlik götürmüşlər. Sonradan İddiaçı QSC məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə göndərərək, Cavabdeh1 ilə bağlanmış xx.xx.2019-cu il tarixli kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 017R********** saylı kredit razılaşması üzrə 9023.45 manat kredit borcu, 2009.32 manat faiz borcu və 1633.24 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 12666 (on iki min altı yüz altmış altı) manat 01 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X2 yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx xxxxxx 2019-cu il tarixli, 017L**********60 saylı Uzunmüddətli Kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə, illik faiz dərəcəsi 28 % olmaqla 200.000 (iki yüz min) manat məbləğində uzunmüddətli kredit xətti açılmışdır. xx xxxxxx 2019-cu il tarixli, 017R********** saylı Kredit Razılaşması müqaviləsi üzrə İddiaçı QSC tərəfindən Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833 % olmaqla 10.000 (on min) manat məbləğində fərdi mikro kredit verilmiş və həmin müqaviləyə əsasən ödəniş planı üzrə qrafik tərtib edilmişdir. xx xxxxxx 2019-cu il tarixli 017S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 ilə İddiaçı QSC arasında xx xxxxxx 2019-cu il tarixli, 017L**********60 saylı Uzunmüddətli Kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan xx xxxxxx 2019-cu il tarixli 017R********** saylı Kredit Razılaşması müqaviləsinin təminatı qismində zaminlik müqaviləsi bağlanmış və Cavabdeh3 qeyd olunan müqavilələr üzrə öhdəliklərin tamamilə icra edilməsi üçün borcalanla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyaçağını öz üzərinə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixli 017S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 ilə İddiaçı QSC arasında xx xxxxxx 2019-cu il tarixli, 017L**********60 saylı Uzunmüddətli Kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan xx xxxxxx 2019-cu il tarixli 017R********** saylı Kredit Razılaşması müqaviləsinin təminatı qismində zaminlik müqaviləsi bağlanmış və Cavabdeh2 qeyd olunan müqavilələr üzrə öhdəliklərin tamamilə icra edilməsi üçün borcalanla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyaçağını öz üzərinə götürmüşdür. xx xxxxxx 2019-cu il tarxili İddiaçı QSC-nin Xırdalan filialının kreditin verilməsi barədə (köçürmə) qəbzdən görünür ki, 10.000 manat məbləğində pul vəsaiti Cavabdeh1 cari hesabına köçürülmüşdür. xx xxxx 2020-ci il tarixli 017R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında sazişə əsasən, xx xxxxxx 2019-cu il tarixli, 017L**********60 saylı Uzunmüddətli Kredit müqaviləsi üzrə xx xxxxxx 2019-cu il tarixdə bağlanmış 017R********** saylı Kredit Razılaşması müqaviləsi əsasında tərtib olunmuş ödəniş planına dəyişiklik edilmişdir. xx.xx.2021-ci il tarixli 3008 saylı maliyyə arayışından görünür ki, xx xxxxxx 2019-cu il tarixli, 017R********** saylı Kredit Razılaşması müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə Cavabdeh1 İddiaçı QSC-yə 9023.45 manat əsas borc, 2009.32 manat faiz borcu, gecikdirilən 181 gün üçün 1633.24 manat cərimə borcu olmaqla, ümumilikdə 12666.01 manat məbləğində borcu vardır. xx.xx.2020-ci il tarixli xəbərdarlıqdan (pretenziya) görünür ki, Cavabdeh1 kredit borcunun ödənilməsi barədə dəfələrlə şifahi xəbərdarlıq olunmuş, ona xx.xx.2021-ci il tarixədək gecikdirilmiş ödəniş məbləğini banka qaytarmayacağı təqdirdə, əsas, faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli xəbərdarlıqlardan (pretenziya) görünür ki, cavabdehlərdən kredit müqaviləsi üzrə yaranmış borcun xx.xx.2021-ci il tarixədən ödənilməsi tələb edilmiş, ödənişlər həyata keçirilmədiyi təqdirdə kredit müqaviləsinə xitam verilməsi və borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarxili Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyər hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; \ 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, 017L**********60 saylı Uzunmüddətli Kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan xx xxxxxx 2019-cu il tarixli 017R********** saylı Kredit Razılaşması müqaviləsinə əsasən bank tərəfindən kredit alan Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 (on min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə iddiaçı tərəfindən ona xx xxxxxx 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması müqaviləsi üzrə ümumilikdə 12666.01 manat borc hesablanmışdır. Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, xx xxxxxx 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması müqaviləsi üzrə borcalan Cavabdeh1 9023.45 manat əsas kredit borcu, 2009.32 manat kreditdən istifadəyə görə faiz borcu İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Cərimə borcu ilə bağlı isə məhkəmə qeyd edir ki, iddia bu hissədə qismən təmin edilməlidir. Belə ki, xx xxxxxx 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması müqaviləsi üzrə tərəflər arasında dəbbə pulu haqqında yazılı formada razılaşma olmuşdur. Hazırda da iddiaçı iddia ərizəsində kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliyin lazımınca icra edilməməsi səbəbindən cavabdehlərdən öhdəliyin icrasını, o cümlədən hesablanmış 1633.24 manat məbləğində dəbbə pulunun ödənilməsini tələb edir. Bununla bağlı Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını nəzərə alaraq iddia tələbinin dəbbə pulun tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Ona görə də məhkəmə əsas borcun məbləğini nəzərə alaraq hesab edir ki, hesablanmış dəbbə pulunun məbləği azaldılaraq xx xxxxxx 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması müqaviləsi üzrə 300 (üç yüz) manat məbləğində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, xx xxxxxx 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması müqaviləsi üzrə kredit borcu əsas borca görə 9023.45 manat, faiz borcuna görə 2009.32, cərimə borcuna görə 300 manat, ümumilikdə kredit müqaviləsi üzrə borc 11332.77 manat məbləğində müəyyən edilməlidir. xx xxxxxx 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması müqaviləsi üzrə kredit borcunun əsas borcludan və zaminlərdən (birgə borclulardan) müştərək qaydada tutulması barədə iddia tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki iş materiallarından göründüyü kimi cavabdehlər Cavabdeh3 və Cavabdeh2 zamin kimi Cavabdeh1 iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən iddiaçı qarşısında birgə və eyni həcmdə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borc, habelə ödənilmiş dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, məhkəmə iddia tələbinin xx xxxxxx 2019-cu il tarixli 017R********** saylı kredit razılaşması müqaviləsinin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. xx xxxxxx 2019-cu il tarixli, 017L**********60 saylı Uzunmüddətli Kredit müqaviləsinin: 3.1.2-ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Göstərilənlərə əsasən və xx.xx.2019-cu il tarixli № 017R********** saylı kredit razılaşmasının məhz xx xxxxxx 2019-cu il tarixli, 017L**********60 saylı Uzunmüddətli Kredit müqaviləsinə əsasən bağlanmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdeh öhdəliyini müqavilədə nəzərdə tutulmuş qaydada ödəmədiyinə görə, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli № 017R********** saylı kredit razılaşması ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019-cu il tarixli № 017R********** saylı kredit razılaşması üzrə 9023,45 (doqquz min iyirmi üç manat, qırx beş qəpik) manat əsas borc, 2009.32 (iki min doqquz manat, otuz iki qəpik) manat faiz borcu və 300 (üç yüz) manat cərimə olmaqla, ümumilikdə 11332.77 (on bir min üç yüz otuz iki manat, yetmiş yeddi qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli № 017R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019cu il tarixli № 017R********** saylı kredit razılaşması üzrə 9023,45 (doqquz min iyirmi üç manat, qırx beş qəpik) manat əsas borc, 2009.32 (iki min doqquz manat, otuz iki qəpik) manat faiz borcu və 300 (üç yüz) manat cərimə olmaqla, ümumilikdə 11332.77 (on bir min üç yüz otuz iki manat, yetmiş yeddi qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-2528/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2528/2021
15.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver