Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2528/2022 28.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əsas borca hesablanmış faiz məbləğinin silinməsi və s" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əsas borca hesablanmış faiz məbləğinin silinməsi və s" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli əmrinə əsasən İddiaçı 8240.71 AZN məbləğində pulun tutularaq Cavabdeh ASC-nin hesabına köçürülməsi qət edilmişdir. O, bu günə kimi həmin borcdan 7000 AZN məbləği ödəmişdir. Sonradan borc restrukturizasiya edilmiş, ona əlavə olaraq əsas məbləğin üzərinə 25% pul hesablanmışdır ki, bu da 6463.92 AZN məbləğindədir. Bütün bunlar o, iş yerini dəyişdikdən sonra baş vermişdir. Həmin müddətdə onun əmək haqqı 313 AZN təşkil etmişdir. Hər ay onun əmək haqqından 249.98 AZN pul tutulmuşdur. Göstərilənlərə əsasən, iddiaçıya əsassız olaraq hesablanmış 6463,92 AZN faiz borcunun ləğv edilməsi və əmək haqqında 50% həcmində borc tutulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
5. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Belə ki, iş materiallarında olan 20 sentyabr 2016-cı il tarixli, 2(036)-6794/2016 saylı məhkəmə əmrinə əsasən ərizə təmin olunmuş, borclu İddiaçı 6967,93 AZN əsas borc, 1252,78 AZN faiz borc, cəmi 8220,71 AZN və ödənilmiş dövlət rüsumuna görə 20 AZN tutulub tələbkar Cavabdeh ASC-nin hesabına keçirilməsi əmr edilmişdir.
8. İş materiallarında olan Cavabdeh ASC tərəfindən İmişli rayon İcra və probasiya şöbəsinə ünvanlanmış məktubdan görünür ki, borclu İddiaçı AR Kənd Təsərrüfatı Nazirliyi yanında X2 Xidmətində işlədiyi və onun banka hal-hazırda 6987,93 AZN cəmi borcu qaldığı bildirilmişdir. “İcra haqqında” AR Qanununun 63, 64 və 65-ci maddələrini rəhbər tuturaq tələbin borcludan tutulması istiqamətində müvafiq tədbirlər görülməsi və əmək haqqından tutulacaq 50 % pul vəsaitini göstərilən rekvizitlərə köçürülməsi xahiş edilmişdir.
9. İş materiallarında olan İmişli rayon İcra və probasiya şöbəsinin Kənd Təsərrüfatı Nazirliyi yanında X3 Xidmətinə ünvanladığı məktubdan görünür ki, “İcra haqqında” AR Qanununun 43-cü maddəsinin tələbinə əsasən İddiaçı əmək haqqından hər ay 50% miqdarında tutularaq 1199,02 AZN miqdarında tələbkar Cavabdeh ASC-nin hesabına, habelə borclu icra sənədini könüllü icra müddəti ərzində icra etmədiyinə görə borc məbləğinin 7% miqdarında, 83,93 AZN miqdarında icra ödənişini isə İcra və probasiya şöbəsinin yeri xəzinadarlıq orqanında olan depozit hesabına köçürülməsi xahiş olunmuşdur.
10. İş materiallarında olan Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021ci il tarixli, RGTK3622685A167 kredit müqaviləsinə əsasən bank borcalana 60 ay müddətinə, illik 25 %-lə 8480,31 AZN məbləğində kredit limiti ayırmış, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür.
11. İş materiallarında olan Cavabdeh ASC-nin İmişli rayon filialı ilə X1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, Z- RGTK3622685A167 saylı zaminlik müqaviləsinə əsasən zamin X1 borclu İddiaçı bank qarşısında kredit müqaviləsi üzrə öz öhdəliyini vaxtında və lazımınca icra etmədikdə öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşıması barədə öz üzərinə öhdəliklər götürmüşdür.
12. İş materiallarında olan Cavabdeh ASC-nin İddiaçı ünvanladığı 06 iyul 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı əvvəlki öhdəliklərinin icrasında yaranmış çətinlik nəzərə alınaraq borc restrukturizasiya edilmiş, 03 may 2021-ci il tarixində Cavabdeh ASC-nin İmişli rayon filialı ilə İddiaçı arasında 60 ay müddətinə, illik 25 faiz dərəcəsi ilə 8480,31 AZN məbləğində yeni kredit rəsmiləşdirilmişdir. Müqavilədə tərəflərin hüquq və öhdəlikləri, öhdəliklərin icra qaydası və digər şərtlər razılaşdırılmış, faiz tətbiqinin dayandırılması, borcun və ya onun bir hissəsinin bağışlanması nəzərdə tutulmamışdır. Müqaviləyə əsasən əsas və faiz borcları qədər vəsait borcalanın sərəncamı olmadan onun istənilən bank hesabından akseptsiz qaydada tutula (silinə) bilər və ya borclar ödənilənədək borcların məbləği həcmində vəsait borcalanın istənilən hesabından bloklaşdırıla bilər. Müraciət nəzərə alınaraq güzəşt imkanları araşdırılmış, lakin təkrar güzəşt tətbiqi mümkün hesab edilməmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
13. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 20 sentyabr 2016-cı il tarixli, 2(036)- 6794/2016 saylı məhkəmə əmrinə əsasən borclu İddiaçı 6967,93 AZN əsas borc, 1252,78 AZN faiz borc, cəmi 8220,71 AZN və ödənilmiş dövlət rüsumuna görə 20 AZN tutulub tələbkar Cavabdeh ASC-nin hesabına keçirilməsi əmr edilmişdir. Sonradan borc restrukturizasiya edilmiş və Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixli, RGTK3622685A167 saylı yeni kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən bank borcalana 60 ay müddətinə, illik 25 %-lə 8480,31 AZN məbləğində kredit vermiş, kredit müqaviləsinin təminatı kimi X1 zaminlik müqaviləsi imzalamışdır. Hazırda İddiaçı əsassız olaraq hesablanmış faiz borcunun ləğv edilməsini və əmək haqqından 50% həcmində borcun tutulmasını xahiş edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Bununla əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
16. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir.
17. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər-hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
18. Həmçinin tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, RGTK3622685A167 kredit müqaviləsinin 1.1-ci bəndindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana müəyyən müddətə, məqsədli istifadə, qaytarılmaq faizlər ödənilmək və təminatlıq şərtilə 8480,31 AZN məbləğində kredit verilməsini öhdəsinə götürür.
20. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən kreditdən istifadəyə görə Borcalan 25% ödəyir. Borcalan əsas və faiz borcunu bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş əsasında ödəyir.
21. Yuxarıda qeyd olunduğu kimi İddiaçı kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və qeyd olunan müqavilə əsasında öz üzərinə Bank qarşısında öhdəliklər götürmüşdür.
22. Bundan əlavə, İddiaçı heç kəsin təzyiqi olmadan, könüllü şəkildə Bank ilə kredit müqaviləsini bağlamış və kredit müqaviləsinin şərtləri ilə tanış olmuşdur.
23. Bundan əlavə, məhkəmə iddia tələbinin “əmək haqqının 50% həcmində borcun tutulması tələbi” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.
24. Belə ki, iddiaçının iddia tələbinin faiz məbləğlərinin silinməsi hissəsində təmin edilmədiyindən iddia tələbi prosessual qənaət prinsipini nəzərə almaqla əlavə araşdırılma aparılmadan bu hissədə də təmin edilməməlidir. Həmçinin işin məhkəmədə araşdırılması zamanı müəyyən olunmuşdur ki, İddiaçı əmək haqqından 50% pul vəsaiti hazırda tutulduğundan yenidən iddia tələbinin bu hissədə təmin edilməsi ağlabatan olmayacaqdır.
25. Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçı iddia tələbini əsaslandıra biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
26. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
27. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
28. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
29. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
30. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əsas borca hesablanmış faiz məbləğinin silinməsi və s" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
34. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
39. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "əsas borca hesablanmış faiz məbləğinin silinməsi və s" tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov