Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2558/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər ləğv prosesində olan “xxxx” ASC-yə, Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc məbləğinə hesablanmış faizlərin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, "xxxx” ASC ilə bağlanmış 23.04.2014-cü il tarixli, 14/059 nömrəli kredit müqaviləsinə əsasən artıq hesablanmış faiz borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən 240 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 57.4 m² olan 1 otaqdan ibarət, 101 saylı mənzili əldə etmişdir. Sözügedən mənzilə dair ״AAAF Park“ Yaşayış Kompleksi ilə iddiaçının arasında 10.03.2016-cı il tarixdə İH/B-B(b)/0062 nömrəli mənzilin alqı-satqısı haqqında müqavilə bağlanmışdır. Mənzilin dəyəri isə ləğv edilmiş ״xxxx“ ASC-dən 35.128 manat məbləğində 120 ay müddətinə götürülən kredit məbləği hesabına ödənilmişdir. Aylıq ödənişlərin məbləği isə 545.42 manat təşkil edir. Vaxtlı-vaxtinda aylıq kredit ödənişləri ödənilməsinə baxmayaraq, pandemiya dövründə ödənişlərin ödənilməsi iddiaçının imkanı xaricində olmuşdur. Bunlar nəzərə alınaraq aylıq faiz ödənişləri dayandırılmalı olmasına baxmayaraq, əksinə, bank tərəfindən artıq faiz məbləği hesablanmışdır. Hal-hazırda ״xxxx“ ASC ləğv olunduğuna görə aylıq ödənişlər cavabdeh Əmanətlərin Sığortalanması Fonduna ödənilir. Dəfələrlə cavabdehə artıq hesablanmış faizlərin dayandırılması və silinməsi ilə bağlı müraciət etsə də, bir nəticəsi olmamışdır. Bu səbəbdən də, mövcud tələblə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Sonda iddiaçının nümayəndəsi və vəkili iddiaçının nümayəndəsi X4 iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh ləğv prosesində olan “xxxx” ASC-nin nümayəndəsi X5 iddia tələbini əsassız hesab edərək rədd edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdeh Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, “xxxx” ASC-nin Sumqayıt filialı ilə X2 arasında bağlanmış 23 aprel 2014-cü il tarixli 14/059 saylı kredit müqaviləsinə əsasən, Bank Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində salınmış “AAAF Park 3” yaşayış massivində inşa edilən 240 nömrəli evin 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 57.4 kv.m olan 101 nömrəli mənzilin alınması üçün S.Muxtarovaya 35128 manat məbləğində 120 ay müddətində kreditin verilməsini öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, “xxxx” MMC ilə İddiaçı arasında mənzilin alqı-satqısı haqqında 10 mart 2016-cı il tarixli İH/B-B(b)0062 saylı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə görə “xxxx” MMC Xırdalan şəhəri, H.Əliyev prospektində özünə məxsus “AAAF- Park” yaşayış massivində inşa edilən 240 saylı, 7 mərtəbəli yaşayış binasında ümumi sahəsi 57,4 kv.metr olan 1 otaqdan ibarət 101 saylı mənzili İddiaçı satmağı, İddiaçı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən «Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər». Beləliklə, şəxsin məhkəmə müdafiəsindən istifadə etmək hüququ yalnız o, halda yaranır ki, onun qanunla qorunan hüquq və azadlıqları, eləcə də maraqları pozulmuş olsun. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyə görə “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz». Beləliklə, İddiaçı hazırkı iddia tələbini irəli sürərkən ilk növbədə öz tələbi ilə bağlı subyektiv hüquqa malik olduğunu sübuta yetirməli (iddiaçı müvafiq halın müəyyən edilməsi üzrə sübutetmə vəzifəsinin daşıyıcısıdır), bu hal yetirilməcəyi təqdirdə isə iddia cavabdehin dəlillərinin məzmunundan aslı olmayaraq rədd olunmalıdır. Odur ki, göstərilənlərə əsasən İddiaçı cavabdehlər ləğv prosesində olan “xxxx” ASC-yə, Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc məbləğinə hesablanmış faizlərin silinməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər ləğv prosesində olan “xxxx” ASC-yə, Əmanətlərin Sığortalanması Fonduna qarşı “borc məbləğinə hesablanmış faizlərin silinməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2558/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2558/2021
06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver