Məhkəmə qərarları › İş №2(006)-256/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-256/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-256/2025 05.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı «bağlanmış razılaşma müqaviləsinin etibarsız hesab edilməsi, kart hesabına daxil olub başqa karta köçürülən pulun iddiaçı tərəfindən ödənilməli olması öhdəliyindən azad olması, təqaüd kartından çıxarılmış pulun ona geri qaytarılması və debet kartının ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh ASC-yə qarşı «kart hesabına daxil olan artıq məbləğin kart hesabından silinməsi, təqaüd və kredit kartından çıxarılmış məbləğin geri qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli BRCB6016702A115 saylı kredit kartına dair müqavilə üzrə kredit xəttinin yenilənməsi barədə əlavə razılaşma müqaviləsinin şərti pozulmaqla onun kart hesabına daxil olan artıq 6.400 manat pulun kart hesabından silinməsi və ona məxsus olan təqaüd kartından 1.180 manat, Birbank kartından isə 265 manat pulun onun hesabına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ali təhsilli hüquqşünasdır, halhazırda isə təqaüddədir. Təqaüdə çıxdıqdan sonra hər bir ailədə olduğu kimi ona da pul lazım idi. Ona görə də, belə qənaətə gəlmişdir ki, özünə bir kredit kartı açdırmışdır. Onunla Cavabdeh ASC Binəqədi filialı arasında BRCB6016702A115 saylı xx.xx.2022-ci il tarixli kredit kartına dair müqavilə üzrə kredit xətti açılmışdır. Həmin kredit kartında 6.400 manat pul olmuşdur. Kredit kartında olan bəzi miqdar pullar tərəfindən xərclənəndən sonra ödənilməsinin çətin olduğunu başa düşüb, pulun məbləğinin azaldılması üçün yenidən Cavabdeh ASC-nin Təbriz filialına müraciət etmişdir. Bank əməkdaşları əvvəlcə pulun tam məbləğdə karta yüklənməsini, sonradan isə kartın xəttinin yenilənərək azaldılmasının mümkün olduğunu bildirmişlər. O, 6.400 manat kredit xəttinin tam bağlanması üçün 13 iyul 2023-cü il tarixdə "xxxx" QSC Nərimanov filialına müraciət etmiş və 12.000 manat pul kredit götürmüşdür. Həmin puldan 4.304 manatını 13 iyul 2023-cü il tarixdə TT**********07543048 saylı qəbzlə 410100D**********115 hesaba ödəmiş və Cavabdeh ASC olan kreditin tam ödənişi barədə qəbzi götürmüşdür. Qəbzi götürdükdən sonra, yəni həmin gün 13 iyul 2023-cü il tarixdə Cavabdeh ASC-nin Təbriz filialının müdiri X11 şəxsində təmsil olunan və bundan sonra bank adlanacaq və digər tərəfdən İddiaçı şəxsində təmsil olunan müştəri qismində xx.xx.2022-ci il tarixli BRCB6016702A115 saylı kredit kartına dair müqavilə üzrə kredit xəttinin yenilənməsi barədə əlavə razılaşma müqaviləsi imzalanmış və kredit xətti azaldılaraq 500 manat olmuşdur. Müqavilənin 1-ci bəndində göstərilmişdir ki, tərəflər razılığa gəlirlər ki, müqavilə üzrə kredit xəttinin yeni məbləği 500 manatdır. Tərəflər razılığa gəlirlər ki, 6.2-ci bəndində qeyd edilən və sonradan banka bildirildiyi mobil nömrəsinə SMS vasitəsi ilə göndərilmiş bildirişi SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM, ödəniş terminalı və ya bankın mobil tətbiq və digər texnoloji vasitələrdən müvafiq qaydada istifadə etməklə, artıra və azalda bilər. Müvafiq qaydada kredit xəttinin məbləğinin artırılması, azaldılması, müqavilənin şərtlərinin dəyişdirilməsi, ona xitam verilməsi və digər hərəkətlərin edilməsi yalnız bank tərəfindən təsdiq edildikdə qüvvəyə minir. Müştəri və bank təsdiq edir ki, SMS vasitəsi ilə göndərilmiş bildiriş, müştəri tərəfindən təsdiq edilmişdir. 16 fevral 2024-cü il tarixdə onun telefonuna mesaj gəlmiş və bildirilmişdir ki, «sizin müraciətiniz əsasında kredit xəttiniz artırılmış, limit 6.887 manat olmuşdur». O, kreditin artırılması barədə müraciət etmədiyinə görə dərhal birbank sisteminə baxmaq istəmişdir. Lakin sistemin 15 dəqiqəlik bloklandığını aşkar etmişdir. Onun banka heç bir müraciəti olmadığı üçün dərhal Cavabdeh ASC-nin 196 Mərkəzini və DİN 102 xidmətini yığmış və ona məxsus kartlar yenidən Cavabdeh ASC tərəfindən bloklanmışdır. Sonradan ona məlum olmuşdur ki, ona bəlli olmayan şəxs və şəxslər tərəfindən müqavilə ilə olan 500 manatlıq kredit kartının limiti artırılaraq 6.400 manat olmuş, digər təqaüd kartından isə 550, debet kartından isə 265 manat çıxarılmışdır. Onun aparılmış bank əməliyyatlarından, limitin artırılması, ona məxsus təqaüdün çıxarılmasından xəbəri yoxdur. Heç kimə kart nömrəsi verməmişdir. Fakt ilə əlaqədar araşdırma aparılması üçün Cavabdehın Baş Ofisinə və onun Binəqədi filialına yazılı ərizə ilə müraciət etməsinə, rəhbərliyin qəbulunda dəfələrlə olmasına baxmayaraq, ona yazılı verilmiş cavablar formal olmasına baxmayaraq biri-birindən fərqli olmuşdur. Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin baş təhqiqatçısı Elçin adlı polis əməkdaşı ilə Cavabdehın filialında olmuşlar. Bank əməkdaşı bildirmişdir ki, Cavabdehın Gənclik Mol filialında müdaxilə olmuş, dələduzluq yolu ilə kartın pul limiti artırılmış və sonradan kartdan həmin pullar başqa üçüncü şəxsin kartına vurulmuşdur. Üçüncü şəxsin kartından isə pulların çıxarılması barədə xəbəri yoxdur. Polis araşdırması hal-hazırda davam edir. Limitin artırılması və təqaüdün çıxarılması üçün Cavabdeha o, heç bir SMS, bildiriş, müraciət etməmişdir, ona məxsus olan mobil telefondan zəng olunmamış, SMS göndərilməmişdir. Kartları həmişə özündə olmuşdur. Heç kimə kod verməmiş və özü də həmin pulları çıxarmamışdır. Bankın əməkdaşları onu polis orqanlarına yönəltmələrinə baxmayaraq, ona cavab vermək istəməmişlər və həmin məbləğin onun təqaüd kartından hər ay tutulacağını bildirmişlər. Onun kredit şöbəsinə getməsini və həmin məbləğin aylara bölünərək onun tərəfindən ödənilməsini məsləhət bilmişlər. Əks təqdirdə onun Cavabdeh vasitəsi ilə aldığı təqaüddən hər ay pulun tutulacağını demişlər. 16 may 2024-cü il tarixdə o, təqaüdü çıxararkən onun təqaüd kartından 580 manatın bank tərəfindən tutulduğunu məyyən etmişdir. Polis tərəfindən araşdırılma bitməmiş artıq qanunsuz olaraq bank tərəfindən ona məxsus olan pensiya kartından pul tutulur. Sonradan, xx.xx.2025-ci il tarixdə İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə onun arasında olan 25 iyul 2022-ci il tarixli BRCB6016702A115 saylı kredit kartına dair müqavilə üzrə kredit xəttinin yenilməsi üçün əlavə xx.xx.2023-cü il tarixdə bağlanmış razılaşmanın etibarsız etibarsız hesab edilməsi, onun hesabına daxil olan və həmin vaxt başqa karta köçürülən 6.887 manat borc pulun onun tərəfindən ödənilmə olması öhdəliyindən azad edilməsi, ona məxsus olan təqaüd kartından cavabdeh tərəfindən tutulmuş 1.130 (580 + 550) manat pulun cavabdehdən tutularaq ona ödənilməsi (ona geri qaytarılması) və debet kartın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Son olaraq iddiaçı texniki səhv olaraq ərizəsində göstərdiyi xx.xx.2023-cü il tarixli müqavilənin xx.xx.2024-cü il tarixli müqavilə olaraq nəzərə alınmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2025-ci il tarixdə təqdim etdiyi iddia tələbinə dəqiqləşmə barədə ərizədə texniki yanlışlıq nəticəsində müqavilənin tarixini xx.xx.2024-cü il yerinə xx.xx.2023-cü il qeyd edilmişdir. Qeyd olunan halın nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddianı qəbul etmədi, iddiaya etirazın məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh ASC məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək göstərmişdir ki, iddiaçı məhkəməyə müraciət edərək Cavabdeh ASC ilə onun arasında bağlanmış xx.xx.2022-ci il tarixli BRCB6016702A115 saylı kredit kartına dair müqavilə üzrə kredit xəttinin yenilənməsi barədə əlavə razılaşma müqaviləsinin şərti pozulmaqla, onun kart hesabına daxi olan artıq 6.400 manat pulun kart hesabından silinməsi və iddiaçıya məxsus olan təqaüd kartından 1.180, birbank kartdan isə 265 manat pulun İddiaçı hesabına qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edirlər ki, iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçının izahatlarından aydın olduğu kimi, o, kart məlumatlarını digər şəxslərlə paylaşmış və sonradan ona məxsus 500 manatlıq kredit kartının limiti artırılaraq 6.400 manat olmuş, təqaüd kartından 550 manat, debit kartından isə 265 manat pul çıxarılmışdır. Qeyd olunan əməliyyatlar xx.xx.2024-cü il tarixində olmuşdur. Bundan başqa iddiaçı birbank tətbiqində +**********50 mobil nömrə ilə qeydiyyatdan keçdiyini və 3DS kodlarının da həmin nömrəyə bağlı olduğunu bildirmişdir. İş materiallarına əlavə olunan sənədlərdən göründüyü kimi baş vermiş hadisələr ardıcıllıqla aşağıdakı qaydada olmuşdur. Məlumdur ki, iddiaçının mobil tətbiqində cihaz dəyişikliyi olmuşdur. xx.xx.2024-cü il tarixdə 04:54:47 PM-də (created date) iddiaçının birbank mobil tətbiqinə başqa cihazla müdaxilə olunmuş və xx.xx.2024-cü il tarixdə saat 02:34:20 PM-də (linked date) tətbiq başqa cihazda aktivləşdirilmişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə saat 14:31:43-də, yəni artıq cihaz dəyişikliyi baş verəndə müştəriyə xəbərdarlıq məktubu göndərilmişdir (bu mesajlar cihaz dəyişikliyi olan zaman hər müştəriyə göndərilir). Daha sonra tətbiq vasitəsilə limit artırmaya dair müraciət edilmiş xx.xx.2024-cü il saat 14:35:55-də limit artırmaya dair müraciətin uğurla tamamlandığına dair müştəriyə bildiriş göndərilmişdir. Qeyd olunan əməliyyatlar zamanı 3DS kodları tələb olunmadığından bildirişlər birbank mobil tətbiqində qeydiyyatdan keçirilmiş mobil nömrəyə (+994-55-201-20-50) göndərilmişdir. İddiaçı məhkəmə iclaslarında 3DS kodlarının qeyd olunan nömrəyə bağlı olduğunu bildirsə də, əlavə olunmuş sənədlərdən 3DS kodunun iddiaçının istifadəsində olan digər mobil nömrəyə (+**********03) bağlı olduğu aydın görünməkdədir. Nəzərə alınmalıdır ki, bank qanunvericiliyinə, banklarla müştərilər arasında bağlanmış kart müqavilələrinə və işgüzar adətlərə görə banklar tərəfindən müştərilərə verilən istənilən növ kart, müştəri tərəfindən əldə edildikdən sonra həmin kart üzrə bütün məsuliyyət müştəriyə aid olur. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış BRCB6016702A115 nömrəli xx.xx.2022-ci il tarixli Birbank Cashback Kredit Xətti Müqaviləsinin: - 7.2.6-cı yarımbəndinə əsasən kart və FİN kodu heç kimə vermir, bunların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını almaq məqsədi ilə lazımi tədbirləri görür (Kartın üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyəti müştəri daşıyır). - 8.2-ci yarımbəndinə əsasən müştəri anlayır və təsdiq edir ki, bu Müqavilə üzrə əməliyyatların icrası ilə əlaqədar özünə aid eyniləşdirmə məlumatlarının məxfi saxlanılması, təhlükəsizliyinin təmin edilməsi, habelə üçüncü şəxslərə verilməməsi ilə bağlı tədbirlər görməlidir. Bank məlumat mübadiləsinin təhlükəsizliyinin təmin edilməsi üçün tədiblər görəcəkdir, lakin Müştərinin təqsiri ucbatından həmin məlumatların üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı Müştəriyə dəymiş zərərə (ziyana) görə Bank məsuliyyət daşımır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin «sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı ... andan bağlanmış sayılır» müddəasının «müvafiq qaydada imzalanma» tələbi tərəflərin onu şəxsən, mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə imzalamasını nəzərdə tutur. Mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə etməklə bağlanan müqavilələrin şərtləri mümkün qədər aydın, dürüst və başadüşülən olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 957.3-cü maddəsinə əsasən müqavilədə hesabdakı pul məbləğlərinə dair sərəncam hüququnun elektron ödəmə vasitələri və öz əli ilə imza analoqlarından, kodlardan, parollardan və sərəncamın buna vəkil edilmiş şəxs tərəfindən verildiyini təsdiqləyən digər vasitələrdən istifadə olunmaqla başqa sənədlər ilə təsdiq edilməsi də nəzərdə tutula bilər. 957.4-cü maddəsinə əsasən əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini həmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin. İddiaçı həmin əməliyyatların onun tərəfindən aparılmamasını bildirsə də, buna dair məhkəməyə hər hansı bir subut təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən İddiaçı Cavabdeh ASC-yə qarşı kart hesabına daxil olan artıq məbləğin kart hesabından silinməsi, təqaüd və kredit kartından çıxarılmış məbləğin geri qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş materialları: İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BRCB6016702A115 nömrəli Birbank Cashback Kredit Xətti müqaviləsindən görünür ki, İddiaçı qeyri-taksit əməliyyatları üzrə illik 25%, taksit əməliyyatları üzrə illik 0% ödəmək şərtilə, 6.460 manat məbləğində kredit xətti ayrılmışdır. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli BRCB6016702A115 saylı kredit kartına dair müqavilə üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2023-cü il tarixli əlavə razılaşmanın 1-ci maddəsində göstərilmişdir ki, tərəflər razılığa gəlirlər ki, müqavilə üzrə kredit xəttinin yeni məbləği 500 manat müəyyən olunur. Müştəri, bu Əlavənin 6.2-ci hissəsində qeyd edilən və ya sonradan Banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM , ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra - texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini 15.000 manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. İddiaçı ilə Cavabdeh ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli BRCB6016702A115 saylı kredit kartına dair müqavilə üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli əlavə razılaşmanın surətindən görünür ki, müqavilə üzrə kredit xəttinin yeni məbləği 6.887 manat müəyyən olunur. Müştəri, bu Əlavənin 6.2-ci hissəsində qeyd edilən və ya sonradan Banka bildirdiyi mobil nömrəsinə SMS vasitəsilə göndərilmiş bildirişi (məlumatı) SMS-də göstərilmiş qaydada təsdiq etməklə, habelə ATM , ödəniş terminalı və ya Bankın mobil tətbiq və digər texnoloji (texniki) vasitələrindən (bundan sonra - texnoloji vasitələr) müvafiq qaydada istifadə etməklə, kredit xəttinin istifadə edilə biləcək məbləğini 15.000 manat həddində, SMS və digər texnoloji vasitələrlə razılaşdırılmış məbləğdə və şərtlərdə artıra və ya azalda, həmçinin müqavilənin digər şərtlərini dəyişdirə və ya ona xitam verə bilər. Cavabdeh tərəfin təqdim etdiyi İddiaçı məxsus 416973******3943 nömrəli X14 ödəniş kartı üzrə çıxarışdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə 6.400 manat pul vəsaiti başqa kart hesabına köçürülmüş və buna görə 96 manat komissiya haqqı tutulmuşdur. Cavabdeh tərəfin təqdim etdiyi İddiaçı məxsus 510307******5277 nömrəli DSMF X18 ödəniş kartı üzrə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərini əhatə edən çıxarışdan görünür ki, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə kartdan karta (P2P) köçürmə üçün 550 manat komissiya haqqı tutulmuşdur. Cavabdeh tərəfin təqdim etdiyi İddiaçı məxsus 510307******5277 nömrəli DSMF X18 ödəniş kartı üzrə xx.xx.2024-xx.xx.2024 tarixlərini əhatə edən çıxarışdan görünür ki, bank tərəfindən xx.xx.2024-cü il tarixdə kredit borcu üzrə sözügedən kart hesabından 580,26 manat silinmə həyata keçirilmişdir. Cavabdeh tərəfin təqdim etdiyi X5 məxsus 416973******4888 nömrəli X14 ödəniş kartı üzrə xx.xx.2024-xx.xx.2024 tarixlərini əhatə edən çıxarışdan görünür ki, X5 məxsus hesaba xx.xx.2024-cü il tarixdə müvafiq olaraq 6.400, 300 və 500 manat pul vəsaiti daxil olmuş və “M10” elektron pul kisəsinə 6.000 manat pul vəsaiti köçürülmüşdür. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin baş təhqiqatçısı, polis kapitanı X8 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında HK-1/498 nömrəli material araşdırılmış, X3 xx.xx.2023-cü il tarixdə ölkə ərazisini tərk etməsi və faktiki olaraq Rusiya Federasiyasının Yekaterinburq şəhərində olması səbəbindən sonuncunun izahatının alınması mümkün olmamış və cinayət hadisəsi aşkar olunmadığından toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh tərəfin təqdim etdiyi göndərilmiş SMS mesajlar barədə çıxarışdan görünür ki, İddiaçı məxsus +994-55-201-20-50 mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə saat 14:31:43-də OTP kod göndərilmiş, həmin tarixdə saat 14:35:55-də limitin artırılması barədə müraciətin uğurla tamamlanması barədə SMS mesaj göndərilmiş və həmin tarixdə 14:59:02-də bir daha OTP kod göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 5/1201 saylı ekspert rəyindən görünür ki, ekspertiza qarşısında qoyulmuş suallar Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Kibertəhlükəsizliyin İdarəedilməsi sektorunun aparıcı məsləhətçisi X9 tərəfindən xx.xx.2025-ci il tarixdə daxil olmuş rəydə və Azərbaycan Respublikası Mərkəzi Bankının İnformasiya və kibertəhlükəsizlik departamentinin Təhlükəsizlik əməliyyat mərkəzi şöbəsinin rəisi X4 tərəfindən xx.xx.2025ci il tarixdə daxil olmuş rəydə cavablandırılmışdır (1). Ekspert rəyinin «Tədqiqat prosesinin təsviri» hissəsində göstərilən profilaktik tövsiyələrin nəzərə alınması məqsədəmüvafiq hesab olunur. Aparılmış tədqiqatın dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Kibertəhlükəsizliyin İdarəedilməsi sektorunun aparıcı məsləhətçisi X6 xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, “Fimi” sistemi və SQL verilənlər bazasında tədqiqat aparılmışdır. Tədqiqat zamanı iddiaçının istifadəsində olan banka aid mobil tətbiqin ələ keçirilməsi ilə bağlı bəzi izlərin olduğu aşkarlanmışdır. İddiaçıya aid Bank sistemlərində olan ******* nömrəli identifikator üzrə verilənlər bazası üzərindən axtarış verildiyi zaman xx.xx.2024-cü il tarixdə saat 14:34:20-də 596e1f4959ccdf5b identifikatorlu yeni cihazın Tətbiqdə qeydiyyat keçdiyi görünür. Bundan başqa yeni cihaz qeydiyyatına qədər Tətbiqdə qeydiyyatda olan cihazın identifikatoru bdcb73524433e44e olmuşdur. Banka məxsus mobil tətbiqlə istifadəçilər kart hesablarını və ya karta bağlı olan hesablarını idarə edə bilir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə saat 14:34:24-də 596e1f4959ccdf5b identifikatorlu cihaz vasitəsilə baş verən giriş Azərbaycana aid olmayan (İP ünvana aid məlumatlara əsasən geolokasiya məlumatlarının Rusiyaya aid olduğu görünür) 178.214.246.232 İP ünvanından baş verir. Yuxarıdakı halları nəzərə alaraq mobil tətbiqin ələ keçirilməsi nəticəsində sözü gedən kibermüdaxilə halının baş verməsi söylənilə bilər. Prosessinq sisteminə kibermüdaxilə hallarının aşkar edilməsi üçün daha detallı araşdırma-təhlil işlərinin aparılması, o cümlədən laboratoriya şəraitində tədqiqatın aparılması və ixtisaslaşmış əlavə heyətin cəlb olunmasına ehtiyac duyulur. Əməliyyatların aparılmasını təmin edən prossesinq sistemi Bank üçün kritik olduğundan bu sualın cavablandırılması üçün aparılmalı olan tədqiqat xüsusi həssaslıqla aparılmaldır. Yazılanları nəzərə alaraq yerində baxış zamanı verilmiş sualın cavablandırılması mümkün olmamışdır. İddiaçı mobil tətbiqdə qeydiyyatda olan mobil nömrəsi +994-55-201-20-50-dir və sözü gedən təhlükəsizlik kodu və məlumat xarakterli SMS-lər həmin nömrəyə göndərilmişdir. Bundan başqa mobil nömrəyə təhlükəsizlik kodunun göndərilməsinə əsas xx.xx.2024-cü il tarixdə saat 14:36:26-də 6.887 manat məbləğində olan limit artımına müraciət üçün təsdiqləmə kodunun göndərilməsidir. Əlavə olaraq bankın aidiyyəti əməkdaşları ilə birlikdə müvafiq informasiya sistemlərinə baxış keçirən zaman aşağıdakı məsələlər müəyyən edilmişdir: xx.xx.2024-cü il tarixdə saat 14:32:14-də Bank tərəfindən rus dilində “OTP” kodu göndərilir (burada “OTP” kodun rus dilində olmasının səbəbi Bank tərəfindən göndərilən SMS-in telefonun dil konfiqurasiyasına uyğun olaraq göndərilməsidir); Bankın aidiyyəti əməkdaşları tərəfindən müvafiq informasiya sistemlərində təqdim edilən məlumatlara əsasən xx.xx.2024-cü il tarixdə saat 15:01:13-də iddiaçıya məxsus kartdan 6.400 manat vəsait Kapital Banka aid digər karta köçürülərək ələ keçirilmişdir. Sözü gedən hal Bankın sistemlərində öz əksini tapır. Həmçinin 6.400 manat miqdarında olan vəsaitin köçürülməsi zamanı təsdiq kodu +994-55-223-03-03 mobil nömrəsinə göndərilmişdir. Aşağıdakı şəkildə sözü gedən hala aid qeydlər öz əksini tapır. OTP kodlarla bağlı iddiaçıya məxsus mobil telefona SMS-lərlə bağlı baxış keçirilmişdir və həmin tarixlə bağlı SMS-lərin olmadığı görülmüşdür. Aparılan tədqiqat zamanı sözü gedən halın birbaşa olaraq müəyyənləşdirilməsi mümkün olmamışdır. Bundan başqa istifadəçiyə aid mobil tətbiqin digər cihazda açıldığını nəzərə alaraq sözü gedən OTP kodun 596e1f4959ccdf5b idetifikatorlu yeni mobil cihazdan daxil olunduğu söylənilə bilər. Azərbaycan Respublikası Mərkəzi Bankının 6 mart 2025-ci il tarixli 6-1-29/2- 3302/2025 nömrəli məktubu ilə təqdim edilmiş İnformasiya və kibertəhlükəsizlik departamentinin Təhlükəsizlik əməliyyat mərkəzi şöbəsinin rəisi X4 tərəfindən təqdim edilmiş ekspert rəyindən görünür ki, Kapital Bankın müvafiq sistemlərində, o cümlədən bank hesablarında və prosessinq sistemində kibermüdaxilə izlərinin olub-olmamasını müəyyən etmək üçün həm bankın infrastrukturunda, həm də ixtisaslaşmış laboratoriyada sistemlərin ətraflı təhlili aparılmalıdır. Bu təhlil müvafiq bacarıqlara, təcrübəyə və analiz alətlərinə malik olan əlavə ixtisaslaşmış mütəxəssislərin cəlb olunmasını tələb edir. Mərkəzi Bankda bu sahəyə aid laboratoriya və müvafiq ekspert qrupu olmadığı üçün ilk 2 sualın cavablandırılması mümkün olmamışdır. Belə bir tədqiqat kibertəhlükəsizlik üzrə ixtisaslaşmış təşkilatlar və ya şirkətlər tərəfindən həyata keçirilə bilər. Pul vəsaitinin köçürülməsi ilə bağlı təhlükəsizlik kodu İddiaçı məxsus +994-55-223-03-03 nömrəsinə göndərilmişdir. Kapital Bank əməkdaşlarının təqdim etdikləri məlumatlara əsasən təhlükəsizlik kodu İddiaçı mobil nömrələrinə ümumilikdə 5 dəfə göndərilmişdir. Göndərilən kodlardan 2-si mobil tətbiq hesabına giriş üçün +994-55-201-20-50 nömrəsinə, 3-ü isə pul köçürmə əməliyyatı üçün +994-55-223-03-03 mobil nömrəsinə göndərilib. Sualda qeyd olunandan fərqli olaraq, 6.887 manat köçürülən məbləğ yox, limit artımı üçün təsdiq olunmuş məbləğdir. Kapital Bankın DWH sistemindən əldə edilmiş məlumata əsasən digər kart hesabına köçürülən məbləğ 6.400 manatdır. Kapital Bankın müvafiq bank sistemlərinin fəaliyyət jurnallarında təhlükəsizlik kodunun daxil edildiyi cihazlar göstərilməsə də, köçürmə əməliyyatı zamanı 596elf4959ccdf5b identifikatorlu Samsung SM-G935F markalı mobil cihazdan mobil tətbiqə giriş edildiyini nəzərə alaraq, təhlükəsizlik kodunun da həmin cihazdan daxil edildiyini güman etmək olar. Onu da qeyd etmək olar ki, köçürmə əməliyyatının baş verdiyi günə qədər mobil tətbiq hesabına İddiaçı məxsus Samsung SM-A225F markalı mobil cihazdan giriş edilib. Lakin köçürmə əməliyyatının baş verdiyi gün mobil tətbiqə Samsung SM-G935F markalı başqa bir mobil cihazdan giriş olub. xx.xx.2024-cü il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Cavabdeh ASC-nin xx.xx.2024-cü il tarixli 20xx/xx/6926 saylı məktubundan görünür ki, İddiaçı 20 fevral 2024-cü il tarixli müraciətinə baxılmışdır. Məlumat üçün bildirilmişdir ki, plastik kart məlumatlarının məxfiliyinin qorunması kart istifadəçisinin öhdəliyidir və üçüncü şəxslər tərəfindən bu məlumatlar istifadə edilməklə aparılan əməliyyatlara görə bank məsuliyyət daşımır. Dələduzluq hallarının qarşısının alınması üçün müştərilərin maarifləndirilməsi məqsədilə mütəmadi olaraq sosial paylaşımlar edilir. 16 fevral 2024-cü il tarixdə 416974******4974 saylı plastik kartdan 550 manat və 416973******3943 nömrəli plastik kartdan 6.400 manat məbləğində köçürmə əməliyyatları icra olunmuşdur. Əməliyyat +**********95 mobil nömrəsinə Bank tərəfindən göndərilmiş 3D Secure kodun istifadə edilməsi ilə icra edilmişdir. Bank tərəfindən 3D Secure kodu göndərilən zaman bu kodun digər şəxslərlə paylaşılmaması üçün məlumat təqdim edilir. 16 fevral 2024-cü il tarixdə «Birbank» mobil tətbiqində mobil cihaz dəyişilərək bank tərəfindən göndərilmiş OTP kod istifadə edilməklə qeydiyyatdan keçilmiş və kredit kartı üzrə limitin artırılması «Birbank» mobil tətbiqi vasitəsilə icra olunmuşdur. Əlavə olaraq bildirirlər ki, məsələ ilə bağlı hüquq mühafizə orqanlarından qanunvericiliklə müəyyən edilmiş qaydaya əsasən daxil olan sorğuya müvafiq qaydada baxılır. Bu barədə ona Bank əməkdaşı tərəfindən müvafiq qaydada məlumat verilmişdir. Qeyd olunanların nəzərə alınması xahiş edilmişdir. Cavabdeh ASC-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli 125000/1-02-01111 saylı məktubundan görünür ki, 16 fevral 2024-cü il tarixdə 416974******4974 saylı plastik kartdan 550 manat və 416973******3943 nömrəli plastik kartdan 6.400 manat məbləğində köçürmə əməliyyatları icra olunmuşdur. Əməliyyat +994-55-223-03-03 mobil nömrəsinə Bank tərəfindən göndərilmiş 3D Secure kodun istifadə edilməsi ilə icra edilmişdir. Bank tərəfindən 3D Secure kodu göndərilən zaman bu kodun digər şəxslərlə paylaşılmaması üçün məlumat təqdim edilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 125-ci maddəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 129-cu maddəsinə əsasən, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 60-cı maddəsinə əsasən, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər; 339.2-ci maddəsinə əsasən, şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; 339.3-cü maddəsinə əsasən, aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; 406.3-cü maddəsinə əsasən, yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə bu Məcəllənin 331.1-ci maddəsinə uyğun olaraq məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər. 746-2.5-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsi bağlanıldığı an da daxil olmaqla həmin ana qədər məsafədən bir və ya bir neçə rabitə vasitəsinin istifadə edilməsi yolu ilə borcverən və istehlakçının eyni zamanda birgə fiziki iştirakı olmadan bu Məcəllənin 406.3- cü maddəsinə uyğun olaraq məsafədən bağlana bilər. 746-2.6-cı maddəsinə əsasən, istehlak krediti müqaviləsinin məsafədən bağlanılmasına dair digər tələblər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mərkəzi X10 04 fevral 2022-ci il tarixli 04/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”nın: 5.1-ci bəndinə əsasən, bank bu Qaydanın tələblərinə uyğun olaraq məsafədən bank hesabı aça bilər. Məsafədən bank hesabının açılması müştəri və bank əməkdaşının eyni zamanda birgə fiziki iştirakı olmadan elektron vasitələrlə bank hesabının açılmasını nəzərdə tutur. 5.2-ci bəndinə əsasən, müştərilərə səlahiyyətli nümayəndə (hüquqi şəxsin qanuni təmsilçisi istisna olmaqla) vasitəsilə, habelə qeyri-rezident hüquqi şəxslərə məsafədən bank hesabının açılmasına yol verilmir. 5.5-ci bəndinə əsasən, yeni müştəri üçün məsafədən bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi aşağıdakı qaydada aparılır: 5.5.1-ci bəndinə əsasən, rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyrirezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə; 5.5.2-ci bəndinə əsasən, rezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza və video zəng ilə və ya gücləndirilmiş müştəri autentifikasiyası və video zəng ilə. 5.6-cı bəndinə əsasən, bank hesabı mövcud olan müştərilər tərəfindən həmin bankda məsafədən yeni bank hesabının açılması, o cümlədən hesabın açılmasına dair sənədlərin rəsmiləşdirilməsi rezident hüquqi şəxslər və fərdi sahibkarlar, habelə qeyrirezident fiziki şəxslər üçün gücləndirilmiş elektron imza, rezident fiziki şəxslər üçün isə gücləndirilmiş elektron imza və ya video çəkiliş tətbiq etməklə gücləndirilmiş müştəri autentifikasiyası əsasında həyata keçirilə bilər. Bank bu qaydada hesabın açılmasını riskli hesab edərsə, hesab gücləndirilmiş müştəri autentifikasiyası əsasında açıldıqda video çəkiliş üsulunu video zəng ilə əvəz edə, gücləndirilmiş elektron imza ilə açıldıqda isə əlavə olaraq video çəkiliş və ya video zəng üsulunu tətbiq edə bilər. 5.7-ci bəndinə əsasən, gücləndirilmiş müştəri autentifikasiyası dedikdə autentifikasiya məlumatlarının məxfiliyini qorumaq üçün hazırlanmış və yalnız müştərinin və ya müştəri olmaq istəyən fiziki şəxsin “bildiyi” (şifrə, pin, suallar toplusu və s.), “sahib olduğu” (mobil telefon tətbiqi, OTP, TOTP, elektron imza, token və s.) və ya ona “məxsus olan” (üz tanınması, səs tanınması, barmaq izi və s.) müstəqil elementlərin iki və ya daha çoxunun istifadəsinə əsaslanan autentifikasiya (şəxsin dürüst müəyyənləşdirilməsi) başa düşülür. Elementlərin müstəqilliyi dedikdə bir elementin ələ keçirilməsi halının digər elementin təhlükəsizliyinə xələl gətirməməsi nəzərdə tutulur. 5.8-ci bəndinə əsasən, məsafədən bank hesablarının açılması üçün video eyniləşdirməyə (video zəng və video çəkiliş) dair tələblər bu Qaydaya 6 nömrəli Əlavə ilə tənzimlənir. 5.9-cu bəndinə əsasən, məsafədən bank hesabının açılması üçün bu Qaydanın tələblərinə riayət olunmalı, o cümlədən bu Qaydanın 4-cü hissəsində qeyd olunmuş sənədlər əldə edilməlidir. 5.13-cü bəndinə əsasən, fiziki şəxs tərəfindən bank hesabı müqaviləsinin və hesabın açılması üçün tələb olunan digər sənədlərin gücləndirilmiş müştəri autentifikasiyası yolu ilə təsdiq edilməsi ilə müqavilənin yazılı formada bağlanması və imza tələbi yerinə yetirilmiş hesab edilir. “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydası”na 6 nömrəli əlavəyə əsasən video eyniləşdirməyə dair tələblər məsafədən bank hesablarının açılması zamanı rezident hüquqi şəxsin qanuni təmsilçisinin, rezident fərdi sahibkarın, rezident və qeyri-rezident fiziki şəxslərin (bundan sonra – fiziki şəxs) video zəng, habelə mövcud müştərilərin həmçinin video çəkiliş vasitəsilə eyniləşdirilməsinə (bundan sonra birlikdə – video eyniləşdirmə) dair tələbləri müəyyən edir. 2-ci bəndinə əsasən, video eyniləşdirmənin başlanmasından əvvəl görülən tədbirlər Video eyniləşdirmənin başlanmasından əvvəl yalnız şəxsiyyətin müəyyən edilməsi üçün etibarlı olan və mərkəzləşdirilmiş şəkildə yaradılan birdəfəlik qısa mesaj (SMS OTP) göndərilir. Göndərilən SMS OTP fiziki şəxs tərəfindən video eyniləşdirmənin aparıldığı interfeys vasitəsilə onlayn olaraq qeyd edilir. Həmin SMS OTP sistemdə uğurla təsdiqlənərsə, şəxsin mobil telefon nömrəsi təsdiq edilmiş hesab edilir. 3.1-ci bəndinə əsasən, video zəng zamanı tətbiq edilən metod üzbəüz eyniləşdirmə metoduna (şəxsin fiziki olaraq bankın inzibati binasına yaxınlaşması zamanı tətbiq edilən metoda) bənzər və risklərin minimallaşdırılması əsasında hazırlanır. 3.2-ci bəndinə əsasən, video zəng bu mövzuda təlimdən keçmiş bank əməkdaşı tərəfindən aparılır. 3.3-cü bəndinə əsasən, video zəng zamanı bank əməkdaşının şəxsiyyətin eyniləşdirilməsi üçün istifadə edilə bilən sənədlərin xüsusiyyətlərini və bu sənədlər üçün tətbiq edilən etibarlı yoxlama metodlarını öyrənməsi, habelə dələduzluq və ya digər hüquq pozuntusu halları, bu Qaydanın və aidiyyəti digər hüquqi aktların tələbləri barədə məlumatlı olması təmin edilir. 3.4-cü bəndinə əsasən, bank əməkdaşının ildə ən azı bir dəfə və ya bu Tələblərin 2.5-ci bəndinə uyğun olaraq hər bir yenilənmədən sonra video zəng prosesi, o cümlədən fərdi məlumatlar qanunvericiliyi barədə təlim keçməsi təmin edilir. 5.6-cı bəndinə əsasən, video zəngin sonunda fiziki şəxsin ona göstəriləcək bank xidmətləri barədə məlumatlı olduğunu və bank müştərisi olmağa razı olduğunu şifahi təsdiq etməsi ilə proses başa çatır. 6.1-ci bəndinə əsasən, video çəkiliş bankda hesabı mövcud olan müştərilər tərəfindən məsafədən bank hesabının açılması məqsədilə aparılır. 6.2-ci bəndinə əsasən Video çəkiliş zamanı bank müştərinin şəxsiyyətini təsdiq edən sənədinin hər iki tərəfinin (ön və arxa) şəkillərini və müştərinin video çəkilişini əldə edir. 6.3-cü bəndinə əsasən, video çəkilişin müddəti ən azı 10 (on) saniyə olmalıdır. 6.4-cü bəndinə əsasən, təqdim olunan şəkillərin və video çəkilişin müraciət edən şəxsə mənsub olduğunu avtomatik rejimdə təsdiq etmək mümkün olmadıqda, bank video zəngin edilməsi ilə bağlı müştəriyə əlavə sorğu göndərə bilər. 6.5-ci bəndinə əsasən, təqdim edilən şəxsiyyəti təsdiq edən sənədin həqiqiliyinin və həmin sənəd üzrə məlumatların yoxlanılması üçün dövlət informasiya sisteminə sorğu göndərilir və eyniliyi yoxlanılır. 6.6-ci bəndinə əsasən, müştərinin həqiqiliyi ona aid video çəkilişdə və şəxsiyyəti təsdiq edən sənəddə əks olunan simalar (üz cizgiləri) bir-birinə uyğun olduğu təqdirdə təsdiq olunur. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə əsasən məhkəmələr məcburetmə və s. bu kimi əsaslardan dolayı əqdin etibarsızlığı ilə bağlı işlərə baxarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmununu və hüquqi niyyətlərini müəyyən etməlidirlər. Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun hüquqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmçinin, Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh ASC ilə İddiaçı arasında ilkin kredit xətti limitinin 6.400 manat olmasına dair xx.xx.2022-ci il tarixli BRCB6016702A115 saylı Birbank Cashback debet kartı müqaviləsi, daha sonra isə xx.xx.2022-ci il tarixli həmin müqavilə üzrə limitin 500 manat həddində müəyyən edilməsi məqsədilə razılaşma bağlanmışdır. İddiaçının xx.xx.2022-ci il tarixdə müqavilə bağlanarkən iradə ifadəsi bankla öhdəlik həddinin 6400 manat təşkil etməsi olmuşdur. Müqavilə üzrə müştərinin mobil telefon nömrəsi +994-55-223-03-03 qeyd edilmişdir. Müqavilə fiziki olaraq şəxsi imza ilə imzalanmaqla tərtib edilmişdir. Sonradan isə iddiaçının iradə ifadəsinə uyğun olaraq həmin məbləğin 500 manat həddində müəyyən edilməsi üçün onun müraciətinə əsasən öhdəlik bu həddə tənzimlənmişdir. Müqavilə üzrə müştərinin mobil telefon nömrəsi qeyd edilməmişdir. Lakin, xx.xx.2023-cü il tarixli müqavilə şərtində kredit xəttinin istifadə ediləcək məbləğinin 15.000 manat həddində dəyişdirilə bilməsi (xx.xx.2022-ci il tarixli müqavilənin müvafiq şərti qüvvədə saxlanılmışdır) razılaşdırılmışdır. Müqavilə üzrə müştərinin mobil telefon nömrəsi qeyd edilməmişdir. Müqavilə fiziki olaraq şəxsi imza ilə imzalanmaqla tərtib edilmişdir. Nəhayət, xx.xx.2024-cü il tarixdə sanki iddiaçının müraciəti əsasında tərəflər arasında yeni razılaşma (elektron qaydada) bağlanmaqla kredit xətti limiti artırılmış və iddiaçının hesabına 6.887 manat məbləğində pul daxil olmuşdur. Müqavilə üzrə müştərinin mobil telefon nömrəsi +994-55-201-20-50 qeyd edilmişdir. Qeyd edilən kredit xətti limitinin artırılması bank tərəfindən müvafiq qaydalarla müəyyən edilmiş zəruri əməliyyatlar aparılmadan həyata keçirilmişdir. Belə ki, bank tərəfindən müştərilərin bankda mövcud olan hesabları üzrə yeni kredit limitinin artırılmasına müraciətləri qəbul edilərkən video çəkilişin aparılması həyata keçirilməmişdir. Nəticə etibarilə bank iddiaçının həqiqi iradə ifadəsini müəyyən etmədən, bank əməliyyatlarının aparılması qaydalarına riayət etmədən kredit limitinin artırılması barədə əlavə sazişi rəsmiləşdirmişdir. Hazırki işin faktiki hallarından diqqətçəkən digər bir məqam isə müvafiq mütəxəssis rəylərində müəyyən edilmiş digər hallardır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit xətti müqaviləsində müştərinin eyniləşdirilməsi məqsədilə qeydlə alınmış telefon nömrəsi qeyd edilmiş, xx.xx.2023-cü il tarixli müqavilədə isə bu məlumat yenilənməmişdir. xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr rəsmiləşdirilərkən müştəri şəxsən müqavilə bağlanmasında iştirak edərək iradə ifadəsini müqaviləni fiziki olaraq əl imzası ilə imzalamaqla təsdiqləmişdir. Müştərinin iradə bəyanı ardıcıl 2 müqavilədə bu şəkildə icra edilsə də, sonradan müştərinin mobil telefon nömrəsi və onunla bağlı mobil tətbiq başqa bir (özü də xarici ölkədə qeydiyyatdan keçmiş İP ünvanına malik) mobil cihazda qeydiyyata alınmaqla xx.xx.2024-cü il tarixdə kredit limitinin yenidən artırılması barədə əlavə razılaşma rəsmiləşdirilmişdir. Müvafiq qaydada təqdim edilmiş mütəxəssis arayışlarında və ekspert rəyində iddiaçının istifadəsində olan mobil tətbiqə müdaxilə halı təsbit edilmişdir. Müəyyən edildiyi kimi kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli əlavə razılaşma iddiaçının məlumatı, xəbəri, razılığı olmadan, iradəsinə zidd olaraq bağlanmış,bank tərəfindən müvafiq təhlükəsizlik təmin edilməmiş, iddiaçı tərəfindən hər hansı təhlükəsizlik kodu üçüncü şəxslərə ötürülməmişdir. Həmin əlavə razılaşma əsasında iddiaçının hesabına daxil olan 6.887 manat pul vəsaiti iddiaçı tərəfindən qəbul edilməmiş, qeyd olunan məbləğ iddiaçının razılığı, xəbəri, məlumatı olmadan götürüldüyü kimi, eyni şəkildə başqa kart hesabına köçürülmüşdür. Odur ki, iddiaçını zədələnmiş iradə ifadəsindən irəli gələn və bank tərəfindən müvafiq qaydalara əsasən müştərinin eyniləşdirilməsi üçün zəruri əməliyyatlar icra edilmədən bağlanmış müqavilə etibarsız hesab edilməli və bununla əlaqədar məsələlər öz həllini tapmalıdır. Məhkəmə qeyd olunanlara əsasən vurğulayır ki, iddia tələbi xx.xx.2024-cü il tarixli razılaşmanın etibarsızlığı hissəsində əsaslı hesab edilməklə iddiaçı qeyd edilən məbləğin ödənilməsi öhdəliyindən də azad edilməlidir. Həmçinin, bank tərəfindən hüquqi və faktiki baxımdan etibarsız razılaşma olan xx.xx.2024-cü il tarixli əlavə razılaşma əsasında iddiaçının təqaüd kartından akseptsiz qaydada tutulmuş 580 manat pul Cavabdeh ASC-dən tutularaq iddiaçıya ödənilməlidir. Lakin məhkəmə qeyd edir ki, iddiaçının təqaüd kartından eyni anda başqa kart hesabına edilmiş köçürmədə bankın hər hansı təqsirli hərəkəti yoxdur. Odur ki, iddia tələbi iddiaçının təqaüd kartından xx.xx.2024-cü il tarixdə edilmiş 550 manat məbləğində pulun üçüncü şəxslər tərəfindən əldə edilməsi hissəsində hazırki iddia tələbi üzrə bank cavabdehlik daşıya bilməz. İddiaçıya izah edilməlidir ki, kibercinayət qurbanı kimi kibermüdaxilə həyata keçirən şəxs (yaxud şəxslər) müəyyən edildikdən sonra, ona (onlara) qarşı 550 manat maddi ziyanın vurulması tələbinə dair iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət edə bilər. İddia tələbinin tərəflər arasında qeyd edilən müqavilə üzrə debet kartının ləğv edilməsi hissəsi özlüyündə prosessual məqam hesab edilməklə şəxsin banka müraciəti əsasında ləğv edilə bilər. Hazırda belə bir tələbin irəli sürülməsinə və təmin edilməsinə zərurət yoxdur. Odur ki, iddia tələbi bu hissədə də əsassızdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2022ci il tarixdə bağlanmış BRCB6016702A115 saylı Birbank cashback debet kartı müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli əlavə razılaşma etibarsız hesab edilməli; İddiaçı xx.xx.2024-cü il tarixli əlavə razılaşma əsasında onun hesabına daxil olan və həmin vaxt başqa karta köçürülən 6.887 manat borc pulun ödənilməsi öhdəliyindən azad olunmalı; xx.xx.2024-cü il tarixli əlavə razılaşma əsasında İddiaçı təqaüd kartından akseptsiz qaydada tutulmuş 580 manat pul vəsaiti Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat ekspertiza xərci Cavabdeh ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. İddia qalan hissələrdə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh ASC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə bağlanmış BRCB6016702A115 saylı Birbank cashback debet kartı müqaviləsi üzrə kredit xəttinin yenilənməsinə dair xx.xx.2024-cü il tarixli əlavə razılaşma etibarsız hesab edilsin. İddiaçı xx.xx.2024-cü il tarixli əlavə razılaşma əsasında onun hesabına daxil olan və həmin vaxt başqa karta köçürülən 6.887 (altı min səkkiz yüz səksən yeddi) manat borc pulun ödənilməsi öhdəliyindən azad olunsun. xx.xx.2024-cü il tarixli əlavə razılaşma əsasında İddiaçı təqaüd kartından akseptsiz qaydada tutulmuş 580 (beş yüz səksən) manat pul vəsaiti Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 (bir yüz əlli) manat ekspertiza xərci Cavabdeh ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (X1, Kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar