Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2567/2024 15.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, elektrik cərəyanı vurması nəticəsində şəxsi təsərrüfatında olan ölmüş inəyin dəyəri olan 1.500 manat pulun və 35 manat ödənilmiş dövlət rüsumunun, cəmi 1.535 manatın cavabdeh "xxxx" ASC-dən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə Yardımlı rayonu, Mirimli kəndində yaşayır. Ailəsini dolandırmaq üçün təsərrüfatla məşğul olur və şəxsi təsərrüfatlarında iri buynuzlu heyvan saxlayır. 13 may 2022-ci il tarixdə heyvanları tövlədən çıxardıb, örüş sahəsinə apararkən, heyvanlar yaşadıqları evin həyətyanı sahəsində olan tövlənin qarşısından keçən açıq elektrik xəttinin altından keçərkən inəyin biri elektrik xəttinə toxunmuş və elektrik cərəyanı vurması nəticəsində inək ölmüşdür. Həmin vaxt o, dərhal həmin sahəyə baxan baytar həkimi çağırmışdır. Baytar həkimi hadisə yerinə çatanda inəyin artıq elektrik cərəyanının vurması nəticəsində öldüyünü bildirmişdir. Bu barədə hadisə yerində onlar akt tərtib etmişlər. Bundan sonra o, heyvanın bazar qiymətinin müəyyən olunması barədə Masallı rayon heyvan bazarına müraciət etmişdir. Həmin təşkilat tərəfindən 7 yaşlı, diri çəkisi 250 kq olan inəyin bazar qiyməti 1500 manat məbləğində müəyyən olunmuşdur. Bundan sonra o, X11 Təchizatı və Satış İdarəsinin Yardımlı Rayon Şöbəsinə ona dəymiş ziyanın ödənilməsi ilə əlaqədar müraciət etmişdir. Həmin təşkilat tərəfindən ona dəfələrlə yalan vədlər verilsə də, ona dəymiş ziyan ödənilməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona dəymiş ziyanın ödənilməsi ilə bağlı iddia ərizəsini əlavə edilmiş sənədlərlə birlikdə aidiyyatı üzrə Lənkəran Rayon Məhkəməsinə göndərsə də, iddia ərizəsi aidiyyatı üzrə cavabdeh "xxxx" ASC-nin qeydiyyat ünvanı üzrə göndərilməsi səbəbindən geri qaytarılmışdır. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etmədi və məhkəmədən iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Yardımlı rayon İcra Hakimiyyəti Başçısının Ərus inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 201 saylı arayışa əsasən, arayış Mirimli kənd sakini İddiaçı təqdim edilmişdir. Ə.X1, X9 və X8 adlı ailə üzvləri vardır. - “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Qarayev X6 rayonu, Ərus ərazi dairəsi, Mirimli kəndi ünvanı üzrə qeydiyyatdadır. - Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi Yardımlı Rayon İdarəsinin hal şahidlərinin iştirakı ilə tərtib edilmiş 13 may 2022-ci il tarixli aktından görünür ki, Mirimli kənd sakini İddiaçı şəxsi təsərrüfatında olan ağ rəngli 7 yaş orta köklükdə 1 baş inək təsərrüfat sahibinin həyətində elektrik naqillərinin altında ölmüşdür. Heyvan sahibinin dediyinə əsasən inəyin ölümünə səbəb elektrik cərəyanına toxunması olmuşdur. Heyvan yarılmış, heç bir infeksion və invaziyon xəstəliklərə şübhə olmadığı üçün heyvana elektrik cərəyanından ölməsi diaqnozu qoyulmuşdur. - Yardımlı rayonu Ərus Bələdiyyəsinin hal şahidlərinin iştirakı ilə tərtib edilmiş 13 may 2022-ci il tarixli aktından görünür ki, Mirimli kənd sakini İddiaçı şəxsi təsərrüfatında olan ağ rəngli 7 yaş orta köklükdə 1 baş inəyə eynilə yuxarıdakı aktda qeyd edildiyi kimi, elektrik cərəyanından ölməsi diaqnozu qoyulmuşdur. - Masallı rayon heyvan bazarının arayışından görünür ki, İddiaçı məxsus 1 baş 7 yaşlı diri çəkisi 250 kq olan inəyin orta bazar qiyməti alıcılar və satıcılar arasında təxminən 1.500 manat civarında dəyərləndirilir. - Fotoşəkillərdən görünür ki, iddiaçının yaşadığı evin həyətyanı sahəsində açıq elektrik naqilləri keçir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. İddiaçı fərdi təsərrüfatla məşğul olur və təsərrüfatında iri burnuzlu heyvan saxlayır. 13 may 2022-ci il tarixində baş vermiş hadisə nəticəsində heyvanlardan biri tələf olmuşdur. Belə ki, qeyd edilən tarixdə İddiaçı fərdi təsərrüfatında olan iri buynuzlu heyvanları örüş sahəsinə buraxmış və heyvanlar tövlənin qarşısından keçən açıq elektrik xəttinin altından keçərkən onlardan birinin elektrik xəttinə toxunması nəticəsində elektrik cərəyanı heyvanı vurmuşdur. Nəticədə elektrik xəttinə toxunmuş heyvan həlak olmuşdur. Bu halı təsdiq edəcək, yəni heyvanın elektrik cərəyanı nəticəsində həlak olmasına dair hal şahidlərinin iştirakı ilə aktlar tərtib edilmiş və aktlar iş materiallarına əlavə edilmişdir. Bununla da iddiaçı ona dəymiş maddi ziyanın ödənilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki hüquq normasının mənasına görə, yüksək təhlükə mənbəyinin vurduğu zərər nəticəsində mülki hüquq pozuntusu törətmiş hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəmək vəzifəsindən o, vaxt azad edilə bilərlər ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirsinlər. Hazırki halda iddiaçıya dəymiş maddi zərərin qarşısı alınmaz qüvvənin təsiri nəticəsində, habelə onun qəsdi nəticəsində əmələ gəlməsi mülki iş materialları ilə istisna olunur. Əksinə, toplanmış sənədlərlə müəyyən olunur ki, iddiaçıya məxsus iri buynuzlu heyvan məhz yüksək gərginlikli elektrik enerjisinin vurması nəticəsində ölmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan maddələrin mənasına görə, dəymiş zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması; - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; - zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; - zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İddiaçıya dəymiş maddi zərərin açıq-aşkar mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi və iddiaçıya dəymiş maddi zərərlə cavabdehin qanunsuz hərəkətsizliyi arasında səbəbli əlaqənin olması mülki iş materialları ilə öz təsdiqini tapdığından, məhkəmə iddianın təmin edilərək, iddiaçıya dəymiş olan maddi ziyanın ödənilməli olması qənaətinə gəlir. İddiaçıya vurulmuş olan zərərin məbləğinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçıya məxsus tələf olmuş heyvanın dəyəri təqdim edilmiş arayışa görə çəkisinə, yaşına və digər amillərə görə diri vəziyyətidə 1500 manat məbləğində qiymətləndirilmişdir. Həmin arayışın əksini təsdiq edəcək hər hansı bir sənəd təqdim edilmədiyinə görə məhkəmə arayışda qeyd edilən məbləğlə razılaşıb iddiaçıya vurulmuş maddi zərərə görə ödəniləcək məbləğin 1500 manat olduğunu hesab edir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.1-ci bəndinə əsasən enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrik qəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. Həmin Qaydaların 10.17-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X2 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. Həmin Qaydaların 10.18.2-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə borcludur. Məhkəmə qeyd edir ki, göründüyü kimi, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir və beləliklə də bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaq yaranır. Belə olan halda məhkəmənin qənaətinə görə elektrik enerjisinin verilişi ilə məşğul olan cavabdeh qəbul olunmuş Qaydaların tələblərinə riayət olunmasını təmin etmədiyindən, iddiaçıya vurulmuş olan zərər məhz yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən cavabdeh "xxxx" ASC tərəfindən ödənilməlidir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, vurulmuş maddi zərərə görə 1500 manat və ödənilmiş 35 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş maddi zərərə görə 1500 manat və ödənilmiş 35 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-2567/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2567/2024
15.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver