Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2585/2021 16.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclas katibi Muradov Asim Kərim oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc aldığı 4000 (dörd min) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh uzun müddət imiş ki, tanımış, onunla yaxın münasibətdə olmuş, hər zaman bir-birinə etibar etmiş, çörək kəsmiş, bu əsasla da o heç bir zaman cavabdehin ona olan etibarından sui-istifadə edərək ondan borc aldığı pulu qaytarmayacağını ağlına belə gətirməmişdir. Belə ki, 26.11.2019-cu ildə Cavabdeh ona müraciət edərək təsisçisi olduğu “xxxx” MMC-nin fəaliyyəti ilə bağlı ona 3-4 gün müddətində qaytarmaq şərtilə təcili 4000 (dörd min) manat borc pul lazım olduğunu, həmin pulu tapa bilməsə təsisçisi olduğu “xxxx” MMCnin çox böyük problemlə qarşı-qarşıya qalacağını bildirmiş və ondan həmin məbləğdə ona borc verməyi xahiş etmişdir. Əvvəl vermək istəməsə də, həmin gün cavabdehin ona çox yalvarması və onun aldatmaqla pulunu mənimsəyəcəyəni ağlına belə gətirmədiyindən, o 4000 manat pulu 26.11.2019-cu il tarixdə cavabdehə borc vermiş və bununla əlaqədar cavabdehlə aralarında həmin gün borc müqaviləsi bağlanmış, müqaviləyə hər ikisi imza etdikdən sonra cavabdeh “xxxx” MMCnin möhürü ilə də müqaviləni təsdiq etmişdir. Cavabdehin ona təqdim etdiyi borc müqaviləsinin şərtləri ilə həmin gün evdə tanış olarkən ona məlum olmuşdur ki, cavabdeh müqavilənin 2.2.1-ci bəndinə düzəliş edərək müqavilədə borcun qaytarılacağı tarix 30.11.2019-cu il göstərilməli olduğu halda, həmin bəndə borcun qaytarılmalı olduğu tarix 11.11.2020-ci il göstərilmişdir. Məlum məsələdir ki, o buna etiraz etdiyində, cavabdeh ondan borc aldığı 4000 manatı 3-4 günə qaytarmaq imkanı olmayacağını nəzərə alaraq həmin düzəlişi etdiyini, lakin qısa müddətdə borcunu qaytaracağını bildirmişdir. Lakin cavabdeh ona verdiyi nə vədinə, nə də ki, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl etməmiş, bu günədək borcunu qaytarmamışdır. Hətta son zamanlar telefon zənglərinə belə cavab vermir. Həmin borcun cavabdehdən alınaraq ona qaytarılması haqqında qətnamə qəbul edilməlidir. Cavabdehin həqiqətən də ona bu günə kimi 4000 manat borcun olması onun tərəfindən imzalanmış və təsisçisi olduğu “xxxx” MMC-nin möhürü ilə təsdiq edilmiş 26.11.2029-cu il tarixli borc müqaviləsi və telefon danışıqları ilə sübuta yetirilir. Göstərilənlərə əsasən Cavabdeh borc aldığı 4000 (dörd min) manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və iddiaçının vəkili yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı ilə Cavabdeh arasında bağlanmış, “xxxx” MMC-nin möhürü ilə təsdiqlənmiş, 26.11.2019-cu il tarixli borc müqaviləsindən görünür ki, “Borc verən” İddiaçı “Borc alan” Cavabdeh 4000 manat məbləğində borc verməyi, “Borc alan” isə borc müqaviləsi üzrə aldığı pulun 11.11.2020-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər borc müqaviləsini imzaları ilə təsdiq etmişlər. Ödəniş qəbzindən (№**********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında 26.11.2019-cu il tarixində borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən “Borc verən” İddiaçı “Borc alan” Cavabdeh 4000 manat məbləğində borc verməyi, “Borc alan” isə borc müqaviləsi üzrə aldığı borcun 11.11.2020-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış borc müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdehə borc məbləğini versə də, cavabdeh ödəməli olduğu borc məbləğini iddiaçıya ödəməkdən yayınmışdır. Göründüyü kimi, müqavilə üzrə pulun verilməsi halı məhkəmə tərəfindən müəyyən edilməsinə baxmayaraq, cavabdehin həmin müqaviləyə əsasən pulun qaytarılmasına dair üzərinə götürdüyü öhdəliyin lazımi qaydada icra etdiyi halının işdə olan materiallara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Halbuki sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, borc müqaviləsi üzrə alınmış pulun iddiaçıya qaytarılmış olduğunu sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Beləliklə məhkəmə, pulun qaytarılmasına dair sübut etmək yükü cavabdehin daşıdığını, lakin onun, məhkəmə tərəfindən məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlmədiyini və beləliklə də pulun iddiaçıya qaytarılmasını təsdiq edən sübutların iş materiallarında mövcud olmadığını, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən bağlanmış borc müqaviləsinə əsasən verilmiş məbləğdə pulun iddiaçıya qaytarılması halı sübuta yetirilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən borc müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, borc müqaviləsi üzrə borc verənin müəyyən məbləğdə pulu borc olaraq verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 4000 manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Borc üzrə 4000 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, 4030 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2585/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2585/2021
16.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver