Məhkəmə qərarları › İş №2(006)-2590/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2590/2022

03.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2590/2022 03.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, iddiaçı X4 Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 03 iyun 2022-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1189/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsinə əsasən 17.05.2016-cı il təvəllüdlü X5 və 08.12.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh onun xeyrinə hər uşaq üçün müəyyən edilmiş 175 manat pul məbləğində tutulan aliment məbləğinin artırılaraq 01.01.20022-ci il tarixdən hər ay hər uşaq üçün 193 manat, ümumilikdə 386 manat sabit pul məbləğinin müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə rəsmi nikah münasibətlərində olmuşdur. Onların birgə nikahından 17.05.2016-cı il təvəllüdlü X10 və 08.12.2017-ci il təvəllüdlü X11 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə aralarında olan rəsmi nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəmsinin 2(006)-1189/2021 saylı, 17 may 2021-ci il tarixli qətnaməsi ilə (hakim Natavan Tağıyeva) pozulmuş və həmçinin həmin qətnamədə yetkinlik yaşına çatmayan uşaqlarının saxlanılması üçün onun xeyrinə hər ay hər uşaq üçün 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda tutulan həmin aliment məbləği uşaqlarının maddi tələbatının ödənilməsi üçün kifayət etmir. 01.01.20022-ci il tarixdən uşaqlar üçün minimum ehtiyac meyarının məbləği artırılaraq 193 manat müəyyən edildiyindən o, Cavabdeh alimentin məbləğinin artırılaraq hər uşaq üçün 193 manat ödəməyi təklif etmiş, lakin aradan 10 gündən çox zaman keçməsinə baxmayaraq o təklifinə heç bir münasibət bildirməmişdir. Ona görə də ailə mübahisəsi ilə bağlı mediyasiya təkilatına müraciət etmiş, lakin cavabdeh ilkin mediyasiya sessiyasında iştirak etməmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 yuxarıda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(006)-1189/2021 saylı qətnaməsinin surətindən görünür ki, 17 may 2016-cı il təvəllüdlü X5 və 08 dekabr 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 16.11.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşaq üçün 175 (yüz yetmiş beş) manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X8 ödənilməsi qət edilmişdir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, iddiaçı X9 ilə Cavabdeh birgə nikahlarından 17.05.2016-cı il təvəllüdlü X10 və 08.12.2017-ci il təvəllüdlü X11 anadan olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanılmış nikah ləğv edilmiş, 17.05.2016-cı il təvəllüdlü X10 və 08.12.2017-ci il təvəllüdlü X6 iddiaçının yanında qalmaları müəyyən edilmiş, onların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X8 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşağın saxlanması üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə, alimentin sabit pul məbləğində tutulmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına səbəbdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsində göstərilən şərtlərlə əlaqədar məhkəmə qeyd edir ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.05.2021-ci il tarixli, 2(006)-1189/2021 saylı qətnaməsi ilə Cavabdeh iddiaçı X4 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh 17 may 2016-cı il təvəllüdlü X5 və 08 dekabr 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X8 ödənilməlidir. Məhkəmə iddianı “aliment məbləğinin artırılaraq 01.01.20022-ci il tarixdən tutulması” hissəsində təmin etməyərək qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsi ilə müəyyən edilmiş qaydalardan fərqli olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirildiyi (artırıldığı və ya azaldıldığı) təqdirdə, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə çıxarılmış məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən başlanılır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 112.1.3-cü, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 may 2021-ci il tarixli, 2(006)-1189/2021 saylı qətnaməsi ilə 17 may 2016-cı il təvəllüdlü X5 və 8 dekabr 2017-ci il təvəllüdlü X2 üçün Cavabdeh iddiaçı X4 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 17 may 2016-cı il təvəllüdlü X5 və 8 dekabr 2017-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X8 ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar