Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2610/2021 06.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı "kredit borcunun qaytarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 mart 2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 5.500 manat məbləğində kredit verilmişdir. Cavabdeh tərəfindən İddiaçı1 ASC-dən kredit götürülməsinə baxmayaraq, müştərinin sənədləri filial tərəfindən İddiaçı1 ASC-nin Hüquq şöbəsinə təhvil verilməmiş, bu barədə filiala müraciət edildikdə isə sənədlərin naməlum səbəbdən itirildiyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilən maliyyə arayışından, həmçinin bankın əməliyyat sistemində cavabdehə 5.500 manat məbləğində kreditin verilməsi müəyyən edilmişdir. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina etmişdir. 11.01.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 11.965,38 manat təşkil edir. Bundan 5.066,89 manat əsas, 3.994,42 manat faiz, 2.194,27 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 709,80 manat faiz borcu təşkil edir. Qeyd olunan kredit müqaviləsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında“ 28 fevral 2019-cu il tarixli Fərmanın təsir dairəsinə aid edilməmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və 07.01.2021-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Göstərilənlərə əsasən 5066,89 AZN əsas borc, 3994,42 faiz borcu, 2194,27 AZN məbləğində cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 709,80 AZN manat faiz borcu, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iddianı müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh 5500 (beş min beş yüz) manat məbləğində kredit verilmişdir. İşdə olan ləğv prosesində olan "xxxx" ASC-nin ləvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən X4 ünvanlanmış Xəbərdarlıqdan görünür ki, bank borclunu öhdəliyin icra edilməsi üçün xəbərdarlıq etmişdir. Həmçinin, işin materiallarında olan ləğv prosesində olan "xxxx" ASC-nin ləvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 13 yanvar 2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh Banka 17 mart 2015-ci il tarixli, 201CNNW150760003 saylı kredit müqaviləsi üzrə 5066,89 AZN əsas borc, 3994,42 faiz borcu, 2194,27 AZN məbləğində cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 709,80 AZN faiz borcu, cəmi 11965,38 AZN borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2725 saylı, 27 may 2021-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 mart 2015-ci il tarixli, 201CNNW150760003 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh (maliyyə arayışı üzrə tarixə) "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu aşağıdakı kimi müəyyən edilmişdir : 17.03.2018-ci il tarixə: əsas borc üzrə 5096,89 AZN, faiz borcu üzrə 4006,26 AZN; 11.01.2021-ci il tarixə: əsas borc üzrə 5096,89 AZN, faiz borcu üzrə 4724,07 AZN; 27.05.2021-ci il tarixə: əsas borc üzrə 5096,89 AZN, faiz borcu üzrə 4820,35 AZN. 17 mart 2015-ci il tarixli, 201CNNW150760003 saylı kredit müqaviləsi üzrə hesabdan çıxarış məlumatlarında cərimənin hesablanması göstərilmədiyindən Cavabdeh cərimə borcu hesablanmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi üzrə öhdəlik yaranmış, Bank tərəfindən Cavabdeh (borcalan) 36 ay müddətinə illik 29 faiz ödəmək şərtilə 5500 manat məbləğində kredit verilmiş, Cavabdeh (borcalan) isə borcu müəyyənləşdirilmiş müddətdə və həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və nəticədə onun banka hazırki tarixə 5066,89 AZN əsas borc, 3994,42 faiz borcu, 2194,27 AZN məbləğində cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 709,80 AZN cərimə borcu, cəmi 11965,38 AZN borcu yaranmışdır. Məhkəmə iddianın hüquqi əsasları ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmədiyindən, bank kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə 11 yanvar 2021-ci il tarixinə əsas borcu 5096,89 AZN, faiz borcu 4724,07 AZN təşkil edir. İrəli sürülmüş tələb üzrə isə əsas borc kimi 5066,89 AZN, faiz borcu kimi 3994,42 AZN məbləğində pul tələb olunur. AR MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza rəyi ilə cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borcu irəli sürülmüş tələbdən artıq olsa da, həmin hal iddia tələbindən kənara çıxması üçün əsas ola bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 5066,89 AZN (beş min altmış altı manat, səksən doqquz qəpik) əsas borc və faiz borcu kimi 3994,42 AZN (üç min doqquz yüz doxsan dörd manat, qırx iki qəpik) məbləğin tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləği ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq, 200 AZN (iki yüz manat) məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 AZN (otuz manat) dövlət rüsumunun əvəzi cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5066,89 AZN (beş min altmış altı manat, səksən doqquz qəpik) əsas borc, 3994,42 AZN (üç min doqquz yüz doxsan dörd manat, qırx iki qəpik) faiz borcu, 200 AZN (iki yüz manat) məbləğində cərimə, 709,80 AZN (yeddi yüz doqquz manat, səksən qəpik) kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış faiz borcu olmaqla, cəmi 9971,11 AZN (doqquz min doqquz yüz yetmiş bir manat, on bir qəpik), habelə 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10001,11 AZN (on min bir manat, on bir qəpik) məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 AZN (bir yüz qırx beş manat) Cavabdeh müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilməsi üçün ödənilmiş dövlət rüsumu (30 manat) cavabdehdən tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 5066,89 AZN (beş min altmış altı manat, səksən doqquz qəpik) əsas borc, 3994,42 AZN (üç min doqquz yüz doxsan dörd manat, qırx iki qəpik) faiz borcu, 200 AZN (iki yüz manat) məbləğində cərimə, 709,80 AZN (yeddi yüz doqquz manat, səksən qəpik) kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün 5%-lə hesablanmış faiz borcu olmaqla, ümumilikdə 9971,11 AZN (doqquz min doqquz yüz yetmiş bir manat, on bir qəpik), habelə 30 AZN (otuz manat) ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10001,11 AZN (on min bir manat, on bir qəpik) məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 AZN (bir yüz qırx beş manat) Cavabdeh müştərək qaydada tutulub Az.MEM, VÖEN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-2610/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2610/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver