Məhkəmə qərarları › İş №2(006)-2611/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2611/2022

06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2611/2022 06.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə aralarında bağlanmış 05.06.2015-ci il tarixli 100/16/110288/15 saylı kredit müqaviləsinə əsasən yaranmış 12,565.35 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə QSC "xxxx" KB arasında bağlanmış 05.06.2015-ci il tarixli 100/16/110288/15 saylı kredit müqaviləsinə əsasən, iddiaçı 48 ay müddətinə illik 23 % olmaqla 10,000 manat məbləğində kredit götürmüş və həmin kredit üzrə borclarını ödəmişdir. Həmin dövrdə dəfələrlə Maliyyə Bazarlarına Nəzarət Palatasına və cavabdehə müraciət edərək, həmin kredit müqaviləsi üzrə borcunun olub-olmadığını və olduğu təqdirdə həmin məbləğin restrukturizasiya olunmasını tələb etsə də, ona heç bir rəsmi cavab verilməmişdir. Ona görə də iddiaçı cavabdeh QSC "xxxx" Kommersiya Bankına qarşı “borcun restrukturizasiya olunması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-430/2021 saylı qətnaməsi ilə onun cavabdehlər Azərbaycan Respublikası Mərkəzi Bankı və LPO QSC "xxxx" KB-yə qarşı borcun restrukturizasiya olunması tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası Mərkəzi Bankına münasibətdə xitam verilməsi qərara alınmışdır. 10.09.2019-cu il tarixli SF-24188 nömrəli kredit bürosundan Çıxarışdan görünür ki, onun kredit müqaviləsi üzrə borcu yoxdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, QSC "xxxx" KB ilə aralarında bağlanmış 05.06.2015ci il tarixli 100/16/110288/15 saylı kredit müqaviləsinə əsasən yaranmış 12,565.35 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh LPO QSC "xxxx" KB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə daha əvvəllər qəbul olunmuş yekun məhkəmə aktlarının olmasını və həmin məhkəmə aktlarında iddiaçının iddiasının əsassız olduğunun açıqaşkar müəyyən olunmasını bildirmiş və iddia əsassız olduğundan, daha əvvəllər həmin predmet üzrə baxıldığından, iddianın rədd edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri, cavabdehin nümayəndəsinin ərizəsini iş materialları ilə birgə nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 05.06.2015-ci il tarixli 100/16/110288/15 saylı kredit müqaviləsindən görünür ki, QSC "xxxx" KB İddiaçı istehlak məqsədilə 48 ay müddətinə illik 23 % ödəmək şərtilə 10,000 manat məbləğində pul vəsaitini borc vermiş, sonuncu isə kredit üzrə pul vəsaitlərini və qəbul etmiş və faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 30.12.2021-ci il tarixli SF-25613 saylı Azərbaycan Kredit Bürosundan Çıxarışın 4.1-ci bəndindən görünür ki, İddiaçı QSC "xxxx" KB-yə 05.06.2015ci il tarixli kredit müqaviləsi üzrə banka borcu yoxdur, kredit “tam ödənilmiş” statusundadır. İş materiallarında olan 08.10.2019-cu il tarixli hesabdan çıxarışdan görünür ki, İddiaçı tərəfindən banka ümumilikdə 12,565.35 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan 04.03.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Mərkəzi Bankından onun heç bir banka borcunun olmamasına dair sənəd verilməsini xahiş etmişdir. İş materiallarında olan 29.04.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı 05.06.2015-ci il tarixli 100/16/110288/15 saylı kredit müqaviləsi üzrə 25.04.2022-ci il tarixinə LPO QSC "xxxx" KB-yə 16,567.52 manat borcu vardır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.12.2021-ci il tarixli 2(006)-430/2021 saylı qətnaməsi ilə İddiaçı tərəf olduğu kredit müqaviləsi üzrə məlumatların "xxxx" MMC-yə düzgün ötürülmədiyi müəyyən edilmiş və İddiaçı cavabdeh LPO QSC "xxxx" KB-yə qarşı “borcun restrukturizasiya olunması və s.” tələbinə dair iddiası rədd edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 30.12.2021-ci il tarixli 2(006)-430/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı və LPO QSC "xxxx" KB-yə qarşı “borcun restrukturizasiya olunması və s.” tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikasının Mərkəzi Bankına münasibətdə xitam verilmişdir. Quba Rayon Məhkəməsinin 19.05.2022-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçı "xxxx" KB QSC-nin cavabdeh İddiaçı qarşı “borcun qaytarılması” tələbinə dair iddiası Quba Rayon Məhkəməsinin 21.01.2020-ci il tarixli 2(027)-97/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı tərəfindən sözügedən qətnamədən apelyasiya şikayəti verilmiş və həmin mülki iş hazırda Sumqayıt Apelyasiya Məhkəməsinin icraatındadır. Sumqayıt Apelyasiya Məhkəməsinin 19.05.2022-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçı "xxxx" KB QSC-nin cavabdeh İddiaçı qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə icraat İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankı və LPO QSC "xxxx" KB-yə qarşı “borcun restrukturizasiya olunması və s.” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan mülki iş üzrə məhkəmə aktı qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 30.12.2021-ci il tarixli 2(006)-430/2021 saylı qətnaməsi 15.02.2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçının iddia tələbi borclunun kredit hüquq münasibətləri üzrə yaranmış kredit borcunun silinməsi ilə bağlıdır. Belə olan halda məhkəmə hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, analoji məsələ ilə bağlı formalaşmış Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, borclunun kredit hüquq münasibətləri üzrə yaranmış kredit borcunun və ya onun bir hissəsinin silinməsi, borcun azaldılması və ya borc öhdəliyindən tam və qismən azad edilmə, yaxud borcun məbləğinin müəyyən edilməsi kimi tələblər ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Çünki kreditor tərəfindən yaranmış borc məbləği borcludan məhkəmə qaydasında tələb edilməyənədək kredit müqaviləsi üzrə kreditor və ya borclu tərəfindən hesablanmış borc məbləği özü-özlüyündə borclunun qanunla qorunan hüquqlarını və mənafelərini pozmur. Eyni zamanda, borclu hesablanmış borc məbləğinə etirazını məhkəmədən kənar qaydada birbaşa kreditorun özünə şifahi və ya yazılı qaydada bəyan etmək hüququna da malikdir. Bu cür tələblər mahiyyətcə kreditorun borcun qaytarılması barədə gələcəkdə irəli sürəcəyi iddiaya etirazını təşkil etməklə, əsaslı olduğu halda iddianın tam və ya qismən rədd olunması üçün əsas ola bilər. Həmçinin, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun. Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1 -ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Eyni zamanda qeyd olunmalıdır ki, artıq eyni tərəflər arasında qeyd edilən kredit müqaviləsi üzrə borcun qaytarılması tələbi ilə əlaqədar Sumqayıt Apelyasiya Məhkəməsinin icraatında mülki iş olduğundan, iddiaçı bütün etirazlarını həmin icraat çərçivəsində Sumqayıt Apelyasiya Məhkəməsinə təqdim edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1, 262.1 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh LPO QSC "xxxx" KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar